5 İyun 2014 10:39

İlyas İsmayılov: “Sərkisyan heç bir səlahiyyətə sahib deyil”

1993-cü ilin 4 iyun qiyamı, Avrasiya İqtisadi Bloku, Rusiya-Ukrayna münasibətləri, Dağlıq Qarabağ münaqişəsi və həmsədrlərin son dövrlər aktivləşməsi mövzusunda Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov danışıb. Deputat seçildiyi Tovuz-Qazax-Ağstafa seçki dairəsində keçirdiyi görüşlər, cəbhəyani kəndlərə səfəri haqqında fikirlərini açıqlayıb, eləcə də bu görüşlərin nəticəsi olaraq hökumətə təqdim etdiyi təklifləri gündəmə gətirib.

- İlyas müəllim, 1993-cü ilin 4 iyun hadisələrinə münasibətiniz necədir?
- Əzizim, bu hadisələrin üzərindən 21 il keçir. Siz nə müəyyən eləmək istəyirsiniz? Bu hadisə oldu və bitdi.

- Həmin dövrdə hansı vəzifəni tuturdunuz?
- Mən ədliyyə naziri idim.

- Doğurdanmı, mərkəzi hökumət Sürət Hüseynovun qiyamının qarşısını ala bilmədi və məcbur olub Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi?
- Həmin zaman əhali Xalq Cəbhəsi hakimiyyətini müdafiə etmədi. O dövr artıq tarixdir.

- İlyas müəllim, cəbhə bölgəsində yerləşən kəndlərə dövlətin güzəştlər tətbiq etməsini təklif etmisiniz. Bu təklifin mahiyyətində nə durur?
- Cəbhə bölgəsində insanlar çətin şəraitdə yaşayırlar. Daima atəş altında olurlar, insanların həyat şəraiti olduqca ağırdır. Odur ki, insanların kəndlərdə qalması üçün mən hökumətdən xahiş etmişəm ki, cəbhə xəttinə yaxın olan kəndlərə müəyyən güzəştlər edilsin. Qazax rayonunun Çaylı, Ağstafa rayonunun Köçəsgər və Tovuz rayonunun Hacıallı kəndlərində görüşlər keçirmişəm. Görüşə gələnlərin hamısı atəş bölgəsində qeyri-normal şəraitdə yaşadıqlarını deyərək sərf etdikləri elektrik enerjisinin və təbii qazın dəyərinin ödənilməsindən qismən azad olunmalarını və ya büdcədən müəyyən kompensasiyanın alınmasını xahiş etdilər. Düşünürəm ki, onların xahişləri əsaslıdır və bu cür riskli şəraitdə yaşayan soydaşlarımıza müəyyən güzəştlərin tətbiq edilməsi dövlət maraqlarımıza tam uyğundur. Əslində sizə deyim ki, bunun dünyada nümunələri də var. Qəzza bölgəsi ilə təmas zolağında yaşayan əhali üçün İsraildə xüsusi “Sderot qanunu” qəbul edilib. Bu qanuna əsasən, təmas xəttindən 7 kilometr məsafəyədək yerləşən yaşayış məntəqələrinin əhalisi vergi, rüsum, investisiya, səhiyyə və təhsil məsələlərində güzəştlərə malikdir. Hesab edirəm ki, bu problemlərin sistemli həlli üçün regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramına Ermənistanla sərhəd və cəbhəyanı bölgələrinin inkişafına dair ayrıca bir bənd əlavə edilə bilər. Bu bölgələrə aid yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması məsələləri ön plana çəkilə, burada yaşayan vətəndaşlarımızın doğma yurdlarını tərk etməməsi üçün stimul və güzəştlər sisteminə yenidən baxılaraq tutarlı tədbirlər görülə bilər. Artıq bu təklifi etmişəm.

- Cəbhə bölgəsində yerləşən insanların kəndləri tərk etməsi müşahidə edilirmi?
- Tərk edənlər də, imkanı olmayanlar da var. Bilirsiniz, can şirin şeydir. Təsəvvür edin ki, hər gün erməni tərəfindən atəş açırlar. Məsələn, mən təzə tikilən orta məktəbdə görüş keçirirdim. Gördüm ki, hər yeri gülləbaran ediblər. Heç kəs də güllə altında yaşamaq istəmir.

- Təklif etdiyiniz tədbirlər görülsə, insanların cəbhəyə yaxın kəndləri tərk etməməsinə nail oluna bilərmi?
- Əlbəttə, olunar. İsrail təcrübəsindən misal da çəkmişəm. Biz də bu yolla getməli, insanların qayğısına qalmalıyıq. Bu dövlətimizin maraqlarına da uyğundur. Yəni demək istəyirəm ki, bu mənim marağıma uyğun məsələ kimi qiymətləndirilməməlidir. Dövlətin marağıdır ki, bu insanlara müəyyən qədər güzəştlər tətbiq olunsun və onlar da cəbhə bölgəsində yerləşən kəndləri tərk etməsin. Əslində ermənilər istəyirlər ki, cəbhəyə yaxın kəndlərdə yaşayan insanlarımız qorxsunlar və bu kəndləri tərk etsinlər.

- Cəbhə zolağında yerləşən kəndlərin əhalisi nədən şikayət edirlər?
- Mən hər şeyi həll etməyə qadir deyiləm. Amma seçicilərimin qaldırdıqları məsələləri aidiyyəti dövlət orqanlarının diqqətinə cəlb edirəm. İnsanların su problemi var. Əkinlərini suvara bilmirlər. Əvvəl elektrik və qaz problemi var idi. İndi bu problemlər yoluna qoyulub. Yalnız su problemləri var. Biz də bu məsələni qaldıracağıq.

- Sizin deputat seçildiyiniz ərazi cəbhə bölgəsidir və hər gün atəşkəs rejimi pozulur, intensiv atışmalar yaşanır. Sizcə, atəşkəs rejiminin intensiv pozulması nə ilə bağlı ola bilər?
- Əlbəttə, ermənilər pis niyyətli adamlardır və yəqin ki, Azərbaycan üçün problemlər yaratmaq istəyirlər. Hesab edirəm ki, biz torpaqlarımızı azad etməliyik. Bunu uzatmağa, erməninin nazı ilə oynamağa ehtiyac yoxdur. Erməni ilə danışıq aparmağa da, ehtiyac yoxdur. Çünki Ermənistanın prezidenti sərbəst adam deyil. Ermənistanı Sərkisiyan deyil, diaspora və ya Rusiya idarə edir. Odur ki, bu şəxslə danışığa getməyə ehtiyac yoxdur, çünki o, heç səlahiyyətə də sahib deyil. Fikrimcə, biz bütün gücümüzü toplayaraq torpaqları işğaldan azad etməliyik.

- Siz hərbi yolu təklif edirsiniz?
- Mən hərbi yolun tərəfdarıyam və bunu da bildirirəm.

- Amma Gürcüstan 2008-ci ilin avqustunda hərbi yolu seçdi və nəticə ürəkaçan olmadı...
- Niyə Gürcüstanı misal çəkirsiniz? Əgər problemi həll etmək istəyiriksə, yollar axtarmalıyıq. Fəaliyyətimizə bəraət qazandırmaq üçün bəhanə axtarmağınız doğru deyil. İkincisi, Gürcüstan ayrı vəziyyətdədir, bizim durumumuz başqadır. Mənim yeddi rayonum işğal edilib. Bunu azad etmək bizim borcumuzdur və buna görə heç kim səsini çıxarmamalıdır. İndi çoxları Rusiyanı sədd kimi göstərirlər. Əzizim, Rusiya nə edəcək ki? Çoxları Rusiyanı şişirdir. Mən işğal edilən və mübahisə mövzusu olmayan yeddi rayonu işğaldan azad edirəm. Çeçenistanda separatçılar baş qaldıranda Rusiya onları dağıtdı.

- Amma regional siyasətdə Rusiyanın, elə İranın da öz maraqları var...
- Anlayıram. Amma bizim də öz maraqlarımız var.

- Deyirsiniz ki, prezident Sərkisyanla danışmaq lazım deyil, çünki onu idarə edirlər. Bəs kimlə danışmalıyıq?
- Maraqlı sualdır. Mənə elə gəlir ki, biz 20 ildən çoxdur ki, danışıqlar aparırıq. Artıq danışığa nə ehtiyac var? Biz torpağımızı azad etmək əzmimizi ciddi şəkildə ortaya qoymalıyıq və bütün dünya da görməlidir ki, bizlər torpağımızı azad etməkdə israrlıyıq. Bir şeyi əldə etmək üçün əvvəlcə onu istəmək lazımdır. Biz torpaqlarımızı azad etmək üçün ilk öncə istəyimizi ortaya qoymalıyıq. Bundan sonra da imkanlarımızı səfərbər etməliyik.

- Azərbaycanın uzunmüddətli müharibə aparmaq üçün potensialı varmı?
- Azərbaycanın hər şeyi var. Ermənistanın nəyi var ki?

- Həmsədrlər son zamanlar aktivlik nümayiş etdirir. Onların apardıqları danışıqların irəliləyişə səbəb olacağı ehtimalı varmı?
- Həmsədrlər məsələsi boş söhbətdir. ATƏT Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. Çünki ATƏT-in qərarları hüquqi xarakter daşımır, dövlət qarşısında öhdəlik yaratmır, ancaq tövsiyə hesab olunur. Ermənistan da tövsiyəni qəbul etmir. 1985-ci ildə Afinada Daşnaksütun Partiyasının qurultayı keçirildi. Həmin qurultayda bir məsələ müzakirə olundu: Ermənistanın ərazisini genişləndirmək. Bunun üçün haradan başlamaq - Gürcüstandan yoxsa Azərbaycandan? Sonrada bir səs çoxluğu ilə qərara aldılar ki, bu işə Azərbaycandan başlansın. Nəticə də indi ortadadır. ATƏT-ə ümid etsək, gərək onların missiyasını illərlə uzadaq. Məncə, bundan imtina etməliyik. Biz milli maraqlarımızı qorumalı, erməniyə torpaq verməməliyik.

- Avrasiya İqtisadi İttifaqı haqda nə düşünürsünüz?
- Bu məsələlər dəqiq öyrənilməlidir. Əgər bu qurum milli maraqlarımıza, xalqımıza xeyr gətirəcəksə, getmək olar. Yox, əgər xeyri yoxdursa, təşkilata qoşulmağa dəyməz. Hər halda buna indi konkret cavab vermək olmaz, öyrənilməlidir.

- Amma siz vaxtı ilə Rusiyanın paytaxtı Moskvada işləmisiniz və onların siyasətini də bilməmiş deyilsiniz...
- Mən Rusiyada işləməmişəm, SSRİ-də işləmişəm. Bir daha deyirəm ki, bu kimi ciddi məsələlər hərtərəfli öyrənilməlidir.

- Azərbaycan-Avropa münasibətləri sizi qane edirmi?
- Avropanı idellaşdırmaq lazım deyil. Hər bir dövlətin öz maraqları var. Azərbaycan bütün məsələlərdə öz maraqlarını önə çəkməlidir. Mən Avropaya gedirəm demək lazım deyil. Biz milli maraqlarımızı əsas götürməliyik. Bu maraqlar harada təmin olunursa, ora da getmək lazımdır.

- Sizcə, milli maraqlarımızı təmin edən tərəf hansı tərəfdir?
- Bunu aydınlaşdırmaq lazımdır.

- İndi Azərbaycanın xarici siyasəti sizi qane edirmi?
- Əlbəttə, qane edir. Azərbaycan böyük dövlət deyil. Mən hakimiyyətin xarici siyasətini bəyənirəm.

- Rusiya-Ukrayna münasibətlərinin sonunu necə görürsünüz?
- Hesab edirəm ki, böyük bir faciə yaşanır. Rusiya ilə Ukrayna, başqa sözlə, doğma olan iki xalq vuruşur. Bundan ancaq dəhşətə gəlmək olar. Dünyanın sonu, yəqin ki, bu münasibətlərin nəticəsindən asılı olacaq. Ancaq hər şeyin sonu barışıqdır. İndi Ukraynanın yeni prezidenti Krımdan danışır, hazırda silahlı qarşıdurma var, insanlar ölür. Arzum budur ki, bu işlərin sonu yaxşılıqla bitsin.

- Bəzi politoloqlar Krımla Dağlıq Qarabağ arasında paralelik aparırlar. Sizcə, bu münaqişələr oxşardırmı?
- Boş-boş danışırlar. Nə paralelik aparırlar? Bunlar ayrı-ayrı məsələlərdir. Baxın, Ermənistanın tərəfdarları deyirlər ki, münaqişəni həll etmək çox çətindir, çünki iki prezident bir-birinə qarşıdır. Söhbət millətlərin öz müqəddəratını təyin etmə hüququndan və dövlətlərin ərazi bütövlüyünün qeyri-şərtsiz tanınmasından gedir. İndi Azərbaycan tərəfi beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyünün təminatına, erməni tərəfi isə millətlərin müqəddəratını təyin etmək hüququna istinad edir. Bu, cəfəngiyyatdır. Beynəlxalq hüquqda millətlərin öz müqəddəratını təyinetmə prinsipi var. Ermənilər də bundan istifadə edərək Ermənistan dövlətini qurublar. İndi harada kompakt şəkildə erməni yaşayırsa, həmin ərazilərdə dövlət qura bilməzlər. Bunu beynəlxalq hüquq rədd edir.

- İlyas müəllim, ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək. Ədalət Partiyası bu haqda nə düşünür?
- Siyasi partiyalar hər zaman seçkilərdə iştirak etməlidir. Seçkidə iştirak etməyən partiya nəyə lazımdır? Hesab edirəm ki, bütün partiyalar bələdiyyə seçkilərində iştirak etməlidir. Arzu edirəm ki, azad seçkilər olsun.

- Ədalət Partiyası bələdiyyə seçkilərinə qatılacaqmı?
- Əlbəttə.

- 2015-ci ildə parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?
- Harada və hansı vəzifədə olmağımdan asılı olmayaraq çalışıram vəzifə borcumu vicdanla yerinə yetirim. Deputatlığı da mümkün olduğu qədər vicdanla yerinə yetirərəm. Konkret sualınıza gəldikdə, deyim ki, hadisələri gələcək göstərər.

Nemət Hüseynli


Müəllif:
Загрузка...