13 İyun 2014 12:39
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arif Hacılı: “Qurultayın keçirilməməsi Müsavatın nizamnaməsinə əməl olunmaması ilə nəticələnəcək”

Müsavat Partiyasının qurultayı artıq dörd ildir ki, keçirilmir. Hazırda bu partiya ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında qurultayın keçirilməsi üçün müvafiq yerin ayrılması istiqamətində yazışmalar aparılır. Müsavatda növbəti başqan olmağa iddia edən şəxslər də qurultayın bu qədər gecikməsindən artıq narazı qaldıqlarını gizlətmirlər. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bizimlə söhbətində, əsasən, qurultay, bu tədbirin hazırlanması, nə zaman keçiriləcəyi haqda danışıb. Müsahibimiz həmçinin siyasi passivlik, müxalif düşərgənin düşdüyü süstlük durumu, bundan çıxmaq imkanlar istiqamətində də suallara cavab verib.

- Arif bəy, hər dəfə Müsavatın qurultayı məsələsi müzakirə olunur. Hazırda bu istiqamətdə real durum nədən ibarətdir?
- Müsavat Partiyasında qurultayı keçirmək ən aktual mövzulardan biridir. Demək olar ki, biz bu mövzunu hər gün müzakirə edirik. Yalnız müzakirələrlə kifayətlənməyərək qurultaya hazırlıq işlərini sürətlə davam etdiririk. Hətta qurultayda təqdim ediləcək mandat, dəvətnamə layihələri hazırlanıb, siyahılar dəqiqləşdirilib. Demək istəyirəm ki, təşkilati-texniki işlər də daxil olmaqla qurultaya hazırlıq işləri sürətlə gedir. Qurultayın dəqiq tarixi müəyyən edildikdən dərhal sonra biz qurultayın keçirilməsinə hazır olacağıq. Amma bir daha qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələdə bizə uyğun olmayan cavablar verir. Siyasi partiyalar haqqında qanun var və hesab edirik ki, bu qanuna uyğun olaraq bizim qurultayımızı keçirmək üçün şərait yaradılmalıdır.

- Ancaq siz demisiniz ki, iyunun 28-nə planlaşdırılan qurultayınız təxirə salınacaq...
- Biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciətimizdə qeyd etmişik ki, Müsavat Partiyasının qəbul etdiyi prosedura qaydalarına əsasən, qurultayın keçirilməsi tarixindən 3-4 həftə əvvəl müəyyən işlər görməliyik. Yəni partiya daxilində müxtəlif vəzifələrə iddia edən şəxslər namizədliklərini irəli sürməli, seçki kampaniyası aparmalıdır. Odur ki, meriyadan xahişimiz belə olub ki, yer ayırmazdan azı 3 həftə əvvəl bizə rəsmi cavab versin. Ancaq indi iyunun 13-dür və Müsavata qurultayın keçirilməsi üçün problem olmadığını vurğulayan Bakı meriyası indiyə qədər bizə cavab verməyib. Qurultay isə iyunun 28-nə planlaşdırılıb. Başqa sözlə, qurultaya iki həftə vaxt qalır. Amma biz qurultayın keçirilməməsini Müsavat partiyası üçün ziyanlı olduğunu bilirik və bu səbəbdən də maksimum çalışıb yay mövsümündə qurultayın baş tutması üçün ciddi addımlar atmağı planlaşdırırıq.

- Qurultayın keçirilməməsi Müsavata hansı ziyanlar vurur ki?
- Əvvəla, qurultayın keçirilməməsi Müsavatın nizamnaməsinə əməl olunmaması ilə nəticələnəcək. İkincisi, bu partiyanın bir çox strukturlarında seçkilər keçirilməlidir. Bəzi strukturlarda boş yerlər mövcuddur. Partiyanın Məclisində, Divanında, Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş yerlər var. Eyni zamanda, seçilən şəxslərin yenidən seçilməsi, partiyada fəallığı ilə seçilən şəxslərin partiyanın rəhbərliyinə gəlməsi, müxtəlif strukturlarda təmsil olunması zərurəti var. Bu olmadıqca və partiya faktiki olaraq öz dinamik fəaliyyətini təmin edə bilmədikcə təşkilata ziyan dəyir. Eyni zamanda, demək olar ki, Müsavatda son beş ildə seçkiöncəsi situasiya mövcuddur. Bu da müəyyən qeyri-müəyyənlik yaradır. Bütün bunlar isə qurultayın dərhal keçirilməsini zəruri edir.

- Müsavatın qurultayı 4 ildən çoxdur ki, keçirilmir və bu səbəbdən də iddia olunur ki, indiki partiya rəhbərliyi qeyri, legitimdir...
- Müsavatın qurultayı 2010-cu ildə keçirilməli idi. Ancaq biz 2010-cu ildə Milli Məclisə seçkilərin keçiriləcəyini əsas götürərək bu ali tədbirin 2011-ci ilin əvvəllərində keçirilməsi haqda qərar vermişdik. Bu qərara uyğun olaraq biz artıq 2011-ci ildən qurultayın keçirilməsinə hazır idik. Son üç ildə qurultayın keçirilməməsinin səbəbi biz deyilik.
İkincisi, Müsavat Partiyasının indiki rəhbərliyi partiyanın qurultayında və digər seçkili orqanlarında seçilib. Müsavat Partiyası, bəlkə də, yeganə təşkilatdır ki, onun bütün strukturlarında real seçkilər keçirilib. Bu seçkilər seçki kampaniyasını aparmaqla, alternativlərin olması şərti ilə gizli səsvermə ilə həyata keçirilir. Bu baxımdan indi partiya strukturunda təmsil olunan şəxslərin qeyri, legitim olması haqda fikirlərin heç bir əsası yoxdur. Çünki onlar partiyanın seçkili strukturları tərəfindən seçilən şəxslərdir. Mən əminəm ki, istər Divan, istərsə də Məclis üzvlərinin böyük əksəriyyəti növbəti seçkilər zamanı namizədliklərini irəli sürsələ,r yenidən bura seçilə biləcəklər.

- Müsavat Partiyası mayın əvvəllərində mitinq keçirmək təşəbbüsü ilə çıxış etdi. Sonradan qərara alındı ki, ümum müxalifətin adından aksiya təşkil olunsun. Amma bu, baş vermədi. Necə düşünürsünüz, mitinqlər indi gündəmə gələ bilərmi?
- Hesab edirəm ki, kütləvi aksiyalar keçirilməlidir. Fikrimcə, bu, mitinq, piket və ya flaşmob formasında da ola bilər. Məncə, bu lazımdır. Eyni zamanda hesab edirəm ki, Azərbaycan müxalifəti ciddi mitinqlər təşkil edə bilsə, bu bir sıra məsələlərə təsir edə bilər. Bu baxımdan, mən aksiyaların keçirilməsinin tərəfdarıyam. Hesab edirəm ki, bu mövzu cəmiyyətimiz üçün aktualdır.

- Siz, əsasən, Müsavat Partiyasının adından danışırsınız. Bəs ümumilikdə müxalifətdə olan partiyalar mitinq keçirməyə hazır və razıdırmı?
- Hesab edirəm ki, cəmiyyətin demokratikləşməsi, insan hüquq və haqları uğrunda fəaliyyət fasiləsiz davam etməlidir. Eləcə də, resurslara uyğun olaraq addımlar atılmalıdır. Əgər on minlərlə insanın iştirak edəcəyi kütləvi etiraz aksiyaları təşkil etmək mümkündürsə, bunu həyata keçirmək lazımdır. Yox, əgər yüzlərlə insanın iştirakı ilə piket və digər tədbirlər keçirilə bilərsə, buna üstünlük verilməlidir. Və ya bunların heç birinə imkan yoxdursa, digər tədbirlər seçilməlidir. Ən düzgün olmayan şərait durğunluq şəraitidir. Təəssüflə deməliyəm ki, bu gün siyasətdə durğunluq şəraiti hökm sürür. Və vəziyyətin dəyişməsi üçün mövcud resurslara və imkanlara uyğun iş aparılmalı,vəziyyət Azərbaycan ictimaiyyətinin və beynəlxalq qurumların diqqətinə vəziyyət çatdırılmalıdır.

- AXCP funksionerləri deyir ki, yay mövsümündə mitinq və piketlər keçirməyə ehtiyac yoxdur, mitinq məsələsi payızda müzakirə edilə bilər...
- Mən bu mövqe ilə tanış deyiləm. Və əlbəttə ki, onların fikirlərini şərh etməyəcəyəm.

- İndi müxalifət düşərgəsinin düşdüyü durğunluq vəziyyətindən çıxmaq imkanları varmı, son prezident seçkilərindən sonra müxalifət düşdüyü bu boşluqdan çıxmağa cəhdlər edirmi?
- Fikrimcə, seçkilərdən sonra cəmiyyətdə süstlüyün yaranması xarakterik haldır. Nəzərə alsaq ki, bizdə siyasi qüvvələrə münasibət fərqlidir, bu zaman indiki durğunluq şəraitini təbii saymaq olar. Yəni mən burada qeyri-adi vəziyyəti görmürəm. Ancaq hesab edirəm ki, mövcud olan bütün resurslardan istifadə edərək bu vəziyyətdən çıxmaq, siyasi fəallığa nail olmaq mümkündür. Sadəcə olaraq, bunun üçün demokratik mübarizə aparan müxalifətin fədakarlığını daha da artırmalı, mövcud resurslarını hərəkətə gətirməlidir.

- Müxalifət bələdiyyə seçkilərinə köklənməlidir, yoxsa fəaliyyətində əsas hədəf kimi 2015-ci ildə keçiriləcək Milli Məclis seçkilərinı göstərməlidir?
- Burada fəaliyyət müəyyən edilərkən bu iki seçkiləri üz-üzə qoymaq və birini digərindən fərqləndirmək düzgün deyil. Biz həm bələdiyyə, həm də Milli Məclis seçkilərinə hazırlaşmalıyıq. Yeri gəlmişkən deyim ki, biz Müsavat Partiyası olaraq bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun olduğuna dair qərar qəbul etmişik. Və partiya strukturlarımız ciddi formada bələdiyyə seçkilərində iştiraka hazırlaşır. Beləcə, biz bu seçkilərin verəcəyi imkanlardan istifadə etməklə ölkədə siyasi fəallığın artırılmasına, yerli özünüidarə etmə orqanları ilə bağlı seçki sistemində olan qüsurlara bir daha diqqəti cəlb etməyə çalışacağıq. Əlbəttə, həm də imkan daxilində bələdiyyələrdə yer tutmağa çalışacağıq. Sonunda bələdiyyə seçkilərində iştirakımız həm də 2015-ci ildə keçiriləcək Milli Məclis seçkilərində iştiraka hazırlıq məqsədi daşıyacaq. Bu arada, qeyd edim ki, bələdiyyə orqanlarının səlahiyyətinin artırılması da vacib məqamlardan biridir və bu haqda da düşünmək lazımdır.

- Arif bəy, niyə Azərbaycanda müxalifət partiyalarının yaxın 3-5 il müddətinə fəaliyyət proqramı olmur və partiyalar bu proqramı hədəf kimi götürüb fəaliyyətlərini sistemli qurmurlar?
- Mən digər partiyaların adından konkret bir söz deyə bilmərəm. Bu etika baxımdan da doğru olmaz. Konkret Müsavat Partiyasına gəldikdə nəzərinizə çatdırım ki, bizim təşkilatımız hər ilin sonunda növbəti il üçün özünün fəaliyyət istiqamətlərini müəyyənləşdirir və bu mövzuda müzakirələr aparılır. Bundan başqa, Müsavat Partiyasının qəbul etdiyi proqram sənədlərində və digər konsepsiyasında partiyanın yaxın dövr üçün fəaliyyət istiqamətlərinin əsasları müəyyən edilir. Odur ki, sizin dedikləriniz Müsavat Partiyasına aid edilə bilməz.

Nemət Hüseynli


Müəllif: