7 Aprel 2016 10:16
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının üzvləri bu günlərdə Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində olublar. Səfərlə və cəbhə xəttindəki son hərbi əməliyyatlarla bağlı Teleqraf.com-un suallarını Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cavablandırıb:

– Cəbhə bölgəsində əhalinin əhval-ruhiyyəsi necə idi?

– Qarabağ Azadlıq Təşkilatının üzvləri olaraq cəbhə bölgəsində olduq, heç kimə mane olmadan xidmətimizi təklif etdik. Dedik ki, biz nə edə bilərik?! Əgər hərbi əməliyyatlar başlayacaqsa, arxa cəbhədə hansı işin qulpundan yapışa, ön cəbhəyə keçib nə edə bilərik?! Səfərimiz bu borcdan irəli gəldi.

İstər mülki əhali, istərsə də hərbçilər özlərini yalnız hiss etməməlidirlər. İstədik ki, onlar dəstəyimizi hiss etsinlər. Əhali demək olar ki, küçələrdə idi. Bununla insanlar bir-birlərinə dayaq olurlar. Öz yerlərini tərk etmək heç kimin ağlının ucundan da keçmir. Kişilər orada qalmağı özlərinə şərəf bilirlər. Bu əhval-ruhiyyəni gördük. Müəyyən çərçivələr daxilində bu cür səfərlərə ehtiyac var. Məsləhətdir ki, qeyri-hökumət təşkilatları, veteranlar, ziyalılar bu səfərlərə getsinlər. Məndə olan məlumata görə, artıq hərbi yönümlü təşkilatlar müvafiq razılıq əsasında insanlarla görüşmək üçün cəbhə bölgələrinə yola düşüblər.

– Hərbi əməliyyatlarla bağlı fikirlərinizi bilmək istərdik...

– Dünyada heç bir ölkə proseslərdən təcrid olunmayıb, Azərbaycan da hamıdan təcrid olunub özbaşına, öz istədiyi addımları ata bilməz. Yəni, bu cür addımlar atmaq istəyəndə dünyanın superdövləti hesab olunan ABŞ, yaxud regional güc Rusiya müəyyən bir koalisiya yaratmağa cəhd göstərir, ən azı beynəlxalq təşkilatların sanksiyasını almağa çalışır. Çünki başqa dövlətlərin də maraqlarını, mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan da təbii ki, gənc, yenidən öz müstəqilliyini elan etmiş bir dövlət kimi dünyada gedən prosesləri, maraqları, münasibətləri nəzərə almalıdır.

Amma eyni zamanda öz maraqlarını heç nəyə qurban verməməlidir. Yəni, bizim həmişə dediyimiz məsələ budur. Balaca dövlət olmur, nə olur olsun, həmişə öz mövcudluğunu, öz maraqlarını ortaya qoymalıdır. Çünki maraqlarını ortaya qoyanla hökmən hesablaşırlar. Ona görə də hesab edirəm ki, Azərbaycanın bu addımı öz maraqları baxımından çıxış etmək, öz maraqlarını ortaya qoymaq baxımından dəyərləndirilməlidir. Azərbaycan öz maraqlarına uyğun olaraq addım atdı. Kimlərsə razılıq, icazə vermişdi kimi söhbətləri ümumiyyətlə etmək istəmirəm.

Sadəcə olaraq müəyyən dövlətlərlə müəyyən məsələlər müzakirə olunmuşdu deyə bilərik. Amma bütövlükdə baş verən hadisələr Azərbaycanın maraqlarına cavab verən bir hadisədir. Yəni, Ermənistan özünü belə təqdim edirdi ki, çox ciddi müdafiə sistemi yaradıb, heç kim, xüsusilə də, Azərbaycan bu müdafiə sistemini yara bilməz. Amma Azərbaycan sübut etdi ki, təkbaşına, öz gücünə, öz qüvvətinə arxalanaraq Ermənistanın Rusiyanın köməyi ilə yaratdığı ciddi müdafiə xəttini yarıb keçdi. Bütün müharibələrdə ən vacib məsələ birinci müdafiə xəttini keçməkdir. Ermənilər 20 ildən çoxdur ki, müdafiə xəttini tərifləyə-tərifləyə yaradıblar, hərbi istehkamlar, səngər-bunker sistemini alınmaz bir xətt kimi təqdim ediblər. Azərbaycan çox asanlıqla bütün cəbhəboyu – Goranboy, Tərtər-Ağdərə, Ağdam və Füzuli istiqamətində çox asanlıqla həmin xətti yarıb keçdi. Buna hər dövlətin gücü çatmır. Hər iki tərəfdə bir neçə kilometr irəlilədi. Bu, çox böyük bir göstəricidir. Azərbaycan bununla bütün dünyaya öz gücünü göstərdi. Ona görə də aprelin 1-dən başlayan proseslər Azərbaycanın maraqlarına uyğun və qüvvəsini nümayiş etdirən bir hadisə oldu.

– Verilən reaksiyaların nə cür qiymətləndirirsiniz?

– Reaksiyaları siz də özünüz də gördünüz. Rusiya tərəfindən çox qısqanc və təlaşlı bir reaksiya oldu. Bəzən deyirlər ki, bu, Rusiyanın təxribatıdır. Amma Rusiyanın həm prezidentinin, həm xarici işlər nazirinin, həm də müdafiə nazirinin açıqladığı mövqe onu göstərdi ki, Rusiya bu hadisələrdən ən azı xəbərsizdir. Onun ssenarisi deyil. Çox təlaşla yanaşdılar bu məsələyə. Amerika çox təmkinli münasibət sərgilədi, hətta ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bir gün sonra münaqişənin eskalasiyasından narahatlıqlarını bildirdilər. Yəni, bu iki böyük dövlətin münasibəti maraqlıdır.

Digər beynəlxalq təşkilatlar ənənəvi mövqe ortaya qoydular. O cümlədən həmsədrlər ATƏT-in Minsk qrupunun boş və mənasız bir qurum olduğunu bir daha nümayiş etdirdilər. Bayağı bir bəyanatla çıxış etdilər. Türkiyənin mövqeyi açıq şəkildə ortada oldu. İran açıq şəkildə Azərbaycanı dəstəkləməyə hazır olduğunu bildirdi. Pakistanın mövqeyi açıq ortada oldu. Başqa bir maraqlı məqam Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı oldu. Uzun zamandır deyirdilər ki, guya Rusiya və Ermənistanın daxil olduğu KTMT Ermənistan tərəfindən çıxış edə bilər. Amma hadisələr göstərdi ki, bu heç də belə deyil. Qazaxıstan da ən azı loyal mövqedən çıxış etdi. Bu hadisələr KTMT-nin də ciddi bir qurum olmadığını və ya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytral qalacaqlarını göstərdi. Bu da Ermənistan Rusiya birliyinə bir zərbədir.

Səxavət HƏMİD


Müəllif: