6 Aprel 2016 18:59
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevlə aktual mövzuları geniş müzakirə edib:

- 2-5 aprel tarixlərində cəbhədə baş verən döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həlli konteksində necə şərh etmək olar?

- Biz gərək bu hadisələrə, habelə onun qiymətləndirilməsinə ehtiyatlı yanaşaq. Çünki cəbhədə baş verən hadisələrin əsas məqamları - niyə qəfildən müharibə başladı, niyə dayandı məsələsi- barədə dəqiq məlumata malik deyilik. Bu, bizi heç maraqlandırmamalıdır da. Üstəlik ilk hücuma bizim başladığımız və ya ermənilərin postlarımıza hücum çəkməsi də əsas məsələ deyil. Söhbət ondan gedir ki, bu iki dövlət müharibə şəraitində yaşayır, ortada sülh müqaviləsi yoxdur. Atəşkəs olsa da, son 20 ildə dəfələrlə pozulub. De-fakto müharibə şəraitindəyik, de-yure isə sülh sənədi yoxdur. Belə situasiyada hər dəqiqə müharibə başlaya bilər. Biz bu məsələləri bir kənara qoyuruq.

Söhbət ondan gedir ki, Azərbaycan-Ermənistan savaşı 1988-ci ildən başlayır. Ermənilər Dağlıq Qarabağa sahib çıxdılar, əlavə yeddi rayonumuzu da işğal etdilər. Bu, beynəlxalq qarətdir. Dünya birliyi, beynəlxalq aləm isə sanki bunu belə də qəbul etdi. Bir dövlət də Azərbaycana üzrxahlıq bildirmədi. Faktiki dedilər ki, ermənilər nə ediblərsə, düz edib, məsələ danışıqlar vasitəsilə həll edilməlidir. Həmin ərəfədə İrəvanda mitinqlər gedir, Rusiya bizi qəbul etmirdi. Amerikaya gedib-gələ bilmirdik, Avropa nəyin baş verdiyinin fərqində deyildi və s.
Birincisi, aprelin 2-də cəbhədə gərginlik müşahidə edildi, Azərbaycan ordusu müəyyən tədbirlərə əl atdı. 2 apreldən sonra bütün beynəlxalq qurumlar, siyasətçilər dedilər ki, Azərbaycan hücuma keçib.

Eyni zamanda beynəlxalq qurumlar Azərbaycanın ünvanına kəskin söz demədi. Bəli, hansısa ölkələrdə qəzetlər, ictimai insanlar konkret olaraq tərəflərdən birinin mövqeyini tutdu, ancaq Azərbaycanın ünvanına rəsmi olaraq bir şey səslənmədi, əleyhimizə olan bəyanatla rastlaşmadıq. Bu da, onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında siyasi vəziyyət dəyişib. Faktiki olaraq münaqişə ilə bağlı beynəlxalq cəmiyyətdə dəqiq informasiya var. Hər bir ölkə və beynəlxalq qurumlar bilirlər ki, bu torpaqlar kimindir, necə işğal edilib və s.

İkincisi, beynəlxalq aləmdə hazırda Azərbaycanın siyasi durumu tamamilə başqadır. İndi Azərbaycanla hesablaşırlar. Mən hadisələri qabaqlamaq istəmirəm. Görünür, Azərbaycan bu məsələdə həssas davranır, lazımı məsələləri müxtəlif səviyyələrdə müzakirə edir.

Baxın, dünyanın tanınmış siyasətçiləri sanki bu hadisələrə hazır idi. Azərbaycan ordusu yaxşı silahlanıb, nizam-intizam güclüdür, silah sarıdan problem yoxdur. Gözləyirdim ki, ordumuz bəzi rayonları geri qaytaracaq, müharibə fazasını Dağlıq Qarabağın sərhədinə gətirəcək. Lakin belə olmadı. Buna baxmayaraq, Azərbaycan-Ermənistan konfliktində ilk dəfədir ki, Azərbaycan özünü çox qüvvətli, hazırcavab və haqlı tərəf kimi göstərib. Mənə elə gəlir ki, bu, ermənilər üçün gözlənilməz oldu.

Onlar gördülər ki, Azərbaycanın güclü, müasir silahlarla silahlanan ordusu var və özünü qorumaq, müharibə aparmaq imkanları və resursları mövcuddur. 2-5 aprel hadisələrindən gəlinən nəticə budur. Yəni artıq ermənilərin dərsi verildi, gördülər ki, onların qarşısında aciz kənd camaatı deyil, nizamlı ordu və siyasi qüvvə dayanıb. Məsələnin mahiyyəti budur.

Bu hadisələr zamanı ölkədə yüksək vətənpərvərlik ab-havası gördük. Ordu böyük qüvvədir. Ola bilsin ki, daha geniş hücum təşkil etmək olardı. Ancaq bu siyasətçilərin deyil, hərbçilərin işidir. Biz ancaq ortada olan reallıqdan danışa bilərik.

- Tərəflərin əməliyyatları dayandırmaq təşəbbüsü Rusiyadan gəlib, Azərbaycan və Ermənistanın baş qərargah rəisləri Moskvada görüşərək razılıq əldə edib. Bunu necə qiymətləndirmək olar?

- Düzdür, belə bir xəbər var. Ancaq əməliyyatların dayandırılması məsələsi Moskva ilə razılaşdırılsaydı, bəxtəvər olardıq. Qənaətimə görə, bu məsələ ilə bağlı Moskva Vaşinqtonla da müzakirələr aparır. Bu razılaşmanın məzmununu hələlik bilmirik. Ola bilsin ki, bir müddətdən sonra məlum olacaq.

- Ermənistan cəbhədəki hər iki tərəfin ordusunun 1 apreldəki mövqelərə çəkilməsini istəyirdi. Azərbaycan tərəfi isə bu tələbi rədd edərək aldığı yüksəklikləri və əraziləri geri qaytarmayacağını elan etdi. Bundan sonra tərəflər indiki mövqelərdə dayanmaq şərti ilə atəşkəsə razılaşıb...

- Təbii ki, Azərbaycan bəzi yüksəkliklər əldə edib, bir kəndi azad edib. Bu, müsbət haldır. Ancaq qənaətimcə, yüksəkliklərin alınması strateji əhəmiyyət daşımır. Burada daha əhəmiyyətli olanı Azərbaycanın nümayiş etdirdiyi hərbi qüvvəsidir. Əsas məsələ budur. Erməniləri bu məqam qorxudur.
O ki, qaldı erməni tərəfinin tələbinə, Azərbaycan ordusunun 1 aprelə qədərki mövqelərinə çəkilməsini istəmək ciddi məsələ deyil. Çünki Azərbaycan tərəfi indiki məqamda hazırkı durumla da razılaşmaya bilər.

- Rusiya xarici işlər naziri Sergey Lavrov sabah Bakıya səfər edəcək, onun ardınca baş nazir Medvedev Bakıda danışıqlar aparacaq. Bu danışıqlardan nə gözləmək olar?

- İndi söhbət ondan gedir ki, kim problemi həll etdisə, həmin dövlətin mövqeyi Cənubi Qafqazda güclənəcək. ABŞ anlayır ki, onun bura gələrək nəyisə həll etmək imkanı yoxdur. Düzdür, Amerika qüdrətli ölkədir, super gücdür. Amma Amerika uzaq, Rusiya isə yaxındadır. Ola bilsin ki, Rusiyanın aparıcı rolu da Amerika ilə razılaşdırılsın. Çünki ABŞ Rusiyanın təşəbbüskarlığına etiraz etmədi, bunu nümayiş də etdirmədi. Reallıq odur ki, yaranan indiki vəziyyətdə Rusiya aktivlik nümayiş etdirir.

- Maraqlı məqamlardan biri də odur ki, cəbhədə baş verən hərbi əməliyyatlara Rusiya tərəfsiz yanaşdı. Sizə elə gəlmirmi ki, “Rusiya Ermənistanı dəstəkləyəcək” mifi bir qədər sındırıldı və bu, Azərbaycanın diplomatiyasının hesabına baş verdi?

- Rusiya dövlət olaraq bu məsələdə bərabər mövqedə durdu. Həm də Rusiya bunu ustalıqla etdi. Nəzərə almaq lazımdır ki, Rusiyada mətbuatın 40 faizinə qədəri ermənilərin əlindədir. Onlar fəal işləyirlər. Belə vəziyyətdə Rusiya hakim dairələri tərəflərə yanaşmada bərabər mövqe sərgiləmək üçün ustalıqla oynadı. Bununla da, Rusiya göstərməyə çalışdı ki, bu məsələdə obyektivdir, konkret kiminsə tərəfini tutmur. Nəzərdən qaçırmaq lazım deyil ki, Rusiya Ermənistanla müttəfiqdir. Başqa sözlə, müharibənin uzanmağı Azərbaycanın xeyrinə deyildi. Əgər müharibə bir qədər də uzansaydı, Ermənistan müttəfiqinə deyəcəkdi ki, haradasınız?

- Demək istəyirsiniz ki, Azərbaycan diplomatiyası belə zərif məqamları nəzərə alaraq “hərbi əməliyyatlar və dərhal diplomatik addımlar” yanaşmasını ortaya qoydu?

- Məncə, bu məqamı bizim siyasilər nəzərə aldı. Obyektivlik naminə demək lazımdır ki, başqa cür ola da bilməz. Məsələn, Azərbaycan Ermənistanla müharibə edir. Ermənistan isə Rusiyanın hərbi müttəfiqidir. Üstəlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində ciddi əməkdaşlıq edirlər. Yəni Azərbaycan tərəfinin addımlarını anlamaq lazımdır. Məncə, bu, doğru yanaşma idi.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq Bakıda görüşlərə başlayıb. Bu səfərdən nə gözləmək olar?

- Minsk Qrupundan heç nə gözləmirəm. Minsk Qrupunu formal təşkilata çeviriblər. Gəlirlər, məlumatlar yığır, tərəflərlə görüşür və bəyanat verirlər. Vəssalam! Minsk Qrupunun faktiki indiyə qədər xeyri olmayıb. Ortada nəticə yoxdur. Xatırlayırsınızsa, bir ara deyirdilər ki, Qarabağın açarı Moskvanın əlindədir. Bəli, son hadisələr də göstərir ki, açarın hamısı olmasa da, yarısı Moskvanın əlindədir.

- Qarabağ münaqişəsi indiyə qədər donmuş münaqişə hesab olunurdu. Cəbhədə baş verən son olaylar münaqişəni “buzlaşma” mərhələsindən çıxarırmı?

- Yaranan vəziyyətdə müxtəlif təkliflər ola bilər. Hər şeydən əvvəl Ermənistanın daxilində müxtəlif qüvvələr var. Başqa sözlə, bəzi qüvvələr problemin sülh yolu ilə həllini tərəfdarıdır. Ancaq münaqişənin sülh yolu ilə həllinin əleyhinə çıxan qüvvələr də mövcuddur. Son hadisələrdən sonra İrəvanda bəzi qüvvələr “Məqam düşüb, Sərkisyanı və Qarabağ klanını hakimiyyətdən götürək” yanaşmasını ortaya qoyacaqlar. Çünki Ermənistanda daxili narazılıqlar kifayət qədərdir. Hazırda Sərksiyanın mövqeyi ciddi şəkildə zəifləyib.

- Ordumuzun cəbhədəki addımları danışıqlar prosesində Azərbaycan diplomatiyasına əlavə güc qatacaqmı?

- Təhlil onu göstərir ki, danışıqlar prosesində ilk dəfə olaraq Azərbaycan güclü əl kimi iştirak edəcək. 1994-cü ildən indiyə qədər Azərbaycan danışıqlar prosesində müharibəni uduzan ölkə kimi iştirak edirdi. Amma indi Azərbaycan ermənilərə göstərib ki, müharibəni istədiyi an başlaya bilər, onun qüdrətli, müasir silahlarla təchiz olunan nizami ordusu var. Bu ordu qarşısına qoyduğu məqsədləri əldə edə bilər. Danışıqlar prosesində əlimizi gücləndirən digər məqam isə odur ki, beynəlxalq aləm Azərbaycanın bu mövqeyini inkar etmir, onu haqsız və ədalətsiz tərəf saymır.

Çünki artıq hamı razılaşır ki, Azərbaycanın torpaqları zəbt edilib. Əgər beynəlxalq aləmin ağlı, gücü, rıçaqları və bacarığı münaqişəni sülh yolu ilə həll etməyə imkan vermirsə, bu zaman işi həll etmək Azərbaycanın öz öhdəsinə düşür. Azərbaycan tərəfi də bunu etmək üçün gücünü və potensialını nümayiş etdirib, aydın olub ki, bu imkanları mövcuddur.

Ermənistan bu məqamı nəzərə almağa məcburdur. 1994-cü ildən bu yana danışıqlar prosesində deyilirdi ki, kompromisə hazır olmaq lazımdır. Bunu deyərkən daha çox birtərəfli kompromis nəzərdə tutulurdu. Yəni Azərbaycanın kompromisə getməsi. Ancaq indi söhbət ikitərəfli kompromisdən gedə bilər. Hesab edirəm ki, hazırda ikitərəfli kompromisin yolu açılıb.

NEMƏT


Müəllif: