26 İyun 20:53

"Açılan hər atəşdə vurdugun naxışlardan bir ilmə qopdu..."

Teleqraf.com gənc şair Seyran İsmayılın şeirlərini təqdim edir:

***

Bəndəlik -
əzab qorxusu,
Ölüm -
həyat qoxusu...
Əzablar
kimsəni ovutmadı,
Tanrım.

Ölüm -
həyat qədər dadlı,

Həyat -
ölüm qədər baxımlı...

Verdiyin vədlər
özünü dogrultmadı
Tanrım.

Hər şey
atəş sədaları altında
baş verdi,

Min illərlə
qurdugun kainatın
Bir az düzəni,
Bir az da
sükütu pozuldu.

Açılan hər atəşdə
vurdugun naxışlardan
bir ilmə qopdu...

Sənin bəxşişin olan
o məsum təbəssümlər

Bir körpənin
cadarlanmış dodagında
itkin düşdü...

Sənə təsəlli verdilər,
Başın sağ olsun,
Tanrım!

Onda səni dərd götürdü,
Onda səni qəhər boğdu.

Səni aciz görməyənlər,

Səni bir az aciz gördü...

...və onda

süküta qərq oldun,

...və bir az

səssiz oldun,
Tanrım.

İnsanların
gözündə gilələnən
o şor suyu,

Ləl qiymətinə
satdılar sənə.

Onda müflüs oldun,
Onda müflüs oldun,
Tanrım...

***

Eyni sabahlara oyanmaq...
...eyni günahlara yorulmaq.
Adını sorsan bilməm ki,
Məncə, bir az durulmaq gərəkir...

...bir az da hənirti gərəkir

bu bumbuz odalarda.

Nəfəs qədər yaxın olmaq dilərsən

amma olmaz ki...

Eləcə adın misalı,
Yadlaşıb gedər hamı.
Hər şeyin adı tapılar,
Adlaşıb gedər hamı.

Yaxınlar uzaqlaşar...

...havalar sazaqlaşar.
Eləcə odun misalı,
Yanarsan sobalarda.
Bircə nəydi, İlahi,
onun adı tapılmaz...
Bircə səni yandıran
odun adı tapılmaz.

***

İndi bircə yolumuz qaldı-

Unutmaq!

İndi, bir-birini ən uzaq keçmiş kimi
xatırlamaq -
Xatirələrin tozunu almaq...
Nimdaş gözlərlə baxmaq
ən uzaqlara,

Qırış əllərlə toxunmaq,
Ələ həsrət qucaqlara...

Bir az da,

bir az da yalan danışmaq,
Külə dönmüş ocaqlara...

***

İşdi-qəzadı,
qəzada ölsəm,
Sənə bağışlayaram
ulduzlarımızın barışmadığı
bütün zaman kəsiklərini...

Nəfəslərin toxuna biləcəyi
hər yer Vətən sayılar...

İndi hardasa, çox uzaqlarda
bir qara dərili nurani qoca
pəncərə önündə
öz nəfəsiylə toxunaraq tərlədiyi
şüşəyə tapşırar canını...

Səni inandırmağa and içirəm, İlahi,

And olsun, arzuların
fəzada intihar etdiyi zaman kəsiklərinə,
Bu kəsiklər öz çoxluğu ilə diş ağardar sənə...

...və yenə çox uzaqlarda bir körpə üşüyür,
...və yenə demək istəyirəm ki,
və yenə demək istəyirəm ki:
və yenə demək istədiklərim
sinəmdə düyün düşür...
...və sənə bağışlayıram

ulduzlarımızın barışmadığı

bütün zaman kəsiklərini.

***

Yenə kimi axtarar

o külək,
o sazaq,
o qar...

Kiminin əli titrəyər,
kiminin qəlbi üşüyər,
kiminin gözü dolar...

Bir quşcığaz dən axtarar,

Yuvada ac qoyduğu
o ətcə balalara...

O uşaq da hey boylanar
sınıq-sökük daxmadan...
İndi ona yalnız yükdü
qoynunda düyün düşmüş

o çəlimsiz qolları.

Gözündən acıyıb bəlkə,
Gözünə təpmək istəyər
o uzanan yolları...
Bir qoca da öz ömrünü
sığışdırıb kürkünə,

...yığışdırıb özünü
otağın bir küncünə.

Bir şamın titrək şöləsin
oğurlayır gözüylə...

İnsanlar gözlərindən acıyarmış,
ala gözlüm...

Oysa səni xatırladan
həmişəlik nəsə var -

Bir az külək,
bir az sazaq,
bir az qar!..


Müəllif: Teleqraf.com