11 İyul 2015 12:56
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baxın, erməni cəmiyyəti və siyasətçiləri Əkrəm Əylisliyə necə dəstək verdilər. Ermənilər bizim içimizdə olan istənilən ermənipərəstə, istənilən haqsıza dəstək verirlər. Bunu tarixən də görmüşük. Ancaq biz bunu etməmişik. Ermənistanda elə erməni yazıçı var ki, Dağlıq Qarabağ məsələsinə görə müxalifətdədir, radikal qüvvələrə qarşıdır. Biz belələrinə dəstək və ya mükafat verə bilmərik? Əksinə, verərik və həm də belələrinin daha çox olmasını stimullaşdıra bilərik. Ancaq indi belə düşünənləri millətçilər beşikdə boğurlar".

Bunu qəzetimizə müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik.

- Sərdar bəy, seçkilərə 4 ay qalır. Bu haqda nə düşünürsünüz?
- Vətəndaşların seçkilərə köklənməsi yalnız iqtidardan asılıdır. Müxalifətin bunu etmək üçün gücü, potensialı və vasitələri yoxdur. Bizim də vəzifəmiz seçkiləri təbliğ etməkdir. Ancaq bunu həyata keçirmək üçün vasitəmiz yoxdur.

- ADP seçkilərlə bağlı hansı mövqedədir?
- Hələlik vaxt var. Biz bu haqda düşünürük. Seçkilərə hazırlaşırıq. Yəqin ki, iqtidarın da seçkilərlə bağlı siyasəti olacaq. İndi Azərbaycana yaxın bölgələrdə vəziyyət kritikdir. Ukraynada durum göz önündədir. Yaxın Şərqdə hər an müharibə yaşana bilər və yaşanır da. Dağlıq Qarabağ münaqişəsi də gündəmdədir. Belə bir məqamda vətəndaşlarımızın aktivliyi dövlətimiz üçün də lazımdır. İnsanlarımız təhlükələrə qarşı laqeyddir.

- İqtidar-müxalifət dialoqu gözlənilirmi?
- Biz dialoqun tərəfdarıyıq. Biz dialoqu seçkilər qədər vacib demokratik prosedur hesab edirik. Düşünürük ki, Azərbaycanda dialoq ənənəsi möhkəmləndirilməli və inkişaf etdirilməlidir. Biz bunu istəyirik. Ancaq hər şey istəyimizdən asılı deyil. Bizdən savayı iqtidar və dialoqa qarşı çıxan müxalifət qüvvələri də var. Hazırda dialoqun nə zaman keçiriləcəyi haqda məndə informasiya yoxdur. Dialoq təşəbbüsü hakimiyyətdən gəlir. İqtidar hansısa məsələyə dair təşəbbüs irəli sürəcəksə, biz məmnuniyyətlə həmin prosesdə iştirak edəcəyik.

- Sizin, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə münasibətləriniz vardı. Son seçkidə onları təbrik etdinizmi?
- Mənim Mövlud Çavuşoğlu ilə yaxın münasibətlərim var. Zamanında Çavuşoğlu mənə təbrik məktubu göndərmişdi. O da nazir təyin edildikdən sonra biz ona təbrik məktubu ünvanladıq. Sadəcə olaraq, bu məsələlər qarşılıqlı olmadığından bunu davam etdirmədik. Biz uzun müddət Türkiyədə olan siyasi partiyalara təbriklər, müraciətlər, məktublar göndərdik. Türkiyənin siyasəti bu ölkənin sərhədləri ilə məhdudlaşır. Xüsusən, müxalifət partiyalarının fəaliyyəti. Türkiyə partiyalarının yeganə hədəfi iqtidar olmaqdır. Onlar Azərbaycanda, Orta Asiyadakı türk dövlətlərində fəaliyyət göstərən partiyalarla əlaqə yaratmaq, münasibətlər qurmağa maraq göstərmirlər. Tansu Çillər baş nazirin müavini olanda ona müraciət etdik ki, gəlin türk respublikalarının demokratik partiyalarının birliyini yaradaq. Ancaq dəstək görmədik.

- Bizdə olan məlumata görə, hazırda Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistandakı partiyaların birgə qurumunun yaradılması haqda ideyalar var. Bu, doğrudurmu?
- Gürcüstan demokratları Qafqaz demokratlarının evini yaratmaq istəyir. Bizə də müraciət ediblər və müsbət münasibətimizi ifadə etmişik. Yəni, Gürcüstan, Azərbaycan və Ermənistanın demokratik birliyi yaransın, bu qurum bölgədə ümumi demokratikləşmə prosesinə öz töhfəsini versin. Belə ideyalar var. Bizim 1994-cü ildə irəli sürdüyümüz müddəalardan biri də Ümumtürk evinin, Qafqaz evinin yaradılması məsələsi idi. Ancaq reallıqlar bu ideyalarımızı gerçəkləşdirməyə imkan vermir. Bizim ideyalarımızı həyata keçirmək üçün maliyyə resurslarımız yoxdur. İndilikdə bunu ancaq Türkiyədəki partiyalar edə bilər, amma onlar da etmək istəmir. Türkiyədəki siyasi partiyaların büdcəsi az qala bizim bir nazirliyin büdcəsindən çoxdur. Onlar qurultaylarına və tədbirlərinə bizi dəvət etmirlər. Onlar daha çox Azərbaycanda siyasi proseslərə təsir etməyən şəxsləri dəvət edirlər.

- Konkret olaraq gürcü tərəfi sizə nə zaman müraciət edərək təklif edib ki, belə bir qurum yaradılsın?
- Bu yaxınlarda belə bir təşəbbüs göstəriblər ki, demokratik partiyalar arasında belə bir birlik yaradaq. Biz də buna razılığımızı bildirmişik. Hələlik cavab gözləyirik.

- Ermənistanda hansı partiya ilə müttəfiqlik edəcəyinizi bilirsiniz?
- Yox, bu haqda bilmirəm. Demokratik dəyərləri bölüşən istənilən partiya ilə əməkdaşlıq edə bilərik. Əgər məqsəd bölgədə demokratiyanı dəstəkləməkdirsə, biz həmin qüvvəni görəcəyik. Yox, əgər erməni partiyası gəlib desə ki, Qarabağ bizimdir, Gürcüstanın filan əraziləri bizə məxsus olub, o zaman nə biz, nə də Gürcüstanın demokratik qüvvələri onlarla əlaqə saxlayacaq. Yəni biz demokratik dəyərləri müdafiə edən qüvvələrlə bir yerdə ola bilərik. Yoxsa, başqa radikal millətçi qüvvələrlə bir yerdə olmağın mənasını və nəticəsini görmürük. Ermənistanın taleyi onun demokratikləşməsindən keçir. Ermənistanın özündə bu gün aparılan siyasətin dövlətin təhlükəsizliyinə təhlükəli olduğunu, Qarabağın işğalının erməni dövlətçiliyi üçün əngəl olduğunu başa düşən insanlar var. Ermənistanın Rusiyanın forpostu olduğunu bilənlər var. Ermənistan dövlətçiliyinin mövcudluğunun Qarabağın Azərbaycana verilməsindən keçdiyini bilənlər var. Amma çox təəssüflər olsun ki, bu qüvvələr orada çox azlıq təşkil edirlər. Eyni zamanda, bizim tərəfimizdən dəstək görmürlər.

- Ermənilər müstəqil olmaq istəyirlərmi ki?
- Akopyan adlı erməni siyasətçisi vardı. Ermənistan parlamentində çıxışı zamanı açıq deyirdi ki, Dağlıq Qarabağ Azərbaycanındır, siz nəyə görə, Qarabağa görə bu qədər düşmən qazanırsınız. Ancaq biz həmin vaxt Akopyanla geniş əlaqə yaratmalı, onu Bakıya dəvət etməli, lazım gəlsə, ona dəstək verməli idik. Ermənistanda bəzi ziyalılar var ki, Qarabağla bağlı ortaya mövqe qoyur. Onların hamısının həyatı Ermənistanda təhlükədədir. Azərbaycan olaraq biz onlarla bağlı dəstək nümayiş etdirmirik. Yəni biz Ermənistanın daxilində Qarabağ probleminin ədalətli həlli üçün müttəfiqlərimizi müəyyən etməliyik. Qarabağ münaqişəsinə görə Ermənistanın forpost olmasını istəməyən qüvvələrlə əməkdaşlıq etməli, onların güclənməsinə çalışmalıyıq.

- Kimləri nəzərdə tutursunuz?
- Baxın, erməni cəmiyyəti və siyasətçiləri Əkrəm Əylisliyə necə dəstək verdilər. Ermənilər bizim içimizdə olan istənilən ermənipərəstə, istənilən haqsıza dəstək verirlər. Bunu tarixən də görmüşük. Ancaq biz bunu etməmişik. Ermənistanda elə erməni yazıçı var ki, Dağlıq Qarabağ məsələsinə görə müxalifətdədir, radikal qüvvələrə qarşıdır. Biz belələrinə dəstək və ya mükafat verə bilmərik? Əksinə, verərik və həm də belələrinin daha çox olmasını stimullaşdıra bilərik. Ancaq indi belə düşünənləri millətçilər beşikdə boğurlar. Nəticədə belə sağlam ideyaların güclənməsinə imkan vermirlər. Türkiyə və Azərbaycan Ermənistan daxilində müttəfiqlər tapmaq ideyasına diqqət etməli, bunu dəstəkləməlidir. Bunun üçün real addımlar atılmalıdır. Bizim indilikdə gürcü demokratlarının təklifinə müsbət yanaşmağımızda bir məqsəd də ermənilərdən dəstək almaqdır.

- Siz erməni partiyası ilə əməkdaşlığa gedərkən ölkə daxilində nüfuzunuza zərbə dəyəcəyindən ehtiyat etmirsiniz?
- Mən deyirəm ki, Ermənistanda müttəfiq tapılmalıdır ki, Dağlıq Qarabağ məsələsində bizim fikirlərimizə dəstək versin. Buna görə məni kim tənqid edəcək? Mən nə dedim ki, əleyhimə çıxan olsun? Deyirəm ki, elə erməni tapmalıyıq ki, Qarabağ məsələsində bizim mövqeyimizi müdafiə etsin. Necə ki, zamanında Akopyan vardı, indi də belələri var. Niyə ermənilər Əylisliyə dəstək verəndə erməni cəmiyyətində qınağa tuş gəlmir, amma mən Azərbaycanın mövqeyini müdafiə edən ermənilərin tapılmasını deyəndə tənqid olunuram? Buna görə ağıllı insan məni tənqid etməz. Mən burada düşmən artırmaqdan deyil, dost qazanmaqdan danışıram. Gərək Azərbaycanın ona dost olana necə baxdığı görünsün. Bu, nümunə olmalıdır. Xeyirlə şəri bir-birindən ayırmasaq, irəli gedə bilmərik. Bəli, mən anlayıram, Azərbaycanda dəfələrlə dediyim fikirlər şəxsimə qarşı cəbhə açıb. Deyiblər ki, bunu asaq, edam edək, həbs olunsun və s. Özünü siyasi lider adlandıran insanlar palaz-palaz yazılar yazıb, əleyhimə çıxış ediblər. Millətimə və xalqıma olan məhəbbətim, dövlətçiliyə bağlılığım məcbur edir ki, fərdi maraqlarımı bir kənara qoyaraq düzünü deyim.

- Erməni və gürcülərlə nə zaman bir masa arxasında əyləşirsiniz?
- Mən bu saat ermənilərlə oturmamışam. Deyirəm ki, belə bir ideya var. Biz gürcü demokratlarına demişik ki, ADP bu təklifi dəstəkləyir və ideya başa tutarsa, orada iştiraka hazırıq. İndi nə belə bir blok yaranıb, nə də Ermənistanda hansı partiyanın buna müsbət yanaşdığını bilirik. Heç gürcülərin bu işi hara qədər apardığından da məlumatsızıq. Mən ümumi olaraq gedən prosesləri dedim. Burada söhbət müsbət bir ideyadan gedir. Mənim canım da, qanım da dövlətə qurbandır.

Nemət


Müəllif: