26 İyul 2017 11:55
2 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya, tez-tez açılıb, bağlanan qapıdır. Birini mən açdım, birini o, birini sən, birini də onlar...

Var olmağın uyğunluğunu özümüz boyda, özümüz ağırlığında, bir də, dəliyi olan qara bir daş bağışlar; şır, şır, şırlara - yəni sulara. Sonra ç, ç, ç-lara - yəni, qanadlanan quşlara. Sonra u, u, u-lara- yəni, ildırımlara və uğultulara. Hamımız bu daşın başına dolanırıq. Nə daş? - “HACƏRÜL ƏSVƏT” (Hərəkət edən daş. Kəbədəki müqəddəs qara daş). Fikrimcə, Kəbədəki Müqəddəs daş qapıdır. Dəliyi də, açar dəliyidir. Bu qapının açarı HƏZRƏTİ SÖZ-dür.

İndi, bu yazını oxuyan deyəcək ki, yaz-an dəli olub. Əslində, “də”li olub. Özün əvvəlində və axırında şəkilçi var. Elə qəşəng çəkib ki, səni, onu, bizi, bizləri və onları, nəyi və hər şeyi.

Ey-ki, fən-A, hansı qapıdan danışılır? – dönə-dönə başdöndərən qapıdan... Qıfılı söz-İLLA açılan qapıdan. O qapı ki, qadının QARA başıdı (Böyük düşünən baş), kişinin qadın bətnində yatan yaddaşıdı. Xoflanıb həmən-qəflət qabırğa olmayın, onurğa olun ki, beyninizə bir şey batsın...

Bilirəm, bu yazdıqlarımdan bir şey anlamaya bilərsiniz. Fəqət “O gecə o san ki, Kimyaxatun kimi gəldi”, - deyən Şəmsin təbirincə desək, qadın yaradan kimidir:

“Qurumuş ağacın
Qurumuş budağını külək tərpədir
Düşünürəm:
"O məni eşidir...”

Eşitməzmi - K, K, K, külək. Külək də, O onu eşidir, - deyir.

“Gecikmiş bahara minnətdaram,
O, ağaclara düşünməyə vaxt verir,
Havalar hələ də soyuqdur...”

Baharın yaddaşı yoxdur? Hamısı qapının açar dəliyindən keçir. Hara?
Yaxın gəlin, həqiqətlər “QAPI” arxasındadır, Hədiyyə Şəfaqət sizə həqiqətlərdən danışır:

“...Ən uzaq günlərdə
O qədər uzaq ki, unudulub,
Bir ovuc torpaqdan göyərdim...
Köklərim
Nəsil bağlarımdı...

...Siz bilməsəniz də
Mən ağacam...”

Söz, budaqları göydə olub, kökü torpaqda olandır. Hədiyyə Quranın “söz ayəsi”nə işarə edir. Özü də, söz kimi qızdır. Sözü də, QAPI açır... Görün QAPI-nın arxasında nələr var, nələr...

“Gənc qadın
Elə dayanacaqdaca öldü...

...Telefonunda
Son aradığı nömrəni tapdılar:
- Müəllim, siz bu xanımın nəyisiniz?
Hə?
Elə?
Kiçik bir qəza olub, gəlsəniz yaxşı olar, sizi
(filan, filan, filan) ünvanda gözləyirik...
Hə, hə, teatrı keçən kimi, orda...
Yox, yox, narahat olmayın, hər şey yaxşıdır...
Yox...
Özüylə danışmaq istəyirsiniz?..”

Qapılar tayba-tay açıldı... Dəhşətli bir sujet xətti - Qadın ölüb!

Hədiyyənin bütün şeirlərinin girişi küt ağrıyla başlayırsa, finalı mütləq partlayıcı maddənin kiçik bir qığılcımdan partlaması ilə bitməlidir. Bir də, şeirlərin Hədiyyə kimi, donuq-donuq baxmağı var...

Müəllifin ilk kitabı olan “QAPI”dakı şeirlərdə yaddaş, görməkinolenti, sujet xətti, müşahidə, bilərəkdən istifadə edilmiş ədəbi priyomlardır. Yəni, Hədiyyənin yazdığı şeirlər Həvvanın yediyi meyvə kimi yetişdirilib, dəyib, hətta kütlə üçün, Həvvalar və Adəmlər üçün lalıxlayıb. Elə bil şeirlər dil açıb deyir:

“...Aç

Aç...

Nə olsun ki, qollar qanad deyil...
Nə olsun ki...
Yerlə göy arasında yaşamaq rahat deyil...
Bilirdim...
Yummuşam gözlərimi...

...Məni anladanda
Uçmaq istəmək
ölmək istəməyin gözəl adı olsun...”

Olsun Hədiyyə, “OL”-sun!
Şeirlərində qulaqlarını və gözlərini bağlayan (Mistika) Hədiyyə üçün ən gözəl hədiyyəni qəlb evi bağışlayır. O hətta, Hədiyyənin özünü də bağışlayır - sentmentalizmə, realizmə, romantizmə.

Hədiyyə şeiri başdan yazmağa başlayır və sonunu ani vəhylə yaşayır. Yəni, Hədiyyə yazı prosesində şeirinin necə bitəcəyini bilmir. Hədiyyə HƏZRƏTİ SÖZ-ə vəkil olanlardandır. Və buna görə də, ey SÖZ ATA-nın yavruları, Hədiyyənin yazdığı QAPI-nı oxuyun, oxuyun, oxuyun!

Müəllifi yenicə çap olunmuş ilk kitabı, HƏZRƏTİ SÖZ-ə açılan “QAPI” münasibəti ilə, təbrik edirik.

Hörmətlə: HƏZRƏTİ SÖZ-ün qulu Elçin Aslangil.

Teleqraf.com Hədiyyə Şəfaqətin şeirlərini təqdim edir:

***

...Qurumuş ağacın

Qurumuş budağında can axtarıram...

Ən azı ümid edirəm,

Ən azı...

Pıçıldayıram:

- Oyan

Mən səni sevirəm və ölməyini istəmirəm...

Qurumuş ağacın

Qurumuş budağını külək tərpədir

Düşünürəm:

"O məni eşidir...”

Gecikmiş bahara minnətdaram,

O, ağaclara düşünməyə vaxt verir,

Havalar hələ də soyuqdur...

...Kimsə

Məni inandırmağa çalışmasın ki, ölüb ağac

Öz ağaclarımın

Ölüb-ölmədiyinə mən qərar verirəm

Onların yaşıllaşmaqdan başqa yolu yoxdur...

...Qurumuş ağacın

Qurumuş budağında can var...

***

...Ən uzaq günlərdə

O qədər uzaq ki, unudulub,

Bir ovuc torpaqdan göyərdim...

Köklərim

Nəsil bağlarımdı...

...Siz bilməsəniz də

Mən ağacam...

***

Gənc qadın

Elə dayanacaqdaca öldü...

Bir dəstə adamın içində

Su kimi axıb yerə töküldü qadın....

Hərə bir tərəfə çəkildi,

hələ heç kim heç nə anlamamışdı...

Sükut...

Sonra haray qopdu

Biri əyilib əlini əlinə aldı qadının,

biri başını dizinin üstünə qoydu

Biri nəbzini yoxladı...

Biri ucadan höküməti söydü

Ki:

- Cavanında-qocasında ürək qalmayıb...

Biri qışqırdı ki:

- Təcili yardıma zəng edin!

- Çəkilin

Çəkilin

Çəkilin!...

Polis camaatı aralamağa çalışdı

- Nə olub burda?

- Görmürsənmi? - yaşlı kişi başını yellədi, - Adam ölüb...

...Telefonunda

Son aradığı nömrəni tapdılar

- Müəllim, siz bu xanımın nəyisiniz?

Hə?

Elə?

Kiçik bir qəza olub, gəlsəniz yaxşı olar, sizi

(filan, filan, filan) ünvanda gözləyirik...

Hə, hə, teatrı keçən kimi, orda...

Yox, yox, narahat olmayın, hər şey yaxşıdır...

Yox...

Özüylə danışmaq istəyirsiniz?..

................................................

...Külək

Papağının altından çıxan

qızılı saçlarını oynadırdı,

Bir tutum tel

Dodaqlarına yapışıb qalmışdı,

Gözlərinin dibində

bir damla parıltı günəşə ilişib qalmışdı

Qadının...

***

...Aç

Aç...

Nə olsun ki, qollar qanad deyil...

Nə olsun ki...

Yerlə göy arasında yaşamaq rahat deyil...

Bilirdim...

Yummuşam gözlərimi...

...Məni anladanda

Uçmaq istəmək

ölmək istəməyin gözəl adı olsun...

***

Döymə -

Keçməyə bir qapı yox...

...Qapı yox

Heç nə soruşulmaz, cavabsızlıq əbədidir...

Sonsuzluğu

Duy

Azadlığı

Duy-

Danışa bilək...

Qanadlarından ayrılmaya bildikcə kəpənək

Zamanın anlamı yoxdur…

Barmaqlarının ucuyla nəfəsinə toxun

Həyatın...

***

Bu gecə atamın yatağında yatdım...

Köhnə,

Quru,

İyini itirmiş yatağında

Sahibinin kimliyini itirmiş yatağında...

Başımı yastığına qoydum –

nəfəsin soyuqluğuna…

Ayaqlarımı bətnimə sıxdım –

atamın evimizdəki yoxluğuna…

Körpəm…

Kədər

Kədər

Kədər...

Pəncərədən o üzdə narın qar...

Yığışdırılmamış süfrədə şərab...

Bir az da sərxoşdum, deyəsən

Ağlımın itdiyi yerəcən sayıqladım...

Ağladımmı?

Heç bircə damcı da ağlamadım...


Müəllif: Teleqraf.com