21 May 2014 10:15
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafa: “Kitablarımdan qazanc götürmürəm”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycan-Amerika münasibətlərindən danışıb. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın son bəyanatlarını şərh edən partiya sədri Soma faciəsindən sonra Türkiyədə baş verən proseslərdən də bəhs edib. Fazil Mustafa həm də, son illər yazdıqları kitablardan, onun satışından və əldə olunan qazancdan bəhs edib.

- Fazil bəy, Azərbaycan-Amerika münasibətlərini necə qiymətləndirirsiniz?
- Amerika-Azərbaycan münasibətləri dəyişən xətt üzrə getmir, ənənəvi olan münasibətlər öz axarı ilə davam edir. Məncə, bu münasibətlərdə yenilik yoxdur. Sadəcə olaraq, ABŞ səfirinin son müsahibəsinə olan reaksiyalar bu münasibətlərin sərtliyini ifadə etsə də, mahiyyətcə dəyişiklik yoxdur. Xüsusilə, ABŞ-ın təhlükəsizlik və enerji maraqlarında Azərbaycanın hər hansı şəkildə başqa xətti izləməsi müşahidə olunmur. Eləcə də, Azərbaycanla bağlı problemlərə baxışda da dəyişiklik yoxdur. Sərt açıqlamaların olmasına baxmayaraq yeni situasiya yoxdur. Fikrimcə, son bəyanatlar və mesajlar daha çox daxili ictimaiyyətə hesablanıb.

- Səfir Morninqstarın bəyanatından sonra gərginlik yaranmayıbmı, Siz Morninqstarı bir səfir olaraq necə qiymətləndirirsiniz?
- Mən səfirlə yalnız tədbirlər zamanı görüşmüşəm. Morninqstar köhnə ABŞ səfirlərindən fərqlənmir və hətta deyərdim ki, passivlik baxımından o biriləri geridə qoyur. Mən Morninqstarın fəal səfir olması düşüncəsində deyiləm. Amma ola bilsin ki, müsahibəsində hansısa məqamlar var və bu məqamlar Azərbaycan hökumətini narahat edir. Müəyyən məsələlər var ki, səfir olaraq o da öz mülahizələrini deyə, təmsil etdiyi dövlətdən təlimat alaraq iradlarını açıqlaya bilir. Bu iradlar da Azərbaycanın suveren hüquqlarına uyğun gəlmədiyi üçün müvafiq cavablar verilməli idi. Amma bu münasibətləri pozacaq mahiyyətdə deyil. Çox güman ki, gələcəkdə anlaşılmazlıq ortaya çıxsa, Amerika bunu səfirin mövqeyi kimi qiymətləndirəcək, vəziyyətin əməkdaşlıq istiqamətinə gəlməsi üçün çalışacaq. Eyni zamanda Azərbaycanda bu cür açıqlamaları məqbul hesab etmədiyini ifadə edərək ABŞ-dan daha fərqli münasibət gözlədiyini söyləyəcək. Bu məsələ münasibətləri pozacaq xarakter daşımayacaq. Yəqin, yaxın günlərdə yanaşma dəyişəcək. Biz indiyə qədər siyasətdə görmüşük ki, daha kəskin və barışmaz münasibətlər yaranıb. Amma bundan hər hansı davamlı narazıçılıq ortaya çıxmayıb.

- Bu gün Azərbaycan Amerika üçün nə dərəcədə əhəmiyyətli ölkədir?
- Azərbaycan coğrafi olaraq əhəmiyyətli məkandır. Həm də siyasi olaraq vacib dövlətdir. Çünki Yaxın Şərqdə Azərbaycanla əməkdaşlıq fonunda Əfqanıstan, İran, Rusiya və başqa ölkələrlə siyasətin parametrlərini müəyyən etmək, orada Amerikanın maraqlarını təmin etmək baxımından ikitərəfli əlaqələri genişləndirmək vacibdir. Bu həm də indinin məsələsi deyil. 20 ildən artıqdır ki, Amerika tərəfindən bu strategiya həyata keçirilir. Sadəcə olaraq Azərbaycanın maraqlarına tam cavab verə bilməyən siyasət izləndiyini nəzərə alsaq, ABŞ-a əvvəlki etimadın olmadığını da etiraf etməliyik. Çünki nə Qarabağ, nə də digər məsələlərə münasibətində ABŞ obyektiv mövqeyi ilə seçilmədi.

- Azərbaycan ABŞ-la geniş əlaqələr qurdu, Avropanın enerji təhlükəsizliyində, Əfqanıstana yüklərin daşınmasında mühüm rol oynayır. Bəs nəyə görə, ABŞ bizim problemlərimizə obyektiv münasibət ortaya qoymur?
- ABŞ-ı idarə edən zehniyyət bölgədə Azərbaycanın lider olaraq ortaya çıxmasında maraqlı deyil. Yəni şərqdə bir müsəlman dövlətinin bu qədər irəli getməsi, qalxması, mədəni sistemə çevrilməsində maraqlı deyillər. Bu əlbəttə, erməni diasporası və ya Vaşinqtonun ölkəmizə baxışı ilə də bağlı ola bilər. Çünki 25 il keçir, amma ABŞ Dağlıq Qarabağ və digər problemlərlə bağlı obyektiv münasibət ortaya qoyduğunu hələ də göstərə bilmir. Ona görə də, bu bir dövlətin əvvəlcədən müəyyən etdiyi simpatik hədəflərlə bağlıdır. Yəni Azərbaycan bizim üçün lazımdır, ondan istifadə etməliyik, amma Azərbaycanın güclənməsi və dirçəlişi maraq dairəmizdə deyil. Bu siyasət daha çox önə çıxır.

- Bu adekvat olmayan siyasət nə qədər davam edəcək?
- Hələ davam edir. Sizə deyim ki, Türkiyə ilə bağlı da eyni siyasət izlənilir. ABŞ istəsəydi, Türkiyənin tamam başqa bir məcrada inkişafına kömək edə bilərdi. Amma bunu eləmədisə, deməli, elə Türkiyə, Azərbaycan və digər bizim kimi ölkələrin dirçəlişində maraqlı deyil.

- Soma faciəsindən sonra Türkiyədə yaranan durumu necə qiymətləndirmək olar?
- Türkiyədə bir hadisə baş verib və inanmıram ki, bu hadisə ilə ölkə həyatında bir siyasi təlatüm baş versin. Çünki Türkiyə seçkidən təzə çıxıb. Amma gələcəklə bağlı hökumətin müəyyən məsələlərdə gec qalması və yaxud tədbirləri vaxtından qabaq görməməsi kimi ittihamlara yol açacaq. Lakin bu bir siyasi dəyişiklik yaradacaq gücdə olan məsələ deyil. Burada söhbət istehsalat qəzasından gedir və əsas irad o ola bilər ki, buna diqqət yetirməyən, müəyyən dərəcədə öz vəzifələrini vicdanla icra etməyən şəxslərin məsuliyyətə cəlb olunması baş verməlidir. Əgər məsuliyyəti olan şəxslər cəzalandırılsa, Türkiyə cəmiyyəti bundan rahatlıq tapacaq. Bu halda hökumətə olan iradlar indiki kimi genişlənməyəcək.

- Ancaq hadisədən dərhal sonra Türkiyənin əksər şəhərlərində hökumətə qarşı aksiyalara başlanılıb...
- Təbii ki, belə hadisələrdən istifadə etmək istəyən qüvvələr hər yerdə var. Amma bu cəmiyyətin və toplumun özü tərəfindən də müsbət qarşılanmır. Çünki faciədən yararlanmaq deyil, siyasətdən yararlanmaq lazımdır. Seçki olur və seçkidə xalqı inandıraraq səsini qazanırsan. Amma hər bir faciəyə görə, hökuməti qınamaq doğru deyil. Hökumət mədəndə insanları boğmayıb ki? Bu özəl şirkətdir. Orada da nəzarət kifayət qədər olmayıb və ya baş verən hadisənin qarşısını almağa peşəkarlıq çatmayıb. Hökuməti tam mənada buna görə suçlamaq nə dərəcədə doğrudur?

- İndi dünyada baş nazir Ərdoğanın Somaya gedərkən ona etiraz edən bir vətəndaşa şillə vurmasından danışır və bu kadrlara da düşüb. Hətta ABŞ Dövlət Departamenti də bu məsələyə reaksiya verib...
- Açığını deyim ki, o kadrlara baxmamışam. Bunun hansı kontekstdə baş verməsi mənə bəlli deyil. Amma bütün hallarda bu mənfi bir haldır. Siyasətçilər vətəndaşa münasibətdə hisslərini cilovlamağı bacarmalıdır. Ancaq mən bunun hansı situasiyada baş verdiyini bilmirəm. Ola bilsin ki, vətəndaş baş nazirin üzərinə gəlib və baş nazir də epizodla bağlı reaksiyasını verib. Ancaq konkret olaraq vətəndaş xüsusi təhlükə yaratmırsa, siyasətçinin ona fiziki hərəkət etməsi doğru sayılmaz.

- Ötən ilin yayından başlayaraq Türkiyə cəmiyyətində bir qaynama var. Mütəmadi olaraq aksiyalar keçirilir. Bu Türkiyə daxilindən qaynaqlanan prosesdir, yoxsa xarici təsir də bunu stimullaşdırır?
- Uzun illər hakimiyyətdə bir komanda olanda qarşı tərəf hakimiyyətə gəlməyin yollarını tapa bilmir. Burada yeni zəka və düşüncə lazımdır ki, daha fərqli bir şeylər ortaya qoyaraq cəmiyyəti inandırsınlar. Əslində, cəmiyyətdə AKP-nin itirdiyi şeylərdə çoxdur. Amma itirdiyinin müqabilində ortaya çıxan alternativ qüvvənin yeni situasiya yaratmaq imkanında olmadığı üçün hakimiyyətdə qala bilirlər. Odur ki, bu amil rol oynayır, amma şübhəsiz ki, burada xarici amil də var. Çünki Türkiyəni əsas hədəflərindən yayındırdılar. Əsas hədəf Avropa Birliyinə daxil olmaq, Yaxın Şərqdə bölgəsəl gücə çevrilmək idi. Amerikanın da köməyi ilə bunun qarşısı alındı. Bu zaman daxili intriqa və qarşıdurmalara rəvac verən şərait yaradıldı. AKP-də hələ bunun qarşısında duruş gətirə bilir. Amma daxildə barışmaz bir auranın olması ümumilikdə Türkiyənin ziyanınadır.

- Fazil bəy, son iki ildə neçə kitab yazmısınız?
- Son iki ildə mənim dörd kitabım çıxıb.

- Kitablarınız hansı tirajla çap olunur, bunu yazmağa vaxt tapa bilirsinizmi?
- Mənim üç kitabım məqalələrimin toplusudur. Yəni ayrı-ayrı konfranslar və dərgilər üçün yazdığım məqalələrdir və kitab halında toplanıb. Bu il çıxan kitabım son 5 ay ərzində yazdığım məqalələrin toplusu idi. Bir kitabım elmi işimlə bağlı idi və onu yenidən işləyərək çap etdirdim. İndi yeni bir kitab üzərində işləyirəm. Çalışıram ki, boş vaxtım və fürsətim olduqca kitab üzərində işləyim. Əslində Türkiyədə və Avropada belə təcrübə geniş yayılıb. Siyasətçilər müxtəlif məsələlərə baxışlarını gündəmi maraqlandıran mövzularda bildirirlər. Sonra məqalələri toplayıb kitab halında nəşr edirlər. Çünki hər oxucu çox vaxt bu məqalələri tam halında izləyə bilmir. Amma bunu kitab şəklində nəşr edəndə maraqlananlar bununla tanış olur, sənin məsələlərə münasibətini öyrənir.

- Niyə kitablarınızın təqdimatını keçirmirsiniz?
- Mən təqdimat məsələsinə həvəsli deyiləm. Bu daha çox maraqlanan insanlara verilir və həm də satışda olur. Kitab təqdimatı, “mənim kitabım çıxıb, gəlin bununla tanış olun” kimi məsələlərdə fəallıq göstərmirəm. Çünki maraqlanan insanlar alıb oxuyurlar. Ancaq hansısa tədbirlərimizdə kitablarımızı ortaya qoyuruq. Maraqlanan da götürür. Eləcə də, satışda bu kitabları əldə etmək mümkündür. Bəlkə də, təbliğ etmək daha yaxşıdır. Amma etiraf edim ki, mən bunu bacarmıram.

- Kitablarınızın satışından qazanc əldə edə bilirsiniz?
- Satışdan qazanc götürmək olmur. Azərbaycanda kitab alıcısı olduqca zəifdir. Sadəcə olaraq məni tanıyanlar, fikirlərimə hörmət edənlər daha çox kitab alırlar. Çox adam da kitab almaq istəmir, ona pulsuz kitab bağışlanmasını istəyir. Biz əsasən fikirlərimiz yayılsın deyə kitablarımızı bağışlayırıq. Sözümün mənası odur ki, kitab qazanc gətirmir. Bu həm də nəşriyyatlarla bağlı məsələdir, onlar satışı yaxşı təşkil edə bilmirlər. Yaxud da bəzən dürüstlük amili də olmur. Buna nəzarət etmək və ya yoxlamaq imkanlarımız yoxdur. Bir sözlə, öz fikirlərini pulsuz-parasız yaymağa məcbursan.

Nemət Hüseynli


Müəllif: