12 İyun 2014 16:09
2 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni sərhədindən 10 metr aralıda camaat yeyib-içirdi”

Dünən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndinin ermənilər tərəfindən hücuma məruz qalması, kəndin boşaldılması ilə bağlı informasiyalar yayılmışdı.

Bir neçə gündür Culfada olan və bu gün Bakıya qayıdan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a Culfadakı ab-hava barədə geniş danışıb.

- Sərdar bəy, Culfaya hücum edildiyi və Ləkətağ kəndinin boşaldılması barədə xəbərlər yayılmışdı. Culfada səfərdə idiniz, orada vəziyyət necədir?
- Culfada olanda bizə dedilər ki, ermənilər yüksəklikdə aktivlik nümayiş etdirirlər, rayona hücum təhlükəsi yaranıb. Bunu adi vətəndaş dedi. Faktiki olaraq bu informasiyanı dəqiqləşdirmək imkanım olmadı. Çünki biz Əlincəyə qədər getmişdik. Əlincə qalasını, Fəzlullah Nəiminin qəbrini ziyarət etdik. Həmin şəxsin dediyi yer Ərəfsə kəndi ərazisindədir. Ermənistanla Naxçıvan sərhəddində yüksəklik sayılır. Soruşdum ki, ermənilər necə toplaşıb? Qayıtdı ki, ermənilər neytral zona var, oraya daxil olublar, bizimkilər də mane olmayıb. Həmin zona da elə yerdir ki, oradan rayona təhlükə yarana bilər. Mətbuatda isə belə məlumat yayılıbmış ki, guya Culfada hansısa kəndi tutublar. Biz həmin yerdə olmuşuq, elə bir aktiv hərbi əməliyyat olmayıb. Batabatda olduq, Ermənistanla sərhəddədir, orada da hərbi hazırlıq və ya narahatçılıq müşahidə etmədik. Bakıya qayıdanda xəbərləri eşidib təəccübləndim ki, bu cür məlumatlar haradan meydana çıxır. Mətbuat işçiləri bir şeyi anlamalıdır ki, dövlətin təhlükəsizliyi, xüsusən müdafiə ilə bağlı dezinformasiyalar vermək olduqca təhlükəlidir. Bu, Vətənə xəyanətin başqa bir formasıdır. İnsanlar panikaya düşə, yersiz aktivlik nümayiş etdirə bilərlər. Günahkar vəziyyətə düşə bilərik. Bu cür xəbərlər yayanda həddən artıq dəqiqlik, əhalinin psixologiyasını düşünmək lazımdır. 1990-cı illərdə ordu yox idi, özbaşınalıq, hakimiyyət boşluğu var idi. Bir də gördün kimsə şayiə yayırdı, insanlar kəndləri boşaldırdı, yaşadıqları yerləri tərk edib gedirdilər. Bu cür şayiə kampaniyasını aparan qəzetlərə, KİV-lərə ən ağır cəzalar verilməli, ciddi hüquqi ölçülər götürülməlidir. Gərək hərbi vəziyyətlə bağlı məlumatları Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə edək. Özümüz müstəqil informasiya verəndə konkret mənbə göstərilməlidir. Biz əsassız informasiya yayan qüvvələri araşdırıb tapmalıyıq. Naxçıvanda yaşayan əhalidə panika yaşatmaq, əhalini didərgin salmaq istəyə bilərlər. Bu, dolayısı ilə milli təhlükəsizliyimizə ziddir. Hardan yayılmışdı bu xəbər?

- Erməni mətbuatı yaymışdı...
- Erməni mətbuatını yaydığı bir şeyi Azərbaycan mətbuatı niyə verir? Axı biz erməni deyilik. Ermənilər bizə qarşı piar aparır. Azərbaycan haqqında məlumatları təhrif edə, xalqa qarşı psixoloji gərginlik yarada bilər. İndi biz necə oturub erməni mətbuatının yazdığını xalqımıza çatdırırıq? Ən azından deyilməlidir ki, bu informasiyanı Ermənistan mediası yayıb. Dərhal Azərbaycan Müdafiə Nazirliyi, Prezident Aparatı, Daxili İşlər Nazirliyi ilə dəqiqləşdirmək lazımdır. Hər informasiyanı xalqa ötürməzlər. Ziyanlı, düşmən xəbərləri ötürülməzdən əvvəl dəqiqləşməlidir. Filtirasiya etmədən xəbər ötürmək söz və fikir azadlığı deyil, əksinə təxribatın bir formasıdır.

- Culfada ab-hava necə idi?
- Erməni sərhəddindən 10 metr aralıda camaat yeyib-içirdi. Dağın döşündə minlərlə maşın vardı. Heyf, gərək şəklini çəkərdik.

- Sizinlə təkcə müavininiz Taliyət Əliyevlə getmişdi?
- Mən toya gedirdim. Taliyət bəy də Naxçıvanı görməmişdi, təklif etdim ki, gedək bir yerdə bir neçə gün istirahət edək, həm də Naxçıvanı gəzək. Çox maraqlı səfərimiz oldu.

- Taliyət Əliyev Facebook-da fotolarınızı paylaşıb. Haraları gəzdiniz?
- Həm Batabat kimi tarixi abidə ilə, həm dini abidələrlə tanış olduq. Asabi-Kəfə getdik, Əlincə dağına çıxdıq, qalasına baxdıq, Fəzullahın qəbrini ziyarət etdik, Xan evinə getdik. Xalqımızın tarixini özündə daşıyan abidələri ziyarət etdik. Çox gözəl təəssüratla qayıtdıq.

- Partiyanızın Naxçıvan şöbəsi var?
- Naxçıvan şöbəsi formal olaraq mövcuddur. Orada güclü şöbəmiz yoxdur.

- Toya getdiyinizə görə görüş keçirmədiniz?
- Xeyr, görüş olmadı, toyda iştirak etdik, abidələri ziyarət etdik.

- Bələdiyyə seçkiləri ilə bağlı partiyanızın işlər planı nədən ibarətdir?
- Bələdiyyə seçkilərinə “Qarabağ” bloku çərçivəsində qatılacağıq. Ayrıca ADP-nin xüsusi hazırlığı yoxdur. Bələdiyyə seçkilərində iştirak edəcək üzvlərimizin yaxud siyahı ilə seçkiyə qatılacaq bitərəf adamların təbliğatını yüksək dərəcədə təşkil edəcəyik.

- Müsavat Partiyası ilə əməkdaşlıq nəzərdə tuturdunuz. Danışıqların nəticəsi necə oldu?
- Əməkdaşlıqla bağlı təklifimiz oldu. Mənfi cavab verdilər. Bununla da söhbəti bağladıq.

Nərgiz


Müəllif: