5 İyun 2014 12:16
7 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kişilər məndən qorxur”

Publika.az “Made in Facebook” adlı yeni layihəsini təqdim edir. Layihədə sosial şəbəkələrin məşhurlaşdırdığı insanlar qonaq olacaq. Qonaqlara sosial şəbəkələrdən kənarda özünü tanıtmaq imkanı yaradılacaq. İlk qonağımız Aynur Qurbanqızıdır.

– Aynur, sən kimsən?
– Sayt rəhbəri, feminist.

– Feminizmi necə başa düşürsən?
– “Feminist” qadın və kişi hüquqlarının bərabər olmasına çalışanlara deyilir. Qadınları kişilərdən aşağı görmək istəmirəm.

– Qadınlarımız zəifdir?
– Üstünlük kişilərdədir. Feminizmdə də İslamda olduğu kimi qara və ağ qollar var.

– Nə dəhşətli müqayisədir, feminizimlə İslam...
– Hə, elədir. İslamda bir qol var, vəhhabilər. Görürsünüz də, vəhhabilərə nifrət edirlər. Onu da deyim ki, feminist təşkilat da yaradacam.

– Təşkilatı yaratmaqda məqsədin nədir?
– Gördüyüm iş qadın təşkilatlarının gördüyü işlərə bərabərdir. Bəlkə də, onların bir çoxundan üstündür. Çünki hüquqşünas məsləhəti, psixoloji məsləhətlər verirəm. Amma onlardan fərqli olaraq, bizim o qədər maddi gücümüz yoxdur ki, daha böyük işlər həyata keçirək. Düşünürəm ki, qrantverənlərlə danışa bilsəm, daha çox işlər görə bilərəm.

– Qadın təşkilatı ilə pul qazanmaq istəyirsən?
– Yox, pul qazanmaq fikrim yoxdur. Məqsədim qadınlara daha çox kömək eləməkdir ki, ətrafdan mənə də daha çox kömək olunsun. Çünki bunu təkbaşına həyata keçirə bilmirəm. Birlikdə olsaq, daha çox işlər görərik.

– Feministlər bəzən kişiləri aşağılayır. Özlərini də kişi kimi aparmağa çalışırlar. Əgər kişilər pisdirsə, bəs onda niyə kişi kimi olmağa çalışırlar?
– Qəti əleyhinəyəm. Feminizm kişi olmaq, özünü kişiyə oxşatmaq demək deyil. Həmin qadınlar heç feminist deyillər. Kişiləri böyük varlıq kimi görmürəm ki, özümü onlara oxşadam. Mən qadın kimi qadınam. Bəzən deyirlər “kişi sözü”, “kişi kimi davranmaq” və s. Heç vaxt belə demirəm.

– Dediyin “kişi sözü”nün dəqiqliyinə inanırsan?
– Xeyr. Kişi var ki, qadının sözü ondan keçərlidir.

– Bəlkə, sizin qarşınıza çıxanlar elə olub?
– Qadınların da pisi var. Pisin, yaxşı olmağın cinsə aidiyyəti yoxdur.

– Sənin qadın kimi ən böyük problemin nədir?
– Azərbaycan elə bir ölkədir ki, mən sevinirəm ki, bu ölkədəyəm. Burada qadın üçün xüsusi bir problem görmürəm. Hüquqi baxımdan. İranda qadınların qarşısı dövlət çərçivəsində alınır. Azərbaycanda elə bir şey yoxdur.

– İranda heç bir qadına həyat yoldaşı “işləmə” sözünü deyə bilməz. Amma bizdə deyilir.
– Bizdə düşüncə tərzi ilə bağlı olaraq qadınlar aşağılanır.

– Yenə məişət problemlərinə gəlib çıxırıq. Böyük anlamda qadının problemi nədir?
– Psixoloji təyziq.

– Qadın millət vəkilləri, rəhbər vəzifədə olan qadınlarımız var.
– Qadına psixoloji işgəncə verilir. Mənə qarşı da olur. Bəzən elə olur ki, profillərimi, telefonlarımı bağlayıram.

– Qadınların çoxu işləyir, bəs sən niyə müzakirə olunursan?
– Çünki mən ictimai işlə məşğulam.

– Qənirə Paşayevadan məşhur deyilsən, Bahar Muradovadan məşhur deyilsən. Bir çox müğənnilərdən məşhur deyilsən. Amma daha çox sən deyirsən ki, mənim üzərimə gəlirlər, təyziq edirlər.
– Əslində, indi özüm barədə danışdım. Elə o qadınlar barədə də yazılır.

– Bunlar normaldır. Kişilər barədə də deyilir. Birinə mavi deyirlər, birinə biseksual və s.
– Düzdür, kişilər haqqında da deyilir. Amma kişilərə bu yapışmır. Çünki Azərbaycanda kişi üçün əxlaq çərçivəsi yoxdur. Misalçün, kişi 5 qadınla görüşəndə deyirlər ki, kişidir, özü bilər. Yaxud da “baz oğlan” deyib qürurlanırlar. Amma qadının adını əxlaq baxımından müzakirəyə çevirəndə artıq qadına kölgə düşür.

– Sənin üçün əxlaq nədir?
– Boşanmış qadınlarla evlənmə məsələsini mən problem kimi görürəm. O qədər qadın var ki, boşandığı üçün ailə həyatı qurmurlar. Onun da axı mənəvi, eyni zamanda, cinsi ehtiyacları olur. Və o, nikahsız yaşayanda da ona əxlaqsız damğası vururlar. Mən başa düşmürəm ki, qadın hansı yolu seçməlidir? Əgər qadını namuslu görmək istəyirsənsə, evlən də.Yox, belə də görmək istəmirsinizsə, onda buraxın həyatını yaşasın.

– Sosial şəbəkədə yazırsan ki, bizim qadınları əldə etmək asandır. Üç-beş sevgi sözü, 10 manatlıq kontur və qadın sənindir. Hətta məsləhət görürsən ki, özlərini ucuza satmasınlar. Bu nə deməkdir? Qadına alğı-satqı predmeti kimi baxmaq demək deyil?
– Öz hisslərini ucuz satan qızlar var, baha satan qızlar da var. Burada söhbət yalnız insani dəyərlərdən gedir, maddiyatdan yox. Elə qız var ki, kişinin arxası ilə sürünür. Söhbət sevgili olmaqdan getmir. Kişi deyir ki, istəmirəm səni, get. Qadın isə hər yerdə onun qarşısına çıxır. Mən qürursuz insanları, özünə dəyər verməyənləri ucuz insan hesab edirəm.

– Tutaq ki, boşanmış bir qadındır, ərə getmək imkanı yoxdur. Ya da heç ərə getmək istəmir. Evli kişi ilə münasibət qurur. Bu vəziyyəti qadın kimi necə qiymətləndirirsən?
– Evli insanla münasibət qurmağa birmənalı şəkildə yaxşı baxmıram. Ona görə düşünürəm ki, evli kişi ilə münasibət qurursansa, ortada digər bir qadının haqqı yeyilir. Çünki başqa qadına başı qarışan kişi öz həyat yoldaşına sevgisini azaldır. Bu baxımdan evli insanlarla münasibəti qəbuledilməz hesab edirəm. Amma münasibətə ad qoyurlar ki, sevirəm. Siz o sevgi yaranan dövrə qədər o kişinin evli olduğunu bilirdinizsə, gərək geriyə çəkilərdiniz.

– İstər efirdə olsun, istərsə də sosial şəbəkədə sizə müraciət edən qadınları çox vaxt boşanmağa çağırırsınız. Sizcə, boşanmaq xilas yoludur?
– Boşanmanı heç vaxt dəstəkləmərəm. Əslində, mən boşanan qadınların haqlarını müdafiə edirəm. Heç vaxt demərəm ki, döyülürsünüzsə, boşanın. Əminəm ki, döyülən qadın özünü maddi baxımdan təmin edə bilmirsə, o, əxlaqsızlıq etməyə məhkumdur. Söhbət təkcə əxlaqsızlıqdan getmir. Hansısa bir kişinin qoynuna girməkdən də gedə bilər. Qadının arxasında hansısa güc dayanmalıdır. Valideynlər, adətən, boşanan övladlarına dəstək olmurlar. Pis yola düşməkdənsə, elə ərinin şilləsinə dözüb evində otursa yaxşıdır. Amma o qadının boşanmağının tərəfdarı olaram ki, onun işi var. Hər baxımdan, sosial yöndən özünü təmin edə bilirsə, niyə o, kişinin alçaldıcı hərəkətlərinə dözməlidir?

– Elə qadınlar da var ki, kişi xəyanət eləməsə də, kişinin gününü göy əskiyə bükür.
– Elə qadınlar var ki, döyülməyə də, söyülməyə də layiqdir. Amma mən kişiləri müdafiə etmirəm. Bu, mənim işim deyil. Onları müdafiə etmək istəyirsinizsə, “azad kişi” saytı açın. Mənim ümumi işim qadınları müdafiə olmasaydı, kişiləri də müdafiə edərdim. O qədər qadınlar var ki, qudurmuşluğundan xəyanət edir.

– Qadınları müdafiə edəndə kişilərin haqqı pozulur, kişiləri müdafiə edəndə qadınların. Bu Bərabərlik mümkün deyil.
– Qismən. Hüquq pozuntusu deyəndə, bilirsiniz, mən nəyi nəzərdə tuturam? Kişi gəlir evə, qadın deyir ki, mən valideynlərimin yanına getmək istəyirəm. Kişi deyir, icazə vermirəm. Bu, qətiyyən düzgün deyil. İnsan döyülə bilməz. Amma məcbur edən qadınlar da var.

– Bəs qadın onu o həddə çatdırırsa?
– Hədd məsələsinə gələndə bəzən kişi də qadını hansısa həddə çatdırır. Bəyəm qadın durub kişini döyür? Ən azından, stolu götürüb başına çırpa bilər də. Amma etmir, hörməti saxlayır. O da gözləməlidir. Xoşuna gəlmirsə, qapını çırpıb get. Amma sənə kim haqq verir ki, öz gücünü zərif birinin üzərində sınayasan?

– Bəs adət-ənənə? Mentalitet?
– Elə bütün problemlər də oradan gəlir. Kişinin babası nənəsini döyüb, atası isə anasını. Övlad da fikirləşir ki, mən də döyə bilərəm.

– Bizdə Avropaya baxanda ailə bağları daha çox möhkəmdir. Amma Avropaya baxıb qadın və kişi haqlarından söz edirik. Avropa-Avropa deyirlər. Amma çox adamın xəbəri belə yoxdur.
– Əslində, Avropada ailə bağları bizim ailə bağlarından möhkəmdir. Bilirsiz niyə? Çünki orada nikasız yaşamaq var.O vaxt nikaha daxil olurlar ki, bir-birlərini çox sevirlər, düşünürlər ki, tamamilə bir-birlərinə uyğundurlar. Ondan sonra nikaha girirlər. Amma gəlin, bizdə baxaq. Nikahlı ailələrin demək olar ki, 70 %-i sevgisizdir. Sırf uşaq, ata-ana, ətraf xatirinə qurulan ailələrdir. Bu, möhkəmlik bağı deyil.

– Bəs yaxşı, nə etməlidirlər? İki tərəf arasında münasibət yoxdur. Qadının da təlabatları var. Qadın nə etməlidir bu an?
– Qadın o demək deyil ki, evli ola-ola ərinə xəyanət etməlidir. Bunu qəbul edə bilmirsə, ərizəsini yazsın və boşansın.

– Boşana bilmir, çünki maddi asılılığı var. Bilir ki, ayrılsa, uşaqlarını saxlaya bilməz.
– Heç nə, dözməlidir, bu, onun taleyidir. Bu yaxınlarda bir mövzu var idi. İntim mövzu olduğu üçün ictimai yerdə danışmıram. Amma əslində, tibbi və elmi nöqteyi-nəzərdən ginekoloqdan müsahibə alarkən demişdi ki, qadınlar ailəli də ola bilər. Ailə qurmayan qadınlar da ola bilər, qızlar ola bilər ki, onlar orqazm hissini yaşamalıdırlar ki, müəyyən xəstəliklərdən qurtulsunlar. Amma bizim cəmiyyətdə deyirlər yox, bunun yaşı ötüb, cavan qız alaq. Burada bir yol qalır ki, tibbi baxımdan qadın bunu etsin. Bunun adı masturbasiyadır. Masturbasiya haqda danışdım, qalmaqal oldu.

– Amma masturbasiya psixoloji baxımdan çox zərbə vurur.
– Bayaq dediyiniz mövzüda əgər heç bir yolu yoxdursa, bu, ona köməkçi bir vasitədir. Bilirsiniz, mən bunu niyə açıqlayıram? Mövzu qoymuşdum ki, masturbasiyaya necə baxırsınız və müzakirə gedirdi. Biri deyirdi səhvdi, biri deyirdi olmaz. Söhbətə qoşuldum. Dedim, bunu həkimlər məsləhət görür. Özü də ki, ciddi şəkildə. Bu lazımlı bir şeydir. Yoxsa çoxlu ginekoloji problemlər yarana bilər. Həmin söhbətdə dediyim tibbi baxımdan olan məsləhətləri ixtisar etmişdilər. Söhbət gedə-gedə suallar verirdilər, cavablayırdım. Onun özlərinə sərf edən hissəsini paylaşmışdılar. İyrənirsən bu cəmiyyətdən ki, hətta masturbasiyanı da qadına çox görürlər.

– Cinsi baxımdan təmin olunmayan qadının başqa yerdə kişi axtarması hüquq pozuntusudur, ya xəyanət?
– Xəyanət hər iki halda hüquq pozuntusudur. Buna görə deyirəm ki, hər iki tərəf maddi və sosial baxımdan özlərini idarə edə bilirlərsə, onların birlikdə yaşamaqlarındansa, ayrı yaşamaqları daha yaxşıdır. Çünki bir evin içində xəyanət eləməkdənsə, ayrı yaşayıb hər kəs öz həyatını qursa, daha gözəl olar.

– Çoxu boşanmış qadına potensial fahişə kimi baxır. Bu fikir nədən formalaşır? Boşanmış qadınlar özləri bu fikri yaradıb, yoxsa cəmiyyətmi bunu belə təbliğ edib?
– Düşünürəm ki, bunu cəmiyyət özü belə yaradıb. Əgər boşanmış qadınlar arasında bu yolu seçən varsa, onlar özləri də cəmiyyətin qurbanıdırlar. Onlara başqa yol qoymurlar. Qadınla ailə qurmurlarsa, o, artıq məşuqə rolunu icra etməyə məcbur qalır. Bir kişinin ikinci qadını olmağa razı olur. Axı onunla evlənmək istəyən çox az hallarda olur. Bəs nə etsin? Bizdə bir fikir formalaşıb ki, kişi mütləq bakirə qızla evlənməlidir. Bunun da əleyhinəyəm. Çünki bakirəlik insanın ruhundadır. Olur ki, boşanmış qadın həyatında bir dənə kişi görüb, əxlaqı yerindədir. Amma elə bakirə qızlar var ki, 100 kişi ilə görüşüb. Bunu necə əxlaqlı sayaq? Əxlaq insanın beynindədir, qızlıq pərdəsində deyil.

– Biz görmüşük ki, məsləhəti ağsaqqallar verir. Amma bir müğənninin çıxıb ailə dəyərlərindən danışması nə qədər düzgündür?
– Bəzi ağsaqqal dediyimiz adamlar var ki, qızlara nömrə paylayır. Televiziya verlişlərinə reytinq lazımdır, onlar reytinq qazansın deyə kiminsə həyatını şou şəklində verirlər. Mənə televiziya verilişlərinin birində bir sual verdilər ki, ailədə ər və arvadın münasibətlərinin yaxşı olması üçün nə etmək lazımdır? Birbaşa dedim ki, mənim boşandığım üçün bu suala cavab vermək haqqım yoxdur. Bilsəydim, özüm boşanmazdım da.

– Tutaq ki, kənddə yaşayan bir qadının məsləhətə ehtiyacı var, amma heç kimə deyə bilmir. Oturur televizorun qarşısında, sənin məsləhətlərinə qulaq asır. O, sənə necə inansın? Ailə məsələlərindən başın çıxsaydı, boşanmazdın axı.
–“Boşanmış qadın” ifadəsi özü elə bir növ qadınları aşağılayır. Xarakterim tutmayıb, boşanmışam. Məsləhət verməyə haqqım yoxdur?

– Özünə umac ova bilməyənin başqasına əriştə kəsməyinə inanmırlar axı...
– Siz elə bilirsiz ki, hər kəsi məsləhət verib müalicə etmək olur?! Mənə elə gəlir ki, qadınlar ailələrinin dağılmaması üçün illərlə mübarizə aparırlar, sonda bu yolu seçiblər. Şəxsən mən özüm 7 il ailəli olmuşam ki, onun heç bir-iki ayını ər-arvad münasibətində olmamışıq. Qalan yeddi ili isə ailə dağılmasın deyə dözüb oturmaq hissəsi sayıram. Bu, nəyə lazım idi? Yeddi ilimi itirilmiş hesab edirəm. Amma mənim də başqa yolum yox idi.

– Səni qınayanlar oldu?
– Ona görə deyirəm ki, qadının gücü maddiyatdadır. Pulu öz xilaskarım hesab edirəm. Nə atam məni xilas elədi, nə qardaşım. Məni xilas edən pul oldu. Öz halal qazandığım pul. Pulu mən hər şeydən çox sevirəm. Atam mənə deyirdi ki, “sən o evdən ancaq kəfəninlə qayıda bilərsən, qələtini elə, otur evində”. Qardaşım deyirdi ki, “sənə kim baxacaq? Yetiminlə otur orda”. Arxamda heç kəs durmadı.Yoldaşım evdə başqa qadınla yaşayırdı, kölə olmuşdum. Evdə qulluqçu və uşağın dayəsi kimi yaşayırdım. Fikirləşdim ki, ancaq özüm-özümü qurtara bilərəm. Gecələr yatmadım, yeddi kitab yazdım. Kitabımın gəlirini yığdım. Həmin pula sayt yaratdım. Bank hesabımda müəyyən bir miqdarda pul yarandı. Atama dedim ki, boşanacam. İstəmirsənsə, məni qızlıqdan da çıxart. Atam bildi ki, öz ayaqlarımın üstündə durmağı bacarıram.

– Siz artıq 3 ildir ki, tək yaşayırsınız. Bu 3 il ərzində təkliflər olub? İstər evlilik, istərsə də digər mövzularda...
– Olmayıb. Düşünürəm ki, bu kişilər haqqında aqressiv çıxışlarımla əlaqədardır. Kişilər məndən qorxur. Hətta bayaq bir oğlan mənə yanaşdı ki, “Aynur xanım sizi “Facebook”dan izləyirəm. Yazılarınız xoşuma gəlir. Pis başa düşməyin, mən özüm də evliyəm”. O, bunu deməklə birbaşa mesajını qoydu ki, aqressiv cavab verməyim.

– Sizcə, bu, yaxşı haldır?
– Əslində, yaxşı deyil. Bəlkə də, kişi potensial olaraq gələcəkdə həyat yoldaşım ola biləcək biri ilə tanışlıqdan məhrum edir. Mən də ailə qurmaq istəyirəm. Heç vaxt heç bir kişinin məşuqəsi olmaq istəmirəm, özümü ona layiq görmürəm. Günel Mövlud vətəndaş nikahını təbliğ edir. Mən bunun tamamilə əleyhinəyəm.

– Bəs qarşınıza ailə qura biləcəyiniz kişi çıxmasa necə?
– Onda artıq sən öz həyatınla barışmaq məcburiyyətindəsən.

– Bəs mübarizə, feminizm?
– Mübarizə, feiminizm o demək deyil ki, kiminsə məşuqəsi olmalıyıq. Qeyri-nikahsız onunla münasibətdə olursansa, bu artıq məşuqəsi olmusan deməkdir.

– Bu, Avropada bilirsiniz necə tənzimlənir?
– Vətəndaş nikahı ilə?

– Xeyr. Vətəndaş nikahından başqa.
– Necə tənzimlənir?

– Təmənnasız, heç bir şey güdmədən. Qadın, kişi tanış olur. Münasibət yaşanır.
– Xarici ölkə ilə Azərbaycan cəmiyyəti bir deyil. Orda münasibət qurduğu adamlar ürəkləri istəyən vaxt cüt yaşayırlar. Onlar azaddırlar. Bizdə isə qadının əxlaqına pis baxmasınlar deyə, kişi onunla gizli görüşlərə məhkum olur. Bu zaman belə bir nüans yaranır, zəng vurur, iki saatlıq filan oteldə görüşürlər.Yalnız ehtiraslarını öldürsünlər deyə. Bu, mənə çatmır da. Qadın burada da alçaldılır. Sırf cinsi ehtiyacını ödəmək üçün qadından istifadə edir. Axı qadının tək ehtiyacı bu deyil. Qadına mənəvi təminat da lazımdır. Onu kim etsin?

– Sənə elə gəlmirmi ki, onda bu mübarizənin mənası yoxdur? Köklü bir dəyişiklik olmalıdır.
– Mən mübarizəni ona görə qurmuşam ki, cəmiyyətdə boşanmış qadına fikir dəyişsin.

– Xoşbəxtliyin əsasında pul dayanır?
– Bəli. Xoşbəxtliyin əsasında pul dayanır. Pula görə o qədər dağılan ailələr var ki.

–Xoşbəxt qadın necə olur?
–Xoşbəxtlik elə bir şeydir ki, hər kəs onu fərqli yerlərdə görür. Elə bir qadın var ki, bunu kariyerada görür, eləsi də var ailədə. Mən birmənalı deyə bilmərəm ki, xoşbəxtlik qadın üçün filan şeydədir. İstəyirəm ki, heç bir qadın haqqında böhtan danışılmasın. Qadın güclü olsun. Xoşbəxt qadın budur mənim üçün.

– Sən ciddi adamsansa, niyə hamı sosial şəbəkədən tanıyır səni?
– Sosial şəbəkə ciddi yerdir. Mən oradan ciddi istifadə eləmişəm.


Müəllif: