2 Aprel 2016 16:12
3 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin bu dəfəki qonağı tanınmış yazıçı Seyran Səxavətdi. Onunla çox mətləblərə toxunduq, sual verib-cavab aldıq. Sonda kitablarını ərməğan edib getdi...

Nərgiz Ehlamqızı: Seyran müəllim, redaksiyamıza gəldiyinizə görə təşəkkür edirik. Ofisimiz bir az kənarda yerləşir, sizi əziyyətə salmadıq ki?

- Mən Mərdəkandan,uzaqdan gəlmişəm, amma yaxına gəlmişəm.

Qurban Yaquboğlu: Mərdəkan niyə? Orda yaşamaq öz arzunuzdu, yoxsa?..

- Əvvəl məcburi idi, amma indi çox xoşbəxtəm. Allahın işidi. Şəhər məni yola vermədi, mən də şəhəri. Şəhər tünlükdü, dəlixanadı. Əsəblərin yığıldığı nəhəng bir anbardır şəhər. Mərdəkanda rahatam. Deyim ki, mən kəndçiyəm. Kəndçi kənddə yaşayanda ona daha çox pay düşür: Salam, sabahın xeyir payı düşür, torpaq payı düşür, hamısından üstün sərbəstlik payı düşür.

Qurban Yaquboğlu: Martın 23-də 70 yaşınız tamam oldu. Kollektivimiz adından sizi ürəkdən təbrik edirik. Bayaq ikinci mərtəbəyə çıxanda fikir verdim, maşallah pilləkənləri yaxşı qalxırdınız...

- Pilləkənləri yaxşı qalxmaq üçün gərək özünə maya qoyasan. Havayı heç nə yoxdu.

“ELƏ BİL DƏLİXANADAN QAÇDIM”

Dilqəm Əhməd: Bəzən yaradıcı adamlar müəyyən yaşdan sonra guşənişinliyə meyillənir. Sizin Mərdəkana köçünüz bu ehtiyacdan qaynaqlanmır ki?
- Mən guşə adamı deyiləm. Özümü həmişə dünya adamı saymışam. Dünyanı yaxşı-yaxşı gəzmişəm. Bir Amerikada olmamışdım, ora da keçən il getdim. Guşə mənlik deyil. Heç bu boyda dünyanı qoyub guşəyə çəkilmək olar? Teleqraf.com-u, sizin kimi insanları qoyub guşəyə çəkilirsənsə, onda özün-özündən şübhələnməlisən...

Dilqəm Əhməd: Amerika səfəriniz nə ilə bağlı idi?

- Oranı görmək çoxdanki arzum idi. “Forever” adlı Amerika Sağlamlıq Mərkəzi var. Şirkətin dünyanın 168 ölkəsində filialları fəaliyyət göstərir. Bir qolu da Bakıdadı. Həyat yoldaşım o şirkətdə işləyir. Amerikaya səfərim o şirkətin dəvəti ilə gerçəkləşdi. Ömrümdə bir dəfə arvadın hesabına özü də Amerikaya getdim. Bacım oğlu Kaliforniyada yaşayır, ona görə üç gün öncə getdik, San-Fransiskonu əməli-başlı gəzdik. Hollivud filmlərində gördüyümüz körpülər, Alkponenin olduğu məşhur “Alkatras” həbsxanası da San-Fransiskoda yerləşir.

İnanın, bu yaşıma qədər özümçün heç nə eləməmişəm. Əgər düşünsəniz ki, mənim nəyimsə var, bilin, onun hamısını Allah verib. Müti adam deyiləm, ancaq bu işlər mənim hünərimə, fərasətimə aid deyil. Qarabağın dərin bir küncündə doğulmuş bir uşaq birdən-birə Amerikaya gedir. Doğurdan da mənlik deyil... Siz hamınız köməkləşsəydiniz də məni ora göndərə bilməzdiniz.

Dilqəm Əhməd: Sovet İttifaqı dağılmasaydı, heç gedə bilməzdiniz...

- Sovet zamanında yetərincə gəzmişəm, Avropada olmuşam. London-Paris-Moskva-Bakı... Eləcə də İtaliya, Almaniya, İspaniyanın Barselona, Milan, Madrid şəhərlərində və Ağcabədidə olmuşam... Gəzməyi xoşlayıram.

Nərgiz Ehlamqızı: Hansı ölkə ruhunuza yaxındı?

- Elə bir ölkə ola bilməz ki, adamın ruhuna tam yaxın olsun. Hər yerdə bir gözəllik var. Həmçinin öz ölkəmizdə... Burda gözəlliklər də var, qeyri-gözəlliklər də...

Mənə elə gəlir, futbol sarıdan mən dünyanın çox istedadlı azarkeşəm. Məsələn, Barselonadan qayıdandan sonra “Barselona”ya azarkeşlik etməyə başladım. Hələ onda “Barselona”da nə Messi vardı, nə Neymar. O komandanın adı gələndə, oyunu olanda oturub baxırdım. Bu, səni mehriban qəbul edən, üzünə gülən ölkəyə borc qaytarmaq kimi şeydir...

Yeri gəlsə, “Barselona”nın heç xəbəri yoxdu ki, Seyran Səxavət onların təəssübünü çəkir. Amma bu mənim üçün xoşdur.

Nərgiz Ehlamqızı: “Qarabağ”ımızın oyunlarını izləyirsiniz?

- Əlbəttə. İstəsəniz bütün oyunlarını bir-bir deyərəm.

Nərmin Muradova: Oyunları stadiondan, yoxsa ekrandan izləyirsiniz?

- Əvvəllər stadiona gedirdim. Sonra sıxlıq yarandı, maşın saxlamağa yer olmadığına görə daha getmədim.

Zahid Nurəliyev: Səfərlərdən söz düşmüşkən, sizin həmkarınız Əkrəm Əylisli hava limanında saxlanılıb, polisə xuliqanlıq etdiyi deyilir. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Hadisə baş verən günü oxudum ki, Əkrəm başına gələn hadisə haqda açıqlama vermək istəməyib, deyib sonra geniş danışacam.

Düzü, hadisə haqda mən heç nə bilmirəm, bəlkə doğrudan polisin əngini əzib, bəlkə heç elə bir şey olmayıb. Adam gərək gördüyü şeyi danışsın. Mən qulağıma elə də etibar edən adam deyiləm, yalnız gözlərimə çox inanıram.

Zahid Nurəliyev: Siz Əkrəm Əylislini daha yaxşı tanıyarsınız, xaraktercə davakar adamdı?

- Əkrəm Əylislinin xarakterində davakarlıq var. Amma daha onun davakarlığı beynəlxalq skandal səviyyəsində ola bilməz. Məclislərimizdə hərdən əsəbiləşir, ərköyünlük edirdi. İndi başı qarışıqdı, bir az vaxt ötsün, bir dəfə toydan sonra başımıza gətirdiyi işlərdən danışaram.

“LEVON ADYAN ADIMI ÇƏKMİŞDİ”

Qurban Yaquboğlu: Müsahibələrinizin birində söyləmisiniz ki, ərkim çatan yazıçılara Qarabağ mövzusunda yazmamalarını xahiş etmişəm. Bu kontekstdə “Daş yuxular” əsərinə münasibətiniz necədi?

- Öncə bir şey deyim. Vaxtilə Bakıda yaşayan və mənim də yaxın münasibətdə olduğum Levon Adyan adlı bir erməni nasir vardı. Levon Adyan dostum idi, povestimi ermənicəyə tərcümə eləmişdi, onun bir povestini də mən rus dilindən çevirib o zaman “Ulduz” jurnalında çap elətdirmişdim. Bir gün qardaşım oğlu zəng elədi ki, Levon Adyan adlı erməni yazıçısı rusca roman yazıb, romanda sənin də adını çəkib. Saytda tapıb oxudum, səhv etmirəmsə əsərin adı “Uzaqlaşan sahillər” idi. Levon Adyan da birtərəfli döşəmişdi.

Qurban Yaquboğlu: Bizim əleyhimizə...

- Təbii... Ermənini erməni əleyhinə döşəyən görmüsən? Müsəlmanın müsəlman əleyhinə döşədiyini görmüşəm, amma erməninkini görməmişəm. Özü də Levon Ağdarədəndi. Gün yarıma əsəri oxudum, orada 5-6 azərbaycanlı qadın obrazı da vardı. Rəna adlı qadının adı yadımda qalıb, deyir, o, erməni ailələrini gizlədib, ölümdən xilas edib.

Ondan başqa Azərbaycan yazıçılarından Seyran Səxavət, Abbas Abdulla, Siyavuş Məmmədzadə və Natiq Rəsulzadəni yaxşı xatırladığını yazmışdı. Bu fikirlərdən savayı əsərdə yaxşı heç nə yox idi. Əsəri Levon erməni xisləti ilə yazmışdı. Orda bir lətifə də vardı xoşuma gəlmişdi.

Deməli, adamlar həmişə qızıl balıq tutur, bir erməninin toruna isə gümüş balıq düşür. Qayıdır ki, yağlı balıqsan, səni yeyəcəm. Balıq da buna cavab verir ki, məni yemə, sənin bir arzunu yerinə yetirərəm. Qızıl balıq 3 arzunu, gümüş isə 1 arzunu yerinə yetirir. Sonda razılaşırlar. Levon bu lətifəni elə-belə yazmayıb ha...

Kişi “böyük Ermənistan” xəritəsini ortalığa qoyur. Xəritə xəstəsidilər də... Erməni üçün xəritə xəstəliyi bəşəriyyət üçün xərçəng xəstəliyindən də betərdi. Nəisə, balığa deyir ki, “böyük Ermənistan” ideyasını reallaşdır. Balıq da deyir, bu, çətin məsələdi, gəl belə edək, sənin qızın var? Qayıdır ki, hə, 2 qızım var. Balıq da deyir, elə onları yaxşı yerə ərə verim, söhbəti bitirək. O da etiraz eləmir.

Ermənin də qızlarının burnu deyəsən, Levon Adyanın burnu kimi olub, balıq nə qədər çalışır, görür, qızları alan yoxdu, deyir, yox ey qızlardan bir şey çıxmadı, xəritəni ver görüm neyləyə bilirəm...

Bu gün dünya dağılır, öz də özbaşına dağılmır, insanlar dağıdır. Dünya müharibəsi başlayıb, bütün ölkələrdə terrorizm, müharibələr... Belə bir qarışıq fonda, məqamda istəyimi xalqımıza çatdırmaq istəyirəm. Mənim üçün dünyanın ən uca yeri Şuşa qalasıdı. Çıxsınlar Şuşa qalasına və ordan bütün dünyaya tamaşa eləsinlər. Dünyada baş verənləri gözləri ilə görsünlər və şükür eləsinlər.

Göydə Allaha, aşağıda da dövlətə minnətdar olsunlar. Ki, belə bir əmin-amanlıq olan, sakit bir ölkədə yaşayırıq.

Nərmin Muradova: Sözü Əkrəm Əylisliyə gətirirdiniz...

- Allah Əkrəmə insaf versin, o, böyük yazıçıdı. Əkrəmin “Daş yuxular” əsərində dırnaq yeri də yoxdu ki, onu müdafiə edəsən.

Özünə də dedim, ay zalım, heç olmasa, bir dırnaq yeri qoyardın da. Ola bilməz ki, bir xalq başdan-ayağa pis olsun. Bu, mümkün deyil.

Nərgiz Ehlamqızı: İradlarınıza reaksiyası necə oldu?

- Heç, güldü, onun bir gülüşü var ki... Onunla tanışlığınız yoxdu, bilmirsiniz.

YA XANKƏNDİNƏ, YA HADRUTA...

Qurban Yaquboğlu: “Qaçaqaç” romanını özünüzə həsr etmisiz, amma qəribədi ki, orda İranda tərcüməçi işlədiyiniz dövrlə bağlı heç bir epizod yoxdu. Deyəsən, o haqda danışmağı sevmirsiniz. Qaranlıq dövrdü?

- Xeyr, qaranlıq dövr deyil. Allah sizə insaf versin. Sizlər oxumursunuz. Bunu hamıya deyirəm. İrandakı fəaliyyətimdə heç bir qaranlıq tərəf yoxdu. Mənim birinci romanım “Daş evlər”də bir xətt əvvəldən axıra İrandakı fəaliyyətim barədədi.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fars dili bölümünü bitirmişəm. Bizi, yəni bir qrup tərcüməçini İrana göndərəndə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsində qəbul etdilər. Dedilər, siz orda heç bir siyasətlə məşğul olmayacaqsınız. Bununla məşğul olacaq müvafiq idarələrimiz var.

Qəribədi ki, ən yaxın dostum Abbas Abdulla bir dəfə soruşdu ki, sən KQB-nin adamısan? Mən KQB-nin adamı olmamışam. Amma əgər bu sənin əqidənə uyğundursa KQB-nin adamı olmağa da pis baxmıram, bu sahədə çalışıb, heç olmasa üç-dörd adamı xilas etməyin nəyi pis olardı ki?

Universitet vaxtı hamı bir-birini tanıyırdı, bizdən Dövlət Təhlükəsizlik Komitəsinə gedənlər çox oldu. O cümlədən mənim də meylim olub. O da işsizlikdən...

Bəlkə çoxlarınız tanımırsız, Camal Yusifzadə adlı gözəl bir şair var, “Ədəbiyyat və incəsənət” qəzetində işləyirdi. Onda mənim də işsiz dövrüm idi, ona dedim ki, qəzetdə işləmək istəyirəm, yer boşalsa, mənə xəbər elə. Oturmuşam Füzulidə, gözləyirəm. KQB-yə də işə düzəlmək üçün müraciət eləmişdim.

Bəlkə bu qəribə təsadüfə inanmazsınız. Bu ərəfədə Füzuli rayon KQB-sinin sədri Musa kişi məni çağırdı ki, sənədlərin hazırdı, ya Xankəndində, ya da Hadrutda işləyə bilərsən, özün seç. Səhər onun yanında oldum, günorta isə Camal Yusifzadədən mənə teleqram gəldi ki, tez gəl Bakıya. Bu hadisələrdən iki gün qabaq Füzuli rayonunda “İspalkom”a işə düzəlmişdim.

Qismətə baxın, iki gün “İspalkom”un işçisi oldum, sonra KQB-yə işim düzəldi, Bakıdan da teleqram gəldi ki, “Ədəbiyyat və incəsənət” qəzetində yer boşalıb.

Təbii ki, “İspalkom”u da, KQB-ni də qatlayıb qoydum bir qırağa, gəldim Bakıya... Mirzə İbrahimov o vaxt Yazıçılar Birliyinin sədri idi, adam tapıb onun qəbuluna düşdüm. Adamsız mümkün deyildi, beləcə “Ədəbiyyat və incəsənət” qəzetinin işçisi oldum. Qəzetin vəsiqəsini də götürdüm və bununla fəxr elədim. İndiki uşaqlar fəxr edə də bilmirlər...

Adam gərək işlədiyi yerlə yalandan yox, ürəkdən fəxr etməyi bacarsın. İnsan nəyləsə fəxr etməlidi, nəyəsə təəccüblənməlidi. İndi nə təəccüblənən, nə də fəxr edən var. İndi hər şey adiləşib.

Mən canlı yazıçı ilk dəfə Süleyman Rəhimovu görmüşəm. Süleyman Rəhimovun qızı şəhərdə nənəmgillə qonşu idi. Ona zəng edib, dəng edirdim ki, Süleyman Rəhimovu görmək istəyirəm. Axır bir təhər düzüb-qoşduq, kəndə xəbər gəldi ki, Süleyman Rəhimov rayonumuzdadı, belə çıxdı ki, məni görmək istəyir.

Kəndin idarəsinə məni maşınla apardılar. Onunla görüşdüm, gördü ona qəribə-qəribə baxıram, soruşdu, a bala, mənə niyə belə baxırsan. Dedim, Süleyman müəllim, olar əlimi əlinizə vurum. Yekə əli vardı, uzatdı mənə sarı. Əlimi əlinin dərisinə sürtdüm, gördüm adi adam əlidi.

Dəqiq elmlərdə “doymuş məhlul” ifadəsi var. Allah heç kimi doymuş eləməsin. Çörəkdən başqa, digər aspektlərdə insan nə qədər ac olsa, ona xeyirdi. Mən Bakıda universitetdə oxuyanda bir aktyorla şəhərdə rastlaşanda düşüb arxası ilə gedirdik. Bu, çox gözəl hissdi, mütilik deyil.

İndiki yaradıcı cavanların çoxu başlarının ölçüsündən böyük danışırlar. Bunu özlərinə də demişəm. Hamısını oxuyuram. Kimdən desəniz xəbərim var, hansının əsərini istəsəniz təhlil edə bilərik. Onları da qınamıram. 70 il bağlı qapılar, pəncərələr arasında qalmış insanlar birdən-birə qapılar açılanda yel çəkdi, azarladılar. Mənəvi cəhətdən əksəriyyəti sətəlcəm oldu.

Dilqəm Əhməd: Gənclərdən kimləri oxuyursunuz?

- Təxminən 20 il bundan əvvəl nahar vaxtıydı, radioda bir veriliş gedirdi, mən də o vaxtlar Mərdəkanda əsər yazırdım. Nahar edə-edə verilişə qulaq asırdım, bir neçə gəncin şeirlərini oxuyurdular. Şeirlər xoşuma gəldi, radioya zəng elədim, dedilər, biri əsgərlikdədi. Həmin şeirlərdə təzə hava vardı, məni də cəlb eləyən təzə havaydı.

Əsgərlikdə olanın imzası Aqşin Yeniseyidi, o biri qız idi. Sonra hər ikisini tapdım, tanış oldum, söhbətləşdim.

İndi onlar əlinə qılınc alıb, yetənə yetir, yetməyənə daş atırlar. Bu, yaxşı şey deyil. Aqşini oxuyuram, bu yaxınlarda Qan Turalının “Fələk qılmancı”nı oxudum. Ondan bir az əvvəl Şərif Ağayarın “Şəkil” hekayəsini oxuyub qurtardım. O hekayəni böyük əsər hesab edirəm. Ondan da əvvəl Kəramət Böyükçölün “Çöl” romanını oxumuşdum. Ədəbi tərbiyəsi bir yana, romanı möhtəşəmdi. Tamam başqa stildə, havada yazılmış romandı.

Qan Turalın romanı haqqında kimsə yazmışdı ki, mətn içində mətndi. Razıyam və əlavə də edirəm, həm də tarix içində tarixdi. Sonra qız var, Xəyalə Sevil, ağıllı qızdı, işləri rahat getsin deyə, qayınanasının adını özünə təxəllüs götürüb. Bu yaxınlarda onun “Kaspi” qəzetində şeirlərini oxudum, fantastikdi.

“YƏNİ NAMUS MƏSƏLƏSİ...”

Nərmin Muradova: Hazırda nə oxuyursunuz?

- Axırıncı dəfə Qan Turalının romanını, bir də Seyran Səxavətin “Qaçaqaç” romanından bir fəsli oxudum - “Kənar adam”.

Rauf Sultan adında gözəl şairimiz olub, yaşıdım idi, həmişə harasa tələsirdi, dünyadan da bir az tez getdi, elə özü də getməyə tələsirdi. Həmişə Yazıçılar İttifaqına kənardan, “Sahil bağın”dan baxırdı, şəhərin kənarında yaşayırdı. Avropadan qayıdandan sonra eşitdim ki, dünyasını dəyişib. Getdim Saatlıya, qəbirüstünə. Gördüm ki, qəbiristanlığın da kənarda basdırılıb. Özü də baş daşı əvəzinə balaca taxta qoyulub, üstünə sarı məftillə “Rauf Sultan” yazıblar.

Dünən “Qaçaqaç”da ona həsr olunmuş hissəni oxudum. Nəsə ehtiyacım vardı. Gözəl şair idi, deyirdi ki:

Ay nazənin qızlar, ay gözəl qızlar

Siz bu oğlanların həyatısınız.

İkiniz bir yerdə Füzuli beyti,
Dördünüz bir yerdə bayatısınız.

Bilirsiniz də, Şərq poeziyasında gülün yiyəsi bülbüldür. Deyir:

Xəlvətcə bir gülün öpdüm üzündən,
Bülbüllər eşitsə qırğın düşəcək.

Yəni namus məsələsi... Rauf Soltan belə şair idi.

Zahid Nurəliyev: 70 yaşınızda geriyə dönüb nələri görürsünüz? Bu yaşınıza kimi yazıçılıq iddialarınızı nə dərəcədə gerçəkləşdirə bilmisiniz? Bu gün hansı iddialarınız var?

- Səmimi desəm, olar? Mənim heç vaxt planlı ideyalarım olmayıb. Lap uşaq vaxtından hiss etmişəm ki, vurnuxuram, nəsə yazmaq istəyirəm, yazmışam da... Ağzıma gələni yazmışam.

Məsələn, sizin yadınıza gəlməz “Qazaxıstanda xam torpaqlar” hekayəm yadıma düşəndə elə bilirəm hamı oxuyub, utanıram. Mən planlı təsərrüfat deyiləm. Nə ailədə, nə qohumluqda, nə də dostluqda. Mən ani ağlıma gələnləri edirəm. Əslində bunu heç planlaşdırmaq da olmaz. Başımı aşağı salıb öz işimlə məşğul olmuşam, iddia, məqsədə çatmaq varsa, o da onun içində əriyib gedib, heç mənim xəbərim olmayıb. Siz bunu daha yaxşı görərsiniz.

Zahid Nurəlliyev: Yəni yaradıcılığınızdan, nəticələrdən razısınız?

- Azərbaycanda elə bir yazıçı tapa bilməzsiniz ki, bu sualın qarşısında deyə ki, razı deyiləm. Mən də onlardan biri. Əsərlərimi oxuyurlar, hörmətimi saxlayırlar. Bəs edir...

Zahid Nurəliyev: Ən çox bəyəndiyiniz əsəriniz hansıdı?

- Əvvəla bütün əsərlərimi aşağı-yuxarı bəyənirəm. “Seçilməmiş əsərlər” adı altında iki cildliyimi buraxdım. Hamı kitabının üstünə “Seçilmiş əsərlər” yazır... Amma heç seçim eləmədən bütün əsərlərini doldururlar ora. Bütün əsərlərim mənim üçün əzizdi. İki-üç zəif hekayəm var. “Daş evlər”də bir epizod var, düşünürəm ki, o özü bir romandı. Mən onu orda havayı xərcləmişəm. “Nekroloq”, “Yəhudi əlifbası” romanlarımın adını fəxrlə çəkə bilərəm. Onlarla silahlanıb hər yerə gedərəm.

Zahid Nurəliyev: Səmimi deyirəm, “Dar köynək” povestinizi oxuya bilmədim. Əsərin əvvəlində darıxanda ardını saxlayırsan, oxumaq istəmirsən.

- Məndə də belə bir hal olur. İndiyə qədər Orxan Pamuku oxuya bilməmişəm. Beş kitabını veriblər, oxumadım. Zorla oxumaq lazım deyil, adam özünə zülm eləməməlidi.
“Dar köynək” paralellərdən ibarətdi. Dünya dardı, amma darlıq ana bətnindən başlayır. Sonra bələk, beşik, dünya, qəbir... Hamısı darlıqdı. Bu, bütün həyat boyu davam edir. “Dar köynək”də süjet yoxdu, psixoloji əsərdi.

Dünən məşhur yazıçı Knut Hamsunun “Üzük” hekayəsini oxudum. Bir abbasıya da dəyməz.

Dilqəm Əhməd: Qonşu Gürcüstanda yazıçıların əsərləri əcnəbi dillərə tərcümə olunur və xaricə təbliğ olunur. Bizdə bu məsələdə durğunluq var. Halbuki bizdə Tərcümə Mərkəzi də fəaliyyət göstərir. Xaricə çıxmaq üçün nə etməliyik?

- Tərcümə Mərkəzi ilə heç bir əlaqəm yoxdur. Ona görə ordakı vəziyyətdən xəbərsizəm. Siz dediyiniz məsələdə yazıçıların vəziyyəti daha ağırdı. Üstəlik, bizdə anti-ədəbiyyat ənənəsi var. Biz heç Füzulini, Nizamini dünyaya təbliğ edə bilməmişik. Mən Nizamini orijinaldan oxumuşam, necə gözəldi...

Dilqəm Əhməd: Nizamidən söz düşmüşkən, siz də hesab edirsiniz ki, Nizaminin tərcüməsində təhriflər var?

- 55 ildir ədəbiyyatdayam. Bədii tərcümə işindən də xəbərim var. Bu, çox çətin sahədi. Xüsusilə poeziyanı tərcümə etmək çox çətindi. Poeziya mənim üçün hava kimidi. Kürdəmirin havasını Şuşanın havasına necə tərcümə etmək olar? Mənim anam şuşalıdı ha...

Bir misal çəkim. Rəhmətlik Xəlil Rza Robert Rojdestvenskinin “21-ci əsrə məktub” poemasını tərcümə etmişdi, oxuduq, dedik, buna tərcümə demək olmaz. Elə bil Robert Azərbaycanca yazıb. Xəlil Rza poemanı oxuyub, tullamışdı qırağa, şeirin havasını saxlayıb özü yenidən yazmışdı. Poemadan bir parça yadımdadı:

Qızılgülün qoynunda hələ xar da yaşayır,
Alilərlə bərabər əclaflar da yaşayır.
Şair gərək onları bu dünyaya tanıda,
Bir açar deşiyinə yerləşər vicdanı da.

Gör neçə gözəl şeirdir, amma azərbaycanca... Sözüm ondadı ki, 70 yaşıma qədər tərcümə ilə bağlı bir qənaətə gəlməmişəm. O ki qaldı Nizamiyə... O tərcümələr Nizaminin orijinalının nəinki yanından heç min kilometrliyindən də keçmir. Amma yenə şükür...

“ÖZÜM DƏ BİR AĞIZ OXUDUM”

Nərgiz Ehlamqızı: Doğum gününüzü qeyd etməyi sevirsiniz?

- Dostlarla yığışmaqdan ötrü ürəyim gedir, ad günümü həmişə dostlarım keçirib. 60 illiyimdə bir dostum 60 nəfərlik bir qonaqlıq verdi. Xanəndələri də dəvət etmişdi, özüm də bir ağız “Mirzə-Hüseyn” segahı oxudum. Özü də Süleyman Abdullayevin və Qəndab Quliyevanın qarşısında. Gəldim Səyavuş Sərxanlı, Ramiz Rövşən, Əşrəf Veysəlli, Sabir Rüstəmxanlıya qoşuldum. Səsimin dalınca düşsəydim, indi bəlkə də xalq artistiydim (gülür).

Martın 23-də doğulmuşam. Həmin gün yoldaşım Almaz xanım, daha doğrusu, arvadım evdə süfrə açdı. Yoldaş sözündən xoşum gəlmir.

Nərmin Muradova: Niyə?

- Üzeyir bəy “Ər və yoldaş” yox, “Ər və arvad” əsəri yazıb.

Nərmin Muradova: Siz ona arvad deyəndə xoşuna gəlir?

- Əvvəl xoşuna gəlmədi, çünki şəhər qızıdı. Sonra xoşuna gəldi. Həyat yoldaşı ifadəsini başa düşə bilmirəm, o qədər yoldaş düzəltmək olar ki...

Hə, orda qalmışdıq axı, Almaz xanıma dedim, bu dəfə oturaq evdə, Allah verəndən qoyaq stolun üstünə, kim gələr-gələr. İkinin yarısı gördüm darvaza dağılır, baxdım ki, Xaçmazdan gələn dostum Aydındı.
Dünyada üç darıxan adam varsa, biri də odu. Sonra uşaqlıq dostum Hətəm Quliyev, sonra öz qohumlarım gəldi, onlar gedəndən sonra da arvad tərəfinin qohumları... Beləcə, yola verdik.

Dilqəm Əhməd: Hədiyyə gətirdilər?

- Bəs nə? Hədiyyəsiz qapıdan buraxmaram (gülür). Aprelin 15-də Yazıçılar Birliyinin Natəvan klubunda 70 illiyimi qeyd edəcəklər. İstəsəniz gəlin.

Qurban Yaquboğlu: Məşhur “Qədir Rüstəmovla atüstü söhbət”inizdən sonra publisistik yazılarınızı görməmişəm.

- Səhviniz var, oxumamısız. Ondan sonra “Londondan və Parisdən Bakı görünmürdü”, İspaniyadan qayıdandan sonra “Rəqs elə, İspaniya”, Amerikadan gələndən sonra “Gülümsəyən Amerika və yaxud dünyanın səkkizinci rəngi” adlı publisist yazılarım dərc olunub.
Mənim çox publisistik yazılarım çıxıb. Amma bilirsiniz, mən üçün janr söhbəti yoxdu, bir janr var o da sözdür.

Qurban Yaquboğlu: Şeir, roman, pyes, publisistik yazılar yazmısınız. Məncə, bu dəqiqdi: ssenari yazmamısınız...

- Ssenari yazmamışam. Bir rejissor peyda oldu, vurdu gəldi Mərdəkana. Dedi, “Karusel” hekayəni bəyənmişəm, onu çəkmək istəyirəm. “Karusel”i oxuyun, yaxşı hekayədi. Nəisə, elə o gedən getdi.

Mənə həmişə deyirlər ki, nəsrim başdan-ayağa ssenaridi. Çünki mən insanların özünü danışdırıram. İnsanları da danışdırmaq indiki zəmanədə çox çətindi. Bir məclisdə, avtobusda insanları danışdırmaq çətindir, o ki qaldı yazıda. Özümün də xoşuma gələn bir sözüm var: Cümlə qurmaq dövlət qurmaq qədər çətin bir şeydi.

Nərmin Muradova: Yaman siqaret çəkirsiniz.

- Sizə hörmət əlaməti olaraq cəmi üç dənə çəkmişəm. Başqa vaxt olsaydı, beş-altısını çəkmişdim.

Nərmin Muradova: Niyə çox çəkirsiniz?

- Sadəcə söz vermişəm ki, ölənəcən çəkəcəm.

Dilqəm Əhməd: Sovet vaxtı ədəbiyyatdan pul çıxarmaq mümkün idi...

- Pul çıxartmırdıq, pul özü gəlirdi. “Daş evlər” romanıma görə 22 min manat pul almışdım, o vaxt da “QAZ-24” 9 min 300 manat idi. Ərizə yazırdın ki, Kuril adalarında fəhlələrin həyatından əsər yazmaq istəyirəm. Ora teleqram vururdular, mehmanxananı hazırlayırdılar, bileti də alıb verirdilər ki, get. Gəlirdin, hesabat yazırdın ki, hələ fikirləşirəm, bəlkə bu haqda yazmaq heç alınmadı.

12 il ard-arda hər il qışda Moskva ətrafındakı Peredelkino kəndinə, yaradıcılıq evinə gedirdim. Ora bir çox respublikalardan yazıçılar gəlirdi. Əsasən dekabrda yığışırdıq. 35 manata bir ay orda qalırdıq, yaradıcılıqla məşğul olurduq. Moskvanın qışı çox gözəl idi.

“Qaçaqaç”da bir fəsil var: “Anna Karenina, Andrey Bitov və mən”. Əslində xanım Anna Karenina deyildi, Andrey Bitovun tanışı idi, yaradıcılıq evində bir yerdəydik. Anna Karenina dediyim həmin qadın rus qışının sağlığına badə qaldırdı. Çox savadlı qadın idi, həm də gözəl... Bizim Azərbaycanda heç kəs heç bir fəslin sağlığına badə qaldırmayıb. Ona görə də Azərbaycanın qışına da, yazına da, yayına da, payızına da yazığım gəldi...

Dilqəm Əhməd: Sözümü ona gətirirdim ki, indi bizdə bir yazıçının öz hesabına kitab çıxarmağı böyük uğur sayılır...

- Dünyada böhran təzə yaranıb, bizdə böhran Şura hökuməti dağılandan başlayıb. Amma özümüzü o yerə qoymuruq.

Nərmin Muradova: İndi heç bir yazınızdan qonorar almırsınız?

- Nə danışırsınız? Qonorar var? Mən dostlarıma, yaxşı oxucularıma kitab göndərirəm. Kitabxanalara verirəm. Bir də kitab təzə çıxanda təqdimatını keçirirəm.

Nərmin Muradova: Mərdəkanda yazıb-yaratmaq rahatdı?

- Çox rahatdı. Cavanlıqda kirayədə qalırdım, özü də imkanlı ailənin qızı ilə evlənmişdim. Bir az mübahisəli evlənmişdim. Bir otaqda iki uşaq, gecə-gündüz ağlaşır... Sonra dörd otaqlı mənzil verdilər, orda da işləyə bilmədim. Çünki əvvəldən də öyrənmişdim, çamadanımı götürüb, evdən gedirdim.

Yoxsa əsər yazdığın yerdə arvad başının üstünü alır ki, uşaqlar indi gələcək, evdə çörək yoxdu. Bir çörəyə görə yaradıcılıqda iki il geri düşürsən.

Nərgiz Ehlamqızı: Bir ara deyəsən Fatmayi bağlarında yazırdınız.
- Fatmayi bağında “Qızıl teşt” pyesini yazmışam.

“İNDİ ÖZ ÜZƏRİMDƏ İŞLƏYİRƏM”

Dilqəm Əhməd: Rasim Qaraca iddia edirdi ki, dövlət yazıçıya bir şey verəndə onun azadlığını əlindən alır. Siz də elə fikirləşirsiniz?

- Mənim başıma belə bir şey gəlməyib. O baxır adama, yazıçıya, şəxsiyyətə. Rasim Qaraca onu resept kimi veribsə, çox səhv edib. Rasim Qaracanı yaxşı tanıyıram, “Alatoran” jurnalının daimi oxucusu olmuşam.

Dilqəm Əhməd: Hələ də Anarla mübarizə aparırlar.

- Mənim onların mübarizəsinə heyfim gəlir. O mübarizənin əvəzində oturub əsər yazsaydılar daha yaxşı olardı. Ən gözəl mübarizə əsərdir.

Nərmin Muradova: İndi nə yazırsınız?

- Heç nə. O gün bir nəfər soruşdu ki, nə üzərində işləyirsiniz? Dedim öz üzərimdə işləyirəm. Mən qışda yazıram və gecələr işləməyi xoşlayıram. Bir dəfə soruşdular ki, niyə gecələr işləyirsən? Heç bunun fərqində deyiləm. Gecə dünyanın əksəriyyəti yatır, dünyanın sənə düşən payı çoxalır, şəriklər azalır.

Dilqəm Əhməd: Yazı masanızın üzərində nələr olur?

- İranda işləyəndə aldığım “Təxti-Cəmşid” üzüyüm, bir də qolumdan açdığım saat stolun üstə olmalıdı. Olmayanda işləyə bilmirəm.

Dilqəm Əhməd: Əsərlərinizi əllə yazırsınız?

- Əllə və kiril əlifbasında yazıram. Uzun illər qabaq qardaşım mənə “Erika” adında alman makinasını almışdı. Yaxına qoymadım. Kompüterdən də başım çıxmır. Bir adam bir şeyi satanda alıcı deyir ki, çox baha qiymətə deyirsən. Satıcı deyir: qardaşım, bu əl işidir ey, əl işi. Ona görə də əlimlə işləyirəm.

Nərgiz Ehlamqızı: Yazdıqlarınızı kim köçürür?

- Bir xanım var, çox sağ olsun, bütün əziyyətimi çəkir. Onu varisim elan edəcəm. O mənim xəttimi özümü tanıdığı kimi tanıyır. Mənim xəttim dəhşətdi. Allah sizlərə göstərməsin. Bir səhifə yazımdan bəzən 9 elektron səhifə çıxıb. Hərdən özüm də oxuya bilmirəm xəttimi.

Qurban Yaquboğlu: Neçə saat işləyirsiniz?

- Şair üçün şeir yazmağa nə var...Elə vaxt olub ki, bir saata yeddi-səkkiz şeir yazmışam. Amma roman yazmaq başqa aləmdi. Oturmağı bacarmalısan, canın sağlam və səbrin olmalıdır. Bəzən on gün birinci cümləni tapa bilmirəm. Mənim üçün ən çətini birinci və axırıncı cümləni tapmaqdı.

İşləyəndə minimum 18 saat işləyirəm. 24 saat işlədiyim də olub. Yazını qurtarandan sonra mənə elə gəlir ki, qanadlarımı açsam, dünyanın ən uca zirvəsinə qona bilərəm – o qədər yüngülləşirəm. Sözdən gözəl bir Allahdı...

Xalqımız yuxarıda dediyim məsələni unutmasın: dünyanın ən uca zirvəsi Şuşa qalasıdı. Çıxsınlar Şuşa qalasına və ordan bütün dünyaya tamaşa eləsinlər. Dünyada baş verənləri gözləri ilə görsünlər və şükür eləsinlər. Göydə Allaha, aşağıda da dövlətə minnətdar olsunlar. Ki, belə bir əmin-amanlıq olan, sakit bir ölkədə yaşayırıq.

Qələmə aldı: Nərmin Muradova


Müəllif: