20 İyun 2014 19:36
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: “Ermənilər regionda Rusiya və İranın siyasətini həyata keçirir”

Bakıda NATO Parlament Assambleyasının keçirilməsi, erməni deputatların paytaxtımıza səfəri, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri, burada verdiyi bəyanatlar, Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan sülh danışıqlarının vəziyyəti haqqında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə fikirlərini açıqlayıb. Millət vəkili həmçinin İraqın şimalında baş verən hadisələr, İraq Şam İslam Dövləti adlanan terrorçu təşkilatın Kərkük və Mosulda törətdiyi qırğınlar haqqında danışıb.

- Asim bəy, NATO Parlament Assambleyasının toplantısı Bakıda keçirildi. Bu tədbirin ölkəmizdə keçirilməsi nə dərəcədə əhəmiyyətli idi?
- Hər bir beynəlxalq tədbir Azərbaycanın dünyaya tanıdılmasına xidmət edir. Ölkəmiz bu istiqamətdə ciddi addımlar atır. Azərbaycan maraqlıdır ki, dünyanın ən müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarının toplantılarına ev sahibliyi etsin. Bu zaman Bakıya gələn yüzlərlə qonaq Azərbaycanla tanış olur, ölkəmizin gerçəklikləri haqqında informasiya əldə edə bilir.

- NATO Parlament Assambleyasının Bakıda apardığı müzakirələr bizim üçün nə dərəcədə lazımlı idi?
- Əslində, bu sessiya əhəmiyyətlidir. Bilirsiniz ki, Azərbaycan NATO ilə uzun illərdir ki, əməkdaşlıq edir və bu təşkilatın nüfuzlu toplantısının əsas məqsədi bizim NATO ilə əməkdaşlığımıza xidmət edir. Əlbəttə, bu imkandan istifadə edən Azərbaycan sülh istəyini ifadə etdi. Azərbaycana təcili sülh lazımdır. Bu baxımdan NATO-ya üzv ölkələrinin sülh prosesinə dəstəyi Azərbaycan üçün olduqca zəruridir.

- Bəs biz bu dəstəyi görürükmü?
- Ən azından bu dəstək var. Amma bu dəstəyi tam olaraq gerçəkləşdirmək çox çətindir. Çünki bizim bölgədə digər güclər münaqişəni saxlamaqla öz təsir imkanlarını genişləndirmək istəyirlər. Mən bir məsələni xüsusilə vurğulamaq istərdim. Keçmiş SSRİ ərazisində ilk münaqişə Dağlıq Qarabağ münaqişəsidir. Və bunun həllinə hər vəchlə mane olurlar. Dağlıq Qarabağ münaqişəsindən sonra Gürcüstana zərbə vuruldu. Daha sonra Moldovada buna oxşar münaqişənin əsası qoyuldu. Bu gün artıq Ukraynada gedən hadisələr bizim gözümüzün önündə baş verir. Bu proseslər bizə Dağlıq Qarabağ münaqişəsini böyük bir problem kimi dünya ictimaiyyətinə təqdim etməyimiz ehtiyacını yaradır. Çox təəssüflər olsun ki, Dağlıq Qarabağın timsalında beynəlxalq hüquq normalarının çap olunduğu kağız səhifəsindən də aşağıda durduğu ortaya çıxır. Əlbəttə, bu, heç də xoş deyil.

- Ermənistan NATO Parlament Assambleyasında təmsil olunur. Amma bu ölkə Ukrayna məsələsində fərqli mövqe tutdu, əsas güc mərkəzi olan Qərbin bölgədə apardığı siyasətə əks siyasət izləyir. Bəs, nədən Ermənistana münasibətdə sərt mövqe seçilmir?
- Məhz bu da bizi narahat edən məqamlardan biridir. Biz də fürsətdən istifadə edərək bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq. Ermənistan bir ərköyün uşaq kimi davranır. Baxmayaraq ki, NATO-nun, Amerikanın və Avropanın əleyhinə siyasət aparır. Ermənistan bilavasitə regionda Rusiya və İranın siyasətini həyata keçirir. Bununla yanaşı, Ermənistana böyük bir dəstək də var. Bu dəstəyin səbəbi də Avropa və dünyada fəaliyyət göstərən zəngin, siyasi baxımdan fəal olan erməni diasporasıdır. Odur ki, indi biz sadəcə Ermənistanın təzyiqi deyil, böyük erməni diasporasının və onun arxasında duran qüvvələrin təsiri nəticəsində münaqişənin həllinin çətin olduğunu qeyd edə bilərik.

- NATO Parlament Assambleyasında Azərbaycan tərəfi tələb etdi ki, erməni nümayəndələri qurumdan xaric edilsin. Bu nə dərəcədə mümkündür?
- Bəli, belə bir təklif edilmişdi. Hesab edirəm ki, öz-özlüyündə bu, çox doğru və yerində olan təklifdir. Amma biz bunu gerçəkləşdirə bilməyəcəyik. Çünki Ermənistanın arxasında NATO-ya üzv ölkələrin güclü diasporası durur. Bu səbəbdən də Ermənistana biz gördüyümüz dəstək var.

- Ermənistan Avropa və ABŞ-ın siyasətinə qarşı çıxır. Azərbaycan isə Avropa İttifaqı, ABŞ-la ciddi əməkdaşlıq edir. Bəs, bu faktor Azərbaycana üstünlük və dəstək gətirə bilərmi?
- Ən azından çalışmalıyıq ki, bütün dünya ictimaiyyətinin, dünyanın nüfuzlu təşkilatlarının dəstəyini qazanaq. Bunun da nəticəsi olaraq Ermənistana təzyiq və qınaq artsın. Azərbaycanı maraqlandıran ən əsas məsələ beynəlxalq hüququn aliliyidir. Beynəlxalq hüquq normaları çərçivəsində münaqişə həll edilməlidir. Bu Azərbaycanın mövqeyidir. Odur ki, hazırda Azərbaycan dünyada özünə dostlar və müttəfiqlər axtarır.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olduğunu demək olarmı?
- Xeyr. Təəssüflər olsun ki, nəzərdə tutduğunuz irəliləyiş yoxdur. Və bu münaqişəni bizim bölgədə təsir imkanlarını saxlamaq, Azərbaycanın inkişafının qarşısını almaq üçün edirlər.

- Yaxın dövrdə münaqişəyə dair irəliləyiş əldə oluna bilərmi, Sizin bu istiqamətdə proqnozunuz nədən ibarətdir?
- Təəssüflər olsun ki, mən belə bir irəliləyişi görmürəm və yaxın dövr üçün də gözləmirəm.

- Rusiya xarici işlər naziri Lavrov Azərbaycana səfər edib. Sizcə, Lavrov Bakıya niyə gəlmişdi, nə istəyirdi, hansı təkliflər gətirmişdi?
- Əgər cənab Lavrovun Bakı səfəri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xidmət edirsə, bu olduqca müsbət haldır. Çünki Azərbaycan Rusiya ilə qonşuluq və tərəfdaşlıq istiqamətində hər zaman əməkdaşlığa hazır olub. Hazırda da Bakı bu əməkdaşlığı həyata keçirir. Mənə elə gəlir ki, bu nöqteyi-nəzərdən cənab Lavrovun səfərinin ikitərəfli münasibətlər istiqamətində pozitiv olduğu tərəfimizdən qeyd oluna bilər. O ki qaldı Azərbaycanın hansısa dövlətlərüstü qurumlarda təmsil olunmasına, mənə elə gəlir ki, Azərbaycan özü üçün prioriteti ikitərəfli münasibətlərdə görür və bizim üçün ikitərəfli münasibətlər əhəmiyyətli, xeyirlidir.

- Lavrovun səfəri nə ilə əlaqəli ola bilərdi, Sizcə, bağlı qapılar arxasında hansı məsələlər müzakirə edilə bilərdi?
- Bir sıra məsələlər müzakirə oluna bilər. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı informasiyaya görə, əsasən, Dağlıq Qarabağ münaqişəsi, Rusiya-Azərbaycan münasibətləri müzakirə edilib. Əslində, bu məsələlərin müzakirəsi Azərbaycanın maraqlarına tam uyğundur. Çünki biz Rusiya-Azərbaycan münasibətlərinin saxlanılması və inkişaf etdirilməsinin tərəfdarıyıq. Eləcə də, Dağlıq Qarabağ münaqişəsi istiqamətində müzakirələr aparmaq, Moskvanın bu məsələdə mövqeyini bir daha dəqiqləşdirmək üçün fürsətdən istifadə olunub.

- Lavrov elan edib ki, Azərbaycanın Avrasiya İqtisadi Blokuna üzv olması haqda təkliflə çıxış etməyib. Bu, nə dərəcədə inandırıcıdır?
- Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatının Rusiyadan asılılığı yoxdur. Bizim iqtisadiyyat dünyanın əksər ölkələri ilə ikitərəfli münasibətlər səbəbindən formalaşıb və hazırda inkişaf edir. Azərbaycan öz siyasətində strateji olaraq dövlətlərüstü birliklərə deyil, ikitərəfli münasibətlərə üstünlük verir. Bu mənada, Azərbaycan özü üçün böyük qardaşı nə Brüsseldə, nə Moskvada, nə də Vaşinqtonda axtarır.

- Biz diqqətlə baxanda görürük ki, yaxın bir ay müddətində Bakıya NATO təmsilçiləri, rusiyalı diplomatlar, Avropa İttifaqının prezidenti, ATƏT rəhbəri, Avropa Şurasının təmsilçiləri, Fransa prezidenti gəlib. Yəni intensiv diplomatik danışıqlar aparılıb. Bu, sadəcə, nəzərdə tutulan səfərlər olub, yoxsa hansısa ciddi məsələlərlə birbaşa bağlıdır?
- Əslində bu, ilk olaraq Azərbaycanın artan nüfuzu ilə əlaqədardır. Bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr anlayırlar ki, Cənubi Qafqaz regionunda daha geniş imkanlara malik olan Azərbaycanla münasibətlər və əməkdaşlıq ölkələrə yalnız müsbət dividentlər verə bilər. Bu səbəbdən də hər bir təşkilat və dövlət Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq etməkdə maraqlıdır.

- Demək istəyirsiniz ki, dünyada olan güc mərkəzlərinin hər biri Azərbaycanı öz yanında görmək istəyir?
- Hesab edirəm ki, bu, Azərbaycanın son illər artan nüfuzunun təzahürüdür. Sizin sualınızda həqiqət var. Müşahidə olunan aktiv diplomatik təmaslar bunun nəticəsidir.

- Asim bəy, indi dünyanın diqqət mərkəzi İraqa cəmləşib. İraq Şam İslam Dövləti, onun silahlı qüvvələri niyə qəfildən ortaya çıxdı, onların məqsədi nədir və arxalarında hansı güc mərkəzləri dayanır?
- Hesab edirəm ki, hazırda İraqda çox təhlükəli proseslər cərəyan edir və bu təhlükəli proseslərin ilk zərbəsi Azərbaycana qardaş olan Türkiyəyə dəydi. Türk diplomatları girov götürüldü, eləcə də, bir neçə türk vətəndaşı saxlanıldı. Mənə elə gəlir ki, bu ölkədə qətllərin törədilməyi, sabitliyin pozulmağı, küçə döyüşlərinin aparılması, terrorun və zorun artmağı Azərbaycanı narahat etməyə bilməz. Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, məsuliyyəti olan ABŞ İraqda baş verənlərin qarşısını almaq üçün ciddi fəaliyyət həyata keçirməlidir.

- İraq Şam İslam Dövləti deyilən qurumun arxasında kimlər durur?
- Hiss edilir ki, onların arxasında böyük maliyyə imkanları durur. Onlar kifayət qədər silahlanıblar. Bunun da sabitlik üçün kifayət qədər təhlükə yaratdığını vurğulayırıq. İlk növbədə ABŞ və NATO ölkələrinin İraqda sabitliyi yaratmaq üçün addımlar atmasına ehtiyac var.

- Yayılan xəbərlərə görə, 2 mindən çox insan qətlə yetirilib. Bu zaman uşaq, qadın, yaşlı insanlara rəhm edilməyib. Bu cür qorxu və vahimə yaratmaqda məqsəd nədir?
- Baş verənlər böyük faciədir.

- Suriyada, Liviyada bir hadisə baş verən kimi BMT Təhlükəsizlik Şurası təcili toplandı, qərar verdi və bu ölkələrə hərbi müdaxilə olundu. Bəs, nədən Mosulda, Kərkükdə, Nəcəfdə hər gün qətliam baş verməsinə baxmayaraq, BMT susur?
- BMT Təhlükəsizlik Şurasında bu məsələ qaldırılmalı, qərar verilməli və təxirəsalınmaz tədbirlər görülməlidir. Hesab edirəm ki, İraqda sabitlik bərpa olunmalı, təhlükəli qüvvələr zərərsizləşdirilməlidir.

- İraq Şam İslam Dövlətinin Azərbaycanı da hədəfi seçməsinə dair informasiyalar yayılır. Bu, nə dərəcədə təhlükəlidir?
- Azərbaycan kifayət qədər güclü dövlətdir və hər hansı bir terror təşkilatının hədələrinə ləyaqətlə cavab verə bilər.

Nemət Hüseynli


Müəllif: