7 İyun 2014 11:15
3 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almurad Əliyev: “Elçibəyə xəyanət edənlərdən biri cəzalanmayıb”

Sürət Hüseynovun Gəncədə hərbi qiyam qaldırması, yaxınlarının Əbülfəz Elçibəyə xəyanət etməsi, prezidentliyi dövründə yaxın ətrafının rüşvətə bulaşmasının qarşısını alması və digər maraqlı mövzularda mərhum prezidentin qardaşı Almurad Əliyev danışıb. Almurad Əliyev həmçinin Elçibəyin ailə üzvləri ilə danışmadığı, münasibətlərin gərgin olması haqda suallara cavab verib, O, Elçibəyin oğlu Ərturqutun işlə təmin olunması ilə bağlı heç bir problemin olmadığını vurğulayıb.

- Almurad ağa, hazırda nə işlə məşğul olursunuz?
- Qohum-əqrəba ilə görüşürəm, hal-əhval tuturam. Əslində hər zaman belə olmuşam. Odur ki, burada qeyri-adi heç nə yoxdur. Elə bu cür də davam edirəm. Qoca kişiyəm, daha mənim o vaxtım deyil ki, başqa işlərlə məşğul olum.

- Bir müddət əvvəl xəbər yayılmışdı ki, fəaliyyət göstərmək niyyətindəsiniz, hansısa iş görürsünüz, təşkilat qurursunuz. Bu, doğrudurmu?
- Yox. Sadəcə olaraq oğlum Hürrü Əliyev təşkilat qurub fəaliyyət göstərir, bir müddət əvvəl Türkiyəyə səfər etmişdi, orada bir çox şəxslərlə görüşləri oldu. Bu işlərlə Hürrü məşğul olur. Əgər mən siyasətlə məşğul olsaydım, elə Əbülfəz Elçibəyin dönəmində məşğul olardım da. Amma siz də gördünüz ki, həmin vaxt mən siyasətdən uzaq oldum. Heç rəhmətlik bəy də istəməzdi ki, mən siyasətlə məşğul olum. Hər bir kəsin gedəcəyi yol var. Mən elə əvvəldən öz yolumla gedirəm. Əbülfəz bəy hələ 70-ci illərdə həbs ediləndə belə mən yolumu dəyişmədim. Bundan sonra da dəyişmək niyyətində deyiləm. Amma Hürrü Əliyev işləyir. Əvvəl ictimai təşkilat yaratmışdı, sonradan bunu partiyaya çevirmək istəyirdi. Bildiyim qədər, partiya hələ yaranmayıb, amma ola bilsin ki, yaxın dövrdə yaransın.

- 2015-ci il Milli Məclis seçkilərinə hazırlaşırsınız?
- Allah qoysa. İnşallah. Amma mən öz namizədliyimi vermək haqqında düşünmürəm. Qoca çağımda namizədliyimi irəli sürmək mənim işim deyil. Belə bir niyyətim də yoxdur. Bəlkə, Hürrü namizədliyini irəli sürdü. Bu, gələcəyin işidir. Təki salamatçılıq olsun.

- 1993-cü ilin iyun qiyamı baş verdi, qardaşınız olan prezident Əbülfəz Elçibəy vəzifəsini itirdi, az sonra Kələkiyə getdi. Həmin dövrü necə xatırlayırsınız?
- Sözün açığını deyim ki, həmin vaxt mən gözləmirdim ki, belə bir hadisə baş versin və bəy prezidentlikdən getsin. Kələkiyə onun özü getdi. Əslində mənim bu haqda danışmağım heç doğru olmaz. Çünki həmin dövrdə mən siyasətlə elə də maraqlanmırdım. Ancaq deyim ki, bəy Kələkiyə getməzdən əvvəl bu haqda mənə bildirmişdi. Dedi ki, gedirəm kəndə, bir az qalıb gələcəm. Mən də dedim ki, əgər getmək istəyirsənsə get. Rəhmətlik mənə belə məsələlər haqda çox söz deməzdi. Onun başqa xasiyyəti var idi. Heç vaxt demirdi ki, filankəsi işə qoyuram, filankəsi işdən çıxarıram. Belə şeyləri yox idi. Prezident olanda mən də arada bir gedirdim yanına, özü ilə görüşüb qayıdırdım. Vəssalam. Dostlarım var idi, heç bir dəfə demədim ki, onlara vəzifə ver.

- Yəni prezidentin qardaşı prezidentdən heç vaxt xahiş etməyib?
- Yox. Bəy birtəhər adam idi. Mən onu əslində başa düşürdüm. Əgər desəydim ki, filankəsi işdən çıxar yerinə bu adamı qoy, bəlkə də, bunu edərdi. Amma mən özüm də bu haqda ona heç vaxt xahiş etməzdim. Düşünürdüm ki, onun işdən çıxaracağı adamın evində uşağı ac qala bilər. Bəy isə bunu məndən də yaxşı bilirdi.

- Amma deyilənə görə, Elçibəydən bir dəfə xahiş etmisiniz, amma xahişinizi yerinə yetirməyib...
- Bunu kimi deyir? Yalan söhbətdir. Elə bir şey olmayıb, yalandır. Desəydim edərdi, amma mən ona deməzdim. Həm də həmin dövrdə mən prezident qardaşı yox, Almurad Əliyev idim, hara gəldi dostlarımla gedib əyləşirdim. İndi necəyəmsə, həmin dövrdə də elə idim. Köhnə dost və yoldaşlarımla gedib çayxanada əyləşib söhbət edər, dərdləşərdim. Mən indi də hamı ilə birəm. İstər cəbhəçi olsun, istər müsavatçı, istər bitərəf, istərsə də iqtidar. Mənim dostlarım həmişə dostdur.

- Etibar Məmmədovla münasibətləriniz necədir?
- Münasibətim normaldır, lakin onu heç görmürəm. Deyirlər ki, iyun qiyamında o da bəyə qarşı çıxmışdı, amma bunlar keçib gedəcək. Həm də bu məsələ yazılıb, kitab da var. Nə zaman olsa, ortaya çıxacaq. Etibar Məmmədov bəyin tələbəsi olmuşdu, mənimlə də dost idi, bir yerdə rayona getmişik. Nə etdiklərini özləri bilər. Həm də kim nə edibsə, sonradan bunun əzabını çəkib.

- Niyə deyirlər ki, Əbülfəz Elçibəyə xəyanət edənlərin hamısı cəzalandırılıb, sizcə bu, belədir?
- Bəli, bu, belədir. Bəyə xəyanət edən, onu meydanda tək qoyan, başqa fikirlərə düşənlərin hamısı cəzalanıb. Ancaq cəzalanmayan cəmi bir nəfər qalır, sadəcə olaraq onun adını demək istəmirəm. Düzdür, indi vəziyyəti yaxşı deyil, amma əminəm ki, ona xəyanət edənlərin hamısı cəzasını çəkəcək. Bilirsiniz, Əbülfəz Elçibəy elə adam idi ki, qarışqaya belə pislik etməzdi. Hətta bilirdi ki, qarşısındakı adam onu sevmir, imkan olsa, arxadan onu vuracaq, amma yenə də pislik eləməzdi. Ona görə də üstündə Allahı var idi. Həm də Əbülfəz Elçibəy Allah adamı idi. Kasıb, pulsuz adamlara hər zaman dayaq olurdu. Elə vaxt olub ki, cibinə pul qoymuşam. Ancaq axşam evə gələndə cibində bir qəpik də olmayıb. Soruşanda deyərdi ki, yetim-yesirə payladım, vəziyyətləri pis idi. Bunu həmişə edərdi. Nəzərə alın ki, bəy seyid nəslindən idi, bizim şəcərəmiz var. Camaatın şəcərəsi yoxdur, amma bizim nəslin imam Rzadan bu yana şəcərəsi var. Biz elə-belə təsadüfü adamlar deyilik. Nəslimizin sonuncu nümayəndəsi dədəm Qədirqulu kişi idi. İndi də bu proses davam edir. Əbülfəz Elçibəy prezidentliyə bir kostyumu ilə gəldi və elə bu kostyum ilə də getdi. Bunu bütün aləm bilir. Bəyin prezident olmasının xeyri ölkəyə oldu, qohum-əqrəbasına olmadı. Biz də buna görə peşman deyilik. Bəyi yaxşı tanıyanlar bunun normal olduğunu düşünürlər və bunda da haqlıdırlar.

- Əbülfəz Elçibəy prezident olanda evinizə pul gətirirdilərmi?
- Əlbəttə, gətirirdilər. Çoxu hədiyyə də gətirirdi, amma biz bunu qəbul etmirdik. Biz şükür edirik ki, bəy prezident olduğu bir ildə biz belə məsələlərə qarışmadıq. Bəlkə də, başqa zaman olsaydı, nələrsə edərdim. Amma bəyin xətrinə bu şeylərdən uzaq olduq. İndi olsa, qapazdıyaram. Əlbəttə, bunu zarafatla başa düşməlisiniz. And olsun Allaha, evə pulu çamadanla gətirirdilər. Ancaq biz geri qaytarırdıq. Bəy kimisə işdən çıxarmışdı, bir çamadan pulla evə gəldi. Ona dedim ki, pulunu götür get. Bəy bilər, səni işdən çıxarar, bizi də qırar. Başa saldım ki, Elçibəy başqa adamdır və belə şeylərə çox pis yanaşır. Bu hadisələrin şahidləri var. Bəlkə də, çamadanla pul gətirən adam indi də sağdır və Allahı da üstündədir. Biz belə məsələlərdə şirinlik, hədiyyə kimi halları rədd edirdik. Bilirdik ki, bəy bilsə, əsəbləşəcək. Həm də bizə də belə şeylər yaraşmazdı.

- Bəs, gəlib kiminsə həbsdən azad edilməsini xahiş edən olurdu?
- Belə hallar olub. Amma Elçibəy prezident olandan sonra amnistiya verdi, həbsdən çoxlu sayda insanı azad etdi. Yəni həbsdə adam yox idi. Lakin həbsdə olan kimsə bizə belə bir xahiş etsəydi, təbii ki, həbsxanaya gedər və bu işlərlə maraqlanar, bunu bəydən xahişini edərdim. Belə müraciət olmadığından bizim xahişimiz də olmayıb. Hətta bəy prezidentlikdən getdikdən az sonra qardaşım oğlu Bünyadı tutdular.

- Əbülfəz bəyin ailə üzvləri ilə sizin aranızda münasibətlərin gərgin olduğu deyilir. Bu, nə dərəcədə doğrudur?
- Bəyin qızı Türkiyəyə köçdü, orada yaşayır. Vəziyyətləri normaldır. Gənc ailədirlər, orada yaşamaq istədilər. Aramızda inciklik yoxdur. Mən özüm bir dəfə Türkiyəyə getmişəm. Əbülfəz bəyi Türkiyədə çox istəyirlər. İndi də bizə zəng edən türk dostları var.

- Bəyin oğlu Ərturqutun iş tapa bilmədiyi haqda fikirlər səslənir. Doğurdanmı, onu işlə təmin edə bilmirsiniz?
- Bəyin oğlu hara istəsə, işə girə bilər. Baş üstə Allah var, ölkəmizdə çoxlu iş yerləri mövcuddur. Kimə desəm, iş verər. Məncə, belə problem yoxdur. Yalandan deyim ki, iş vermirlər? Mənə deyirlər ki, problem yoxdur, harada işləmək istəyirsə, həll edək. Bir dəfə bu haqda söhbətim olub və deyiblər ki, nə zaman lazımdırsa, göndərin gəlsin, işlə təmin edək.

- Ordubada, Kələkiyə gedirsinizmi?
- Yox, gedə bilmirəm. Gah xəstəmiz olur, gah vəfat edən olur, gah da başqa işlər olur deyə getmək imkanım olmur. Amma çox getmək istəyirəm, cibimdə pulum da var.

- İşləyib eləmirsiniz, pulunuz hardandır?
- Hazırda qardaşım oğlu yanımdadır. Nə qədər pul istəsəm, verər. Bu məsələdə problem yoxdur. Mən niyə işləyirəm ki? İşləyən uşaqlarımız var, zəhmətkeş adamlardır. Bizə də baxırlar. Qoca vaxtında gedib işləyəsi deyiləm ki. Mən araq, çaxır içmirəm. Uzağı gedib haradasa əyləşib nəsə yeyirik. Bu da pulsuz olur.

- Sizi buna qonaq edirlər?
- Qonaq edənlər də olur. Deyirsiniz ki, bizi iki şiş kababa da qonaq etməsinlər? Biz gənc vaxtlarımızda özümüzdən böyükləri həmişə qonaq eləmişik...

NEMƏT


Müəllif: