12 İyun 2014 11:01
3 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elşad Musayev: “Nazim İmanov AMİP-in hakimiyyətdə təmsil olunmasına qarşı idi, amma özü vəzifəyə getdi”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev müxalifətin vəziyyəti, siyasi partiyalar arasında bərbad olan münasibət haqqında danışıb. Partiya sədri 4 iyun 1993-cü il qiyamı haqqında fikirlərini açıqlayıb, həmin dövrdə təmsil olunduğu Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) hansı proseslərin getdiyi barədə fikirlərini açıqlayıb.

- Elşad bəy, müxalifət cəbhəsində mövcud olan durumu necə qiymətləndirirsiniz?
- Azərbaycan müxalifəti çökmüş, ağır vəziyyətdədir. Həm maddi-texniki, həm də partiya üzvlərinin sayı, beynəlxalq əlaqələr, yerlərdə insanlarla təmas baxımından vəziyyəti ürəkaçan deyil. Bu, əslində sirr deyil və bəlli olan reallıqdır. Burada əlbəttə ki, başqa amillər də rol oynayır. Bu, həm də kənar qüvvələrin siyasi təşkilatların fəal olmasını istəməməsi ilə də bağlıdır. Partiyamız müstəqil siyasət yeridir, kənar dövlətlərə - Rusiya, İran, Avropa və ABŞ-a yaltaqlanmadan sözünü deyir. Bəli, Azərbaycanda enerji resursları var və bu, böyük dövlətlərin Azərbaycan hakimiyyəti ilə işləməsinə üstünlük yaradır. Odur ki, bu gün beynəlxalq təşkilatlar iri güclər hakimiyyətlə işləməyə üstünlük verirlər. Əlbəttə, bunu etiraf etmək lazımdır ki, biz müxalifət olaraq güclü işləyə bilmirik. 1993-cü ilin iyun qiyamı ilə bağlı indi mövqelər bildirilir. Aradan 21 il keçəndən sonra daha obyektiv mövqelər sərgilənməyə başlanılır.

- İyun qiyamı baş verəndə siz AMİP-də təmsil olunurdunuz?
- Bəli, mən mərkəzi qərargahda çalışırdım.

- Qiyama görə AMİP-i də ciddi tənqid edirlər...
- Maraqlıdır ki, məhz bu il AMİP-i ciddi ittiham edənlər olmadı. Cəbhə hakimiyyətində təmsil olunanların əksəriyyəti özlərini günahlandırdılar, qeyd etdilər ki, iqtidarı qorumaq onların borcu olub.

- İndi də açıqlamalarda bildirilir ki, həmin hadisələrdə AMİP xəyanətkar mövqedə durub, qiyamı dəstəkləyib...
- Təbii. Bu hallara əvvəllər daha çox rast gəlinirdi. Əslində isə hakimiyyətdə olan qüvvə hakimiyyətini qoruyub saxlamalıdır. AMİP-in ən böyük günahı odur ki, bu prosesdə iştirak etsə də, hakimiyyətdə təmsil oluna bilmədi. AMİP bağışlanmaz səhvi yalnız bundan ibarətdir. Həmin vaxt AMİP məsuliyyəti üzərinə götürməkdən çəkindi və təbii ki, buna ayrı-ayrı məsələlər də səbəb oldu. Bu isə səhv addım idi. Yeri gəlmişkən, 1993-cü ilin yayında AMİP-in hakimiyyətdə təmsil olunmasının əleyhdarlarının başında duran Nazim İmanov 20 ildən sonra vəzifəyə getdi. Amma İmanov 20 il əvvəl də vəzifə ala bilərdi. AMİP-i, Sürət Hüseynovu, Etibar Məmmədovu, ASDP-ni ittiham edirlər. Əlbəttə, bu prosesdə adı çəkilən qüvvələrin az-çox təsiri olub.

- Gəlin, konkretləşdirək, həmin qiyam zamanı AMİP xəyanətkar mövqedə durmuşdumu?
- Açığını deyirəm, hakimiyyətdə olan qüvvə iqtidarı qoruyub saxlamalıdır. AMİP olmur başqa partiya olsun. Onun hansı rolu var idi, nəyi dəyişə bilərdi? Hakimiyyətdə olub iqtidarını buraxıb gedəndən sonra onu kim saxlaya və ya müdafiə edə bilərdi? AMİP zorla gedib hakimiyyəti tutmuşdu? Şəxsən həmin ərəfədə mənə Binəqədi də və Sumqayıtda hakimiyyəti götürməyi təklif etmişdilər. Mən bu haqda Etibar Məmmədova bildirdim. O da dedi ki, qətiyyən buna getmək olmaz. 1993-cü ilin iyun hadisələri zamanı AMİP-in ən böyük səhvi hakimiyyətdə təmsil olunmamaq oldu. Fikrimcə, bu cinayətə bərabər səhv idi. Hakimiyyət boş idi və AMİP orada təmsil oluna bilərdi.

- Bəs niyə təmsil oluna bilmədi?
- Bu, AMİP rəhbərliyinin uzaqgörənliyinin olmaması səbəbindən baş verdi. Həmin vaxt AMİP-in hakimiyyətdə təmsil olunub-olunmaması istiqamətində Mərkəzi Şurada müzakirə aparıldı. Şəxsən mən çıxış edib dedim ki, hakimiyyətdə təmsil olunmaq lazımdır. Çünki AMİP ölkənin ana müxalifətidir və hakimiyyətdə təmsil olunmalıdır. O zaman AMİP-də çoxluq Əbülfəz Elçibəyin hakimiyyətdə qalmasının tərəfdarı idi. Mərkəzi Şurada müzakirələr gedəndə əksəriyyət Elçibəyin prezidentlikdə qalmasını məqbul hesab edirdi. İyun ayının 8-də AMİP-in təşkil etdiyi piketdə “Prezidentin təhlükəsizliyi təmin olunsun” şüarı qaldırılmışdı.

- Həmin dövrdə bəs kimlər AMİP-in hakimiyyətdə təmsil olunmasına qarşı çıxırdı?
- Əksəriyyət təmsil olunmağı məqbul hesab edirdi. Amma Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov və digərləri hakimiyyətdə təmsil olunmağı məqbul hesab etmirdi. Babək Hüseynoğlu, Vaqif Kərimoğlu, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları hakimiyyətdə təmsil olunmağı məqbul hesab edirdilər.

- Etibar Məmmədovun mövqeyi necə idi?
- Onun mövqeyinə uyğun olaraq son anda AMİP hakimiyyətdə təmsil olunmadı.

- Sizcə, bu, yanlış mövqe idi?
- Hesab edirəm ki, Etibar Məmmədovun ən böyük səhvi bu oldu. Həmin vaxt AMİP ölkədə ən güclü siyasi partiya idi və ana müxalifət funksiyasını yerinə yetirirdi. Bizim təkcə Sumqayıtda 3100 nəfər üzvümüz var idi. Müsavatın isə cəmi 47 nəfəri var idi. Hamı AMİP-lə hesablaşırdı, sadəcə hakimiyyətdə təmsil olunmaq lazım idi. Bu edilmədi və dəhşətli səhv buraxıldı. Sonradan məhz bu səhv AMİP-in zəifləməsi və çökməsinə səbəb oldu.

- Deyirsiniz ki, AMİP Elçibəyi müdafiə edir və ona qarşı çıxmırdı. Bəs Elçibəyin prezidentlik səlahiyyətindən mərhum edilməsi haqda qanun layihəsini AMİP-də hazırlamamışdı?
- Mən bu prosesdə iştirak etməmişəm. Bu layihəni Fuad Ağayev hazırlamışdı. Onda ümumi müzakirə gedirdi. Bildiyim qədər, həmin vaxt iki layihə hazırlanmışdı. Layihəni də Ali Sovetə rəhmətlik Şadman Hüseynov təqdim etmişdi. Hətta dedilər ki, Şadman Hüseynov layihəni təqdim edəndə ağ kostyumda olub. Sonradan mən bunu Şadman müəllimdən soruşdum. O da bildirdi ki, deputat olduğuna görə təsadüfən ağ kostyumda olub və layihəni də AMİP-dən olan deputat kimi təqdim edib. Başqa sözlə, bəzənmək və xüsusi formada layihəni təqdim etmək haqda deyilənlər həqiqət deyil. Bu, təsadüf nəticəsində ağ kostyumda olub. Amma onu da nəzərə almaq lazımdır ki, hakimiyyət boş qalmışdı və bu uzun müddət davam edə bilməzdi.

- Sizə elə gəlmirmi ki, müxalifət elə 1993-cü ildə qalıb, heç irəliləyiş yoxdur?
- Bu illər ərzində yeganə irəliləyiş odur ki, müxalifət səhvlərini etiraf edib. Hələ o vaxt Pənah Hüseyn məqalə yazaraq qeyd etmişdi ki, cinayətimiz məğlubiyyətimizdir. Məncə, bu, obyektiv mövqe idi və indi də etiraf edirlər ki, hakimiyyəti qoruyub saxlaya bilməyiblər. Həm də biz nəzərə almalıyıq ki, AXC hakimiyyətinin AMİP və ya ASDP-ni ittiham etməsi doğru deyil. Onlar çıxılmaz vəziyyətdə qaldıqlarından Heydər Əliyevi Bakıya dəvət etdilər. Heydər Əliyev də təcrübəli siyasətçi idi. Gəldi və öz sözünü də dedi. Yeri gəlmişkən, həmin dövrdə hakimiyyətdə olanlar iqtidarı AMİP-ə ötürmək niyyətində deyildilər. Əslinə baxanda, biz eyni şineldən çıxmışdıq, hamımız hərəkatdan gəlmişdik. Maraqlıdır, bu adamlar niyə hakimiyyəti AMİP-ə vermək istəmirdilər?

- AXC hakimiyyətində təmsil olunan yüksək çinli şəxslər Etibar Məmmədovla düşməni münasibətdə deyildimi?
- Təbii ki, problem şəxsi münasibətlərdən qaynaqlanırdı. Amma AMİP ancaq Etibar Məmmədovdan ibarət deyildi ki... Etibar Məmmədovla həmin dövrün hakimiyyəti arasında münasibətlər pis idi. Amma biz də hərəkatdan gəlmişdik. Əslinə baxanda, kimin səhvi çox, kimin səhvi az olduğunu bir kənara qoyaq. Ən böyük səhv AXC hakimiyyəti ilə ölkənin ana müxalifətinin dil tapa bilməməsində idi. Ən böyük səhv bu idi. Hakimiyyətlə müxalifət dil tapa bilsəydi, Sürət Hüseynov ortaya çıxa bilməzdi. Amma dil tapa bilmədilər. İndi deyirlər ki, AMİP Sürət Hüseynovu dəstəklədi. Biz Sürəti dəstəkləyib nə etdik ki? Şadman Hüseynov AMİP üzvü kimi Gəncədə bir dəfə çıxış edib. Nə olsun? Sən hakimiyyətini qorumalısan, amma qoruya bilməmisən. AMİP Siyasi Şurası və Mərkəzi Şurası Sürət Hüseynovu dəstəkləməyib. Bunlar dəstəkləmək nəyə deyirlər? Reallıq budur ki, hakimiyyət özünü qorumalı, müxalifətlə dil tapmalı idi.

- Müxalifətin durumunu necə qiymətləndirirsiniz, nəyə görə bu düşərgə passiv vəziyyətdədir?
- Müxalifət birmənalı kənar qüvvələrin yalançı himayəsindən əl çəkməlidir. Kənardan bir nəfər gəlib müxalifətlə görüşəndə bu düşərgədə sanki toy-bayram hökm sürür. Əslində, müxalifət öz aralarında dil tapmalıdır. Amma müxalifət 1993-cü ildən bu yana öz arasında dava edir, bir-biri ilə mübarizə aparır. Müxalifətin problemi bundadır. Həm də bir-birinə etibar etmirlər. Bu da müxalifətin rəqibinə imkan verir ki, belə situasiyadan gen-bol istifadə etsin. Vaxtı ilə həddən artıq güclü partiyalar indi çox sürətlə zəifləyib. Bizim partiyanın qərargahını söküblər, bunun üstündən bir il keçir və biz hələ də yer tapıb uyğunlaşa bilməmişik. Digər partiyaların da vəziyyəti çətindir. Onu da sizə deyim ki, bu qüvvələrin hakimiyyətə gəlməsini heç kim istəmir, hətta xarici qüvvələr belə. Rəhmətlik Elçibəyin hakimiyyətdən getməsinin bir səbəbi də bu olub. Elçibəy həddindən artıq milli idi. Amma Türkiyənin özündə belə bəzi dairələr milli adamın hakimiyyətdə qalmasını istəmirdi. Prezident Dəmirələ nə düşmüşdü ki, Elçibəyin hakimiyyətdən getməsini istəyirdi. Bizim partiyalar bəzən həqiqətləri deməkdən çəkinirlər.

- Bundan sonra müxalifət düşərgəsində yeni birlik modellərinin yaranma ehtimalı varmı, yoxsa körpülər tamamilə yandırılıb?
- Avropa və dünya indiki hakimiyyətlə əməkdaşlığa üstünlük verir.

- Demək, müxalifətin yenidən birləşməsi ehtimalı yoxdur?
- Bu, daha çox situasiyadan asılı olan məsələdir. Situasiya diqtə edəndə bir araya gəlmək mümkündür. Amma hələlik problemlər var və görünən budur ki, bizim demokrat dostlarımız bir araya gəlmək məsələsində səmimi deyillər.

Nemət Hüseynli


Müəllif: