8 İyul 2015 14:53
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şurada təmsil olunan şəxslər vaxtilə hakimiyyətdən aralanan insanlardır. Dəhşətlidir, bu yaxınlarda etiraf etdilər ki, kimisə müdafiə etmək üçün qəzetlər 50 min manat pul alıb, hətta bu zaman Cəmil Həsənli pulu mənimsəyib. Məhz həmin dövrlərdə bu təşkilatlar özlərini ən əqidəli təşkilatlar kimi aparırdılar. Necə olub ki, sizlər 100 minlərlə insanı aldatmısınız ki, biz müxalifətik? Əslində isə muzdlu olublar. Odur ki, müxalifət elə deqradasiya prosesinə daxil olub ki, bir-birini ittiham da edəcək, təhqir də. Xalq onlara dəstək vermədiyi üçün də bir-birinə qarşı çıxacaq. Hətta partiya daxillərində də rəhbərliyi ittiham edənlər ortaya çıxacaq”.

Bunu Teleqraf.com-a müsahibəsində Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. Müsahibəni təqdim edirik.

- Tahir bəy, qarşıdan parlament seçkiləri gəlir, partiya olaraq seçkidə iştirak formatını müəyyən etmisinizmi?
- Demək olar ki, son aylar ölkənin həyatı I Avropa Oyunlarına indekslənmişdi. Əlbəttə, hamı istəyirdi ki, Oyunlar yüksək səviyyədə keçsin. Azərbaycan bunu bacardı. Biz də partiya sədri olaraq Oyunların açılış və bağlanış mərasiminə dəvət olunduq. Bu, müsbət hadisə oldu. İndi artıq sərbəstlik yaranıb, qarşıdan gələn seçkilər diqqət mərkəzindədir. Partiyada daima müzakirələr aparılır. Seçkilərə 4 aydan az müddət qalır. Partiyanın Baş Məclisi seçkilər haqqında qərar verməlidir. Amma buna qədər Siyasi Şurada, partiyada müzakirələr aparılmalıdır. Biz öncədən bloklara qoşulmamaq xətti götürmüşük. Partiyamız bütün seçkilərdə təkbaşına iştirak edir. Əlbəttə, bunun mənfi nəticələri də olur. Çünki partiya bloka qoşulanda adı daha çox hallanır. Amma biz bloklara qoşulmamaq xəttini götürmüşük. Biz 2005-ci ildə seçkilərdə 46 namizədlə iştirak etmişik. 2010-cu ildə isə namizədimiz az olub. Lakin heç birində uğur qazana bilməmişik. Sonuncu dəfə mənim namizədliyim Şamaxıdan olub və kifayət qədər səs toplamışam, amma parlamentə düşməmişəm. İndi bəzi partiya üzvləri deyirlər ki, mümkün qədər çox namizəd irəli sürək, bəlkə, deputat seçilməyə şans ola bilər. Bəziləri isə deyir ki, buna artıq vaxt və xərc gedir, odur ki, seçkilərə az və real namizədlərlə gedək. Getdikcə daha çox ikinci varianta köklənirik. Vəhdət Partiyası Prezidentin apardığı siyasi kursu dəstəkləyir. Biz istəyirik seçkidə hakim partiya ilə əməkdaşlıq edək. Düzdür, indi hakim partiya çox güclüdür və onun iqtidaryönlü partiyalara ehtiyacı yoxdur. Amma iqtidaryönlü partiyaların hakim partiyanın yardımına ehtiyacı var. Odur ki, biz qarşılıqlı yardımlaşma əsasında seçkilərdə iştirak haqda düşünürük. Hələlik bu kimi məsələləri götür-qoy edirik.

- YAP icra katibinin müavini Siyavuş Novruzov elan etdi ki, YAP bəzi dairələrdən hakimiyyətyönlü partiya sədrlərinin namizədliyini dəstəkləyə bilər...
- Mən bu mövqeyinə görə hakim partiyaya təşəkkür edirəm. Əgər belə olmasa, kiminsə seçilmək şansı az görünür. Bunu səmimi etiraf etmək lazımdır. Bu baxımdan, YAP-ın bu mövqeyi bizim partiya üçün çox əhəmiyyətlidir. Biz bunu umuruq da. Çünki hakim partiyanın çox ciddi resursları və imkanları var. Həm də YAP bütün seçki komissiyalarında təmsil olunur. Biz bu açıqlamanı yüksək qiymətləndiririk.

- Sabiq prezident Ayaz Mütəllibov bəyan edib ki, 1992-ci ildə AXC xalqa xəyanət etdi və nəticədə Azərbaycan torpaqları işğal edildi. AXC liderlərindən biri olaraq bu ittihamı qəbul edirsinizmi?
- Məncə, bu məsələdə ikili yanaşma mövcud ola bilər. Əvvəla, Azərbaycan Xalq Cəbhəsi xalqın içində yaranmışdı. Onun içərisində ayrı-ayrı insanların rəhbərlikdə olub-olmamasından asılı olmayaraq bu hərəkat inam üzərində qurulmuşdu. Şəxsən mən və digərləri Vətənin istiqlalını, vahid Azərbaycan ideyasını istəyirdik. Eləcə də, Qarabağın azadlığını istəyirik. Yəni bizim məqsədli şəkildə torpağımızın itkisinə hesablanan hərəkətimiz olmayıb. Ancaq o başqa məsələdir ki, təcrübəsizlikdən və ya əqidə gözümüzü bağladığı üçün dünyada qüvvələr nisbətini qiymətləndirə bilmirdik. Doğrudan da, o zaman Ayaz Mütəllibovu Moskvanın adamı hesab etdiyimizdən ona qarşı çıxırdıq. Ancaq başa düşmürdük ki, Moskvanın öz əli ilə müəyyən şeylərə nail olmaq olar. Məsələn, Mütəllibov Çaykənd əməliyyatı keçirdi. Onun hakimiyyətdə qalması müqabilində bayrağımızın Xankəndində dalğalanması, torpaqlarımızın az itkisi də mümkün idi. Təki Rusiya ilə düzgün strateji və taktiki münasibət qura biləydik. Ola bilsin ki, bu sahədə biz doğru taktika tuta bilməmişik. Amma bütövlükdə xalq hərəkatı heç bir xəyanətdə bulunmayıb və bu, mümkün də deyildi. Minlərlə insan bu yolda şəhid olub. Məsələn, mənim bacım oğlu universitetdə təhsil alırdı, amma könüllü olaraq cəbhəyə getdi və şəhid oldu. Mən və ya mənim bacım oğlu xəyanət edə bilərdikmi? Bu böyük bir xalq hərəkatı idi. İçimizdə kimlərsə təsir dairəsinə düşə, hansısa qüvvələrə xidmət edə bilərdi. Bu, mümkün idi. Ancaq bütövlükdə xalq hərəkatı müqəddəs amal uğrunda mübarizə aparırdı. Ola bilər təcrübəsizlikdən çox şeyi götür-qoy edə bilməmişik, dünyanı idarə edən qüvvələri lazımınca qiymətləndirə bilməmişik.

- Sabiq prezident iddia edib ki, AMOCO şirkəti ilə neft müqavilələri imzalamaq üçün danışıqlar aparırmış, ancaq AXC bu planı pozub...
- Bilirsinizmi, bizim hakimiyyətdən əvvəl də, bizim hakimiyyətimiz zamanı da və bizdən sonra da neft kontraktlarının imzalanması üçün danışıqlar aparılıb. Mən bu danışıqların konkret detallarına bələd deyiləm. Mən məhkəmə hakimiyyəti ilə məşğul olmuşam. Əslində, Mütəllibovun dedikləri vaxtı ötən məsələlərdir. İqtisadiyyatla məşğul olan insanlar bu iddiaya daha doğru cavab verə bilər. Mənim bildiyim odur ki, AXC-nin özü Qərb şirkətləri ilə danışıqlar aparırdı. Bu haqda məlumatlarım zəifdir. Bir daha qeyd edim ki, bu danışıqları pozmaq üçün AXC-nin daxilində kimlərsə fəaliyyətdə ola bilərdi. Şəxsən mən bu kimi işlərin içərisində olmamışam və belə işlərin içində olan şəxslərlə də təmasım olmayıb.

- Mütəllibovu bir zamanlar müdafiə edirdiniz. Ancaq sabiq prezident neçə illərdir ki, sizin də təmsil olunduğunuz Azərbaycan Xalq Cəbhəsini Vətənə xəyanətdə, səriştəsizlikdə ittiham edir.
- Səriştəsizlik barədə deyilənlər, ola bilsin ki, müəyyən mənada doğrudur. Mümkündür ki, təcrübəsizlik olub. Mənim özüm uzun illər məhkəmə sistemində işləmişdim. Sovet dövründə də mənim qədər təcrübəsi olan və prokurorluqda işləyən şəxslər baş prokuror olmuşdu. Mən də məhkəmədə işləmişdim və sonra da Ali Məhkəmədə işlədim. Yəni səriştəsizliklə bağlı mənə heç vaxt irad olmayıb. Ancaq AXC komandasında səriştəsizlərin olması mümkün idi və bu deyilir də. Ancaq mən qətiyyən o iddia ilə razı deyiləm ki, AXC Vətənə xəyanət yolunu tutub, xəyanət üçün bunları edib, Qarabağın getməsi və ya hansısa kontraktları pozmaq üçün fəaliyyətdə olub. Mən belə şeyləri ağlıma gətirə bilmirəm. Səriştəsizlikdən və kimlərinsə niyyəti səbəbindən belə hallar ola bilərdi. Amma o zaman SSRİ nəhəng dövlət idi, dünya imperiyanı mühasirəyə almışdı, Əfqanıstan məsələsi var idi, Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salmışdı. Eləcə də, müttəfiq respublikalarda xalq hərəkatı başlamışdı. Biz böyük ideyalar uğrunda ölüm-dirim mübarizəsi aparırdıq. Mənim ağlıma gəlmirdi ki, hakimiyyətə gələcəyik. Hər birimiz ölümümüzü gözümüzə almışdıq. İndi ola bilsin ki, bu sözü bizə yaraşdırmasınlar. Amma biz əqidədən başqa heç nə düşünmürdük. Mən Ali Məhkəmənin sədri ola-ola məhkəmə hakimiyyətindəki nöqsanlarla bağlı mediada çıxışlar edirdim. Bildiyiniz kimi, Mixail Qorbaçov hələ də imperiyanın başında dururdu və mən ona ölüm hökmü çıxarmışdım. Şəhid verdik, var-dövlətimizdən keçdik. İndi bizim hansı xəyanətimiz olub? Mən bu fikirləri qəbul etmirəm.

- Hazırda AXCP-də ciddi qarşıdurma gedir, tərəflər bir-birini agent olmaqda ittiham edir. Bu vəziyyəti necə qiymətləndirirsiniz?
- Əvvəllər də demişəm ki, bu, müxalifətdə olan böhrandır. İstənilən binanın təməli əyri qoyulanda həmin bina uçmalıdır. Bizim müxalifət kimi bünövrəmiz əyri qoyuldu. Məsələn, Heydər Əliyevi hakimiyyətə dəvət etdik, sonra isə AXC rəhbərliyi dedi ki, vəzifənizi dondurun, radikal olun. Nəticədə müxalifət zəiflədi. Əvəzində müxalifət hər seçkidə uduzdu. 2005-ci ildə isə birdəfəlik uduzdu. Bundan sonra müxalifət aşınma mərhələsinə qədəm qoydu. Seçkilərdə uğursuzluğu hazırda AXCP ilə Müsavat bir-birində görür. AXCP iki seçkidə parlamentdə təmsil olundu. Müsavat da AXCP-ni xəyanətdə ittiham etdi. Sonra Müsavat parlamentdə təmsil olundu və AXCP analoji ittihamları Müsavata istiqamətləndirdi. Əslində isə AMİP də daxil olmaqla bu partiyalar növbə ilə parlamentə gedib. İndi hansı hakimiyyətdən uzaqlaşırsa, olur müxalifət. Milli Şurada təmsil olunan şəxslər vaxtilə hakimiyyətdən aralanan insanlardır. Dəhşətlidir, bu yaxınlarda etiraf etdilər ki, kimisə müdafiə etmək üçün qəzetlər 50 min manat pul alıb, hətta bu zaman Cəmil Həsənli pulu mənimsəyib. Məhz həmin dövrlərdə bu təşkilatlar özlərini ən əqidəli təşkilatlar kimi aparırdılar. Necə olub ki, sizlər 100 minlərlə insanı aldatmısınız ki, biz müxalifətik? Əslində isə muzdlu olublar. Odur ki, müxalifət elə deqradasiya prosesinə daxil olub ki, bir-birini ittiham da edəcək, təhqir də. Xalq onlara dəstək vermədiyi üçün də bir-birinə qarşı çıxacaq. Hətta partiya daxillərində də rəhbərliyi ittiham edənlər ortaya çıxacaq. Əslində, bu özlərinin apardığı siyasətin məntiqidir. Mənim fikrimcə, heç olmasa müxalifət partiyalarında olan təmiz insanlar ayılmalıdır. Təklif edirəm ki, müxalifətdə sağlam olan qüvvələr nə qədər gec deyilsə, bunlardan qurtulsunlar. İnsanları mütəmadi aldadan, seçkilərdə uduzduran, daima xəyanətdə bulunan, özləri üçün çalışan, şəxsi maraqları milli maraqlardan üstün tutan belə şəxslərlə uzağa getmək olmaz. Bunların keçmişi sübut edir ki, hər dəfə xəyanətdə olublar.

Nemət


Müəllif: