5 May 2017 17:44
2 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya məşhurları təkcə konsert zamanı yox, gündəlik həyatda da cangüdənlərin əhatəsində olurlar.

Bunu nəzərə alan Teleqraf.com cangüdənlə çölə-bayıra çıxan Azərbaycan məşhurlarından mühafizədən yararlanmalarının səbəbini soruşub.

Röya Ayxan:

“Yalnız konsertlərimdə cangüdənin köməyindən istifadə edirəm. Böyük konsertlərdə özümə yol açmaq üçün onların köməyinə ehtiyacım olur.

Mənim elə acı dilim, zəhmim var, bir adam nəsə deyəndə elə baxıram, kişi olsun, qadın olsun, özünü itirir. Belə yerdə cangüdəni neynirəm... İnsanları əzmək üçün cangüdən gəzdirmirəm”.

Konsert və tədbirlərdə, adətən, cangüdənlə görünən Aygün Kazımovanın mətbuat katibi İsa Şükürov:

“Aygün Kazımova ölkənin ən məşhur ulduzlarındandır. O, iştirak etdiyi istənilən səhnəni konsert ab-havasına çevirir. Aygün xanım bir yerə daxil olanda insanlar onun üstünə axışır. Bu da sevgidən irəli gəlir.

Cangüdənlərdən özünü sevənlərindən qorunmaq üçün yox, əksinə, sevənlərinə daha maraqlı, yüksək keyfiyyətli şou göstərmək üçün istifadə edir. Konsertlərdə isə mühafizəçilərin sayı onlarla olur. Konsertin sonunda Aygün xanım onunla şəkil çəkdirmək istəyənlər üçün vaxt ayırır. Bu, təxminən bir neçə saat zaman alır. Amma Aygün xanım sevənləri ilə birlikdə olmaqdan yorulmur”.

Tədbirlərin birində cangüdənlə görüntülənən Ruhi Əliyeva:

“O xanımlar ehtiyat etsinlər ki, var-dövlətləri başlarından aşır. Mən orta səviyyədə yaşayan bir xanımam. Qorxacaq heç bir şeyim yoxdur. Elə bir ölkədə yaşayırıq ki, mühafizəçiyə ehtiyac yoxdur. Onlar cangüdənim yox, dostlarımdır”.

Manaf Ağayev:

“Düşmənin yoxdursa, niyə cangüdənlə gəzməlisən? Cangüdənlə gəzmirəm. Özüm elə cangüdənəm...”

Rəqsanə


Müəllif: