21 İyun 2014 19:43
784

Yusif Bağırzadə: “İnanıram ki, Azərbaycan Avropa İttifaqına assosiativ üzv olacaq”

Yola saldığımız həftə Azərbaycan üçün bir sıra səfərlərlə zəngin oldu. Əvvəlcə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu paytaxtımızda oldu. Onun Bakıda olduğu günlərdə paytaxtımız NATO Parlament Assambleyasının 86-cı “Rouz-Rout” seminarına ev sahibliyi etdi. İyunun 18-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bir günlük səfərlə Bakıda oldu, xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə danışıqlar apardı. Lavrovun ardınca Rusiya baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozin Bakıya gəldi. Qarşıdakı günlərdə isə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Bakıya gələcək. Bəs, bu səfərlər nə ilə bağlıdır? Onların bir-biri ilə bağlılığı varmı? Bu səfərlərin nəticələrindən nə gözləmək olar? Bu və digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadəyə müraciət etdik.

- Ötən həftənin sonunda Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycanda səfərdə oldu. Sizcə, bu səfər nə ilə bağlıdır?
- Bu, önəmli bir səfər idi. Çünki cənab Barrozu artıq öz vəzifəsindən getmək üzrədir. O bu səfərlə göstərdi ki, Avropa İttifaqı Azərbaycanın Avropanın bir hissəsi olmasında maraqlıdır. Çünki biz neft-qaz hasilatçısı və tranzit olaraq Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıyıq. Azərbaycanın geopolitik seçimdə hansı mövqeni tutması Mərkəzi Asiya respublikalarına, hətta İrana da təsir edə bilər. Ona görə də bu səfər önəmli səfər idi. Biz də bu istiqamətdən geri dönə bilmərik. Ancaq kifayət qədər ehtiyatlı olmalı, proseslərin inkişaf dinamikasını izləməliyik. Yəni, hansı qurum bizim üzləşdiyimiz problemi ədalətli şəkildə həll edə bilirsə, biz o qurumla yaxşı münasibətdə olmalı, onun yanında olmalıyıq.

- Bu günlərdə Bakıda NATO Parlament Assambleyasının “Rouz-Rout” seminarı keçirildi. Bu seminarın nəticələrini nə cür qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, Azərbaycan hələ 1990-cı illərin əvvəllərindən Avroatlantik məkana inteqrasiyanı xarici siyasətinin prioritet istiqaməti elan edib. Məhz bunun nəticəsidir ki, Azərbaycan ötən illər ərzində MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmadı. Bu gün biz Rusiyanı qıcıqlandırmamaq şərtilə NATO ilə əməkdaşlığımızı davam etdiririk. NATO Parlament Assambleyasının Bakıda keçirilən tədbiri də o deməkdir ki, Azərbaycan NATO üçün önəmlidir. NATO hərbi-siyasi təşkilatdır və buna uyğun olaraq da təşkilat siyasi bəyanatlar verir. Şimali Atlantika Alyansı Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu, bizim üçün önəmli mövqedir. Demək, Azərbaycan bu platformada öz fəaliyyətini davam etdirməlidir. Azərbaycan bu gün çox ehtiyatlı və ağıllı siyasət yürüdərək Avropaya inteqrasiya kursu götürüb. Biz bu gün ölkənin maraqlarını bütün səviyyələrdə əsas kimi götürürük. Bu özünü həm Azərbaycan-Rusiya, həm Azərbaycan-Avropa İttifaqı, həm də Azərbaycan-NATO münasibətlərində göstərir. Mən inanıram ki, Azərbaycan Avropa İttifaqına assosiativ üzv olacaq. Bizim məqsədimiz də Avroatlantik məkana inteqrasiya etmək, Avropa İttifaqına yaxınlaşmaq və daxil olmaq olmalıdır. Çünki artıq MDB dağılıb. Yəni, orda Gürcüstan, Ukrayna, Moldova yoxdursa, o təşkilatın perspektivi yoxdur.

- İyunun 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bakıda oldu. Bu səfər zamanı verilən açıqlamaları necə qiymətləndirirsiniz?
- Azərbaycanın Avrasiya İqtisadi Birliyi - AİB-ə üzv olması Rusiya üçün, yəqin ki, maraqlı olardı. Çünki Azərbaycan geopolitik cəhətdən çox önəmli yerdə yerləşir. Azərbaycan karbohidrogen ehtiyatlarının hasil olunduğu və tranzitinə çevrildiyi dövlətdir. İraq hadisələri də Azərbaycanın, həqiqətən, önəmli yerdə yerləşdiyini göstərdi. Ona görə də, əlbəttə, Rusiya istəyər ki, Azərbaycanla eyni platformada təmsil olunmaq istəyər. Ancaq biz Rusiya ilə bir dəfə bir yerdə olmuşuq. Həmin müddətdə torpaqlarımız gedib, neftimiz daşınıb, müstəqilliyimizə xələl yetirilib, şəhidlər vermişik. Bunlar Rusiya ilə birgə olduğumuz, yaxud ondan ayrılmağımız ərəfəsində baş verib. Bundan sonra Azərbaycan, yəqin ki, belə bir dövlətin yanında olmaz. Onu da qeyd edim ki, cənab Lavrovun səfərindən öncə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Azərbaycana səfəri gerçəkləşdirmişdi. Yəqin ki, o, Azərbaycanı AİB-in necə perspektivli təşkilat olmasına inandırmağa çalışıb. Dünən (srağagün-S.Həmid) Rusiya baş nazirinin müavini, Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın Rusiya tərəfdən həmsədri Dmitri Roqozin Bakıda görüşlər keçirdi. Yəqin ki, o da Bakıya bir mesaj gətirib. Qarşıdakı günlərdə isə Rusiya siyasi elitasında Azərbaycana münasibəti yaxşı hesab olunan Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfəri gözlənilir. Ancaq burda bir məqamı nəzərdən qaçırmaq lazım deyil. Bu danışıqlar zamanı həm də Azərbaycan-AİB münasibətləri gündəliyə gəlir. Yəni, Azərbaycan AİB-ə üzv olmayacaqsa, o zaman Azərbaycan AİB-lə münasibətlərini hansı səviyyədə qurmalıdır. Yəqin ki, keçirilən görüşlərdə həm də bu məsələlər müzakirə olunur. Bunu nəzərdən qaçırmaq mümkün deyil.

- İraqda baş verənlər dünyanın diqqət mərkəzində olsa da, Qərb ölkələri prosesə daha çox seyrçi mövqeyindən yanaşırlar. Sizcə, bu nə ilə bağlıdır?
- Ona görə ki, onlar özləri də hələlik İraqda baş verənləri özləri üçün aydınlaşdıra bilmirlər. ABŞ vaxtilə çox böyük səhv edərək İraqa hərbi müdaxilə etmişdi. Ancaq prezident Obama qoşunları İraqdan geri çəkməklə bu səhvi düzəltdi. Səddam Hüseyn sünni azlığın təmsilçisi idi. Ona görə də mən başa düşürdüm ki, İraqda gec-tez hansısa hadisələr baş verəcək. Çünki azlıq çoxluğu idarə edirdi və çoxluğun hüquqları qorunmurdu. Şiə çoxluğun təmsilçisi olan Nuri əl-Malikinin baş nazirliyi dövründə isə kürdlərin mənafeyi hökumətdə gözlənsə də, sünnilərin maraqları qorunmurdu. Nəticədə, belə bir “partlayış” baş verdi. Sünnilər isə Rusiya ilə həmişə yaxşı münasibətdə olublar. Onlar kifayət qədər silahlanmışdılar. Mən belə başa düşürəm ki, bu hadisələrdə Rusiyanın birbaşa rolu var. Rusiyanın bu hadisələrə pozitiv qəbul etməsi, heç bir münasibət bildirməməsi də bunun göstəricidir. Mən İraqda qeyri-sabitliyin davamlı olacağını gözləyirəm. Bizi narahat edən məsələ orada Kərkük türklərinin qaçqın vəziyyətə düşməsi, Türkiyə konsulluğunda olan Türkiyə vətəndaşlarının girov götürülməsidir. Türkiyə açıq siyasət yeritməli və proseslərə müdaxilə etməlidir. İraqın daxili işlərinə qarışmasa da, türkmənləri qanlı hadisələrdən təcrid etməlidir. Necə ki, kürdlər bu prosesdən təcrid olunublar.

- Türkiyədən söz düşmüşkən, qardaş ölkənin iki əsas müxalifət partiyası qarşıdakı prezident seçkisində İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunun vahid namizədliyi ilə getməyi qərara alıb. Sizcə, İhsanoğlu hakim partiyanın namizədinə qalib gələ biləcəkmi?
- İhsanoğlu ilə Ərdoğanın münasibətləri Misir hadisələrində ayrıldı. O zaman Ərdoğan İhsanoğludan xahiş etmişdi ki, Məhəmməd Mursinin devrilməsinə İƏT-in baş katibi kimi münasibət bildirsin. Ancaq o bunu etmədi. Ona görə də onların münasibətləri pozuldu. Düşünürəm ki, İhsanoğlu ərəb dünyasında, İslam aləmində nə qədər tanınmış olsa da, o, Ərdoğana qalib gələ bilməyəcək. Bu gün bir neçə partiyanın İhsanoğlunun namizədliyini dəstəkləməsi ciddi məsələdir. Ancaq o elektorat Ərdoğanın elektoratı qarşısında zəifdir. Ərdoğan kifayət qədər güclü oratordur, dünyanın güclü siyasətçilərindən biridir. O, Türkiyədə iqtisadi cəhətdən stabil bir dövlət yarada bildi. İstənilən halda, bizim üçün əsas olan Türkiyədə kimin hakimiyyətə gəlməsi deyil, iqtisadi cəhətdən güclü, siyasi cəhətdən stabil bir Türkiyənin olmasıdır.

- Bir az da daxili siyasətdən danışaq. Partiyanız hazırda göstərdiyi fəaliyyət nədən ibarətdir?
- Biz daim fəaliyyətdəyik. Bildiyiniz kimi mən prezident seçkisində namizədliyimi irəli sürmədim. Belə fikirləşdim ki, Azərbaycanın xarici və iqtisadi siyasətini davam etdirən insan var. Biz maraqlıyıq ki, bələdiyyə seçkilərində kifayət qədər yer götürək. Bununla əlaqədar olaraq gənclərimizi və qadınlarımızı bu seçkilərə hazırlaşdırır, onlara intensiv kurslar keçirik. Bizim bələdiyyə seçkilərinə getməklə bağlı bu yaxınlarda rəsmi qərarımız olacaq. Parlament seçkisinə isə, yəqin ki, blok şəklində gedəcəyik. İndi, kiminlə gedəcəyimizi, necə gedəcəyimizi gələcək göstərəcək. Hazırda isə biz Demokratik Qüvvələr Birliyi deyilən təşkilatda təmsil olunuruq. Bələdiyyə seçkisi spesifikdir, lokal seçkilərdir. Ancaq bələdiyyələri statusu gün-gündən qalxacaq. Çünki konstitusiya da buna imkan verir. Mənzil İstismar Sahələrində olan korrupsiyanın, səriştəsizliyin qarşısını almaq üçün MİS-lər ləğv olunaraq bələdiyyələrə verilməlidir. O funksiyanı bələdiyyələr yerinə yetirməlidir. Ona görə də bizim üçün bələdiyyə seçkisində iştirak etmək önəmlidir. Biz bu seçkidə iştirak etməkdə israrlıyıq. Yaxın vaxtlarda da bu haqda partiyanın rəsmi qərarı olacaq.

- Demokratik Qüvvələr Birliyində hazırda hansı partiyalar təmsil olunur?
- Bu birlikdə KXCP, Böyük Azərbaycan Partiyası, Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyası, İslam Demokrat Partiyası və AMİP təmsil olunur. Bu partiyaların hər biri ilə bizim gözəl münasibətlərimiz var. Əvvəllər bu təşkilatın adı Demokratik Qüvvələrin Məşvərət Məclisi idi. Biz artıq tərəfdaşlıqdan strateji müttəfiqliyə keçmək istəyirik. Ona görə də biz bu təşkilatın uzunömürlü olmasında maraqlıyıq. Bu gün üçün ən stabil təşkilat budur. Biz bu təşkilat çərçivəsində parlament seçkisinə getmək istərdik. Çünki orada kifayət qədər ağıllı, hörmətli, savadlı insanlar təmsil olunur. Onlarla bir ittifaqda olmaq bizim üçün çox önəmlidir. Bələdiyyə seçkisinə isə AMİP olaraq tək gedəcəyik. Çünki seçkiyə çox az vaxt qalıb.

- Bu təşkilatda təmsil olunan bəzi partiyalar həm də Milli Şuranın üzvüdür. Bu məsələ nə cür tənzimlənəcək?
- Bu onların öz işidir. Biz bloka çevriləcəyiksə, əlbəttə, onlar seçim etməli olacaqlar. Ancaq bu gün biz bloka çevrilməmişik. Demokratik Qüvvələr Birliyi məşvərətçi bir təşkilatdır, blok deyil. Bloka çevriləsi olsaq, dediyiniz məsələ gündəmə gələcək.

Səxavət Həmid


Müəllif: