6 Aprel 2016 10:23
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanı Arif Hacılının Teleqraf.com-a müsahibəsi:

- Arif bəy, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli müavininiz Tofiq Yaqublunun AXCP ilə yenidən əməkdaşlıqla bağlı səsləndirdiyi təklifi “xırda-xuruş” məsələ kimi dəyərləndirib. AXCP tərəfindən barışdırıcı mövqeli təklifinizə reaksiyanı necə qiymətləndirirsiniz?

- Mən Nurəddin Məmmədlinin mövqeyini AXCP-nin reaksiyası kimi qiymətləndirmirəm. Bizim bu sahədə konseptual mövqeyimiz ondan ibarətdir ki, mübarizəni müxalifətin daxilindən çıxaraq. Bütün işlərimizi də bu konsepsiya əsasında qururuq. AXCP, Milli Şura və digər müxalifət partiyalarına əməkdaşlıqla bağlı bir neçə dəfə verdiyimiz təklif qəbul olunmasa da, Müsavat Partiyası hər zaman funksional əməkdaşlığın tərəfdarıdır. Biz yenə də əməkdaşlıq təkliflərimizi irəli sürürük. Tofiq bəy tərəfindən verilən təklif ictimaiyyətin diqqətini cəlb etdi. Bu, Müsavat Partiyası üçün yeni təklif deyil, əvvəlki siyasətimizə tamamilə uyğundur. Hesab edirəm ki, siyasi fəaliyyət təkəbbürlə aparıla bilməz. Siyasət şəxsi münasibətlər, hiss və duyğular üzərində qurulmaz. Siyasi xadim emosiyaya, duyğularına əsaslana bilməz. Cəmiyyətin maraqları nəzərə alınmalıdır.

- İndiyədək AXCP-yə edilən təkliflərinizə cavab olaraq bəyan ediblər ki, bizimlə əməkdaşlıq etmək istəyənlər Milli Şura çərçivəsində əməkdaşlıq edə bilər. Müsavatın yenidən Milli Şuraya üzv olması isə mümkünsüz görünür...

- Biz müxalifət qüvələrinin fəaliyyətinin koordinasiyasına nail olmağın yollarını tapacağıq.

- Bu, nə dərəcədə real görünür?

- Mən buna inanıram.

- Müavininiz Tofiq Yaqublunun daha bir təklifi Müsavatdan çıxarılan və ya partiyadan küsüb gedənlərə, xüsusilə başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun ətrafına toplaşan insanlara barışıq təklifi edilməsi və onları partiyaya qaytarmaq cəhdi ilə bağlıdır. Necə hesab edirsiniz, bu səylər öz nəticəsini verəcək?

- Mənə elə gəlir ki, bu mövzular artıq müzakirəsi yekunlaşmış mövzulardır. Yenidən bu mövzulara qayıtmağın hansısa müsbət nəticələri olacağını düşünmürəm.

- Vaxtilə güclü Müsavat Gənclər Təşkilatının rəhbəri olmuş Tural Abbaslı yeni partiya yaradacağını elan edib. Yeni partiya yaradılacaqsa, o və ətrafındakı müsavatçılar partiya sıralarını tərk edəcək. Onların gedişini itki sayırsınız?

- İstər Müsavat Nizamnaməsinə, istərsə də Azərbaycanın sərbəst toplaşmaq haqqında qanununa görə eyni şəxs iki partiyanın üzvü ola bilməz.

-Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun "Antiböhran koalisiyası" adından Sizə təklif irəli sürülmüşdü. Təklifi niyə məqbul hesab etmədiniz?

- Orada hər hansı müttəfiqlik və ya əməkdaşlıq məsələləri təklif olunmamışdı. Debat təklifi vardı. Biz hesab etdik ki, indiki şəraitdə belə bir debatın keçirilməsi məqsədəuyğun deyil.

- Bəs indiki situasiyada mitinq keçirmək barədə düşünürsünüz?

- Kütləvi aksiyalar siyasi fəaliyyətin tərkib hissəsidir. Ona görə bu məsələlər müzakirə olunan məsələlərdir. Bu gün mitinqin keçirilməsi ilə əlaqədar Müsavat Partiyasında hər hansı konkret müzakirə getmir.

Nərgiz Ehlamqızı


Müəllif: