14 May 2016 13:23
2 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusların erməniləri müdafiə edəcəyi arqumenti cəfəngiyyatdır”

Teleqraf.com hüquq müdafiəçisi Eldar Zeynalovla müsahibəni təqdim edir:

- Eldar müəllim, iki ilə yaxındır ki, fəaliyyətiniz hiss edilmir, mediada görünmürsünüz. Bu, nə ilə bağlıdır?
- Hazırda imkanımız yoxdur ki, fəaliyyətimizi genişləndirək. 2014-cü ildən sonra imkanlarımız azalıb, eləcə də media ilə əlaqələrimizdə zəiflik yaranıb. Mən rus dilliyəm və bu səbəbdən Azərbaycan dilli resurslarla münasibətim zəifdir. “Exo” və digər qəzetlərlə əməkdaşlıq edirəm. Eləcə də həyat yoldaşım tərcümə işləri ilə məşğul olur. Aktivlik məsələsinə gəldikdə, manipulyasiya eləmək niyyətində deyiləm. Bilirsiniz ki, çoban sürünü hansısa istiqamətə yönəldəndə sürünün başına keçini qoyur. Və beləcə keçinin getdiyi yolla bütün sürü gedir. Mən bu yolu sevmirəm. Mən siyasətçi deyiləm və dəfələrlə qeyd etmişəm ki, ölkədə insanlarımız yaxşı yaşayacaqsa, hər şey yolunda olacaqsa, bu zaman prezidentin kim olmasının mənim üçün fərqi yoxdur. Daha maraqlısı islahatların getməsi məsələsidir. Hesab edirəm ki, 2014-cü ilə qədər reformlar olub. Ola bilsin ki, islahatlar zəif və ya güclü gedir. Amma faktiki olaraq gedirdi. Ancaq 2014-cü ildə qanunvericiliyə dəyişikliklər edildi, QHT-lərin fəaliyyəti bir qədər zəiflədi. Əlbəttə, məsələ heç də maliyyə ilə bağlı deyil. Dialoq olmalıdır. Vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoq olmalıdır. Lakin yaxın keçmişdə bildirildi ki, vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri “5-ci kolon”un nümayəndələridir. Əlbəttə, bu iddiada həqiqət ola bilər. Mən bunu istisna etmirəm. Amma fikrimcə, bunu bütün vətəndaş cəmiyyətinə aid etmək olmaz. Bir çox insanlarda sanki əhval-ruhiyyə zəiflədi. Ancaq biz fəaliyyətimizi davam etdiririk.

- İnsan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz?
- Baxın, ABŞ Dövlət Departamenti çoxlu sayda qurumlarla əməkdaşlıq edir. Buna normal yanaşıram. 907-ci düzəliş var və buna əsasən Azərbaycanın aqressiv hərəkət etdiyi ifadə olunur. Ancaq bütün dünya Ermənistanı aqressor kimi tanıyıb. Ancaq ABŞ-ın bu mövqeyi davam edir. Amerikalılar 1992-ci ildə ölkəmizi aqressor elan edib və indi də bu proses davam edir. Baxmayaraq ki, ABŞ həm də Minsk Qrupunda həmsədrdir və təkliflər irəli sürür. Amma həm də Azərbaycanı insan hüquqlarına görə tənqid edir. Yəni biz burada ikili standartın şahidi oluruq. Ötən il Avropa Parlamenti bəyan etdi ki, Azərbaycanda son 10 ildə insan haqları çox pis duruma düşüb. Baxın, sizə bir misal çəkim. Çində ölüm hökmü var. Türkmənistanda prezidentə tabe olmayan, onu təbliğ etməyən qəzet çap edilə bilməz. İranda 2 min insanı küçədən asıblar. Belə çıxır ki, bu ölkələrdə insan haqlarının durumu yaxşıdır, nəinki Azərbaycanda. Özbəkistanda 2005-ci ildə Əndican hadisələri baş verdi. Bir aydan sonra mən ora getdim. Ancaq bizi həbs edib ölkədən çıxardılar. Sanki cinayətkar idik. 2010-cu ildə Qırğızıstanda Oşda baş verənləri müşahidə etdik, orada insanları ömürlük həbs etdilər. Bu ölkələrdə vəziyyət Azərbaycandan yaxşıdırmı? Mən bununla heç bir halda razılaşa və belə kampaniyalarda hansısa formada iştirak edə bilmərəm. Mən Rusiyada nələrin baş verdiyini müşahidə edirəm. Ukraynalılar deyəndə ki, Krım Ukraynanın ərazisidir, Rusiyada onları əməllicə incidirlər.

- Demək istəyirsiniz ki, burada siyasi məqsədlər var?
- Bəli, əlbəttə. Məqsəd hakimiyyətə təzyiq etməkdir. Məncə, bu, daha çox Azərbaycanın NATO üzvü olmaq istəyini elan etməməsi ilə bağlıdır. Postsovet ölkələrinə baxa bilərik. Ermənistan istisna olmaqla əksər ölkələr NATO-ya üzv olmaq istədiyini ifadə edib. Azərbaycan isə NATO ilə əməkdaşlıq edir. İraqda bizim hərbçilərimiz var, Kosovada olub, Əfqanıstanda sülhməramlı tədbirlərdə Azərbaycan hərbçiləri iştirak edib. Biz NATO ilə əməkdaşlıq edirik, amma ora daxil olmaq niyyətimiz yoxdur. Bizim kimi ölkələr mövcuddur. Bir çox ölkələr elan edib ki, Qoşulmayan Hərəkatın üzvləridir. Məsələn, Türkmənistan da elan edib ki, heç bir hərbi ittifaqa daxil olmaq niyyətində deyil. Məncə, bu məsələdə Azərbaycanın mövqeyi doğrudur.

- Nəyə əsasən belə düşünürsünüz?
- Ukrayna hadisələrini gördük. Ukrayna NATO-ya üzv olmaq xəttini seçdi. Nəticədə Krım əldən çıxdı, Donbasda nələrin yaşandığı ortadadır. Gürcüstan nəsə etmək istədi, Osetiya və Abxaziyanı itirdi. Bir sözlə, çox aydındır ki, Rusiya kimi böyük və qonşu dövlətlə ultimatum dilində danışmaq olmaz. Kim ki, Rusiyanı mühasirəyə almaq istəyir, onun öz marağı var. Azərbaycan bu prosesdə iştirak etmir. Əgər xatırlayırsınızsa, Avropa Birliyinin xarici əlaqələr komissarı, xanım Moqerini 2015-ci ildə bizim hakimiyyəti tənqid etmişdi. Ancaq sonra bir avropalı xanım komissarın hicabda İrana səfər etdiyini müşahidə etdik. Baxmayaraq ki, bu ölkədə cəzaların və işgəncələrin olduğunu hamı bilir, müxalif düşüncəli insanlar sərt cəzalandırılır.

- Bu ilin aprelində Qarabağ cəbhəsində ciddi hərbi addımlar oldu, Azərbaycan ordusu müəyyən cavab tədbirləri həyata keçirdi. Bu prosesləri izlədinizmi və məsələyə baxışınız nədən ibarətdir?
- Bəli, izlədim. Ancaq bir məqamı xatırlatmaq istərdim. 2014-cü ilin yayında Naxçıvanda analoji hadisə baş verdi. Həmin vaxt erməni tərəfi bəzi yüksəklikdə postlarını irəli çəkdilər, bir neçə kilometr irəli gəldilər. Baxmayaraq ki, bu ərazilərdə heç kim yaşamırdı və prinsipcə oranı tutmağın da hər hansı bir mənası yox idi. Söhbət Ləkidağı ətrafında baş verən hərəkətlərdən gedirdi. İndi Azərbaycan ordusu Lələtəpədə etdiyini erməni tərəfi Ləkidağda etmək istəmişdi. Azərbaycan ordusu da aprelin əvvəlində sadəcə olaraq postları bir qədər irəli çəkmək üçün addımlar atdı. 2014-cü ilin yayında Naxçıvanda baş verən hərbi proseslərdən sonra erməni tərəfi təbliğat apardı ki, Azərbaycan ordusu zəifdir və s. Bundan sonra Azərbaycan ordusunun Naxçıvanda müəyyən struktur işləri həyata keçirdi. Apreldə isə Azərbaycan ordusu müəyyən addımlar atdı. Çünki erməni tərəfi bu ərazilərdə mülki insanların yaşadığı Azərbaycan kəndlərini atəşə tuturdu, silahsız insanları hədəfə alırdı. Azərbaycan tərəfi də, bunun qarşısını almaq üçün bəlli yüksəklikləri nəzarətə götürdü, amma mülki ermənilərin məskunlaşdığı ərazilərə hər hansı bir atəş açmadı. Odur ki, kimsə deyir ki, guya cəbhədə əməliyyat yüksək səviyyədə keçirilməyib, nöqsanlar olub, daha irəli getmək olardı və s. bununla razılaşa bilmərəm. Çünki məqsəd fərqli idi. İndi bizim Goranboydakı mülki əhalini atəşə tuta bilmirlər. Düzdür, atışmalar olur, ancaq bu hərbçilər arasında baş verir.

- Sizcə, erməni tərəfi Azərbaycan ordusunun bu addımlarından sonra nə düşünür?
- Uzun müddət ermənilər deyirdilər ki, Azərbaycan ordusu peşəkar deyil, əsgərlər komandirlərindən qorxur və s. Ancaq apreldə Azərbaycan ordusu saat mexanizmi kimi işlədi, ali baş komandanın əmrini yerini yetirdi. Əgər ordunun qarşısına digər məqsəd qoyulsaydı, onu da həyata keçirərdi. Yəni burada problem hərbi deyil, siyasi məsələlərlə bağlıdır. Ermənistan isə bu hadisələrdən sonra dünyaya car çəkdi ki, Azərbaycan ordusu ağır silahlardan istifadə edir, müharibəyə başlayır, erməniləri qırır və s. Ancaq aprel döyüşləri Azərbaycan ordusunun gücünü və imkanlarını sınaqdan keçirmək baxımından bir fürsət oldu. Bu zaman silahlar, peşəkarlıq sınaqdan çıxarıldı. Ermənistan ordusunun silahları köhnədir, əlbəttə, yeniləri də var. Məhz aprel döyüşlərində erməni tərəfi də silahlarını sınaqdan keçirdi və deyərdim ki, özlərini müdafiə edə bilmədilər.

- Qarabağ münaqişəsinin həlli danışıqlar vasitəsilə, yoxsa hərbi addımlarla mümkündür?
- Nəzəri baxımından hər iki variant da baş verə bilər. Ancaq məsələyə reallıqdan baxanda deyərdim ki, ATƏT-in Minsk Qrupunda ABŞ, Rusiya və Fransa təmsil olunur. ABŞ vaxtilə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edib, Fransa erməni “soyqırımı”nı qəbul edib, Rusiya isə Ermənistanın hərbi müttəfiqidir və onun Ermənistanda iki hərbi bazası var. Halbuki, vasitəçilər obyektiv olmalı və tərəf olmamalıdır. Lakin aydın görünür ki, bu ölkələr bizimlə müqayisədə Ermənistana daha çox simpatiya bəsləyir. Belə olan halda onlar münaqişənin həlli istiqamətində hansı təkliflər irəli sürə bilərlər? Söhbət ədalətli təkliflərdən gedir. Onların ortada olan təklifi budur ki, ətraf rayonlar Azərbaycana qaytarılsın, Dağlıq Qarabağda isə referendum keçirilsin. Dağlıq Qarabağda əhalinin 100 faizi ermənidirsə, bu referendumun nəticəsi indidən bəllidir. Ancaq bu, münaqişənin həlli deyil. Minsk Qrupunda Almaniya, Türkiyə və digər ölkələr var, amma münaqişə ilə bağlı vasitəçilik edən ölkələr tərəf olmamalıdır. Onlar bu məsələdə maraqlı deyil, ədalətli olmalıdır. Əks halda bunun uşaq oyunu olduğu bəllidir. Siz maraqlı bir məqama diqqət edin. Abxaziyada xarici əsgərlər var idi, Dnestryanı bölgədə var idi, Kosovada mövcud idi. Ancaq Dağlıq Qarabağda xarici və ya sülhməramlı kontingent yoxdur. Bu halda sual ortaya çıxır, bəs nədən Qarabağda müharibə baş vermir? Bunun cavabı bəllidir: əgər biz hücuma keçsək, və uzunmüddətli müharibə olsa, Rusiya münaqişəyə cəlb olacaq və bu, bizim üçün heç də arzu edilən deyil. Yox, əgər Ermənistan müharibəyə başlasa, Naxçıvanda aktivləşsə, Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvana daxil olacaq və ola bilsin ki, İrəvana qədər gedəcək. Odur ki, bütün tərəflər bilirlər ki, müharibəni başlamaq olmaz və bu, daha böyük fəsadlara gətirib çıxara bilər. Danışıqlar vasitəsilə də məsələ həll edilmir, çünki vasitəçilər həm də maraqlı tərəflərdir. Mənim qənaətimə görə, indi beynəlxalq oyunçular daha çox bu regionda sakitliyin olmasını, beynəlxalq layihələrə təhlükə yaranmamasını vacib sayırlar. Ola bilsin ki, böyük oyunçular beynəlxalq layihələrin müddəti bitdikdən sonra müharibə və ya sülh məsələsində indiki qədər maraqlı olmayacaq.

- Demək istəyirsiniz ki, beynəlxalq oyunçular münaqişənin dondurulmuş formada-nə müharibə, nə də sülh vəziyyətində saxlanılmasında maraqlıdır?
- Bunu da demək çətindir. Əgər Rusiya ilə danışmaq, razılığa gəlmək mümkün olsa, Ermənistan sadəcə batacaq. Aydındır ki, ermənilərin özünü belə aparmasının səbəbi odur ki, arxalarında rus əsgəri durur. Məsələn, çoxları düşünür ki, Rusiya ilə razılığa gələ bilməyimiz mümkün deyil. Arqumentləri də, budur ki, ruslar 100 ildir ki, ermənilərlə dostluq edir. Ancaq bu, cəfəngiyyatdır. Çünki bizim gözümüzün qarşısında ruslar Miloşeviçi, Səddam Hüseyni, Qəddafini və digərlərini qurban verdi. İndi “Rusiya ayağa qalxıb, güclənib və daha heç kimi satmayacaq” iddiası əsassızdır. Qlobal maraqlar dəyişəndə inanın ki, bu məsələ bir neçə gün ərzində həll edilə bilər. Düzdür, hazırda Rusiyaya Ermənistanı satmaq lazım deyil. Orada hərbi bazası var, Türkiyə ilə münasibətləri pisləşib, NATO sərhədində ona Ermənistan kimi dövlət lazımdır və s. İndi Rusiyanın Ermənistandan imtina etmək, onu satmaq kimi marağı yoxdur. Ancaq bu, o demək deyil ki, sabah bu maraq dəyişməyəcək. Həm də məsələ ondan gedir ki, bu regionda Rusiyanın müttəfiqləri kimdir. Ermənistan bəllidir. Amma əsas müttəfiq həm də İrandır. İran isə 70-ci illərdən bu yana məruz qaldığı sanksiyalardan canını qurtarıb, beynəlxalq bazara çıxış dəhlizinə malikdir, Avropa və Qərblə münasibətlərini yeni qurur və s. Rusiya isə Azərbaycan vasitəsilə İranla quru əlaqələrə malikdir. Odur ki, günün birində Rusiyanın mövqeyi dəyişə bilər. Və ya Azərbaycan İranla qaz və neft məsələsində eyni mövqedə çıxış edə bilər və bu iki ölkəni bir-birinə daha da yaxınlaşdıra bilər. Yəni İranın dünya bazarına, Avropa məkanına çıxışı var, Rusiya isə Azərbaycan vasitəsilə İranla əlaqələr qurur. Bu fakt Azərbaycanı daha güclü edə və Rusiyanın Ermənistanla bağlı fikrini dəyişə bilər. Çünki başqa ölkələrdə də Rusiyanın hərbi bazaları olub və zaman-zaman həmin ölkələrdən çıxarılıb. Odur ki, “Qarabağın açarı Kremldir” fikrində müəyyən qədər həqiqət var. Sabah Rusiyanın maraqları dəyişə bilər. Biz bunu bilmirik. Optimizmi itirmək olmaz. Qarabağ hər zaman bizim olub və bundan sonra da olacaq. Bəli, orada seçkilər keçirə, bayrağı hansısa tədbirlərdə qaldıra, özlərinə prezident seçə bilərlər və s. Ancaq bunların heç biri onun statusunun tanınması üçün əsas ola bilməz. Bir müddət əvvəl Ermənistan aprel döyüşlərinə qarşı demarş məqsədilə Qarabağın tanınması məsələsini parlamentdə müzakirəyə çıxaracağını elan etdi. Ancaq sonu nə oldu? Kim Ermənistana icazə verdi ki, onun müstəqilliyini tanısın? Odur ki, bu münaqişə ilə bağlı bizdən asılı olan öz hərbi imkanlarımızı artırmaq, inkişaf etdirməkdir. Azərbaycan orbitə peyk buraxıb. Heç kim deyə bilməz ki, bu peyk ancaq Az.Tv və ya digər kanalların yayımını təmin etmək üçündür. Ola bilsin ki, bu peyk vasitəsilə hərbi baxımdan da informasiyalar əldə oluna, Qarabağda hansısa xəbərləri əldə etmək olur və s. Əsas odur ki, biz ayıqlığı və hərbi imkanlarımızı itirməyək. Bizim hərbi büdcəmiz Ermənistanın bütövlükdə dövlət büdcəsi qədər və ya ondan çoxdur.

NEMƏT


Müəllif: