4 İyul 2015 12:29
4 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özümü Rauf Arifoğlunun şah əsəri hesab edirəm"

Teleqraf.com “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanla müsahibəni təqdim edir.


- Azər bəy, mənə elə gəlir, siz ən çox Rauf bəyin qardaşı kimi tanınır və qəbul olunursunuz. Maraqlıdır, bu aləmdə Rauf Arifoğlunun qardaşı kimi tanınmaq necə hissdir?

- Rauf Arifoğlunun qardaşı olmaq ciddi üstünlük olmaqla bərabər şərəflidir. Həm də məsuliyyətli. Mustafa Kamal Atatürk Ziya Göyalp haqda deyib ki, ətimin və sümüyümün atası Rza Əfəndidirsə fikrimin və dünyagörüşümün atası Ziya Göyalpdır. Bu mənada Rauf bəyin mənim həyatımda rolu çox böyükdür. Raufun çox yetirmələri var. Azərbaycan mediasında xeyli “Yeni Müsavatçı” çalışır bu gün. Mən özümü Rauf Arifoğlunun şah əsəri hesab edirəm. O, məni təkcə bir qəzetçi kimi yetişdirmədi, həm də bir şəxsiyyət kimi formalaşdırdı. Ondan çox şey öyrəndim. Bu gün də öyrənməkdəyəm. Valideynə, övlada, vətənə, Allaha sevgi, dosta vəfa, sözə dürüstlük və s. Həmçinin məsuliyyət, çalışqanlıq, zəhmətkeşlik.


- Siz həm də iş yoldaşısınız.

- Bəli, mən təkcə Rauf Arifoğlunun qardaşı deyiləm, həm də müaviniyəm. Bizim münasibətlər məişət səviyyəsindən çoxdan çıxıb. Biz yalnız abi-qardaş deyilik, həm də iş, tale, qədər ortağıyıq. 1991-ci ildən onun yanındayam. 10 ildən çoxdur birinci müaviniyəm. Rauf bəyin yanında özünü ifadə etmək o qədər asan və zövqlüdür ki... Rauf Arifoğlunun ən böyük üstünlüklərindən biri də çevrəsindən təsirlənməyi, yararlanmağı bacarmasıdır. O, öz komandasını yalnız özü idarə etmir, həm də hər bir komanda üzvünün ağlından, qabiliyyətindən ümumi işin xeyrinə çox istedadla yararlana bilir. Mahir idarəçidir Rauf bəy.

- Yəqin işlərində tez-tez sizin də ağlınızdan və fikirlərinizdən istifadə edir.
- Ehtiyac duyduqda mənim də ağlımdan, istedadımdan, bacarığımdan ümumi proses üçün istifadə edir. O üzdən Rauf Arifoğlunun qardaşı kimi tanınmağımda heç bir mənəvi-psixoloji baryer görmürəm. İnsan çalışdığı sahədə özünü tam olaraq ifadə edə bilirsə, yerdə qalan məsələlər təfərrüatdır.

- Deyirsiniz, Rauf bəylə aranızda heç bir problem olmur?
- Yaradıcı planda əvvəllər bəzi problemlər olurdu.

- Məsələn...
- Məsələn, yaxşı yazı hazırlayırdım, camaat elə bilirdi ki, bunu Rauf bəy yazıb. Bu təsəvvürü yox etmək üçün 1996-cı ildə “7 Gün” qəzetinə getdim. Emin Eminbəyli məktəbi ilə də tanış oldum. Orda ciddi yazılar – müsahibələr, reportajlar, köşələr hazırladım. Azər Ayxan imzasını təsdiqlədim. Baxmayaraq ki, “7 Gün”də işə düzəlmək, orda yazmaq, fərqlənmək çox çətin idi. Amma o mərhələni keçdim. Çünki hamı bilirdi ki, Emin Eminbəyli bütün normal redaktorlar kimi istedadı, bacarığı olmayan adamı işə almaz, ona vəsiqə verməz.

- “7 Gün”də sonra necə oldu?
- 1997-ci ildə Kələkiyə, Elçibəylə reportaja getdiyim üçün Emin bəy məni işdən çıxardı.

- Niyə?
- O, rəhmətlik bəyi qəbul etmirdi, sevmirdi. Deyirdi ki, onunla müsahibə mənim qəzetimdə gedə bilməz. Qarşıma şərt qoydu – ya Kələki, ya “7 Gün”.

- Hansını seçdiniz?
- Mən birincini seçdim və düz etdim. Emin müəllim də düz edib məni işdən uzaqlaşdırdı. Çünki mən onun – baş redaktorumun qadağasına baxmayaraq Elçibəylə görüşə getmişdim. Mən də onun yerində olsaydım, həmin müxbiri işdən qovardım.

- Bəs Elçibəylə müsahibəniz hardasa dərc olundu?
- Kələkidən hazırladığım reportaj “Yeni Müsavat”da dərc olundu. Sonra o reportajlardan xüsusi buraxılış etdik. Həmin yazılar ciddi rezonans doğurdu. Həm də qalmaqal yaratdı...

- Təzədən “Yeni Müsavat”a qayıdandan sonra yenə dedilər, Azər Ayxanın yazılarını qardaşı yazır?
- Yox, “Yeni Müsavat”a qayıtdıqdan sonra daha kimsə demədi ki, Azərin yazılarını Rauf Arifoğlu hazırlayır. Yəni bu mərhələni “7 Gün”ün və Emin Eminbəylinin sayəsində keçdik.

- Bizdə belə bir ənənə var. Böyük qardaş nə dedisə, kiçik qardaş əməl etməlidir. Sizdə də belədir? Yəni Rauf bəy nə deyirsə, siz onu yerinə yetirirsiniz? Yoxsa, ciddi şəkildə etiraz etdiyiniz nəsə olur?
- Biz o mərhələni çoxdan geridə qoymuşuq. Bizdə feodal-patriarxal qaydalar işləmir. Aramızda sivil münasibətlər var. Mən xarakter etibarı ilə basqını, təhkimçiliyi sevən adam deyiləm. Davamlı basqı görsəm, o yerdə çox qala bilmərəm. Bunu Rauf bəy əla bilir. Ona görə mənə böyük qardaş kimi yanaşmır, sərt qadağalar qoymur, bağırmadan, çığırmadan həll edir məsələni. Təkcə mənə qarşı belə deyil. Hər kəslə sakit, mədəni davranır. Ən yaxşısı da budur. Sən demə, bundan yaxşı sistem yoxdur.

- Facebookda dostuq. Paylaşımlarınız tez-tez qarşıma çıxır. Maraqla oxuyuram. Hərdən mənə elə gəlir ki, həyatı dünya beşgünlükdür fəlsəfəsi ilə yaşayırsınız. Nə ilə bağlıdır bu? Sadəcə, kiçik qardaşın ərköyünlüyü, yoxsa doğrudan da, dünya vecinizə deyil?
- Kənardan yekəxana görünürəm, özündənrazı təsiri bağışlayıram. Həmçinin sizin dediyiniz tərzdə də diqqət çəkirəm. Amma heç biri deyil. Münasibətlərdə qarşılıqlı hörmətin tərəfdarıyam. Saymayan, yekəxanalıq edən istənilən adam mənim üçün heçdir.

- Bu məsələdə hamıya eyni prinsiplə yanaşırsınız? Yoxsa, xüsusi insalar var ki, onlara gələndə məsələ ayrı cür olur. Yəni saymayana, yekəxanalıq edənə hörmət etməyə məcbur olursunuz.
- Xeyir, hamıya münasibətim eyni cürdür. Kimliyindən asılı olmayaraq, mənim üçün bu, belədir. Dünyaya beşgünlük fəlsəfəsi ilə yanaşmaq, əslində cahillikdir. İnsan öldükdən sonra da yaşayır.

- Necə?
- Əməlləri ilə. Etdiyi pisliklə, yaxşılıqla yaşayır. Allaha şükürlər olsun ki, biz həm də yazılarımızla, imzamızla Azərbaycan tarixində qalacağıq. Buna görə də, elə yaşamağa çalışıram ki, öləndən sonra məni yaxşı xatırlasınılar.

- Bəs həyat sizin üçün ən çox nəyi ilə maraqlıdır və əhəmiyyətlidir?
- Həyat tək bir dəfə nəfəs almağıyla belə maraqlıdır. Ümumiyyətlə, bu dünya çox maraqlı məkandır. Çalışıb çox və sağlam yaşamaq lazımdır. Həm də şərəflə yaşamaq.


- Yəqin xəbəriniz var. SPACE kanalında özünü şair və alim kimi təqdim eləyən bir nəfər muğənni xanımı təhqir etdi. Dedi ki, mən şairəm, sən fahişəsən. Mənim üçün maraqlıdır, siz bu məsələyə necə yanaşırsız?
- Hazırda tətildə olduğum üçün mövzunun dərinliyinə varmaq imkanım və həvəsim yoxdur. Həm də bu o qədər dayaz, primitiv mövzudur ki, istəsən də dərinə getməyəcək. Azərbaycan televiziyaları hazırda millətə elə bir zərbə vururlar ki, bunu qarı düşmən yüz il etsə, bacara bilməz. 150-200 manat qiyməti olan civiləri efirə çıxarıb millətə əxlaq dərsi keçirlər. Bilirsiniz, son illər telekanallar yeni bir millət doğub. Efirimiz iyrəncdir. Bizim efirimizdə normal, maarifləndirici, babat səviyyəsi olan verilişlərə rast gəlmək az qala mümkün deyil.

– Sizcə, heç yoxdur?
– Son illər Həmid Heisçinin “Şəxsiyyət vəsiqəsi” proqramından başqa mənə bircə normal veriliş göstərə bilərsinizmi? Qəbul edirəm, bütün verilişlər intellektual: maarifləndirici olmaya bilər, şou-filan qatqısı olmayan proqramlar tamaşaçı tərəfindən az izlənilir. Amma teleaparıcı mütləq intellektual olmalıdır. Olmayanda isə özünə bab adamları efirə çıxaracaq. Bizim müğənnilərin az qismi kitab oxuyur, mütaliə edir. Yerdə qalanların doğsan faizi cahildir, savadsızdır. 10 sətirlik mətn ver hazırlasınlar, iyirmi hərf səhvi buraxacaqlar. Aparıcılar da həmçinin.

- Azər bəy, özünüzü kifayət qədər demokratik insan sayırsınız? Yoxsa, indiki şəraitdə bu, mümkün deyil?
- Siz məni boş verin. Bu mövzu mən, sən, o prizmasından yanaşma tələb etmir. Bu mövzuya daha geniş əhatədən baxmaq lazımdır – biz, siz, onlar pəncərəsindən. Mənim necə bir insan olduğum pis-yaxşı göz qabağındadır. Bu mövzunu bir az geniş şərh edək. Azərbaycanda az qala hamı diktatordur. Sadəcə, münbit şərait yoxdur ki, insanlar özlərini diktator kimi tam ifadə edə bilsinlər. Cəmiyyətin tərbiyəsi pozulub. Uşaqlıqdan hamımız valideyn şiddəti ilə böyüyürük. Ona görə də cəmiyyətdə çox sayda aqressiv, mədəniyyətsiz insanlarla rastlaşırıq. Analarımız çox aqressivdirlər. Həm də savadsız.

– Aydındır.
– Söhbət əlifbadakı hərfləri tanımaqdan getmir: ya da yüzə, minə qədər saymaqdan. Söhbət ümumi savadsızlıqdan, intellekt kasadlığından gedir. Ömrü boyu bircə kitabın ağzını açmayan qadın necə normal övlad yetişdirə bilər?! Qadınlar saatlarla tv qarşısında mənasız və bayağı serial izləyir, telefonla danışır, qeybət edir, amma bu qədər vaxtından ayırıb gündə yarımca saat yaxşı bir məlumat, faydalı şey öyrənmək istəmir. Oxumur Azərbaycan qadını. Ona görə də onun şah əsəri – övladı avara, cahil böyüyür. Gedib adam öldürür. Bir yandan təhsilimiz bərbad vəziyyətdədir, bunlar üst-üstə yığılanda ortaya bugünkü mənzərə çıxır.

- Elə bir məqama gəlib ki, jurnalistikamız da elə şəhərimizin yolları kimi basabasdır. En qədər yazan var. Çoxluq peşəkarlğı get-gedə sıxır. Aləm bir-birinə qarışıb. Yaxşı ilə pisi ayırd eləmək müşkülə çevrilib. Bəzən bilə-bilə, bəzən də bilməyə-bilməyə pisi yaxşı kimi, yaxşını pis kimi təqdim edirlər. Bəs bu durumda sizə lazım olan peşəkarlığını necə müəyyən edirsiniz?
- Bütövlükdə cəmiyyətdə peşəkarlıq krizisi yaşanır. Bütün sahələrdə profesionallar azdırlar. Jurnalistika elə bir sahədir ki, buradakı qeyri-peşəkarlıq daha tez görünür. Bu da bir mərhələdir, bu mərhələni yaşamaq biz nəslin üzərinə düşüb.

- Kiminsə sözüdür, müəllif yadımdan çıxıb. Deyir, fikir azadlığı o deməkdir ki, sən yalan da danışa bilərsən. Düz deyir, elə deyilmi?
- Fikir azadlığı həm də odur ki, sən yalan danışmayacaqsan. Buna ehtiyac olmayacaq. Fikir azadlığının, ifadə sərbəstliyinin sərhədləri məhdudlaşdıqda yalan dövriyyəyə girir. Bu da cəmiyyəti məhvə aparır.

- Ən çox peşman olduğunuz şey nədir? Hətta buna görə özünüzü bağışlaya bilmirsiniz. Varmı belə bir şey?
- Demək olmaz ki, belə bir halla qarşılaşmamışam. Amma elə dəhşətli peşmançılıq keçirdiyim vəziyyətlərə də düşməmişəm.

- Azər bəy, Məlikməmməd nağlında kiçik qardaş daha dözümlü, cəsarətli və dürüstdür. Yuxusuna haram qatır, yarasına düz basır, amma yatmır, divi tapıb öldürür. Kiçik qardaşın qəhrəmanlığı bizim xalqın yaddaşında əbədi kök salıb. Milli Qəhrəman Mübariz İbrahimov da evin kiçik oğlu idi. Bəs siz öz peşənizdə hansı qəhrəmanlığı etmisiniz? Sizcə, bir jurnalist kimi, redaktor kimi möhür vura bilmisinizmi? Yoxsa, belə işlərdə qəhrəman olmaq mümkün deyil?
- Bizim ailənin təməlini dürüstlük və cəsarət təşkil edir. Ona görə də kiçik qardaş olaraq elə bir ciddi məsuliyyətim və yüküm yoxdur. “Yeni Müsavat” media qrupunu qoruyub saxlamaq, yaşatmaq əsl qəhrəmanlıqdır. Bu işi də böyük qardaşımızın sayəsində həyata keçiririk. Qaldı ki möhür vurmağa, iz qoymağa. Hər gün buraxdığımız qəzetlə tarixə onsuz da möhürümüzü vurub, izimizi qoyuruq. Qiyməti isə tarix və gələcək nəsillər verəcək.

Kəramət Böyükçöl


Müəllif: