30 İyun 2017 20:12
4 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsə qəribə bir şey. Ola bilər ki, o qızın qız olduğunu biz heç hiss etməyək...

Hələ böyüməkdə olan

Yasəmən ağacından
Bir çiçəklik budaq qoparıb
Yanan saman tayalarına dogru qaçan o qızı
Əlində qıpqırmızı bir cüt ayaqqabıyla
hələ də gözləyir atası.

1

Deməli, Gülşad fırçanı alır əlinə, gözləyir ki o qızcığaz yanğına tərəf qaçsın. Gülşad hiss edir və təhkiyənin ilk təəssürat, təsadüfi detallar üzərində qurulmasına baxmayaraq, özünün "dolayı" həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi parlaqlıq verir. Bu necə olacaq? Hər şey olduğu kimi çiziləcək? Yox. Gülşad özünün gördüyü kimi çizəcək rəsmi. Təxəyülündə qəribə rənglər canlanacaq. Nəsə qəribə bir şey. Ola bilər ki, o qızın qız olduğunu biz heç hiss etməyək. Ola bilər ki, bir çiçəklik budağın qırıldığı yerindən bir damcı su damlasın. Bir damcı su böyük bir yanğını söndürəcək, dünyanı anaların göz yaşları xilas etməsə də:

“Sabah da bir anaya ayaqsız oğlunu
Bir anaya da

oğlunun ayaqlarını göndərəcək müharibə...”

İndi bu əsərə nə ad verək? İmpressionizm?

2. “Ən uzunömürlü intihar
İllərlə dolabda asılı qalmış
Nimdaş bir paltonun intiharıdır...”

Bu misralar ədəbiyyatımızda tez-tez rastladığımız sentementalizmdir. Duyğular, göz yaşı, ümidsizlik və heç nə edə bilməmək.

"Qızılgül mürəbbəsi və tənhalıqdan reportaj"

Ən uzunömürlü intihar
İllərlə dolabda asılı qalmış
Nimdaş bir paltonun intiharıdır.

Paltarların da ömrü,
Paltarların da ölümü olur.
Axşam qayıdacağını bildiyin adamın
Səhərki gedişi belə kədərlidir.
Heyif ki, sən
Qızılgül mürəbbəsinin qoxusunu

bilirsən ancaq.
Gecəni oyadıb, səhərə qalmayan
Dəqiqələri çoxaldıqca,

səni azaldan öskürəyin belə
Bir adı yoxdur.
Boğulmayana kimi,
Nəfəsin dəyərini anlamır insan.
Uzanan saçlarım da sənə yoldur
Kəsib atsam
Sən, payızdan qışa qarımış narın
Budaq həsrətindən yazarsan.
Nə vaxtsa da
Şeirlərin vərəqlərə inanmadığı,
Şairləri unudulmaqda olan sabahlarda
“Sabahın xeyir” deyərik bir-birimizə.

3. Ekspressionizm

Bu misralarda təəssüratlar ötəri, lakin daxili vəhdət və əlaqədə verilib.
(Kürəyini subyektiv idealizmə söykəyən şeir)

“Dünən xəbərlərin axşam buraxlışında
"Allah yoxdur" deyə, bağırırdı Suriyalı ata.
Gözləri nəmli,
Əlləri xınalı,
Saçlarına qərənfil hörülmüş qızcığazın
Son pıçıltılarına qədərmiş ömür.
Uşaqlar öləndə
Tanrı belə ölür...”

Bilirəm, Suriyalı ata mücərrəd obraz deyil. Bəs Gülşad bunu rəsm əsəri kimi ortaya çıxarmağa çalışsaydı, necə olacaqdı?
Müəllif bu şeirindəki hadisəni Tanrının ölmünə bağlayır. Bəlkə “Allah öldü, onu biz öldürdük” demək istəyir?

4. Bir az pis səslənsə də, yaxşı mənada Gülşadın bir şeirini parçalayaq. “Limonlu çay” şeiri.

Sentementalizm:

“Sükuta qərq olmuş soyuq, qaranlıq otağın
Nəfəsinlə isinmək arzusuyla yaşıyarkən,
Tərk etdiyin xatirələr yaddaşına qayıdıb

Barokko:

Səni bir az da yaşlanmış, bu qədim şəhərə qaytarmaq istəyirlər. (Kələkötür mirvari

Sentementalizm:

Oxunmaq həsrətiylə saralıbdır

Tozlanmış kitabların vərəqləri.

Doğma insan əlləriyçün darıxıb əşyaların.

Divardakı rəsmlər pəncərəndəki çiçəklər qədər solğun,

Eyvanına qonan göyərçin qədər çarəsiz və yuvasızdır sənsizlik.

Heç vaxt

Həyat bu qədər mənasız,

Dünya belə qaranlıq olmamışdı.

Lampalar sönmüş, qrammafon susmuş,

Romantizm:

Tavan, döşəmə, əşyalar, bu evdə hər şey keçmişdən danışır.

Sanki zaman dayanıb.

Bir şair ömrünü xatırladır mənə bu səssizlik

Ancaq əsən küləklər, yağan yağışlar poza bilir bu sükutu

bir də mənim gəlişim.

Sən də gəl...

Hamı və hər şey,

Hətta köhnə masa üstündə buxarlanan

Limonlu çay belə səni gözləyir...

Əslində, Gülşad şeiri rəssam kimi çəkir, yazmır. Bu gün Azərbaycan ədəbiyyatında öz şeirini yazan xanımlar çox azdır. Gülşad, o azlığın bir nümayəndəsidir. Bu isteadlı xanımı təsdiq olunmuş gənc yazar kimi çağdaş ədəbiyyatımızın “böyük şairləri” təqdim etməli idi oxucuya. Təəssüf ki, “böyük şairlərimizin” başı yüz ildir özlərini təsdiqə qarışıb. Fəqət Gülşadın oxuyacağınız şeirlərindən görəcəksiniz ki, bu xanım əsl söz rəssamı kimi böyük şairlərimizə də fırça atmağa qadirdir.

Gülşaddan bir xahişim var: şeirimizdəki darıxmaq sindiromundan qurtul. Həqiqəti gördüyün kimi yaz, lap elə rəssamların gördüyü kimi. Poeziyamızdakı söz oyunu ədəbazlığı, şeiri vəhy kimi gözləmək hoqqabazlığı səni də tükədə bilər.

Hörmətlə: Elçin Aslangil

Teleqraf.com Gülşad Quliyevanın şeirlərini təqdim edir:

Sınıq şüşələr üstündə...

Günəşi gözlərin,

Yağışı əllərin,

Küləyi saçların aparacaq bu şəhərdən...

Öyrəşmələrdə bitəcək mübarizələr

Sözlərdə hərflər azalacaq

Bir də inanmaq vərdişini tərgidəcək barmaqların...

Sınıq şüşələr üstündə

Ayaqyalın gəzən adam!

Hər gecə şeir gələrdi qapına.

Dizlərini qucaqlayıb, divara qısılan zaman

Darıxmağı sətir -sətir tavana yazmağın vardı.

Ən son nə vaxt?

Harda "gələr" soyutdu çayını?

"Çünki"lər ağlatdı?..

Bir qucaq yalqızlıq,

Bir ömür də adamsızlıq dərdi var

Fotoların yaddaşına köçürdüyüm döngələrdə...

Boyat sevgilər boyadı həyatımızı

Təsəllilərlə,

Gümanlarla.

Və "sonra"lara qalanlar oldu heç vaxt edə bilmədiklərimiz...

Dadını İtirmiş Dondurmalar...

Qamışla kağız parçasından düzəltdiyimiz

Çərpələnglər apardı usağlığımızı.

Göy qurşağını xatırladan toplarımızın,

Rəngsizliyinə, yoxluğuna qədərmişik.

Səbəblərimiz dəyişdi

Ya şəkillərimizdəki adamları həyatımızda tapmadıq,

Ya da həyatımızdakıları şəkillərimizdə.

Keçmiş təəssüfdən,

Gələcəksə ümiddən başqa bir şey deyilmis.

Nağıl kitabımızı hirslə əlindən alıb,

Sobaya atdığım gün

Mən Məlikməmmədi itirdim,

Sən də Göyçək Fatmanı.

Hər şeydən çox böyüməyi arzulamaqdır, uşaqlıq

Kiminsə hamı olduğunu,

Hamının kimsə ola bilmədiyini anlamaqdır, böyümək.

Sevincimizdən qollarımızı açıb,

Qucaqlamaq istədiyimiz dünyalar

Tərk eləməsəydilər bizi,

Ağaclarimizı unutmasydı torpaq

Dadını itirməsəydi dondurmalar,

İndi çəkməzdim içimə

Nəfəsimin dadsız soyuğluğunu...


Müəllif: Teleqraf.com