17 Aprel 2017 15:31
2 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xalq artisti Gülyanaq Məmmədova ilə müsahibəni təqdim edir.

– Gülyanaq xanım, bayaqdan ora qaç, bura qaç, ora zəng, bura zəng, mahnı məşqləri... Həmişə belə gərgin olursunuz?

– Elə hey qaçhaqaçdayam. Sonuncu uşaqdan sonra işə yeni başlamışam. (Gülür)

– Yenidən ana olmusunuz, neçənci övladınızdır?

– Dördüncü. Bir qızım, üç oğlum var. Böyük uşaq on yaşında, kiçik isə üç aylıqdır.

– Balacaya laylay deyirsiz?

– Əlbəttə. Qucağımı, dizlərimi yelləncək edirəm onun üçün. Bir baxışları var ki. (gülür) Gecəni yatmıram, iki-üç dəfə oyanıram. Köpü olur, ağlayır, narahat olur. Amma bunlar elə gözəl duyğular ki...

– Ana südü verirsiniz?

– Bəli. Amma çatdıra bilməyəndə, doymayanda əlavə qidaya da ehtiyac olur.

– Adını nə qoymusunuz?

– Uğur...

– Bu qədər konsertlər, tədbirlər, çəkilişlər... Bəs uşaqlara kim baxır?

– Ən böyük və ən kiçik bacım. Sağ olsunlar, onlara çox borcluyam. Uşaqlarımın böyüməsində onların rolu böyükdür. Biri bir gün qalır, biri o biri gün. Beləcə kömək edirlər. Bacılarım olmasa, bir addım belə atmağa fürsətim olmaz. Bu qədər uşaqla hər işin öhdəsindən gəlirəm deyə sinəmə döyə də bilmərəm. Təkcə səhnə fəaliyyətim deyil, eyni zamanda televiziya çəkilişləri, dərslər də var.

– Nədən dərs deyirsiniz?

– Muğam kafedrasının müəllimiyəm.

– Televiziya çəkilişləriniz, səhv eləmirəmsə, ATV kanalındadır.

– Bəli. “Tanıdım səni” layihəsində münsifəm.

– Hamiləlik vaxtı da münsif idiniz. Çətin olmurdu?

– Asan işin öhdəsindən gəlməyə nə var ki? Elə çətinin öhdəsindən gəlmək lazımdır.

– Yoldaşınız Türkiyədən təzə qayıdıb, amma qaynananız orda yaşayır. Qaynana ilə münasibətləriniz necədir?

– Çox yaxşı. Sonuncu övladım dünyaya gələndə də, ondan sonra da yanıma gəlmişdi. Qaynanamı çox sevirəm. Çünki sevilməli insandır. Çox gözəl ürəyi var. Qızı yoxdur deyə məni qızı kimi sevir. Türkiyəyə gedib-gələndə elə vaxt olmayıb ki, ayrılanda bir-birimizdən ötrü ağlamayaq. Hər gün telefonla danışırıq. Öz anama iki gündən bir, amma qaynanama hər gün zəng edirəm. Axı qəriblikdədir...

– Türkiyədə yaşamaq fikriniz yoxdur?

– Yox, getməyi əvvəldən istəməmişəm. Mənim sənətim, sevənlərim, uğurlarım hamısı burdadır. Mən ora gedib gərək hər şeyə sıfırdan başlayam.

– Qardaş ölkədə uğur qazanmaq sizə inandırıcı görünmür?

– Türklər səsə, sənətə, istedada çox diqqət edirlər. Hətta mən bir dəfə TRT-də verilişə çıxdım, 18 dəqiqə canlı yayım olmalı idi, canlı efiri mənə görə 38 dəqiqəyə qədər uzatdılar. Dedilər, xoşumuza gəlir. İndi bunun nə demək olduğunu təsəvvür edin. Türklər səsimə valeh olmuşdu. Mən bilirəm ki, orda da start götürsəm, eyni yerdə qalmazdım, uğurlu ifaçı olardım.

– Həmkarlarınız Türkiyəyə çox gedib-gəlir. Məsələn, İradə İbrahimova Türkiyə vətəndaşı ilə ailə qurub, elə orda da yaşayır. Bu yaxınlarda isə İradə xanım canlı doğum videosunu paylaşdı...

– Doğrudan? Bunu bilmirdim. Amma özü bilər. İlk uşağı olub, bəlkə sevincindən belə edib. Ana olmaq elə gözəl hissdir ki...

– Siz də doğum videonuzu paylaşardınızmı?

– Yox! Uşaqların şəklini çəkib qohumlara göndərmişdim, bir də gördüm şəkillər sosial şəbəkələrdədir. Burda qəbahət bir şey görmədim. Amma doğuş prosesini videoya çəkib paylaşmaq mənlik deyil. Utanaram.

– Bacınız Gülyaz xanım da oxuyur, səhnədədir...

– Biz uşaqlıqdan sənətə, oxumağa cüt başlamışıq. Bir-birimizdən heç vaxt ayrı qala bilməzdik. Uşaqlıqdan əl-ələ tutub müsabiqələrə qatılmışıq, birlikdə oxumuşuq. Əkiz olmasaq da, bacılarım arasında ən çox Gülyazla birlikdəliyimiz olub.

– Heç çəkişmələriniz, nəyisə bölə bilmədiyiniz, küsülü qaldığınız vaxtlar olmayıb?

– Biz altı bacıyıq, hələ heç vaxt aramızda problem yaşanmayıb. Heç vaxt dalaşmamışıq, küsülü qalmamışıq, bir-birimizdən inciməmişik.

– Qardaşınız yoxdur?

– Ailədə on uşaq olmuşuq. Dörd qardaşım var. Heç kim deyə bilməz ki, bu on uşaq bir-birindən bir dəqiqə belə olsun küsülü qalıb.

– Yəqin Gülyaz xanımla sizi tez-tez dəyişik salırlar...

– Olur, çox olur. Amma o qədər də oxşamırıq. Birimiz anamıza, birimiz atamıza bənzəyirik. Bəlkə saç düzümümüz, geymimimiz, eyni boyda olmağımız insanları çaşdırır? (gülür)

– Aygün Kazımova deyir, mən uşaqlıqda səhnəyə çox can atırdım, amma valideynlərim məni evə bağlayırdılar. Deyir, hətta hasarın başından aşıb oxumağa getdiyim vaxtlar olub. Maraqlıdır, ailəniz sizin oxumağınıza dəstək olurdularmı? Yoxsa qadağalar, məhdudiyyətlər sizdə də vardı?

– Düzü, oxumağımızı istəyirdilər, amma bir az qorxurdular. Deyirdilər, kənd qızıdır, gələr şəhərə, necə olar?! Böyük bacım Rəhimə bizə cığır açdı. Amma onu ərə verdilər, oxumadı. Bilirsiniz, ailə elə bir şeydir, insanı özünə elə bağlayır ki, bütün diqqəti ora yönəldirsən...

– Amma ailə həyatı sizin sənətinizə mane olmadı... Doğru?

– Birinci övladımdan sonra heç düşünmürdüm yenidən səhnəyə qayıdım. Gülyaz məni məcbur edib səhnəyə yenidən qaytardı. Mənim yerimə çəkilişlərə söz verdi. Məni həvəsləndirdi. O qədər evə, uşağa bağlanmışdım, qayıtmaq da istəmirdim. Amma indi? Uşaqdan sonra məzuniyyətdən tez qayıtdım ki, işimin üstündə olum. Evdə olanda adamın yaddaşı da pozulur, insan özünə qapanır, beyin tənbəlləşir. İşləyəndə isə insan çevik olur, bədən süstləşmir. Mən işgüzarlığı sevirəm.

– Həyat yoldaşınız necə, sizə kömək edirmi?

– Əlbəttə. Uşağın birini məktəbə, birini hazırlığa, birini baxçaya çatdırır, məni işə aparıb-gətirir. Bir sözlə, hər işdə yardımçım olur. Mənə çox böyük dəstəyi var.

– Maraqlıdır, cəmiyyətdə boşanmaların artıdığı bir vaxtda siz öz ailənizi necə qoruyursunuz?

– Sinəmə döyə bilmərəm ki, mən ailəmi saxlayıram, başqalarının ailəsi dağılır. Hərənin bir cür problemi olur. Kimdə nə problemlər yaşanır, günah qadındamı, kişidəmi olur, deyə bilmərəm. Amma biz həmişə anlaşmağa çalışmışıq. Yoldaşımın ağır xüsusiyyətləri də var. O, sənət aləminə yad bir adam idi. Amma aramızda qarşılıqlı hörmət, istək var. Leyli-Məcnun sevgisi ailədə həmişə yaşanmır ki... Sevgi sonda dostluğa, hörmətə çevrilir. Övlada, həyat yoldaşına bağlılıq və s. birləşir və gözəl bir ailə yaranır.

– Sevgidən söz düşmüşkən... İlk sevginizi necə xatırlayırsınız?

– İlk sevgim orta məktəbdə olub. Gözəgəlimli qız olmuşam, məni sevənlər çox idi. Amma artıq onların hamısı mənim üçün şirin bir xatirəyə dönüb. Həmişə bir amal uğrunda çalışmışam – ifaçı olacam! Düz altı yaşımdan bu sənətə bağlı olmuşam. Hətta 3-4 yaşından bu sənətə marağım yaranıb.

– 3-4 yaşınız yadınıza gəlir ki?

– Bacılarım da təsdiqləyir, özümün də yadımdadır. Uşaqlıqdan diktor, aktrisa, müğənni olmaq həvəsi ilə yaşayırdım. Balaca qız idim, dodaqlarıma bəhməz sürtürdüm, oturub kamera qarşısında özümü televiziyada hiss edirdim.

Atam usta idi, onun taxtalarını götürüb dördkünc televizor düzəldirdim, qabağında oturub danışırdım. Dedim axı, məndə bu həvəs uşaqlıqdan yaranmışdı. Ona görə məni heç kim durdura bilməzdi. Nə sevgi, nə məhəbbət, ancaq oxuyacam, ancaq oxuyacam... Hətta orta məktəb vaxtında da mənimlə evlənmək istəyən oğlanlar deyirdilər ki, guya sən ucalacaqsan, artist olacaqsan? Deyirdim ki, baxarsınız! Mən onların hamısına bunu sübut elədim. (gülür)

– Xalq artisti olmaq ürəyinizdən keçirdi, yoxsa... Yəni arzunuz idimi?

– Sənətə başlayanda heç bu şeyləri düşünməmişdim. Sonradan bilmişəm bu uğurlara doğru addımlamaq lazımdır...

– Bəs titul, fəxri ad sizin üçün nə deməkdir?

– Elə sənətkarlarımız var heç bir fəxri ad almayıb, amma həmişə xalqın yaddaşında yaşayır. Məsələn, Qulu Əsgərov kimi. Bu cür insanların sənəti danılmazdır və bizim üçün bir məktəbdir. Amma dövlət tərəfindən qayğı, diqqət görəndə insan daha da fərəhlənir, sevinir. Mənim üçün fərəhdir, ən yüksək dəyərdir ki, bu adı daşıyıram. Bu ad prezidentimizin mənə verdiyi dəyərdir. Təbii, olmasaydı da sənətdən qaçası deyildim. Amma görəndə ki, ətrafımdakı sənət yoldaşlarım dəyərləndirilib, düşünürdüm, məndə niyə olmasın ki? Bu qədər çalışmışıq, əziyyət çəkimişik, xarici ölkələrdə musiqimizi, mədəniyyətimizi təmsil etmişik...

– Toylara gedirsiniz?

– Əlbəttə. Çörəyimiz toylardan çıxır. Həm xalqın istəyini nəzərə alırıq, həm də pulumuzu qazanırıq. Müğəninin tələbatı daha çoxdur. Geyim, saç, makiyaj... Bu maddi problemləri həll eləmək üçün biz kimə ağız açmalıyıq ki?

– Vergi ödəyirsiniz?

– Bəli.

– Toylara gedən müğənnilər cəmiyyətdə ciddi sənət adamı kimi qəbul olunmur. Belə bir düşüncə var ki, əsl sənətkar toya getməz! Bu fikirlər sizə necə təsir edir?

– O keçmişdə idi, indi hamı toya gedir. Bir-iki müğənnimiz olub, getməyiblər. İndi zaman da o zaman deyil axı. Sağ olsun millətimiz, bizi toylara sevə-sevə dəvət edirlər. Toyda bizə neyləyirlər ki? Toy da müğənni üçün bir səhnədir, məsuliyyətdir, tamaşaçı həmin xalqdır.

– Toylara iki bacı birlikdə gedirsiniz?

– İki bacı da, ayrı-ayrı da.

– Heç hansısa toyda sizə qarşı hörmətsizlik olubmu?

– Mən xalqımızı, millətimizi çox sevirəm. Toylarda da insanlardan böyük hörmət görmüşəm. Həm sevgi, həm hörmət, istək, həm də maddiyyat görürəm. Ümumiyyətlə, musiqiçiləri həmişə xalq dolandırıb. Sağ olsun dövlətimiz, rəhbərimiz. Ki, dəyərimizi də layiqincə verib – fəxri ad, ev...

– Sizə ev də verilib?

– Bəli, 7-8 il bundan öncə mən də daxil olmaqla bütün sənətçilərə ev verildi.

– Hazırda həmin evdə yaşayırsınız?

– Bəli.

– Gülyanaq xanım, xahiş edirəm düzünü deyin. Heç bu günə kimi hansısa televiziya kanalında oxumaq üçün pul vermisinizmi?

– Tam səmimi deyirəm, bu günə qədər heç bir televiziyaya bir manat da verməmişəm. Bir ara, dəqiq desək 90-cı illərdə bütün müğənnilər efirə pulla çıxırdı. O zamanlarda belə mən pul vermirdim. Çünki bizim rəhbərimiz, xalq artisti Kamil Vəzirov həmişə deyirdi - özünüzü belə şeylərə öyrətməyin. Hətta bizi televiziyaya dəvət etməyəndə narahat olurduq. Amma o deyirdi, eybi yoxdur, istedad varsa, haçansa üzə çıxacaq. Getməyin, özləri çağıracaqlar. Doğrudan da onun dediyi kimi oldu.

Bu yerlərə, bu zirvəyə gəlib çıxmaq üçün heç kimə nə bir qəpik, nə də şirinlik vermişəm. Alan nə qədər utanar bilmirəm, amma mən elə bir şey etsəm, xəcalət çəkərəm.

– Maraqlıdır, Azərbaycanda tamaşaçı sayına, mahnılarının reytinqinə görə həsəd apardığınız müğənni var?

– Vallah yoxdur. Amma mənim üçün hər zaman sevilən və dəyərli sənətkar Rəşid Behbudov və Zeynəb Xanlarovadır.

– Bəs Röya necə?

– Röyanı sevirəm. Onun öz dəsti-xətti var. Hər zaman öz üzərində işləyir. Allah Röyaya nə qədər istedad veribsə, ondan gözəl istifadə edə bilmək bacarığı da verib. Özünəməxsus mahnılar seçir. Özünə dəyər verir və tamaşaçı sevgisini qazanır.

– Gülyanaq xanım, şou-biznes qalmaqallarından özünüzü necə qoruyursunuz?

– Çox çətinliklə. İndi sosial şəbəkələr dövrüdür, hərənin əlində bir telefon var, ağzından çıxan hər sözə sahib olmalısan. Çətinliklə də olsa dost-tanış arasında, xalq arasında qazandığımız hörmət-izzəti çalışırıq itirməyək. Bircə səhvlə adam hər şeyini itirə bilər.

– Maşınlarını, evlərini, paltarlarını reklam edən müğənnilər var. Xoşunuza gəlirmi?

– Mən heç vaxt belə şeyləri sevməmişəm. Hətta bir neçəsinin üzünə də demişəm ki, niyə çəkib bunları efirə verirsiniz? Bəlkə birinin heç nəyi yoxdur. Niyə kimsə sənə baxıb həsəd aparsın? Sənətçi səsi, repertuarı ilə seçilər, sevilər.

– Hansı bölgədənsiniz?

– Şəkidən...

– Amma ləhcə hiss olunmur.

– Əvvəl ləhcədə danışırdıq, sonra tərgitdik. İndi, ancaq Şəkiyə gedəndə ləhcəmiz işə düşür. (gülür)

Çinarə Böyükçöl

Foto: Elçin MURAD


Müəllif: