13 Mart 2015 11:34

İstanbulda, Edition (Baku Plaza) hotelində Milli Məclisin deputatı Qənirə Paşayevanın Türkiyə türkcəsində çıxan “Allah seven kalplerdedir” (“Seni Allaha aşk götürür”) və “Aşk başka” adlı kitablarının təqdimatı və imzalanması olub. Türkiyənin ünlü simalarının, tanınmış sənətçilər Orxan Gəncəbay, Oya Aydoğan, Sevim Əmrə, Nursaç Doğanışık, Bora Gencer, Mehmet Özkaya, Bünyamin Aksundur, Züleyha, tanınmış media rəhbərləri və televiziyaçılar Abbas Güclü, Güneri Civaoğlu, Cüneyt Özdemir, İsmayıl Ballı, Mustafa Kara, Nurcan Sabur, Nurettin Soydan, Selim Bakal, böyük şair Camal Safi, şairə Ayşə Birgül Yılmaz, böyük alim və təsəvvüf araşdırmaçısı Camalnur Sarqut, tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçən təqdimat mərasimində ilk olaraq kitabları Türkiyə türkcəsinə uyğunlaşdıran yazar İmdat Avşar çıxış edib.

Onu da qeyd edək ki, Q.Paşayeva həmin gün, yəni martın 7-də doğum gününü qeyd edib. Millət vəkilinin həmin gün 40 yaşı tamam olub. Tədbirdə çıxış edən Q.Paşayeva 40 yaşını bu kitablarla və tədbir iştirakçıları ilə birlikdə qeyd etməyin onun üçün çox böyük sevinc və qürur olduğunu deyib. Q.Paşayeva ona hər zaman dəstək olan insanlara, həyatında böyük rol oynamış şəxslərə, dostlarına, bu kitabların işıq üzü görməsində dəstək göstərən bütün insanlara təşəkkür edib. Millət vəkili ilə müsahibəmizdə biz də onun Türkiyədə çıxan kitabları, keçirilən təqdimat mərasimi barədə söhbətləşmişik.

– Qənirə xanım, necə oldu ki, Türkiyədə kitab nəşr etdirmək qərarına gəldiniz?

– Bu təklif yayım evlərindən gəldi. Birinci kitab “Allah seven kalplerdedir (“Seni Allaha aşk götürür”) adlanır. Bu kitabı “Nəfəs” Yayımevinə bağlı “Tuti kitab” tərəfindən nəşr olunub. Orada bizim çox dəyərli dostumuz, qardaşımız, uzun zamandır bir-birimizi tanıdığımız, Azərbaycanı çox sevən Kərim Gücün belə bir fikri oldu ki, mənim “Özümə yolçuluq” silsiləsindən yazdığım 4 kitabın içərisindəki ən maraqlı, Türkiyə oxucusu üçün də çox maraqlı olan yazıları toplayaq, eyni zamanda əlavə hansısa yeni yazılar varsa, onlarla birlikdə bu kitab Türkiyə türkcəsində nəşr olunsun. Mən də çox böyük məmnuniyyətlə bu gözəl fikrə razılıq verdim. Həmin yazılar çox dəyərli bir aydın, dəyərli bir yazar İmdat Avşar tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırıldı. Uyğunlaşdırmadan sonra “Tuti kitab” bu kitabın dizayn və sair məsələlərini çox yüksək səviyyədə həyata keçirdi və kitabı nəşr etdilər. Bildirdilər ki, onlar kitabın satışından əldə olunan gəlirin də müqavilə əsasında 10 faizini müəllif kimi mənə ödəyəcəklər. Qeyd edim ki, bu kitabda mənim “Özümə yolçuluq” silsiləsindən yazdığım məqalələr, hekayələr, kiçik esselər toplanıb.

İkinci kitabım isə “Aşk başka” adlanır. Bu kitabın nəşr olunması təşəbbüsü Ədalət Qəhvəçioğlundan – “Astana Yayınları”ndan gəldi. Ədalət xanım bu fikrini Türkiyədə yaşayan çox dəyərli bir ziyalımız, çox dəyərli elm adamı İlyas Muğan bəyə deyib. İlyas bəy məni arayaraq Ədalət xanımın bu fikrini mənə çatdırdı. Ədalət xanımla görüşdük, söhbət etdik, fikirlərini söylədi. Mən çox məmnun oldum, razılıq verdim. O kitabı da yenə İmdat qardaşımız Türkiyə türkcəsinə uyğunlaşdırdı və “Astana Yayınları” bu kitabı nəşr etdirdi. Onlar da bu kitabın satışından əldə olunan gəlirin 10 faizinin mənə çatacağını bildirdilər. Mən də dedim ki, heç bir xərc çəkmədən belə bir vəsait mənə çatacaqsa, mən də bu vəsaiti Azərbaycandan Türkiyəyə gedən atasız-anasız, yaxud valideynlərinin maddi imkanları məhdud olan, amma çox istedadlı qızların təhsilinə dəstək olmaq üçün onlara bağışlayıram. Qoy bu vəsait bu kitablardan qızlarımızın təhsilinə bir hədiyyə olsun. Kitablar artıq Türkiyədə satışdadır və mənə yayın evlərindən dostlarımızın verdiyi məlumata görə, maraq yaxşıdır. Əgər gerçəkdən bu kitablar Türkiyə oxucuları üçün maraqlı olsa, məmnun olardım. Çünki əgər bir insan kitab, məqalə yazırsa, təbii ki, onun üçün o yazısının oxunması və insanlara bir təsirinin olması çox önəmlidir. Eyni zamanda bu kitablardan əldə edilən vəsait bir neçə qızımıza dəstək olsa, çox məmnun olaram. İkinci kitabımda daha çox mənim müxtəlif zamanlarda çıxmış şeirlərim, yaxud mahnılara yazılmış şeirlərim toplanıb. “Aşk başka” daha çox şeir ağırlığı bir kitabdır.

– Kitablarınızın təqdimat mərasimində nəinki Türkiyədə, eləcə də Azərbaycanda və bütün türk dünyasında nüfuz sahibi olan, sevilən insanlar iştirak ediblər. Maraqlıdır, bu insanlarla tanışlığınız necə olub?

– Öncə mən qəzetiniz vasitəsilə təqdimat mərasimində mənimlə birlikdə olan və “Allah seven kalplerdedir” kitabıma ön söz yazan Camalnur Sarquta təşəkkür etmək istəyirəm. Çox dəyərli bir alim, böyük bir təsəvvüf araşdırmaçısıdır. O, Türkiyədə və Türkiyə hüdudlarından kənarda, dünyanın bir sıra ölkələrində mühazirələr oxuyan bilgili elm adamı və mənim çox dəyərli dostumdur. Bizi həddən artıq böyük dostluq telləri bağlayır. Camalnur xanım tədbirdə çıxış edərək mənə çox böyük dəstək göstərdi. Mən ona çox təşəkkür edirəm.

İkinci kitabımın ön sözünün yazarı isə böyük ustad Camal Safidir. Camal Safi türk dünyasının ən böyük, ustad şairlərindən birisidir. Camal Safi mənim hər zaman böyük qardaş deyə müraciət etdiyim, dəyərli ailə dostumuz, sevdiyim, sayğı göstərdiyim bir insan, həm də bir böyüyümüzdür. O, “Aşk başka” kitabına ön söz yazıb, eyni zamanda kitabın redaktə dediyimiz prosesinə rəhbərlik edib. Özü də sağ olsun, Ankaradan İstanbula gəlib təqdimat mərasimində iştirak, çıxış etdi. Əslində, biz təqdimat mərasiminə çox insan çağırmamışdıq. Ora gələn insanların hamısı ilə bir dostluq tellərimiz var. Çox yaxın olduğum, həm sənət, yazarlar, şairlər, televiziyaçılar çevrəsindən dost olduğum insanlar arasından o insanlar təqdimat mərasimində iştirak edirdilər ki, onlar həddən artıq yaxın dostlar idi. Və o dostlar çox böyük həvəslə gəldilər, iştirak etdilər, dəstəklərini nümayiş etdirdilər. Hesab edirəm ki, bu, bir dost kimi mənə olan münasibətlə bərabər eyni zamanda Azərbaycana olan bir sevgidir və ümumi, yaxşı işə olan bir dəstəkdir. Ona görə də onların hamısına çox təşəkkür edirəm. Ordakı insanların hamısı yaxından tanıdığım dostlarımdır. O tədbirdə dostluqdan kənar insanlar yox idi deyə bilərik.

– Həm də yubileyiniz kitablarınızın təqdimatı ilə eyni günə təsadüf etdi...

– Mən doğum günlərimi heç zaman böyük, təmtəraqlı şəkildə qeyd etmirəm. Bunu sevmirəm. Yubiley kimi də bunu qeyd etmədim. Sadəcə bu iki kitab mənim özümün-özümə bir hədiyyəm oldu. Onun da təqdimatını dostlarla birgə qeyd edərək, doğum gününü qeyd etmədik. Bu kitabların təqdimatını keçirdik. Bundan da böyük hədiyyə ola bilməzdi. Mənim özümün-özümə ən böyük hədiyyəm də bu ola bilərdi. Dostlarım da sağ olsunlar. Onlar gələrək mənim yanımda olaraq ən gözəl formada təbriklərini çatdırdılar ki, biz kitabın ətrafında həm doğum gününü, həm də yubileyi qeyd etdik. Bu da mənim üçün çox gözəl bir hədiyyə oldu.

– Kitablarınız Azərbaycan türkcəsinə uyğunlaşdırılacaqmı?

– Bu kitablar Azərbaycan türkcəsində olmayacaq. Çünki burdakı yazılar Azərbaycan türkcəsində bizim hansısa informasiya agentliklərimizdə, qəzetlərimizdə çap olunub. Yaxud, mənim “Özümə yolçuluq” silsiləsindən yazdığım 4 kitabın içərisində öz əksini tapıb. Bəzi yazılar var ki, onlar yeni yazılardır və onlar Azərbaycan türkcəsində yoxdur. Mən sadəcə o yazıları nəşr etdirəcəm. Onlar ya qəzetlərimizdə, ya da agentliklərimizdə işıq üzü görəcək. Amma kitabları olduğu kimi Azərbaycan türkcəsinə uyğunlaşdırıb nəşr etdirmək kimi düşüncəm yoxdur. Çünki bir daha qeyd etmək istəyirəm ki, bu kitabın içindəki yazılar müxtəlif kitabların içərisində, yaxud mətbuatda, jurnallarda gedib. Yeni bir neçə yazılar var ki, onları da nəşr etdirəcəyik. Bu kitabları kimlərsə oxumaq istəsə, onların həmin kitabları əldə etməsində bir problem olacağını düşünmürəm.

– Bəs, ölkəmizdə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulubmu?

– Kitabların Azərbaycanda təqdimatı da olmayacaq. Çünki bunlar Türkiyə türkcəsində çıxan kitablardır. Ona görə də Türkiyədə bunun təqdimatı doğru idi. Sadəcə bizim insanlarımız bununla bağlı məlumatlıdır. Kimlər əldə etmək istəsələr, oxumaq istəsələr, maraqlı olsalar onu əldə edə bilərlər. Amma Azərbaycanda hər hansı təqdimat etməyəcəyik.

Səxavət HƏMİD


Müəllif: