9 İyul 2017 20:39
3 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Elşən Musayevin “Səninçün gəlmişəm” adlı hekayəsini oxuculara təqdim edir.

Qısa tanıtım: Elşən Yusif oğlu Musayev 1977-ci il yanvar ayının 31-də Sumqayıt şəhərində anadan olub. 1984-1994-cü illərdə Sumqayıt şəhər 20 saylı orta məktəbdə, 1994-1999-cu illərdə BDU-nun İlahiyyat (Teologiya) fakultəsində, 2000-2005-ci illərdə isə Türkiyə Respublikasının İstanbul şəhərində, Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun Fəlsəfə və Din Elmləri kafedrasında dinlər tarixi üzrə doktorantura təhsili alıb. 2005-ci ildə “Azərbaycanda xristianlıq və müasir xristian icmaları” adlı elmi işini müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsininə layiq görülüb. 2004-cü ildə Azərbaycanda “Furqan” adlı ilk elmi-dini jurnalı təsis edib və həmin jurnalın baş redaktoru olub. BDU-nun İlahiyyat fakultəsində, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində və Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Bakı Anadolu Liseyində müəllim işləyib, ərəb dili və din dərslərini tədris edib. Evlidir. İki oğlu var.

Elşən Musayev bədii yaradıcılıqla da məşğul olur. Müəllifin “Səninçün gəlmişəm” adlı hekayəsini oxuculara təqdim edirik.

SƏNİNÇÜN GƏLMİŞƏM

Bu gün tez yatmaq istəyirdim. Günün stresi, yorğunluq, tutqun, çiskinli, rütubətli havanın təsiri, televiziya kanallarındakı boş və bayağı verilişlər (buna baxmayaraq, bir çox evlərdə olduğu kimi, bizdə də televizor günün ən az on beş saatı işləyirdi), arvadımla məişət qayğıları haqqındakı cansıxıcı söhbətlərimiz məni erkən saatda yatmağa məcbur edirdi. Çox maraqlı idi: uşaqlar da bu gün erkən yatmışdılar. Daha doğrusu, onlar hər gün televizorun qarşısında yatırlar, sonra biz aparıb yerlərinə qoyuruq. Səhər yuxudan duranda ilk işləri televizoru açmaq olur. Yuxulu-yuxulu alt paltarında televizorun qarşısında otururlar, sonra mən, ya da anaları onlara tualetə getməyi, əl-üzlərini yumağı “məsləhət görür”, əyinlərinə paltar geyinməyi “təklif edirik”. Tualetə getməkdən başqa bütün şeylər - paltar geyinmək, çörək yemək, dərs oxumaq televizorun önündə icra olunur. Evimizdə üç televizor var. Biri əvvəldən də var idi. Digərini arvadım cehiz gətirmişdi. Mətbəxdəki kiçik televizoru isə arvadım sonradan aldırdı ki, digər otaqlar təmiz qalsın. Çünki televizor harda olursa, hamı ora yığılır, orada yeyib-içir, orada otururdular. Ən əziz qonaq gəldiyi zaman da televizorun səsi gəlməli idi. Vay o günə ki, qonaq “maraqlı” bir serial və ya tok şou olan saatda gələydi, bu zaman o, arzu olunmayan qonaqlar siyahısına düşərdi. İncəvara, gələn qonaqlar da serial və tok şou “xəstəsi” olduqlarından televizora bizimkilərdən də maraqla baxırdılar. Baxa-baxa yemək yeyir, çay içir (süfrəyə yemək və çay gətirmək isə yalnız reklam dəqiqələrində mümkün olurdu), veriliş bitdikdən sonra isə növbəti verilişə çatmaq üçün tələm-tələsik sağollaşıb gedirdilər. Mən belə verilişlərə baxmıram. Lakin qonaq gələndə onunla oturmağa məcbur oluram və bu zaman əsl işgəncə başlayır. Qonaq gözlərini ekrana zilləyib verilişə diqqət kəsilir, mən isə nə edəcəyimi bilmirəm. Bir-iki dəfə əlimə bədii kitab alıb oxumaq istəsəm də, arvadım məni məzəmmət edib. Qonağın yanında bədii kitab oxumaq ayıbmış. Amma seriala, tok şouya baxmaq olar...

Ağır addımlarla yataq otağına tərəf getdim. Bu vaxt dəhlizdəki telefon zəng çaldı. Yaxınlaşıb dəstəyi qaldırdım. Köhnə dostlarımdan biri - Cavid idi. Mənimlə tələsik hal-əhval tutub görüşmək istədiyini bildirdi. Səsində bir qəmginlik hiss olunurdu. Evimizin yanında balaca bir park var idi. Məni ora çağırdı. Dəvətini qəbul edib əynimi geyindim. Arvadıma məni qısqanmaması üçün harda kiminlə görüşəcəyim haqqında təfsilatlı bilgi verib həyətə düşdüm.

Cavidlə tələbəlik illərindən dostluq edirdik. O da mənim kimi açıq fikirli bir insandır. O, universitetin Beynəlxalq əlaqələr, mən isə Şərqşünaslıq fakültəsində oxuyurduq. Tez-tez görüşüb söhbət edərdik. Söhbətimizin mövzusunu tələbələrin əksəriyyətində olduğu kimi, təkcə qızlar deyil, tarix, fəlsəfə, din və başqa mövzular təşkil edirdi. Aspiranturadan sonra Cavid Xarici İşlər Nazirliyinə işə düzəldi. Bir həftə əvvəl isə toyu olmuşdu. Mən və digər dostlarımız böyük həvəslə iştirak etmişdik. Cavidin bu saatda mənimlə görüşmək istəməsi məni bir az təlaşlandırdı. Doğrusu, mən onun öz xanımı ilə uzaq bir yerdə bal ayında olduğunu düşünürdüm...

Parkın girişinə çatanda onu skamyada oturan gördüm. Fikirli-fikirli siqaret çəkir, məni görmürdü. Yaxınlaşıb salam verdim. Ayağa qalxıb görüşdü. Üzü gülmürdü. Çox narahat oldum. Görəsən, valideynlərinə nə isə olub? Bəlkə toydan borcla çıxıb? Axı indi hamı bir-birinin bəhsinə ən bahalı restoranlarda toy edir, restoran sahiblərinin cibini doldururlar. Hətta bəzən borclanırlar. Oturduq. Cavid dilucu:

Nə var nə yox? Uşaqlar necədir?-deyə soruşdu.

Mən kəsə getdim:
- Nə olub? Nə məsələdir? Evdə salamatçılıqdır?
Başını tərpətdi:
- Hə... Hamı yaxşıdır, narahat olma... Bağışla, gecənin bu saatında səni də narahat etdim...
- Bu nə sözdür?! Biz dostuq. Danış görüm nə olub?

Əlindəki siqaret qutusunu mənə uzatdı. Mən tələbəlik illərində siqaret çəksəm də ailə qurduqdan sonra siqareti tərgitmişdim. Lakin bu an Cavidi tək qoymaq istəmədim. Qutudan bir siqaret götürdüm, amma yandırmayıb əlimdə saxladım. Cavidin halı mənlik deyildi. Ona görə də siqaretimi yandırmağa cəhd etmədi. Damağındakı siqareti dərindən sümürərək gözlərini məchul bir nöqtəyə zilləyib durmuşdu. Araya ağır bir sükut çökdü. Mən sükutu pozmaq üçün dedim:

- Düzü heç yaxşı olmadı. Evimizin iki addımlığında oturmuşuq. Bəlkə evə gedək. Çay içə-içə söhbət edərik. Gülnur da sevinər gəlişinə. Dolma bişirmişdi. Oturub yeyərik.
Başını buladı:
- Yox, qalsın... başqa vaxt inşallah... - sonra başını qaldırıb mənə baxdı - Kamil, bilirsən... Başıma elə bir iş gəlib ki, heç bilmirəm necə deyim... hardan başlayım...
- Məncə lap əvvəldən başla. Kişinin başına iş gələr də...
- Biz səninlə hələ tələbəlik illərindən dostuq. Bir-birimizdən gizli sirrimiz olmayıb. Lazım gələndə bir birimizi dinləmişik, anlamağa çalışmışıq, məsləhət vermişik...

Əlimi Cavidin ciyninə qoydum:
- Cavid, mən nə o illəri, nə də səninlə dostluğumuzu unutmuşam. Gülnurla görüşə gedəndə səndən alıb geyindiyim kostyumu, pulsuz qaldığımda mənə borc adı ilə verib sonra geri almadığın pulları - heç nəyi unutmamışam. Sözünü de.
Cavid gözlərimin içinə baxdı. Sanki bir an doluxsundu. Sonra başını aşağı salıb söhbətinə davam etdi:
- Bir il əvvəl bir qızla tanış olmuşdum. İnternetdə... Bilirəm indi yəqin düşünürsən ki, internetdə tanış olduğum qız mərifətli qız deyil...
- Yox, niyə ki? - deyə mən Cavidin sözünü kəsdim - Bunu hamıya şamil etmək olmaz. Necə deyərlər əməllər niyyətlərə görədir.
- Bu qız çox mədəni, dünya görüşü geniş, qəlbi təmiz qızdır. Özü xaricdə yaşayır, amma azərbaycanlıdır. Vaxtilə orada oxuyub, sonra da valideynləri ilə oraya yerləşib. Tək uşaqdır. İnternetdəki elmi bir forumda tanış olmuşuq. Əvvəllər adi tanışlar kimi yazışırdıq, sonralar dostlaşdıq. Özü, ailəsi haqqında danışdı. Mən də həmçinin. Şəkillərimizi paylaşdıq. Bir-birimizə çox bağlandıq. Yaxın insan kimi, dost kimi dərdimizi, sevincimizi bölüşdük. Aramızdakı münasibətlər daha da dərinləşdi. Günün birində gördük ki, bir-birimizə aşiq olmuşuq. Bir müddət bunu bir birimizdən gizlətdik, lakin aramızdakı səmimiyyət buna imkan vermədi. Daha sonra uşaq kimi inkar etməyə çalışdıq, yenə olmadı. Nəhayət, hər ikimiz də etiraf etdik. Artıq ayrı qala bilmirdik. Mən səhər yuxudan durandan axşam yatana qədər internetdə onunla yazışır, o, gec yazanda çox narahat olurdum.Söhbətin bu yerində mən müdaxilə etdim:

- Yaxşı, bəs sən işlərini nə vaxt görürdün?
- Bilirsən axı, mənim işim onsuz da kompüterin qarşısındadır. İnternet də olduğu üçün hər ikisinə vaxt ayıra bilirdim. Amma düzü iş vecimə deyildi artıq. Onunla yazışıb ondan xoş bir söz eşitdiyim gün qanadlanıb göylərdə uçurdum sanki.. O gün nə qədər çətin iş olursa olsun, çox sürətlə və keyfiyyətlə görürdüm. Lakin ondan xəbər çıxmayanda, ya da bir dərdi olduğunu bildiyim zaman bütün gün qaş-qabağım açılmır, əlim işdən soyuyurdu. Eyni hissləri o da yaşayırdı. Bunu hər ikimiz bir birimizə etiraf etmişdik. Aramızdakı münasibətlər dərinləşdikcə dərinləşirdi. Bir birimizi uzaqdan idarə edirdik. Mən ondan hansı paltarını geyinib hansını geyinməməsini, işdən vaxtında çıxıb evə gəlməsini, o da məndən heç bir qıza baxmamağımı, siqareti tərgitməyimi tələb edirdi. Arada küsüb barışırdıq. Ondan küsəndə elə bilirdim ki, bütün dünyadan küsmüşəm. O anlar sanki yaşamırdım. Lakin bu küsüşmə heç vaxt uzun sürmürdü. Dərhal barışır, hər şeyi unudur, özümüzü, sevgimizi düşünürdük. Bir-birimizlə sanki ər-arvad idik. Virtual ailə qurmuşduq elə bil. Yalnız gələcəyimizdən danışır, uşaqlarımıza qoyacağımız adları müzakirə edirdik. Bütün bunlar hər ikimiz üçün də çox xoş idi. Hər ikimiz də xoşbəxt idik. Artıq aradan 8 ay keçmişdi. Fidan.. Hə, sənə adını deməmişəm. Adı Fidandır. Fidan təklif edirdi ki, mən ora gedim və biz evlənib orda qalaq. Mən isə ilk vaxtlar bunu çox istəsəm də, sonralar burada karyerama başladığım üçün, ora getməklə bağlı viza problemi olduğu üçün bu işin üstünə düşmədim. Onda Fidan mənə özünün bura gələcəyini və bizim burada evlənib ora gedə biləcəyimizi söylədi. Mən onun bu təklifi ilə razılaşsam da, düzü buna real baxmırdım. İşin ciddiyyət qazandığı bir məqamda sanki içimdən bir səs mənə “Bəsdir! Oyan! Bu, baş tutan iş deyil!” deyirdi. Həmin vaxtlar bir yerdə işlədiyim iş yoldaşım Nəzrinin mənə qarşı laqeyd olmadığını hiss etdim. Nəzrin də gözəl qız idi... nə bilim.. Düşündüm ki, Nəzrinlə yaxınlaşsam, Fidanı unudaram. Həm də o, qeyri-realdır, uzaqdır. Nəzrin isə yanımdadır...

Cavid son sözləri deyərkən yumaq kimi büzüşdü, əllərini bir birinə sıxıb başını daha da aşağı saldı. Onun necə dərin vicdan əzabı çəkdiyi halından və hərəkətlərindən aydınca sezilirdi. O, bir siqaret də yandırdı. Bu, onun söhbət əsnasında çəkdiyi 5-ci siqaret idi.

- Nəzrinlə münasibət yaratmaq çətin olmadı. Demə, onun da mənə meyli varmış. Mən onunla yanaşı, Fidanla da əlaqə saxlayırdım. Lakin bunların heç biri haqqında o birinə bircə kəlmə də bəhs etmirdim. Nəzrin ciddi münasibətə üstünlük verən qız olduğundan nişanlanmağımızı tələb etdi. Mən əlbəttə, nişanın vaxtını uzada bilər, yaxud da yol yaxınkən Nəzrindən ayrıla bilərdim. Amma içimdən bir səs mənə Fidanı unutmaq üçün Nəzrinlə nişanlanmalı olduğumu deyirdi... Mən bu səsin nəfsiminmi, ruhumunmu, ağlımınmı, yoxsa ürəyiminmi səsi olduğunu aydınlaşdıra bilmirdim. Bəlkə buna heç cəhd də etmirdim. Hətta bəzən uzaqdan uzağa sevgiyə inandığım üçün özümü qınayır, “uşaqlıq” etdiyimi düşünürdüm. Nəzringilin ailəsi məsələni bildiyi üçün artıq nişan işini təxirə sala bilməzdim. Biz nişanlandıq. Lakin hiss edirdim ki, Fidanı unuda bilmirəm. Əksinə, ona qarşı hisslərim getdikcə daha da alovlanır, güclənirdi. Arada Nəzrin mənim halımda dəyişiklik hiss edir, səbəbini soruşanda isə ona bunu müxtəlif bəhanələrlə izah edirdim. Eyni zamanda, Nəzrinin halına da çox acıyırdım. İşi bu həddə çatdırıb onu bu hala saldığım üçün özümə nifrət edirdim. İndiki ağlımla düşünürəm ki, yol yaxınkən ziyanın yarısından da qayıtmaq olarmış. Kaş ki, o vaxt bir bəhanə ilə nişanı qaytaraydım, ya da ən yaxşısı açıb hər şeyi Nəzrinə söyləyəydim. Məndən nifrət etsə də, həm məni tez unudar, həm də başqası ilə ailə qurub xoşbəxt olardı...

Bu yerdə Cavidin səsi titrədi. Qəhər onu boğurdu. Gözlərindən aşağı iki gilə yaş yuvarlandı. Mən nə edəcəyimi bilmirdim. Onun çiynindən sıxıb:
- Özünü ələ al... - dedim.
Cibindən çıxartdığı dəsmalla gözlərini sildi:
- İçimdəki o lənətə gəlmiş səs mənə son çarə olaraq dərhal Nəzrinlə evlənməyimi təlqin edirdi. Mən isə qəlbimin səsini dinləməkdənsə “kişilik” qururuna qapılır, Nəzrinlə evləndikdən sonra həyatımın qaydaya düşəcəyini, Fidanı tamamilə unudacağımı düşünürdüm. Daha doğrusu, özümü belə düşünməyə məcbur edirdim... Nəhayət evləndik. Sən də bilirsən, bir həftə əvvəl toyumuz oldu..
Söhbətə sərinlik qatmaq, gərginliyi azaltmaq üçün:
- Hə... – dedim - Əlbəttə, çox gözəl toy oldu. Hamımız çox razı qaldıq.
Cavid başını əllərinin arasına alıb gözlərini yerə dikdi:
- Kamil... Toyun səhəri Fidan gəlib çıxdı...
Mən diksindim:
- Nə?! Sən nə danışırsan?!
- Mən ona Nəzrinlə bağlı heç nə deməmişdim. Yazıq qız mənə inandığından belə bir şeyin mümkün ola biləcəyini heç ağlına da gətirməyib. Arada ona yazdığım soyuq mesajların işlərimin çox ola biləcəyi ilə əlaqəli olduğunu düşünübmüş. Evləndiyimi eşidəndə şoka düşdü...
- Bəs o, gələcəyini sənə deməmişdi?
- Yox.. mənə sürpriz etmək, məni sevindirmək istəyirmiş...
- Başa düşürəm... hər ikiniz üçün də çox ağırdır, lakin yaxşı ki, gec də olsa həqiqəti bildi...
Cavid üzümə baxıb dərdli-dərdli başını buladı:
- Ehh... ən dəhşətlisi bundan sonra oldu. Onun həqiqəti bilməsi heç nəyi dəyişmədi...
- Necə yəni heç nəyi dəyişmədi?!! - mən əsəb qarışıq bir təəccüblə soruşdum- Demək istəyirsən yəni heç bir reaksiya vermədi??
- Oturub uzun müddət hönkür-hönkür ağladı, məni də ağlatdı... Sonra özünü ələ alıb məni dəlilər kimi sevdiyini, sevgimizin yolunda hər şeyə dözəcəyini, hər şeyi qəbul edib sinə gərəcəyini, lakin məndən heç bir şəkildə ayrıla bilməyəcəyini söylədi... Artıq 6 gündür evə gecə yarısı gedirəm. Axşamlar onunla görüşür, söhbət edir, əl-ələ tutub gəzişirik. Nə o, nə də mən bir birimizdən ayrıla bilmirik.
- Bəs Nəzrin? Səndən harda olduğun barədə soruşmur?
- O yazığı da aldadıram... Ona dostlarımın məni qonaq çağırdığını, ya da başqa bir bəhanə uydurub deyirəm... Ahh..mən hər üçümüzü də bədbəxt etdim. Özün yaxşı bilirsən ki, bizdə hətta nişanı qayıtmış qıza belə pis baxırlar, o ki, qaldı yenicə toyu olmuş gəlin ola... Mən artıq Nəzrini ata bilmərəm. Digər tərəfdən, həqiqiliyinə şübhə etdiyim sevginin gerçək olduğunu indi anlayıram. Mən Fidanı necə təsəvvür edirdimsə, elə də var. Aramızdakı sevgi uzaqdan uzağa da olsa, həqiqi sevgi imiş. Yaxınlığımdakı insana qarşı duyduğum hisslər isə qeyri-realmış. Bunu çox gec anladım...

O an içimdən dostuma “Əslində sən sevginin gerçəkliyini yox, özünün necə axmaq və eqoist bir insan olduğunu gec anlamısan!” demək gəldi, lakin mən susdum... Çünki ona həyatındakı həqiqi sevgini tapdığına görə qibtə edirdim...


Müəllif: Elşən Musyaev