18 İyun 21:57

Sübh azanına az qalmışdı, gördüm zəng gəldi. Hekayə yazırdım, "Əlləri uçan adam". Telefona könülsüz göz atdım, gözüm tutmadı nömrəni. Bu kimdi bu vaxtı? Açdım telefonu:

- Alo.

- Sübh azanı,
Buludlar dəvə karvanı..

- Kimdi danışan?
- Quşlar şairlərin qanadlarıdır,
Uçurlar göylərdə Tanrıya yaxın.
Yer üzü bir dənə şair saxlamaz,
Göy üzü şairlə doludur, baxın.

Heç nə demədim, susdum. Bir şeir də dedi, dinlədim. Unutmuşam, xoşuma gəldiyini xatırlayıram. Şeir qurtaran kimi dedi ki, "Ucarın dəmir yolu vağzalındayam, gəl ora."
"Gəlirəm", - dedim, eşitmədi, telefonu söndürmüşdü. Öz-özümə düşündüm ki, mən həm də aktyoram, bu kimdirsə artistlik edir...

Anar Gülümsoyu tanıdığım gün təzəcə başlamışdı. Sübh azanına qədər şeir dedi, dinlədim. Şeiri şair kimi deyir, artistlik edə bilmir. Yox, səhv dedim, şeiri dəli kimi deyir. Şeiri deyə-deyə yolun kənarındakı ağacı öpdü. Öz-özümə dedim, yaxşı ki, bu vaxtı küçədə adam yoxdu. Deyəcəklər, Elçinin yanındakı dəli kimdir, görəsən?
Dəli şairdir Anar Gülümsoy.

Anarı tanıdığım günə lənət. O gün, bu gün, hər gün Anarı görürəm hər yerdə. Ağacın üzündə, gülün qanadında, qarışqanın yükündə. Harda mənəvi qida varsa, Anar ordadı mənimçün. Anar əsl şairdir. Xarakteri şeirləri ilə bütünləşən adamdır. Hələ indiyə qədər Anarı hansısa kağıza şeir yazan görmədim. Yazdığı şeiri birbaşa mesajla yazar mənə. Bəs "səni tanımamışdan qabaq şeiri hara yazırdı, necə yazırdı, o şeirlər dururmu, sağ salamatdırmı?" - desəniz, cavabım belə olacaq: "Teleqraf"a vermək üçün şeirlərini birtəhər tapdım. Çalışıram akademiklik etməyib sadə dildə anladım Anarı sizə. Olmur e, olmur, qəliz adamdı. Çalışıram hansısa "izm"də yazdığına dair balaca bir açıqlama yazım, Anarda "izm" var ki? Yoxdur axı?! Bəs nə deyim? Hə, bildim, maraqlı bir hadisəni danışacam sizə.

Anar qatar yolunda durub gözləyir. Uzaqdan qatarın fiti eşidilir. Mən qışqırıram: Ayə gəl, gedək, qatar vurub murdar edəcək səni!

Anarsa şeir yazır. Nə kağıza, nə də ağıllı telefona. Anar şeiri səsinə yazır, öz səsinə. Uzadır misraların axırını. Dəli kimi əl-qoluna uzadır, əl-qoluyla uzadır.

Birtəhər, qolundan tutub çəkdim kənara. Heç nə demədi. Bircə onu dedi ki, Bahadur Qobustanı tutsam döyəcəm (Anarla mənim ortaq dostumuz. Mətbuat.az saytının baş redaktoru).

Belə şairdir Anar, oxuyacağınız şeirləri kimi.

Hörmətlə: Elçin Aslangil

Teleqraf.com Anar Gülümsoyun şeirlərini təqdim edir:

ağ div

görən yox yıxılanı,
bir qızın ağ yalanı
yedi yazıq oğlanı.
ağ yalan – ağ divdi, diiv!

nədir soyuq görüşün,
bu gedişin, dönüşün?
ürək düşün, ruh düşün
düşündüyün cibdi, ciib!

nə qədərki gec deyil,
günü sev, gecə deyil.
sevgi ki cücə deyil,
çağırasan: cip-cip-ciip...

ÖPMƏK ÜÇÜN

oxuyan quşlar mələklərdi gecələr
ruhumuzun qoşulub getdiyi küləklər də mələklərdi.
ətiriylə içimizə çəkdiyimiz çiçəklər də

yağış mələklərin ovuclarında
gəlir cismimizi yumağa
öpmək üçün ayağından göylərin
ağaclar başını əyir torpağa.

bu gecə dərviş halı
dinlər məni
öpər bir mehlə Tanri üzümdən
ayla baxar gözlərimə
dağlar danışar Tanrı dilində
alışar Tur
bir hörümçək toru da qoruyar məni
çəkilərəm özümə Sən olmaq
dara çəkilərəm Sən olanda
dilim susar, qanım susmaz
huuuuuuuuuu...
bu eşq Həllac qoxuyur.

Çarmıxa çəkilən eşq...

əllərinə toxunsa
uçar, əllərim uçar.
sinəmdə döyünməyin,
susmağın, coşmağın var
və bir də şıltaqlığın.
ağrı kimi yaxınsan,
ürək kimisən, ürəəək...

daranır, eşqin daranır,
aynanın içindəsən.
buludların üstündə,
küləklərin qanadında
saçlarımın fərqindəsən.
külək kimisən, küləəək...

bu ətirlə, bu saçla
danışar, ruhum danışar.
çimər şehində bir az,
sevər, arılar kimi
ləçəyinə darışar.
yarpağını öpər heey...
ətrindən də ölər eeey...
çiçək kimisən, çiçəək...

gecələr cismimdəsən,
gündüzlər əlim çatmaz.
adını pıçıldasam
yanar, dodağım yanar.
min il getsəm çatmaram,
bir addımlıq yolun var.
sehirim,sirrim gəl eey...
pıçıltın, nəfəsintək
heyif, yaxın deyilsən.
mələk kimisən, mələəək...

ayı bölər həsrətin,
keçər, dəryadan keçər.
çarmıxa çəkilən eşq
kiçildikcə böyüyər.
gülər dar ağacında
soyulduqca bu adam.
agaclar oxuyar,
daşlar oxuyar.
çiynimdə çiçəklər,
başımda quşlar oxuyar:
hu-hu-hu...
qovuşmağa qoymazsan.
sən Tanrıyla ruhumun
arasındakı yolsan,
fələk kimisən, fələəək.

tilsimli təslim
(Vaqif Bayatlıya)

...baxırsan dəli kimi çiyinlərinə...
baxırsan, baxırsan...
inanmırsan gözlərinə:
hardan peyda oldu bu qanadlar?
- İlahi, harda gizlənmişdi qanadlarım,
niyə görməmişəm bu vaxta kimi???!!!
uça bilərəmmi görəsən?
qanadlarını açırsan,
uçmağını görüb elə sevinirsən ki.
yer üzünün əzablarından qurtulmuş kimi,
azadlığını duymuş kimi uçursan.
uçursan bu dünyadan o dünyaya
“yupyumuru bir eşq ilə”.
topa-topa dərdlərindən-buludlardan yuxarıda uçursan.
hara uçduğunu da bilirsən- düz, Tanrının yanına!
çarmıxa çəkilən İsanı,
meraca qalxan Məhəmmədi(s) görürsən.
xoşbəxt bir an- Tanrı hüzurundasan.
ilk dəfə Tanrı qulu kimi görürsən özünü.
diz çöküb günahlarını etiraf edirsən,
bağışlanmağını diləyirsən.
kövrəlir Tanrı, bir damla göz yaşı düşür üstünə,
yuyulur günahların.
indi yüpyüngülsən.
günahsız-günahsız daha azad uçursan.
birdən bir dəstə qanadlı adamın
qanadlı bir şairə sarı
qələm tuşlayıb
pıçıldadığını eşidirsən:
-“Vaqif Bayatlı, əllər yuxarı”!!!


Müəllif: Teleqraf.com