3 May 2016 16:19
590

Teleqraf.com türkçülük günündə tarixçi alim Rafiq İsmayılla müsahibəni təqdim edir:

- Millətçilər 3 may tarixini türkçülük günü kimi qeyd edir. Bu tarixin seçilməsi nə ilə bağlıdır?

- Hər ilin bu günü bütün türklər türk dünyasının böyük şairi və fikir adamı Hüseyn Nihal Atsızın turançılıq iddiası ilə məhkəməyə çəkilməsi ilə başlayan özünə dönüş gününü qeyd edir. Türkçülük bayramının keçirilməsinin tarixi 70 il öncəyə gedib çıxır. Bu tarixi gün ilk dəfə 1945-ci il mayın 3-də Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Reha Oğuz Türkqan başda olmaqla, 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş miqyası əhatə edərək, türklər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.

Azərbaycanda türkçülük günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunur. Həmin tarixdə Bakıya gələn Alparslan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında təntənəli şəkildə qeyd olunub. Həmin gündən etibarən, bu bayram Turan ideyasının daşıyıcıları arasında keçirilir. Bu türkçülük ideyası ilə bağlıdır. Bu tarix rəsmən və dövlət bayramı kimi qeyd edilmir.

- Azərbaycanın millətçi kəsimi arasında bu gün necə qeyd edilir?

- Azərbaycanda gənc millətçi və türkçü nəsil var. Onlar öz istədiyi formada və ləyaqətlə qeyd edirlər. Ən azı bu günün olmasına sevinirlər. Lakin bu gün Azərbaycanda o qədər də geniş yayılmayıb.

- Türkçülük, turançılıq deyəndə Əhməd Ağaoğlu, Ziya Göyalp, İsmayıl Qaspıralı yada düşür. Sonradan biz 70 il SSRİ-nin daxilində yaşadıq. Bəs, həmin 70 ildə bu tarix dar çərçivədə olsa da, qeyd olunurdumu?

- Bu günün dar çərçivədə və digər formada qeyd olunması sovet dönəmində mümkün deyildi. Belə informasiyanın kənara çıxması insanların azı Sibirə göndərilməsi ilə nəticələnərdi. Amma türkçülük haqqında, Ziya Göyalpın düşüncələri barədə söhbətlərimiz, müzakirələrimiz olurdu. Türk kimliyi uğrunda mübarizə də olurdu. Həmin dövrdə biz öz kimliyimizdən məhrum edilmişdik. 1938-ci illərə qədər bizim pasportumuzda millətimiz türk olaraq yazılırdı.

- Hazırda çox adam türkçülükdən və turançılıqdan danışır. Amma onların fəaliyyətinə, davranışlarına baxanda türkçülük adına bir şey görünmür. Bu baxımdan necə düşünürsünüz, ümumiyyətlə, türkçülük varmı?

- Türkçülük sözün həqiqi mənasında öz coğrafiyasını genişləndirib. İndi Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan bu məsələdə ayıqdır. Fikrimcə, onlarda olan türkçülük geniş planda olan türkçülükdür. Azərbaycanda olan türkçülükdən qat-qat yuxarı planda dayanır. Ümumiyyətlə, SSRİ-də, ondan əvvəl isə çar Rusiyası dönəmində türkçülüyün vətəni Başqırdıstan və Tatarıstan olub.

- Son yüz ildə türkçülük ideyaları geniş yayılsa, bu yolda insanlar həyatından keçsə də, reallıqda türk soylarının problemləri heç zaman həll edilməyib. Türkçülük bir proses olaraq 100 ildən çox mərhələ keçsə də, problemlərin olduğu kimi qalmasına səbəb nədir?

- Milli şüurun dərk edildiyi dövrdən başlayaraq türkçülüyə qarşı güclü mübarizə gedib, əks tədbirlər görülüb, bütün səylərlə çalışılıb ki, insanlar türk varlığından imtina etsin. Məhz bunun nəticəsidir ki, tatarlar, başqırdlar, çuvaşlar, qazaxlar, qırğızlar meydana gəlib. Yəni indiki türk arealında yaşayan vahid bir millətin etnik kökəninin dəyişdirilməsi üçün böyük təbliğat maşını işləyib. Bu indi də işləyir. Götürək Tatarıstanı. Burada biri deyir mən tataram, digəri deyir mən bulqaram. Yəni təbliğat aparılır. Və ya qırğızlarla qazaxları. Bu, bir millətdir, amma birini qırğız, digərini qazax ediblər. Hətta SSRİ dövründə sovet respublikaları yarananda böyük Türküstan var idi. Bu Türküstan müstəqil adlarla dörd respublika oldu. Və bu respublikanın adları həmin xalqların milli kimliyi oldu. Sovetlər dönəmində böyük bir proyekt var idi-Türküstan-Sibir dəmir yolu. Onun adı Türksib idi. SSRİ zamanı bütün türk ifadələri dövriyyədən çıxarılmışdı. Ancaq yeganə qalan Türksib dəmir yolu idi. Bu adı da mexaniki olaraq işlədirdilər. Türksib əslində Türküstan-Sibir dəmir yolu demək idi. İndi heç bir qazax və ya qırğız adını türk olaraq yazmır, amma hamı türklükdən bəhs edir, türkçülükdən danışır. Paradoksal da elə budur.

- Türkçülüyün perspektivi haqqında düşüncələriniz necədir, bu xətt inkişafdadır, yoxsa artıq əks istiqamətdə hərəkət edir?

- Bu ideya var. Bu ideya söz olmaqdan reallığa çevrilmək prosesindədir. Nə qədər çalışsalar da, səylər göstərsələr də, bu ideyanın gerçəkləşməsinin qarşısını almaq mümkün deyil. Əvvəl-axır bu xalqlar türk olduğunu şüurlu olaraq anlayacaq. Çünki bu xalqların hamısı özünü türk hesab edirsə və hamı türk birliyi haqqında düşünürsə, mən bu xəttin qalib olacağına inanıram.

- Sirr deyil ki, Əbülfəz Elçibəyin sağ olduğu dövrlərdə 3 may tarixi daha təntənəli şəkildə qeyd olunurdu. İndi ölkədə kifayət qədər millətçi siyasi və ictimai təşkilatlar fəaliyyət göstərsə də, bu tarix təntənəli qeyd edilmir. Sizcə, səbəb nədir?

- Əbülfəz Elçibəy türklüyün mücəssəməsi idi. Odur ki, Əbülfəz Elçibəy sağ olanda hər şey onun istədiyi kimi qeyd edilirdi. Yəni həmin dövrdə bu günün təntənəli qeyd edilməsində Əbülfəz Elçibəyin fenomeni xüsusi rol oynayırdı. Həmin dövrdə nə qədər tədbirlər həyata keçirilirdi.

NEMƏT


Müəllif: