4 İyun 2014 11:08
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “İsa Qəmbərə dedim ki...”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 60 yaşını qeyd edir. Azərbaycan siyasətçiləri içərisində ən maraqlı və gözlənilməz açıqlamaları ilə daima gündəmdə olan Cəlaloğlu həm də, müxalif düşərgədə ranqlı siyasətçilərdən qurduğu partiyanı inkişaf etdirmək üçün çox ustalıqla istifadə edib. S.Cəlaloğlu bir zamanlar Rəsul Quliyevi və İlyas İsmayılovu ADP-yə gətirməklə partiyasını müxalifət düşərgəsində ən çəkili siyasi təsisat səviyyəsinə çatdırıb. Sonradan isə bu siyasətçilərin hər birini partiya sıralarından xaric edib.

Son illər isə Sərdar Cəlaloğlu ilə müxalifət düşərgəsi, xüsusilə AXCP və Müsavat arasında ciddi qarşıdurmalar müşahidə olunur. Yubiley günündə ADP sədri ilə görüşərək onunla bir sıra mövzularda söhbət etdik.

- Sərdar bəy, 60 illik yubileyinizdir. Bu gün sizi ilk təbrik edən kim olub?
- Mən ilk təbrik edənin kim olduğunu desəm, heç inanmazsınız. Raul adında 6 yaşlı nəvəm var. Səhər mən durub idmana gedəndə Raul da oyandı. Gəlib, otağımın qapısını açdı və mənə dedi ki, doğum günü münasibətilə sizi təbrik edirəm. Beləcə, məni ilk təbrik edən nəvəm oldu. Bundan sonra siyasətçilərdən təbrik almışam. İqbal Ağazadə, İlyas İsmayılov zəng etdilər, digər dostlarım da gün ərzində təbrik ediblər. Pənah Hüseyn üç gün əvvəl məni təbrik edərək, dedi ki, indidən təbrik edirəm ki, ilk təbrik edən mən olum. Hələ də zəng edib təbriklərini çatdıran dostlarım var.

- İsa Qəmbər bu məsələlərdə çox diqqətlidir. Sizi təbrik etdimi?
- Yox. Təbrik etməyib, heç təbrik edəcəyini də gözləmirəm.

- Niyə?
- Siz bilirsiniz də, İsa Qəmbər oğlunun toyuna məni dəvət etməmişdi. Mən ona zəng edib dedim ki, xeyr ola, məni niyə oğlunun toyuna dəvət etmirsən, mən övladımın toyuna sizi dəvət etmişəm. Əgər məni düşmən hesab edirsənsə, düşmən kimi bunun əvəzini verməliyəm. Bilirsiniz, bizim Azərbaycanda bəzi müxalif liderlər siyasi münasibətləri şəxsi münasibətlərə qarışdırırlar ki, bu da xəstəlikdir. Mən İsa Qəmbərin siyasətindən razı olmaya, onu tənqid edə bilərəm. Amma bu o demək deyil ki, mən sənin şəxsiyyətinə hörmət eləmirəm. Şəxsiyyətinə hörmət etməsəm, sənin nə danışdığına, nə düşündüyünə heç diqqət ayırmaram. Əslində bir insana hörmət eləmək o deməkdir ki, sən onun fikrinə münasibət bildirirsən. Onlar apardıqları siyasətin mənim tərəfimdən zaman-zaman tənqid olunduğuna görə guya, məndən küsüblər. Bu məni zərrə qədər də maraqlandırmır. Kimsə məni təbrik etmirsə, bu həmin insanın problemidir. Nəvəmin məni təbrik etməsi ilə ən yüksək rütbəli şəxsin məni təbrik etməsi eyni şeydir və mənim üçün fərq eləməz. Mənə sözün əsl mənasında dost kimi təbrik edənlərin təbriki lazımdır. Ola bilsin ki, formal olaraq kimsə məni təbrik etsin. Onu bilərəm ki, onlar ürəkdən heç vaxt məni təbrik etməzlər.

- Nədən belə düşünürsünüz?
- Əslində yuxarıda dedim. Onlar siyasi münasibətlərlə şəxsi münasibətləri bir-birindən ayıra bilmirlər. Onlar elə bilirlər ki, siyasi münasibətlə şəxsi münasibət eyni şeydir. Əgər biri desə ki, Müsavat Partiyasının apardığı siyasət düz deyil, sən dərhal onu düşmən elan etməlisən. Bununla da məsələ bitdi. Bu onların yanaşmasıdır.

- Hökumət nümayəndələrindən, deputatlardan təbrik edən olub?
- Özün bilirsən ki, müxalifətdə təmsil olunanlar az qala şəxsi münasibətləri siyasi münasibətlərin qurbanı edirlər. Bu halda hökumətdə təmsil olunan adam necə təbrik edə bilər? İkincisi də, hökumətdə mənim elə bir yaxın münasibətdə olduğum şəxs yoxdur ki, deyim bu adam mənim uğurlarıma sevinsin. Ola bilsin ki, mənimlə xoş münasibətdə olan, dolayısı yolla fikrimə hörmət edən kimlərsə var. Amma münasibətlər o səviyyədə deyil ki, həmin şəxslər gəlib məni təbrik etsinlər. Təbrik bir yana, Allah uzaq eləsin, yasım olsa, heç yasıma gəlməzlər. O ki, qaldı təbrik etsinlər. Azərbaycanda siyasi mədəniyyət siz dediyiniz münasibətləri qurmağa imkan vermir. Mədəniyyətimiz o qədər aşağıdır ki, biz adi protokol qaydalarına riayət etmirik. Baxın, Ərdoğan xəstələnir. Onun evinə gedən və durumu ilə maraqlanan ilk müxalifət liderləri olur. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Bu, bizim siyasi həyatımızın faciəvi olduğunu göstərir. Amma məni təbrik bir o qədər də maraqlandırmır.

- Bu əlamətdar gündə kimdən təbrik almaq istəyirdiniz?
- Çox hörmət etdiyim və sevdiyim insanların hamısından təbrik almışam. Məsələn, ziyalı Rafiq Əliyev məni təbrik edib. İlyas İsmayılov çox sevdiyim şəxsiyyətdir və mənə zəng edərək arzularını çatdırıb. Bir sözlə, tanışlarım, yaxınlarım və mənim hörmət etdiyim insanlardan, ağsaqqal saydığım şəxslərdən təbriklər almışam. Amma elə-belə rəsmi olaraq məni təbrik edəcək insanlardan təbrik almaq niyyətində də deyiləm. Açığı, təbrik almamağımdan da narahat deyiləm. Heç gözləmirəm və vacib hesab eləmirəm.

- Yubileyinizi necə qeyd edəcəksiniz?
- Sizə açıq deyim ki, ad günümü qeyd eləmək fikrim yoxdur. Bu gün səhər partiyaya gələndə gördüm ki, İdarə Heyətinin üzvləri bir masa düzəldiblər. Simvolik hazırlanmış çox gözəl tort hazırlayıblar. Bir tərəfdə açıq kitab, bir tərəfində şeş qoşa, bir tərəfində dörd tuz. Yəni mənimlə bağlı arzu və istəklərini simvolizə edən tort hazırlamışdılar. Bu şəkildə qeyd etdik. Sabah “Qarabağ” blokunun toplantısı keçiriləcək. Çox güman ki, orada da kiçik bir tədbir keçiriləcək. Yoxsa xüsusi bir təmtəraq xoşlayan insan deyiləm. Heç vaxt belə dəbdəbəli məclisə maraq göstərməmişəm. 50 illik yubileyim cəza evində olub. Kamerada altı nəfərlə oturub ad günümü keçirmişəm. İndi ad günümü azadlıqda keçirməyim 50 yaşımı keçirməklə müqayisədə irəliyə doğru nəhəng addımdır. Çünki 50 yaşında həbsdə, indi isə azadlıqdayam. Bundan böyük nə təmtəraq? Azadlıq qədər ikinci böyük təmtəraq yoxdur. İndi azadlıqdayam və 60 illiyimi azad şəkildə keçirirəm.

- Sizcə, indiyədək maraqlı həyat yaşamısınız?
- Mən yüz dəfə doğulsaydım, yüzündə də eyni cür yaşayardım. Əgər mən başqa yaşamı istəmirəmsə, demək, doğru yaşamışam. Baxın, siz mənə hər dəfə doktor deyə müraciət edirsiniz. Mən dünyanın ən gözəl peşəsini seçmişəm. Həkimlik sənəti qədər qədim və gözəl sənət yoxdur. İkincisi, mən ömrümün 30 ilini xalqıma həsr etmişəm. Milli azadlıq hərəkatında iştirak etmişəm, partiya qurmuşam, qəzet yaratmışam. Üçüncüsü, fərdi qaydada fəlsəfə və digər elmlə məşğulam. Çox sayda nəzəriyyələr vermişəm, təlimlər işləmişəm, kitablarım çıxıb, minlərlə elmi və publisist məqaləm var. Bunlara baxanda düşünürəm ki, mənalı həyat yaşayıram və xalqıma xidmət edirəm. Azərbaycan Elmlər Akademiyasının elə institutları var ki, mənim təklikdə hazırladığım əsəri hazırlayıb ortaya qoya bilməzlər. Məsələn, mən Tərəqqinin Metofizikası adlı üç cildlik əsər yazmışam. İnanmıram ki, akademiya sistemində müəlliflər kollektivi belə bir əsər yazıb ortaya qoysun. Bunun özü böyük nailiyyətdir. Sadəcə olaraq maliyyə imkanları olmadığına görə bu əsəri çap etdirə bilmirəm. İndi mən yeni elm yaratmışam və nəzəriyyələr yazmışam. Bu nəzəriyyələr dünya elmində mühüm hadisə olacaq. Yaxınlarda dillərin yaranması haqda nəzəriyyəni başa çatdıracam. Yüz illərdir ki, elmdə bu sualların cavabını axtarırlar. Məncə, bunlar ciddi uğurlardır və bunları eləmişəm. Yaşadığım həyatdan da razıyam. Ən vacibi budur ki, keçdiyim 60 illik həyat yoluna görə özümə hörmət edir, özümlə fəxr edirəm. Çünki bir insan özünü işlərinə bundan artıq həsr edə bilməz.

- Nə vaxtsa siyasəti atıb kəndinizə getmək haqda düşünürsünüzmü?
- Siz bilirsiniz ki, mən kəndimizdən 6 yaşından çıxmışam və Ordubadda internat məktəbində təhsil almışam. O həyat artıq mənim üçün yaddır. Dediyiniz bu hissin məndə yaranacağını zənn etmirəm. Ölənə qədər də bu yolu gedəcəm. İnsanlardan ayrılaraq ayrıca bir guşəyə çəkilmək ağlıma gələ bilməz. Sizə deyim ki, mən hər gün saat 10-da işə gəlirəm və axşam saat 19.00-a qədər işləyirəm. Heç inanmıram ki, kənddə bu qədər işləyə bilərəm. Əgər insanın keçirdiyi əzab və iztirablar onun fəaliyyətinə mane olursa, demək, o böyük insan deyil. Amma iztirab və əzab keçirəndə şəxsin yaradıcılığı daha da güclənirsə, demək, onda dahilik əlaməti var. Bütün dahi insanların nailiyyətləri əzab və iztirabların nəticəsində meydana çıxıb. Adi insanlar əzab keçirəndə məhv olurlar, böyük insanlar əzab keçirəndə bu onlarda yaradıcılığa keçir. Bu mənada hesab edirəm ki, gərək mübarizənin ortasında olasan. Bir guşəyə çəkilməklə nəyəsə nail olmaq mümkünsüzdür. Heç vaxt insanlardan aralanmaq, kəndə getmək kimi fikirlərə düşməmişəm.

- Kəndinizdəki evinizin zirzəmisi yenə kitablarla, xüsusilə kommunizmi təbliğ edən əsərlərlə doludur, yoxsa kitabxananız artıq dağılıb?
- Siz də bilirsiniz ki, bizim kənddə çox böyük kitabxanamız olub. Evdəki kitabxanamız dağıldı. Kitabların bir hissəsini Qurban Məmmədov apardı, bir hissəsini mən özüm götürdüm. Başqalarına da kitab lazım olanda gəlib aparırdılar. Çünki kənddəki kitabxana ortaq kitabxana idi və orada atamın da kitabları var idi. Hərə öz ixtisası üzrə kitabları apardı. İndi mənim evdə kiçik kitabxanam var, haradasa, min kitaba yaxındır. Onlar da əsasən klassik əsərlərdən ibarətdir. Üstəlik, bir qədər də peşəmə aid əsərlər var.

Nemət Hüseynli


Müəllif: