24 May 2014 18:33
2 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəlimxan Məmmədli: "Bəzi ağzıgöyçək eloğlularımız da buna ağız büzməyə çalışdılar"

Gələn ay Borçalıda Elat Mədəniyyəti Günləri keçiriləcək. Artıq "Borçalı" Cəmiyyəti bu məqsədlə hazırlıq işlərinə başlayıb. Tədbirdə xalq şairi Sabir Rüstəmxanlı, sabiq diplomat Abbas Abdulla və digər şəxslər "El adamı" mükafatı ilə təltif olunacaq. Gürcüstandan yenicə qayıdan "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə bu mövzular ətrafında danışdıq. Təşkilat sədri həm də, Gürcüstandakı soydaşlarımızın durumu, sosial vəziyyəti, yaşam tərzi, siyasi və ictimai fəaliyyəti haqda danışıb.

- Zəlimxan bəy, bu yaxınlarda Gürcüstandan qayıtmısınız. Soydaşlarımızın durumu, gürcü cəmiyyətinə inteqrasiyası istiqamətində irəliləyiş varmı?
- Hesab edirəm ki, Gürcüstanda vətəndaşlar daha azad və güvənlidir. Prezident Saakaşvilinin zamanında orada demokratik islahatlar sürətlə getdi. Bu zaman soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiya oluna bilməyəcəyi haqda düşüncələr alt-üst oldu. Hazırda soydaşlarımız Gürcüstanın ictimai-siyasi həyatında aktivdir. Artıq gürcü siyasi partiyalarında azərbaycanlılar fəaliyyət göstərirlər, bir çox regional təşkilatların rəhbərliyində təmsil olunurlar. Marneuli rayonunda icra başçılığına namizəd Milli Hərəkat Partiyasından Əhməd İmanquliyev irəli sürülüb. Bunlar bir zaman arzu olsa da, indi gerçəklikdir. Demokratik islahatlar həm fərdin, həm milli azlıqların, həm regionların, sosial durumun və hüquqların qorunması istiqamətində mühüm addımlardan biridir. Deyərdim ki, Azərbaycan türkünün ən güvənli yaşadığı yerlərdən biri Gürcüstandır.

- Soydaşlarımızın sosial durumu necədir?
- Sosial durum hər yerdə olduğu kimidir. Bəzən Azərbaycan dilində olan məktəbin bağlanması ilə əlaqədar informasiyalar yayılır. Bununla əlaqədar kəndləri bir-bir gəzərək geniş araşdırma aparmışam. Məktəblərin vəziyyətini, eləcə də, onların nə üçün bağlanmasının səbəblərini bilirəm. Həmvətənlərimiz uşaqları götürüb Bakıya gəlirlərsə, deməli, məktəb bağlanacaq. Bu yaxınlarda Şəkidə oldum. Səhv etmirəmsə, Yuxarı Göylü kəndində məktəb yox idi. Məktəb qəzalı vəziyyətdə olduğu üçün şagirdləri evə buraxıblar. Hətta bizdə elə dağ kəndləri var ki, orada məktəblər bağlanıb və ya şagirdi yoxdur. Odur ki, Gürcüstanda da bu kimi hallar olur və bunları siyasiləşdirmək doğru deyil. Əlbəttə, belə yerlərdə infrastrukturlar qurulmalı, əhalinin sosial rifahının gücləndirilməsi üçün layihələr işlənməli, istehsal müəssisələri yaradılmalıdır. Belə olacağı təqdirdə proses tərsinə inkişaf edəcək. Gürcüstanda maldarlıq və aqrar sahə inkişaf edir, az-çox müəssisələr var. Orada sement, metallurgiya zavodları var, ancaq yetərli deyil. Biz azərbaycanlı iş adamlarının Gürcüstana, xüsusilə soydaşlarımızın yaşadığı ərazilərə investisiya qoymasını istəyirik. Yun emalı, gön-dəri sənayesi, kənd təsərrüfatı məhsulları və ət məhsullarının istehsalı istiqamətində boşluqlar var. Bu sahələrə iş adamları cəlb edilməlidirlər. Bununla da həm iş adamları, pul qazanacaq, həm də orada yaşayan azərbaycanlıların sosial durumu yaxşılaşacaq. Dumanisi, Bolnisi, Marneuli, Qardabani və Qaraçöpdə olan boş sahələrdə müəssisələrin tikilməsinin zəruri olduğunu düşünürəm. Bütün bunları nəzərə alaraq, Cənubi Qafqaz üçün spesifik olan sosial problemlərin Gürcüstanda da mövcud olduğunu söyləmək olar. Görünür, bu məsələlərin həll olunması həm də zamanla bağlıdır.

- Siz Gürcüstan hökumətlərini daima tərif edirsiniz. Bəs bu hökumətlər azərbaycanlıların yaşadığı bölgələrdə toponimlərlə bağlı problemləri nə üçün həll etmirlər?
- Bu, başqa məsələdir. Biz təbii ki, siyasi mahiyyət daşıyan məsələləri çeşidləmişik və 5 ildir ki, bununla bağlı müraciətlərimiz olur. Borçalı türkləri də bu məsələdə bizə dəstək verir. Soydaşlarımız bununla bağlı birmənalı mövqeyə malikdir. Hətta Gürcüstanın bir çox siyasətçilərinin və ictimai xadimlərinin mövqeyi budur ki, tarixi toponimlər bərpa olunmalıdır. Biz Saakaşvilinin prezidentliyi dövründə qubernator səviyyəsində görüşlər keçirərək, bu məsələni də qaldırdıq. Bəzi ağzıgöyçək eloğlularımız buna ağız büzməyə çalışdılar. Keçirdiyimiz görüşlər zamanı bizə açıq dedilər ki, əvvəlki hakimiyyətlər zamanında bu səhv olub və düzəlməlidir. Dedilər ki, yaranan daxili siyasi və geopolitik durum bir qədər zaman istəyir. Fikrimcə, bu yaxın gələcəyin işidir və bu problemi də yoluna qoyacağıq. Ola bilsin ki, siyasi mahiyyət daşıyan məsələlərin həlli bir qədər zaman tələb etsin. Bir daha gürcü siyasətçilərinin, dövlət başçısının, baş nazirin, diaspora, barış və təhlükəsizlik nazirlərinin diqqətinə çatdırıram ki, bu problem uzandıqca regiona gürcülərin düşmənlərinin gəlməsi üçün daha münbit şərait yaranır. Gürcüstan hakimiyyəti siyasi iradə nümayiş etdirərək bu məsələni həll etməlidir. Söhbət azərbaycanlıların yaşadığı 31 kəndin adından gedir. Özü də, bunlar min illik tarixi olan toponimlərdir və bu, XXI əsrdə dəyişilirsə, biz isə buna dözürüksə, onda vay halımıza. Əminəm ki, heç bir beynəlxalq məhkəməyə ehtiyac olmadan bu problemi həll edəcəyik.

- Bu il Borçalıda Elat Mədəniyyəti Bayramı keçiriləcək?
- Əlbəttə. Biz bu il sayca altıncı Elat Mədəniyyəti Bayramını keçirəcəyik. 26 iyun Borçalı türklərinin birlik və bərabərlik günüdür. Azərbaycan rəsmilərinə, ictimai sektoruna, media mənsublarına, alimlərinə, elm ocaqlarına müraciət edirəm ki, bu məsələyə diqqət ayırsınlar. Soydaşlarımızın iradəsinə söykənərək gündəmə gətirdiyimiz bu layihə genişləndirilməlidir. Həm də söhbət bir türkçülük adətindən gedir. Tədbirin yeddinci ilində bir iddiam var ki, bu, böyük birlik qurultayı olsun. Həmin tədbirə Azərbaycan, Gürcüstan və Türkiyə diqqət ayırmalıdır. Hər üç ölkənin prezidentinin Tiflis görüşü və qəbul edilən sənədlər tarixi əhəmiyyət daşıyırdı. Hər üç dövlətin başçısını elat mədəniyyəti tədbirinə dəvət etmək niyyətindəyik. Artıq bununla əlaqədar konfransımızda qərar vermişik. Rəsmi şəkildə dəvətimizi göndərəcəyik. Şübhə etmirəm ki, üç dövlətin prezidentinin zirvə toplantısı nə vaxtsa elat mədəniyyəti tədbirində olacaq. Buna əsla şübhəm yoxdur. Çünki millətimizin, mədəniyyətimizin marağı bunu tələb edir.

- Ancaq səhv etmirəmsə, siz elat mədəniyyəti tədbirini keçirmək üçün ictimaiyyətdən dəstək istəmişdiniz...
- Bəli. Niyə dəstək istəməyim? Bu, mənim özümə balaca bir ev tikmək məsələsi deyil. Əksinə, bu regionu dağıtmaq istəyənlərə qarşı bir dirəniş fəlsəfəsidir. Bu toplumun və mədəniyyətlərin ortaya çıxması düşüncəsidir. Dövlət başçısından bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, Folklor İnstitutuna tapşırıq verməsini istəyirəm. Bəlkə də, buna qədər artıq mənim missiyam bitib. Bu özü-özünü tənzimləyən mərasim halını alır. Hətta biz gələcəkdə bunun bir neçə günlük festival şəklini almasını istəyirik. Əgər elat mədəniyyəti tədbirinə 15-20 min adam toplanırsa, yaxın zamanlarda bu qatılımın 100 minə çatacağına şübhə etmirəm. Bu mənim ideallarımdır və ona doğru gedirik.

- Deyirsiniz ki, dəstək lazımdır. Sədri olduğunuz təşkilat həm də, bir QHT-dir. Siz layihə üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət edirsiniz?
- Bəli, biz bu quruma müraciət etmişik. Hətta bir il 14 min manatlıq layihə yazmışdıq, amma 5 min manat məbləğində maliyyə ala bildik. Sonra sənədlər topladıq. Həm də bunun davamı gəlmədi deyə, əl-ayağımız da bir qədər soyudu. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun QHT-lərlə görüşündə mən də iştirak etdim. Hesab edirəm ki, bir sıra QHT-lərə sadəcə mülki cəmiyyəti formalaşdıran qüvvə kimi baxmamalıyıq. Azərbaycanda minlərlə QHT var. Onların da 500- qədəri qrant alır. Amma bu qrantlarla milli məsələləri həll etmək qeyri-mümkündür. Hesab edirəm ki, ümummilli mahiyyət daşıyan QHT-lər mərkəzləşmiş formada rəsmi siyasətlə üst-üstə düşən bir xəttin aparıcısı olmalıdır. Bu, həm də bizim diaspora siyasətimiz olmalıdır. Qarabağla bağlı ictimai qurumlar, eləcə də Dərbəndlə, Güney Azərbaycanla, Kərküklə və Borçalı ilə bağlı QHT-lərin xüsusi imtiyazı olmalıdır. Fikrimcə, bu yanaşma heç bir QHT-yə toxunmamalıdır. Əgər hər hansı bir QHT seçki monitorinqi və ya insan haqları ilə məşğuldursa, Allah işlərini avand eləsin. Amma biz daha iri çaplı layihədən bəhs edirik. Baxın, Qarabağı itirəndən sonra Qarabağ İcması yaratmışıq. Bu mənada Borçalı türklərinin icması rəsmi statusda tanınmalı və buna xüsusi diqqət yetirilməlidir. Toplumlar cəmiyyətdə yerini tapmayanda qorxulu olur və milli dövləti sarsıtmaq məsələsində nüvə kimi istifadə olunur. Bu düşüncə ilə 3-5 minlə yaramız sağalan deyil, ancaq biz yenə layihə yazıb Şuraya təqdim edəcəyik. Bizim cəmiyyətdə 10 nəfər əmək haqqı alacaq ştata ehtiyac var, onlar tez-tez Gürcüstana səfər etməli, təhqiqatlar aparmalıdır. Yeri gəlmişkən, biz Gürcüstanın da burada diaspora təşkilatının olması haqqında düşünürük, Hesab edirik ki, diaspora artıq etnik sərhədlərdən çıxmalıdır. Həm də gürcülərin diasporası sırf etnik qrupdan olmamalıdır.

Nemət Hüseynli


Müəllif: