3 İyun 2014 10:14
1 157

Politoloq Natiq Miri: “Əsas məqsəd Amerikasız Avrasiya siyasətidir”

Son günlər dünya gündəmində Rusiya, Qazaxıstan və Belarusun təşkilatçılığı ilə yaradılan Avrasiya İqtisadi İttifaqı müzakirə edilir. Çoxları bu ittifaqa SSRİ-nin başqa formatı kimi baxır. Hətta Avropa mediası bunu həyəcanlı xəbərlər silsiləsinə aid edir və bu ideologiyanın Avropa üçün ciddi siqnal olduğunu bildirir. Bu mövzuda suallara politoloq Natiq Miri cavab verib. Politoloq həm də, son günlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müşahidə edilən aktivlik, həmsədrlərin fəaliyyəti haqqında danışıb.

- Natiq bəy, son zamanlar həmsədrlər regiona səfər ediblər, prezidentlərlə görüşüblər. Digər diplomatlar tərəfindən də münaqişənin həllinə dair fikirlər səsləndirilir. Necə düşünürsünüz indi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün münbit şərait yetişibmi?
- Münbit şəraitin yarandığı haqda çox danışılır. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ probleminin həlli üçün regionda münbit şəraitin yaranması haqda bəyanat verdi. Hesab edirəm ki, Davudoğlu bəzi gerçəklikləri nəzərə alaraq, bu açıqlama ilə çıxış etdi. Bu gerçəkliklər nədən ibarətdir? Bilirsiniz ki, Ukraynanın tərkib hissəsi olan Krımın Rusiyaya ilhaqından sonra II Dünya Müharibəsindən bu yana dünyada dövlətlərarası saziş və müqavilələr sisteminə böyük zərbə dəydi. Dövlətlərin ərazi bütövlüyü məsələsi əvvəllər birmənalı qəbul olunurdusa, bu hadisədən sonra dövlətlərin ərazi bütövlüyünün təminatı məsələsinin özü də şübhə altına düşdü. Bu mənada Krımın işğalı və Rusiyaya ilhaq edilməsindən sonra təbii ki, ABŞ başda olmaqla, dünya gücləri hərəkətə keçdi. Bu zaman münaqişə ocaqları olan, xüsusilə Cənubi Qafqazdakı Dağlıq Qarabağ, Gürcüstanda Osetiya və Abxaziya, eləcə də, Moldovada Dnestryanı münaqişə ocaqları məsələsi yenidən gündəmə gəldi. Həm də burada adı çəkilən dövlətlərin deyil, ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyi baxımından aktiv hərəkətlər müşahidə olunmağa başladı. Bu baxımdan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ABŞ həmsədr olaraq aktivlik göstərir. Söhbət ondan gedir ki, bu gün regionda ABŞ-ın geosiyasi maraqlarına zərbə vuracaq hadisələr baş verə bilər.

- Hansı hadisələri nəzərdə tutursunuz?
- Rusiya Ermənistanı hərəkətə keçirərək yenidən hərbi əməliyyatları bərpa edə bilər. İkincisi, Dağlıq Qarabağın Ermənistan və ya Rusiyaya birləşdirilməsi haqqında addım ata bilər. Eləcə də, bu yanaşma Rusiyanın orbitindən çıxan qonşu Gürcüstandakı münaqişə ocaqlarına da sirayət edə bilər. Həmçinin bu Moldovada da tətbiq edilə bilər. Əslində indi Moldova Cənubi Qafqazdakı münaqişə ocaqlarından daha acınacaqlı durumdadır. Bilirsiniz ki, Rusiyanın Krıma birbaşa quru yolu olmadığından indi Moskvaya hava-su kimi Krıma gedəcək quru yollar lazımdır. Məhz bu kontekstdə indi Ukraynanın cənub və şərq əyalətlərində ciddi hərbi qarşıdurma var. Bu əyalətlərin Rusiyanın tərkibinə qatılacağı təqdirdə Ukrayna Dnestryanı bölgənin Rusiyaya birləşdirilməsi haqda çıxardığı qərara hüquqi don geyindirə bilər. ABŞ bu gerçəklikləri anladığı üçün aktiv fəaliyyətə keçib, münaqişənin həllində kiçik də olsa, müəyyən addımlar atmağa çalışır. Eləcə də, Rusiyanı bu münaqişə proseslərində oyundan kənar vəziyyətə salınması üçün cəhdlər edir.
Gürcüstan, Moldova və Ukrayna NATO-ya daha da yaxınlaşmaq, eləcə də, Avropa İttifaqına dərin inteqrasiya siyasətini genişləndirib. Təbii ki, Azərbaycan da bu mənada istisna deyil. Düzdür, Azərbaycan öz təhlükəsizliyi naminə Rusiyanı qıcıqlandırmaq istəməsə də, hər bir halda qərbə inteqrasiya xəttindən də imtina etmir. Ona görə də, hiss edilir ki, üfüqdə bir Bakı-Moskva anlaşması var. Əks təqdirdə Azərbaycan prezidentinin Ermənistana 15 gün vaxt verməsi və ya Avrasiya sammitində Qazaxıstan prezidentinin Serj Sərkisiyana qarşı belə münasibəti baş verməzdi. Hiss edilir ki, regionda razılaşdırılan bir variant var və bu variantın içində təkcə Avrasiya modeli deyil, eyni zamanda Azərbaycanın müttəfiqi olan Türkiyə də var. Əhməd Davudoğlunun bəyanatı da bu kontekstdə qiymətləndirilməlidir. Məhz bu münbit vəziyyətdən istifadə edərək Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət addım atmaq olar. Ən azından Dağlıq Qarabağ ətrafında işğal edilən bir neçə rayonun azad edilməsi prosesinə rəvac verilə bilər. Fikrimcə, məsələ bundan ibarətdir.

- Demək olarmı ki, məhz bu xətt üzərindən həmsədrlər regiona səfər edir, münaqişə tərəfləri ilə müzakirə aparır və problemin həlli üçün çağırışlar edirlər?
- Əslində bu məsələnin içərisində ATƏT-in üç həmsədr dövlətlərinin hər birinin olduğunu demək doğru olmazdı. Əksinə, ABŞ və Avropa Birliyinin təmsilçisi adından çıxış edən Fransanın maraqları bir qədər fərqlidir. Azərbaycan Avropaya inteqrasiya xəttindən imtina etmədiyi təqdirdə ABŞ və Avropa Birliyi bu münaqişənin həllinə əngəl olmayacaq. Yox, əgər Azərbaycan bu xətdən imtina edərək Rusiyanın orbitinə doğru irəliləsə, biz Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyiş gözləməməliyik. Deyilənlərə rəğmən hesab etmirəm ki, münaqişənin açarı yalnız Rusiyanın əlindədir. Bu, belə deyil. Dünənə qədər bu cür idi, indi isə başqa situasiyadır.

- Niyə?
- Sərkisyan özü bu gün Rusiyanın yanında olsa da, çox gözəl anlayır ki, Ermənistanın gələcək inkişaf perspektivi yalnız qərblə bağlıdır. Bu gün Qərbin Ermənistana təsir imkanları heç də Rusiyadan az deyil. Məncə, bunu nəzərə almaq lazımdır. Hazırda Ermənistana verilən maliyyənin mənbəyinin əsas hissəsi Qərbdən gəlir. Rusiya əslində Ermənistana heç bir maliyyə vermir. Doğrudur, qaz və digər məhsulların satışı zamanı qiymət məsələsində Moskva İrəvana müəyyən güzəştlər tətbiq edir, amma Ermənistanın iqtisadiyyatının inkişafı üçün Moskva bir rubl belə pul ayırmır. Ona görə də, ATƏT-in həmsədr ölkələri maraqlıdırlar ki, problem həll edilsin və bu dövlətlərin müstəqil seçimlərinə maneə törədilməsin. Maneə törədildiyi və təzyiqlər olduğu təqdirdə Azərbaycan Avrasiya İqtisadi blokuna daxil olarsa, bu halda Dağlıq Qarabağ probleminin çözümünə inamım heç qalmayacaq.

- Avrasiya İqtisadi Bloku artıq təsis edilib. Əvvəl Avrasiya Siyasi Blok kimi nəzərdə tutulan bu birlik sonradan Nazarbayevin təkidi ilə iqtisadi blok kimi yaradıldı, qurumun sənədlərindən siyasi çalarlı ifadələr çıxarıldı. Bu nə dərəcədə perspektivli və effektiv qurumdur və Azərbaycan bu quruma daxil ola bilərmi?
- Avrasiya modeli əslində bir siyasi model kimi düşünülüb. Bu modeli Rusiyanın beyin mərkəzi sayılan və prezident Putinə yaxınlığı ilə seçilən professor Duqin tərəfindən hazırlanıb. Bildiyiniz kimi, Duqin millətçi xətti ilə seçilir. Putin Ukrayna hadisələri və ondan sonra məhz Duqinin dili ilə danışır. Avrasiya modeli əslində Rusiya tərəfindən hazırlanıb və burada əsas məqsəd Amerikasız Avrasiya siyasətidir. Yəni Amerikanın Avrasiyadan çıxarılmasını hədəfləyən layihədir. Bunun adını siyasi və iqtisadi blok qoysanız da, əsl mahiyyətdə Vaşinqtonun Avrasiya regionundan çıxarılması durur. Bu layihənin içərisində Türkiyə və digər Asiya ölkələri də var. Ola bilsin ki, gələcəkdə Asiya ölkələri də Avrasiya İqtisadi Blokunda iştirak edəcək. Çünki bu, bir siyasi model olaraq həyata keçirilsə, onun heç bir perspektivi olmayacaq. Həm də dediyiniz kimi, məhz Nazarbayevin və Belarus prezidenti Lukaşenkonun ciddi cəhdləri nəticəsində blokun əsasnaməsində mövcud olan siyasi müddəalar ortadan qaldırılıb. Beləcə, Avrasiya İqtisadi Bloku iqtisadi baxımdan cəlbedici model olaraq ortaya çıxdı. Amma buna siyasi rəng verilsə, dərhal mərkəzdən qaçma meylləri start götürəcək.

- Birliyin iqtisadi baxımdan perspektivini necə görürsünüz?
- Hesab edirəm ki, bir iqtisadi blok olaraq orada müstəqil dövlətlərin təhlükəsizliyini təhdid edən faktorlar var. Xüsusilə, əsasnaməyə görə, enerji məsələlərində heç bir ölkə müstəqil qərar qəbul edə bilməyəcək. Bilavasitə bu ölkələr Rusiya ilə razılaşmaq məcburiyyətindədir.

- Azərbaycan bu bloka qoşulsa, iqtisadi baxımdan xeyir əldə edə bilərmi?
- Qeyd etdiyim kimi, bu birliyin əsasnaməsinə görə, enerji məsələlərində ittifaqa daxil olan ölkələr müstəqil qərarlar verə bilməzlər. Bu müddəa var olduqca Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması mümkün deyil. Əks halda ölkəmizin qlobal enerji layihələri şübhə altına düşər, Azərbaycan Rusiya və onun müttəfiqləri ilə enerji layihələrində məsləhətləşməli olardı. Bu isə Azərbaycanın öz müstəqilliyi və suverenliyinin bir hissəsini itirmək deməkdir. Bu, qətiyyən Azərbaycan dövlətinin strateji maraqlarına uyğun deyil. Ona görə də, mən bu modelin iqtisadi baxımdan cəlbedici olmasına rəğmən siyasi perspektivini görmürəm. Bu iqtisadi blok olsa da, Rusiyanın iddiaları baxımından irəli getməyəcək. Birliyə daxil olacağı təqdirdə ölkəmiz müstəqilliyinin bir hissəsini Rusiyaya təhvil vermiş olar. İndi Qazaxıstan Rusiyanın razılığı olmadan öz neft və qazını başqasına sata bilməz. Odur ki, Azərbaycan öz maraqlarını təhdid edən sənədlərə razı olmaz. Hesab edirəm ki, Azərbaycan prezidenti buna getməyəcək.

NEMƏT


Müəllif: