1 Aprel 2016 10:14
2 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc fəal Bəxtiyar Hacıyevin Teleqraf.com-a müsahibəsi:

- Bəxtiyar bəy, REAL hərəkatı partiyalaşma mərhələsinə qədəm qoyub. Orada təmsil olunan şəxslərlə müsbət münasibətləriniz var. Siz də uzun müddətdir siyasi fəaliyyət göstərirsiniz. REAL-dan Sizə təklif gəlibmi və ya Siz orada təmsil olunmaq istəmisinizmi?

- REAL hərəkatına bu mərhələdə uğurlar arzulayıram. Ölkədə müxtəlif, fərqli baxışları, yanaşmaları olan siyasi partiyaların fəaliyyət göstərməsi ölkəmizin inkişafı üçün çox vacibdir. REAL hərəkatının idarə heyəti üzvlərinin hər biri ilə çox yaxşı şəxsi münasibətlərim var, bir çox məsələdə eyni düşünürük, bəzi məsələlərdə isə fikir ayrılıqlarımız, fərqli yanaşmalarımız var. Ancaq indiki mərhələdə hər hansı bir partiyaya üzv olmaq haqqında düşünmürəm.

- Fikir ayrılıqlarınız hansı məsələlərdədir?

- Ümumi məsələlərə yanaşmada fərqli baxışlarımız var.

- Bir neçə il öncə ilə müqayisədə sanki Bəxtiyar Hacıyev bir qədər geri çəkilib. Son seçkilərə də qatılmadınız, daha çox ictimai fəaliyyətlə məşğulsunuz. Bu, nə ilə bağlıdır?

- Bir neçə il əvvəl gənclər hərəkatları, qeyri-hökumət təşkilatları, müxtəlif beynəlxalq təşkilatlar, siyasi partiyaların fəallığı vardı, ancaq bu gün onların çoxu yoxdur. Beynəlxalq təşkilatlar və donor qurumları ölkədən getdi, gənclər təşkilatları və QHT-lərin bir çoxu fəaliyyətini dayandırdı, müxtəlif media qurumları, radiolar əvvəlki kimi fəaliyyət göstərə bilmədi. Keçən il ölkədə manatın 2 dəfə devalvasiyası oldu, qiymətlər qalxdı, ancaq siyasi partiyalar, vətəndaş cəmiyyəti, hakimiyyətə gəlmək iddiası olan şəxslərin sosial şəbəkələrdən kənara çıxan fəaliyyətini müşahidə etmədik. Kim, hansı siyasi lider, hansı siyasi partiya 3 il, 5 il əvvəlki kimi fəal qalıb ki, məndən də eyni fəallığı gözləyirlər? Son seçkilərə qatılmamağımın səbəbi isə sadə idi. Bu dəfə seçkilərə yalnız seçkidə iştirak məqsədi ilə qatılmaq istəmədim. Əgər seçkinin sonunda qələbə qazanıb, qələbəni rəsmiləşdirmək mümkün olsaydı, iştirak edərdim, ancaq sadəcə seçkidə iştirak vaxt, enerji, resurs israfı olardı.

- İnsanlar Harvard məzunu Bəxtiyar Hacıyevdən daha fərqli fəaliyyət gözləyir. Geniş çaplı layihələr həyata keçirə bilərsiniz. Gözləntiləri niyə qarşılamırsınız?

- Birincisi, çalışıram insanların şəxsən məndən gözləntiləri aşağı olsun. İnsanların gözləntisi yuxarı olduqda, onu qarşılamayanda məyus olurlar. Ancaq aşağı gözlənti olanda, ondan yuxarı nəticələr olanda, müsbət qarşılanır. İkincisi, biz keçən il ərzində Azərbaycan gənclərinin başda Avropa Parlamentində olmaqla müxtəlif beynəlxalq təşkilatlarda təcrübə proqramları həyata keçirməsi üzərində çalışdıq, ilk dəfə Sosial İnnovasiya Müsabiqəsi keçirdik, xaricdə yaşayan tələbə və gənclərlə bağlı müxtəlif layihələrimiz olub. İmkanımız olduqca, layihələri də davam etdiririk, bu il bəzi layihələri genişləndirmək haqqında da düşünürük. Məqsədimiz tələbə və gənclərin potensiallarından Azərbaycanın inkişafı üçün maksimum yararlanmaqdır, o istiqamətdə də çalışırıq.

- Siyasətdə nəsillərarası rəqabət yenidən gündəmdədir. ADP sədri Sərdar Cəlaloğlu deyib ki, bizim 30 illik təcrübəmiz var, Meydan hərəkatından çıxmışıq, yeni qüvvələr bizə rəqib ola bilməz. Bu problemə necə baxırsınız?

- Mən eyni sözləri 2010-cu ildə deputatlığa namizəd olarkən də eşitmişdim. Mənimlə birlikdə Meydan hərəkatından çıxan da, 30 illik təcrübəsi olan namizədlər də var idi və onların hər biri seçki kampaniyalarının aparılması ilə bağlı təcrübələrindən danışırdılar. Ancaq 2010-cu ildə biz göstərdik ki, bir qrup yeni nəslin təmsilçiləri 30 illik təcrübəsi olan siyasətçilərdən daha uğurlu işlər ortaya qoya bilər. İndi nəsillər dəyişir, yeni nəsil yeni texnologiyalara tez uyğunlaşır, tətbiq edir. Yaşlı nəsil bu sürəti tuta bilmir, geridə qalır və ona görə də siyasətdə olduqları illərin sayı ilə özlərini məmnun etməyə çalışırlar.

- Bir neçə gün öncə doğum gününüzü qeyd etdiniz, maraqlıdır, aldığınız ən önəmli hədiyyə nə oldu? Sosial şəbəkədə yazdığınız statusda özünüzə gələn doğum gününüzü tək keçirməməyi arzulamısınız. Bunu evliliyə hazırlıq kimi qəbul etmək olarmı?

- Mənim doğum günümdə tanınmış hüquqşünas İntiqam Əliyev Ali Məhkəmənin qərarı ilə şərti azadlığa buraxıldı. Mən fəaliyyətimə görə həbsdə olanda, İntiqam müəllim məni çox müdafiə etmişdi. Ancaq o elə bir insandır ki, təkcə mənim üçün yox, təkcə ölkədə yox, onunla qısa müddət ünsiyyətdə olan bir çox adamın hörmətini və rəğbətini qazanıb. Onun ictimai-siyasi fəaliyyəti, çıxışları da bir çoxlarından fərqli olaraq, şəxsi hücumlar, təhqirlər üzərində yox, kifayət qədər mədəni, əsaslı, təmkinli olub. Buna görə də, onun azadlığa buraxılması ad günümdə aldığım ən gözəl hədiyyə oldu. Sualın ikinci hissəsinə gəldikdə, təbii ki, hər bir insan kimi, mən də xoşbəxt bir ailəyə sahib olmaq istəyərəm və ümid edirəm ki, yeni yaşda bu arzum da reallaşacaq.

- Keçmiş dövlət katibi Hillari Klinton Amerikada prezident seçilsə, Bəxtiyar Hacıyev Azərbaycanda bundan nə qazanacaq?

- Məni Bəxtiyar Hacıyevin nə qazanması yox, Azərbaycanın bundan nə qazanması daha çox maraqlandırır. Hazırda ABŞ prezidentliyinə namizədlər arasında xarici siyasət təcrübəsi, Azərbaycan da daxil olmaqla, dünyanın bu bölgəsini tanıyan, doğru analiz və dəyərləndirmə edə bilən tək namizəd xanım Klintondur. Onunla Bakıda 2012-ci ildəki təkbətək görüşümüz zamanı bir neçə məsələdə yanaşmasının nə qədər fərqli, təmkinli və əsaslı olmasının şahidi olmuşam. Təbii ki, Amerikanın öz maraqları var və olacaq, ABŞ prezidenti də ABŞ-da tək səlahiyyət sahibi deyil. Ancaq bu gün gələcək ABŞ prezidenti ilə Azərbaycan tərəfinin çox yaxşı münasibətlər qurması gələcək münasibətlərimiz üçün faydalı olardı. Yaxşı olardı ki, ABŞ-da yaşayan, təhsil alan gənclərimiz seçki kampaniyasında aktiv iştirak etsin, Azərbaycan əsilli ABŞ vətəndaşları seçki kampaniyalarına ianələr etsin və ABŞ siyasi həyatında aktiv iştirakları ilə ölkəmizə yeni dostlar qazandırsınlar.

Nərgiz Ehlamqızı


Müəllif: