1 İyun 2016 13:45
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edir:

- Cümşüd müəllim, 1993-cü ilin iyun qiyamı ərəfəsində hansı dövlət postunu tuturdunuz?

- Mən həmin ərəfədə deputat idim, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyində nazir müavini vəzifəsini daşıyırdım.

- 1993-cü ilin iyun qiyamı barədə nə deyə bilərsiniz?

- Həmin vaxt Milli Məclisdə idim və iyun qiyamı haqda müzakirələr başlamışdı. İyunun 2-də keçirilən iclasda AMİP sədri Etibar Məmmədov məsələ qaldırdı ki, bizim hakimiyyət Gəncədə “Tufan” əməliyyatı hazırlayıb. Belə bir açıqlama oldu. Həmin vaxt Azərbaycan müdafiə naziri Gəncədəki 907 saylı hərbi hissənin ləğvinə dair əmr vermişdi. Proseslər də bundan sonra başladı.

- Siz hadisələrin mərkəzində idiniz. Nəyə görə, iyun qiyamı baş verdi, bunun səbəbi haqda nə deyə bilərsiniz?

- Qiyamın baş verməsinin səbəblərindən çox danışılıb. Qiyam əvvəlcədən hazırlanan əməliyyat idi. İstər Gəncədə baş verənlər, istərsə də hakimiyyətin ona qarşı atacağı addımlar bəlli idi. Bu hadisələrin üzərindən 23 il keçir, ancaq hələ də etiraf etmək istəmirlər. Başqa sözlə, 4 iyun qiyamı bir ssenari idi və təəssüflər olsun ki, nəticədə Azərbaycan uduzdu. Başqa sözlə, qarşıdurma baş verdi, vətəndaş müharibəsi oldu və bu, istər-istəməz yeni problemlərin əsasını qoydu. Qarşıdurma nəticəsində pis vəziyyətdə olan ordu daha pis duruma düşdü. Əslində, Kəlbəcərin itirilməsi də buna təkan olmuşdu. Bu hadisələrdə Rusiyanın və bu ölkənin Azərbaycandakı adamlarının böyük payları var. Ancaq qiyam olmaya bilərdi. Sadəcə bu razılaşdırılan bir oyun idi, amma oyunçuların bəziləri bunu etiraf etmək istəmirlər. Axı niyə etiraf etsinlər ki? Onlar yaxşı yaşamaqda davam edirlər.

- Deyirsiniz ki, 4 iyun qiyamı öncədən hazırlanan ssenari idi. Bəs, ssenarinin müəllifləri kimlər idi?

- Bunu daha çox həmin dövrdə güc nazirliklərində təmsil olunan şəxslər bilər. Çünki bu işin içində onlar idi. Necə oldu ki, qısa müddət ərzində qarşıdurma yarandı, Rəhim Qazıyev müdafiə naziri postundan kənarlaşdırıldı, birdən-birə Xankəndinin 15 kilometrliyində Azərbaycan ordusunun hücumu dayandırıldı və s. Bir ay sonra Kəlbəcərin təslim olunması müşahidə edildi. Bir sözlə, çoxlu sayda suallar var. Bu suallara cavabı həmin dövrün müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliyinin yüksək çinli rəhbərliyi cavab verə bilər. Ancaq Etibar Məmmədov Milli Məclisdə çıxış edərkən bu işlərə görə, AXC hakimiyyətini ittiham edirdi.

- Konkret olaraq Etibar Məmmədov kimi günahlandırırdı?

- İsa Qəmbər və Pənah Hüseyni. Yəni ssenarinin Moskvada yazılması və Bakıda həyata keçirilməsi məlumdur. Ancaq ssenari müəllifləri kimlərdir, burada digər şəxslər hansı statusda çıxış edib kimi məsələləri mən bilmirəm.

- Sizcə, İsa Qəmbər və Pənah Hüseyn bu hadisələrdə günahkar idi?

- Kim istəyərdi vəzifəsini itirsin? Təbii ki, o zaman hakimiyyətdə olanlar təcrübəsiz, eyni zamanda həddən çox eyforiyada idilər. Hakimiyyət elə şeydir ki, əlavə olaraq güc və qüvvət verir. Bu təxminən silahlı adamla silahsız adam nisbətindədir. Onlar istəməzdi ki, vəzifədən olsunlar. Ancaq təcrübəsizlik, sadəlik, hakimiyyət daxilində inamsızlıq, qarşılıqlı ittihamlar, qruplaşmalar sonda ciddi rol oynadı. Bunlar özləri də hakimiyyətə çevrilişlə gəlmişdilər. Üstəlik qısa müddətdə peşəkar olmayanların hakimiyyətə gətirilməsi, meydanda qışqırıq edənin icra başçısı qoyulması tendensiyaları olmuşdu. Bütün bunlar sonda əhalini iyrəndirdi. Əhali AXC-dən çox şeylər gözləyirdi, amma gördülər ki, bunlar da düşüncə baxımından kommunist, hərəkət baxımından demokratdırlar. Başqa sözlə, AXC-nin addım və hərəkətləri bir növ yamaqlı şalvara bənzəyirdi. Bunun da, nəticəsində 4 iyun qiyamı zamanı xalq kənarda durdu, bitərəf qaldı. Xalq üçün qiyamın mənası olmadı. Odur ki, nə müdafiə etdi, nə də bu proseslərə qarışdı. Nəticədə AXC təkləndi. Həmçinin AXC daxilində satqınlıq başladı. Kimlər satdı, nədən AXC bu işlərə qarışdı kimi məqamları ən yaxşı Rəhim Qazıyev bilir.

- Həmin dövrdə Etibar Məmmədovun bu proseslərdə payı var idimi?

- Etibar Məmmədov müəyyən hallarda məlumatlı idi. Lakin Məmmədov sadəcə partiya sədri idi. Eyni zamanda AXC iqtidarına müxalifətdə idi. Təbii ki, Etibar Məmmədov maraqlı idi ki, AXC hakimiyyətdən getsin. Bu, məqsəd və arzu idi.

- Amma Etibar Məmmədova yaxın adamlar həm də Sürət Hüseynovla yaxın idi. Konkret olaraq Şadman Hüseynovun adını qeyd etmək olar...

- Şadman Hüseynov dünyasını dəyişib və istəmərəm bu haqda nəsə danışım. Əgər bir hakimiyyəti Etibar Məmmədovla Şadman Hüseynov yıxa bildisə, deməli, o hakimiyyət deyildi.

- Rəhim Qazıyev bu ssenaridə hansı rolu almışdı?

- Qazıyev müdafiə naziri olanda Rusiya ilə dil tapmışdı. Ordu Xankəndinə yaxınlaşırdı. Qazıyevi müdafiə naziri postundan uzaqlaşdırmaqla nə qazandılar? Əslində, Qazıyev general Şerbakla yaxın idi və bu imkanlarından istifadə edirdi. Onlar ilk dəfə 1992-ci ilin 5-6 martında Xocalını işğaldan azad etmək üçün bu addımı atdısa, ikinci addımı 1993-cü ilin fevralında Rəhim Qazıyevə qarşı atdılar. Sürət Hüseynov da sonra bu proseslərdən kənarlaşdırıldı. Və əslində bundan sonra valın üzü döndü. Ancaq bu oyunları kimin qurmasını Pənah Hüseynlə İsa Qəmbər daha yaxşı bilər. Artıq bu hadisələrdən 23 il keçir və bəzi məsələlər yaddan çıxır. Necə oldu ki, AXC hakimiyyətini aldatdılar ki, Kəlbəcəri verin, bu, Dağlıq Qarabağdan kənardır və beynəlxalq rezonans yaradacaq və beynəlxalq ictimaiyyət bu işə qarışacaq. Niyə Kəlbəcərin işğalına görə, ancaq Qənizadə həbs edildi, bəs digərləri? Bir sözlə, suallar çoxdur.

- Nemət Pənahlı bu proseslərdə hansı mövqedə dururdu, əsas fəaliyyəti nədən ibarət idi?

- Nemət Pənahlı bir günlük şah statusunda çıxış etdi. Mən onu meydan hərəkatından tanıyıram. Nemət Pənahlı bu xalqa rəhbərlik etmək iddiasına düşəndə, əslində, ən böyük səhvini etdi, bu xalqa yaxşılıq deyil, ən böyük pislik idi. Siyasətdən kənar insanın proseslərə qoşulması ən ciddi səhv idi. Təcrübəsiz, fanat və millətini sevən bir adamın olması o demək deyil ki, onun əli ilə millətinin əleyhinə pislik etmək olmaz.

- Prinsipcə, Əbülfəz Elçibəy də millətini sevən şəxsiyyət idi...

- Əbülfəz bəy dünyasını dəyişib və özü ilə apardığı sirlər barədə söz deyə bilmərəm. Amma Əbülfəz Elçibəy hakimiyyətə gəlməməli idi. Əgər AXC lideri kimi qalsaydı, xalqın lideri statusunu qoruyacaqdı. Ancaq hakimiyyətə gəldikdən sonra vəziyyət başqa cür oldu. Onu bir növ aldadıb hakimiyyətə gətirdilər. Mənim kimi adamın səhv buraxması ciddi məsələ deyil. Çünki mən fikir söyləyirəm, konkret addım atmıram. Amma dövlətdə olan, dövləti yönəldən şəxsin atdığı səhv addım ciddi nəticələrə səbəb ola bilir.

- Elçibəyin özünün iyun qiyamında rolu var idimi?

- Əsla yox! Sadəcə olaraq Əbülfəz Elçibəyi aldatdılar.

- Kim aldatdı?

- Güc nazirlikləri. Əbülfəz Elçibəyin dövlətçilik təcrübəsi yox idi. O zaman güc nazirliklərinə diqqət edilməli idi ki, bu qurumlar nədən bəlli tapşırıqları həyata keçirmədilər, onların məqsədi nə idi, Əbülfəz Elçibəyə niyə xəyanət etdilər? Bunu onlar gözəl bilirlər. Buyurub açsınlar.

- Məncə, siz də gözəl bilirsiniz, buyurun açın...

- Mən bildiklərimi deyə bilmərəm. Bunu həmin dövrdə güc strukturlarının rəhbərliyində olan şəxslər desinlər. Bilirsinizmi, bu xəyanəti edənlər indi yaxşı yaşayırlar, hər cür şəraitləri də var. Kimlər ki, daha çox millətdən danışır, onlar millətə daha çox xəyanət edirlər.

- Yəni 4 iyun indi millətdən danışan şəxslərin məhsulu idi?

- Bəli, onların razılaşdırılmış birgə məhsulu idi və bu, dəqiqdir.

Nemət


Müəllif: