6 Avqust 2017 11:05
8 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Elçin Aslangilin Türkiyədə nəşriyyatların birində çapa hazırlanan “Hz. İsanın Quranı” romanından bir parçanı təqdim edir:

RƏQS EDƏN TANRI surəsi

AYƏT (S) Deyirlər mistiklər zamanda seyr edən, zaman-məkan hududlarını aşan, varlığın gerçək təbiətinə nüfuz edən tanrısal ruhlardır. Məncə zamanda seyr yox, zamanda rəqs edən,"mən"ini unudan elə Tanrının özü olan sirr sahibləridir mistiklər, aydınlaşmışlar. Ümumiyyətlə varlığın əsasında duran hərəkət məfhumu elə anlayışdır ki, var olmaq yalnız onunla mümkündür. Tanrı deyilən ideya varlığın özünü təşkil edən, daimi hərəkətdə olan, rəqs edən enerji bütünüdür.

AYƏT (Z) Dünyanı və özünü dərkin metodlarından birinin də rəqs olması fikrimcə buradan qaynaqlanır. Sufi dərvişlər onunçün rəqs edirlər ki, rəqs zehni dayandırıb ruhu dövrəyə qoşur və insan bu zaman əslinə -Tanrılığına, Özünə qayıdır. Bununla da gerçək halına qayıdan insanlar yaşadıqları cəmiyyətin qanunlarına tərs düşən atmosferdə yaşayır və cəmiyyət üçün qəribə, hətta dəli kimi görünürlər - Həllac, Şibli, Şəms və s kimi. Fiziklər də təsdiq edərlər ki, əyrixətli hərəkət kainatda əsas hərəkət növüdür və bu da məncə,varlığın rəqs edərək mövcudluğu deməkdir, Tanrının elə rəqs olması deməkdir. Bu o rəqsdir ki, onun musiqisi insan varlığının qəlbində köklənmişdir. Məhz o musiqini duyanlar, o rəqsi edənlər kamillik zirvəsinə yetişmiş ariflərdir. Tanrı rəqs edir və bu rəqs dalğalanaraq görüntülər ortaya çıxarır. Təsəvvüfdə buna "Elmi surətlər" deyilir ki, deməli var olan hər şey ruhi rəqsin təcəllisidir - vahid olanın müxtəliflikdə ortaya çıxan təkliyidir.

AYƏT (O) Bu səbəbdən torpaq da, su da, od da, hər cür bütün özü belə ibadət ediləcək müqəddəslik anlamı daşıyır. Bu təsəvvüfdə "Zahir də Odur, Batin də" deyimi ilə səsləndirirlər.

AYƏT (X) Görüntüləri olan və ya olmayan bu rəqsin ən böyük sirri odur ki, onun musiqisi qeyri-müəyyən qanunlara, qeyri-müəyyən not sisteminə malikdir. Varlığın hər atomu, elementar zərrəciyi və antimaddəsi belə bu tanrısal ruhun qeyri-müəyyən rəqsinin müəyyən kimi görünən təcəllisidir. Əbəs yerə Kvant fizikasının ən mühüm qanunlarında biri "Qeyri-müəyyənlik prinsipi"adlanmır. Yəni, artıq "zərrə külün aynasıdır" ideyası mistikadan elmə gəlir. Böyük sufi Əbdülkərim Cilli bu barədə: "Tanrı aləmin zərrələrində açığa çıxmışdır, buna görə haqqın açığa çıxdığı hər varlığa tapınmaq gərəkdir"- kimi deyimi bizə qədim sivilizasiyaların tanrını hər cür formada - heyvan, daş, su, ağac və s. təsvir etmələrinin açarını verir.

AYƏT () Əslində varlıqda bu açığaçıxmanın, bu ruhi rəqsin insanda özünü göstərməsi bütün zamalarda gizli saxlanılmışdır. Məhz buna görə də gizli öyrətilərdə Tanrı hər zaman dişi-qadın kimi təsvir və təfsir edilmişdir. Qadınlar Tanrının ən müdhiş və kefli şəkildə rəqs etdiyi ruhi sahədir. Çünki yaranışı təkrarda, seksual həzzdə, dərketmənin intiusiya növünə üstünlükdə məhz qadın varlığında özünü daha çox biruzə verir ki, əslində burada seksual həzz alan da, yaranışı təkraralayan da məhz - Rəqqasə Tanrıdır. İslamda bir deyim var: "Tanrı qısqancdır" Doğrudur, çünki “O” özündən başqa heç kəsdən həzz alınmasına razı olmur və qadınların timsalında özü həzz alan kimi daim mövcuddur.

AYƏT (Z) Hindlilərin Tanrıya KREŞNA- yəni, ən böyük həzz alan demələrinin də mənası heç şübhəsiz bununla bağlıdır. Çünki bütövlük bir-birindən heç bir notunun ayrılması mümkün olmayan Tanrı-Rəqsidir. Məhz buna görədir ki, dahi sufi mürşidi İbn Ərəbi "Qadın-kişi münasibətlərindən, yəni qucaqlaşmasından, böyük qovuşma yoxdur" deyirdi. Bəli, Tanrı insanın ondan başqa bir şeylə ləzzət almasını çox qısqanır və onun üçün də qadın surətində təkrar özünü həzz mənbəyi edir. Əslində Kreşnaçıların dediyi kimi- Ən böyük həzz alan Odur. Və buradan da bizə seksual enerjinin dönüşdürülməsi ilə Aydınlanmaya gedilən yolun kodu açılır. Tanrı ən mükəmməl şəkildə qadın varlığında rəqs etmiş və özünün müqəddəs ucalığını da kişi tərəfinə onda göstərmişdir. Hətta İbn Ərəbi kimi böyük sufi filosofu Məhəmməd peyğəmbərin qadınlara olan sevgisinin altında bu sirrin dayandığını deyirdi. Çünki Tanrı qadında çox mükəmməl şəkildə müşahidə edilməkdədir. Fərqinə varsaq da, varmasaq da içimizdə Tanrısal - ruhi rəqsin ən coşqun anı ehtiras anıdır. Seks Tanrısallıqla rəqsdir.+++

AYƏT (L) Əslində Tanrı dərk olunmaqçün yox, o sirrin, o ehtirasın içində məst olmaqçün vardır ki, sufilərin sərxoş adlananları da, məhz bu zirvədədirlər. Hər kəs bu həqiqəti yaşamış, amma fərqinə varmamışdır ki, ehtirasın ən yüksək anında insan şüuru dayanır və yalnız təmiz ruhi bir hal içində, şüursuzca ruhun qeyri-müəyyən rəqsi başlayır vvə bu rəqs vasitəsi ilə hər an özünün dərkedilməz varlığını nümayiş etdirir. Nə üçün sufilər Leyli və Məcnun dastanından belə çox bəhs edirlər? - Əsərdəki Leyli heç şübhəsiz qadın simvolu ilə verilmiş Tanrı ideyasıdır. Yaxud Şəms Təbrizinin "Uca Tanrım məni o qədər sevir ki, istədiyim şəkildə yanıma gəlir və bu an da Kimya xatun (Şəmsin qadını) şəklində gəldi" deməsi də eyni sirrə işarə edir. Bütün bunlar Tanrının qadın olması anlamına gəlmir, əksinə var olan bölünməz bir tam olduğundan, dərketmə üçün bir şey o birinə sadəcə körpü və ya qapı rolunu oynayır. Bir qadınla sevişərkən əslində Varoluşun özü ilə sevişirsən. Yəni bunlar Bütövlüyün bizə oynadığı ilahi rəqsdir, Tanrının Rəqsi...

Həzrəti Müəllif

ŞAMAEL surəsi

Yaxşı yadımdadır. O deyirdi, “Əbdül, bu əla əhva­lat­dır, bunu yaz”.

Mən o vaxt dəhşətli yuxular görürdüm...

O, lüt-üryan gecə­nin qaranlı­ğın­da ətrafına şəhvət işığını saça-saça nazla ye­ri­yirdi... Hamı ona ba­­xırdı... Ay, gecə, zülmət, ulduzl­ar, küçə və mən. Onun gözlərinin ucunda göylər, dodaq­larının od təbəssümündə baş döndürən ehti­raslı bir nəğ­mə var idi. O, həzin bir musiqini dodaqlarının altında züm­zümə edərək, zülmətin ənginliyində gözdən itdi...

Bədəninin bütün əzalarını, onu sonuncu dəfə görən hər kəs barmaqlarının ucu ilə tək-tək incələmişdi...

Gecənin qaranlığında, sakit küçədə bəzən adam öz ayaq səs­lərindən də qorxur, bu çox vaxt belə olur. Soyuq pivə və ayaq­qabılarımın asfalt yola çırpılaraq çı­xardığı səslər. Düşünürəm ki, lap indicə qarşıdakı dön­gə­dən qoca Xaron çıxacaq və arxamca sürünən kölgəmi özü ilə yeraltı dünyaya aparacaq. Yox! Bu mümkün deyil, axı mən ölməmişəm?! Bəlkə bu yol elə birbaşa Tartara gedir və mən yüz odsaçan pəncələrə sa­hib Titi ilə qarşılaşacam? Yox, bu da mümkün deyil. Bu lənətə gəlmiş yol, mənim lənətə gəlmiş uçuq-sökük balaca komama gedib çıxır ki, mən həmin koma üçün si­fəti əxlaqsız qadınların qırmızı dodaq boyasına bən­zəyən altmış yaşlı qocaya kirayə haqqı ödəyirəm. Necə ödə­yirəm? Hansı pulla ödəyirəm? Və ya pulu hardan qazanıram?

Ədəbiyyat portallarının özündənrazı redaktorlarına min bir minnətlə, qədim miflərdən, əsatirlərdən uy­durduğum hekayələri elektron poçtla göndərirəm və bunun nəticəsində qolu qanadı qırılmış qonorarlar alıram.

Yaxşı ki bu gün bu səfeh şairlə qarşılaşdım, əla bir ziyafət oldu. Adam biznesmendir, həyatın dadını çıxar­mağı bacarır. Varlı təbəqədə vüsət alan şeir yazmaq, mahnı bəstələmək kimi ədabaz­lıqları heç cür anlaya bilmirəm. Yazmaq əzab istər, iç narahatlığı istər. Görə­sən bu ədabazların içində hansı narahatlıqlar var? Nədən narahatdırlar? Hamıdan yaxşı yeyirlər, hamıdan yaxşı geyinirlər, bahalı avtomobillər, restoranlarda ziyafətlər, zəhmətin nə olduğunu bilmirlər, bunlar dədə-babadan belədirlər. Nəysə, cəhənnəm olsunlar...

Qəzetlərin birində adamın şeirini çap elətdirdim, adam mənə restoranda yaxşı bir ziyafət ver­di. Bol içki, dadlı yeməklər və adamın şeirləri haqda söylədiyim uzun-uzadı uydurma fikirlərim.

Mən tənhayam, mən avarayam, mən sərxoşam, mən pulsu­zam, mən... yox, kasıb deyiləm, mənim zəngin təxəyyülüm və bir də özümə də həzz verən istedadım var. Ancaq mən yazığam, mən öz daxili aləmimin yazıq quluyam. Mən...

- Oğraşlar, siz kişi deyilsiniz! Siz, namussuz, qey­rətsiz mur­dar­larsınız!

Qüdrətli Tanrılar, Şair eşqinə, bu nədir? O, öz-özü­nə - yəqin hansısa yazıq qızcığaz arvadbaz Zevu­sun təcavüzünə uğrayıb..., dedi. Yaxşı, gicləmə, Tanrı Xoas xatirinə, get, bax gör orda, bu boşluğu dolduran o səsin sahibəsi nəyə görə hay-həşir salıb? İnsanlıq ölsə də, mənim kimiləri hələ ölməyib. Zibilə qalmış küçədə göz-gözü görmür, bu kor bələdiyyə hara baxır, bura bir işıq çəkə bilməzlər? Bax bu qaranlıqdan istifadə edən neçə-neçə kişinin qadını, neçə-neçə kişinin peysərini qızardır, qaranlıq künc-bucaqda özgə kişilərlə cibbildəşərək. Ya da, neçə-neçə gənc, gözgörməzdən istifadə edərək hər gecə buralarda ot çəkirlər, mən dəfələrlə bunun şahidi olmuşam. Bə­yəm bütün bunların günahı bələ­diy­­yədədir? - deyə, səsgələn yerə yaxınlaşaraq özü-özü­nə sual edən Əbdül, indi qadının səsini lap qula­ğı­nın dibində eşidirdi:

- Ay camaat, bunlar kişi deyil oğraşdırlar!

- Xanım, siz hardasınız, mən sizi görə bilmirəm?

- Zibilqabının içinə bax.

- Zibilqabının?

- Hə.

- Siz orda nə edirsiniz?

- Zibil qutusunun içində kef edirəm! Ay Allah, sən gicsən? - qadın zarıya-zarıya əsəbi halda dedi.

- Yox, Allah deyiləm, həm gicəm, həm də gic deyi­ləm. Adım Əbdüldür. Amma hamı mənə şair deyir, deyəsən elə şairəm.

- Ay kişi, ay uşaq, kömək elə çıxım burdan, zibilə düşmədik?!

- Mən yox, siz, həqiqətən də, zibilə düşmüsünüz. Əlinizi verin zəhmət olmazsa. Hə, bax belə. İndi aya­ğınızı qaldırın.

- Əə, mən elə ayağımı çox qaldırdığıma görə zibil qutu­suna düşmüşəm . –

Qadın gülə-gülə ayağının birini qaldırıb zibilqabının ağzına dayayaraq Əbdülün köməkliyi ilə zibilqabıdan çıxdı. Əbdülün boynuna sa­rı­lan qadın sərxoşluqdan, ayaq üstə dura bilmirdi. O, zül­mət qaranlıqda üstbaşından gələn iyrənc qoxuya fikir vermədən Əbdülə sarılaraq:

- Şair, məni al qucağına, apar məni buralardan öz dün­yana, şeirləşək, yüngülləşək. Ayyyyyy!...M...mən də şair oldum, şair!

Əbdül, qollarının arasındakı məxluq haqda hələ zül­mətdəykən düşünürdü:

- Bəlkə bu Allektodur? Bəlkə də Kupidondur, əx­laqsız qadın cildinə girmiş məhəbbət Allahı Kupidon. Onsuz da bütün qədim Tanrı­lar əxlaqsız və hoqqa­baz­dırlar. Rəzil Dionis, gör sənin başdön­dürən şərabın in­sanları nə hallara salır?!

Qa­dın Əbdülün qucağında əvvəl əynindəki köy­nəyi ilə məşğul idi, sonra yavaş-yavaş dodağının altında gülə-gülə mı­zıldadığı söyüşləri də kəsildi. Əbdül, addımlarını bərkidərək, tezlik­lə qaranlıq küçə­dən çıxmağı və qollarının arasındakı yükdən qurtul­ma­ğı da düşündü bir ara. Addımlarını tezləşdirdi, fəqət yenə öz aləminə qapıldı.

- Müqəddəs tale ilahəsi Fortuna, heç olmazsa bu xanım, Dəniz Allahı Nereyin qızlarından biri olaydı və mən də, onu özümə aşiq edəydim. Əgər belə olsa, mən məmuniyyətlə səhər açılan kimi ev sahibinin üzünü tü­pürcəyimlə yuyub, Tanrı Nereyin qızını qoltuğuma vu­ra­raq, gedib, dəniz altında yaşayaram.

Əbdül qaranlıq küçədən çıxa-çıxa gözlərini qol­la­rının arasın­dakı qadına dikmişdi ki, gördüklərindən dəhşətə gəldi... Onun nəfəsi sinəsinin lap baş tərəfinə doğru irəliləyərək ürəyini sanki boğazında atıb-tutmağa başladı. Sonra, başının arxa tərəfindən soyuq bir sızıltı, bir anlıq onurğa sütunu ilə aşağılara enərək onun belinin ətəklərini üşütdü...O nə qədər çalışdısa da, sərxoş qadını üzünü gizlətməməsi üçün razı sala bilmədi. Qadın, koftası ilə üzünü gizlətmişdi. Onun çılpaq sinəsi və göbəyi bütün çılpaqlığı ilə bayırda idi.

Şair Əbdül, taqətsiz ayaqlarını sürüyərək özünü komanın qapısı önünə zorla çatdıra bildi. O qorxurdu, istə­mirdi ki, kimlərsə onun qucağındakı qadını görsün. Qapını təpiklə itləyib açdı, içəri girdi. Qadını dağınıq yataq otağın­dakı çar­payıya qoydu. Sonra heydən düşmüş, yorulmuş Əb­dül, özünü o biri otaqdakı divana ataraq elə o dəqiqə də də­rin yu­xu­ya getdi...

ע))

Qara bir təpənin üstündə dayanan yeraltı səl­tə­nətin hakimi Tanrı Hades, onu ehtiramla salamladı.

Lamia, üzünü yeraltı səltənətin sakinlərinə tutaraq bu sözləri pıçıldadı :

- Epéstrepse Lamía...

Sonra cəhnnəmin qorxunc, ən dərin vadisində yavaş-yavaş uç­mağa başladı. Nəhayətsiz, dibsiz qaranlığın kölgələri onu görür-görməz diz çökür, həyasızca ona yalvarırdılar. O, qan göl­məçəsinin üstündə uçmağa başlayınca zərif bar­maqları ilə döşlərinin arasında bir dairə çizdi. Sonra dai­rənin tam ortasına şəhadət barmağının dırnağını san­cdı. Bədənindən çıxan öz qanının bir damcısını dır­nağının ucunda gölməçəyə axıtdı. O, gö­zəl döşlərini qabağa verərək, təpədən dırnağa kimi gö­zəl bədənini tarıma çəkib ucadan var qüvvəsi ilə bağırdı:

- Füri, qorxunc intiqam varlığı, ruhuma daxil ol, nifrətimi artır və məni daha da güclü et!

Birdən, gölməçədən çıxan qorxunc bir varlıq, od saçaraq ətrafındakı hər şeyi külə çevirdi. İri ağzı, ən böyük mağara­ların girişindən də böyük idi. Ağzından bayıra çıxan dişləri, cəhənnəmdəki ən zəhərli ilanlardan da zəhərli idi. Quyru­ğu od pus­kürən qorxunc əjdahalara bənzəyirdi.

Lamia, gözlərini geniş açaraq dodaqlarının altında qədim bir ovsunu mızıldayınca, qorxunc varlıq qırmızı tüstüyə çevrildi. Sonra ağzını geniş açan Lamia nəfəsini içinə çəkən kimi qırmızı tüstü yox oldu. Sevincini qəhqəhələri ilə hər kəsə bildirən Lamia, qanadlarını çırpa-çırpa uçaraq zülmət qaranlıqda gözdən itdi...

- Eyyy, oyan, bəsdir yatdın.

- Lamia, rəddol öz cəhənnəminə!

- Necə, sən mənim adımı hardan bilirsən?

- Axxx, bu sənsən? – Şair gözlərini ovuşdura-ovuşdura onu yuxudan oyadan qadına baxaraq soruşdu.

- Hə, mənəm. De görüm biz tanışıq, sən mənim adımı hardan bilirsən?

- Necə bəyəm, sənin adın Lamiadır?

- Hə.

- Qüdrətli Tanrılar, şair eşqinə, mən yuxuda Ze­vu­sun məşuqəsi Lamianı görmüşəm. Zevusun arvadı, Hera­nın lənətlədiyi qaniçən Lamianı deyirəm.

Lamia ucadan gülərək:

- Birincisi, mən qadınlarla yatmıram, bu mənim xoşuma gəlmir. Yəni mən sənin qaniçən Lamianla tanış deyiləm, mən heç ona işlədiyim barda da rast gəlməmişəm. İkincisi isə sənin Lamian çox fərasət­sizdir. Bilirsən nəyə görə belə deyirəm? Ona görə belə deyirəm ki, şəxsən mənim yuxuya verdiyim kişiləri heç bir qadın o yuxudan oyatmaq iqtidarında deyil. Yaxşı, sən qalx ayağa hamamı hazırla, mən girim yuyunum, it iyi verirəm, - dedi.

Əbdül dirsəklənib əsnəyə-əsnəyə divandan qalx­dı. Əl-üzünü yumaq üçün hamama keçən Əbdül oradan La­miyaya səslənərək dedi:

- Mən hamamı hazır edəcəm, sən girib yuyunarsan. Mən indi əl-üzümü yuyub dükana gedəcəm, çörək və qay­maq alacam. Sən isə, soyuducudan yumurta çıxarıb yaxşıca bişir. Yağını bir az bol etsən yaxşı olar. Müm­kündürmü, Lamia xanım?

- Əlbəttə, mümkündür, amma xanımsız. Mənə nə deyirsən de, bir xanım demə, bir də Lami demə. Müm­kündürmü, Şair?

- Hmmm...

(ע)

Yeraltı dünyada Kosit çayından axan ölülərin göz yaşları, kədərli nəğmələrlə qəlbsiz ruhlardan mərhəmət diləyirdi. Səmum küləkləri Zəban ağaclarını bir sağa, bir sola yellədikcə, yerə tökülən zəqqum meyvələri düşdüyü yerdə böyük yanğınlara səbəb olurdu. Belə ki, həmin yanğınlardan Zəban ağacları qovrulub kül olurdu və sonra yenidən öz külündən yaranırdı.
Tanrılara lənət üzərinə tikilmiş cəhənnəm ən az Tanrılar qədər qəddar və qorxuncdur.

Şamael bütün bunları Kosit sahilində durub düşü­nürdü. Onun, bir olan Allaha asi olduğu vaxtdan neçə-neçə qərinələr keçmişdi. Vaxt vardı Şamael, Allahın ən sədaqətli, itaətkar dostu idi. Heç bir varlıq Allaha onun qədər məhəbbətlə ibadət edə bilməmişdi. Yer üzündən göylərə ilk dəfə səslənən o olmuşdu. İbadəti mələkləri təəccübə gətirən o olmuşdu. Cənnətdə ilk dəfə Allahın adından xütbə oxuyan o olmuşdu.

Şamael, Adəmi və Adəm­dən olanları heç sevməz. Çünki, Allahın Adəmə olan sevgisi onun Allaha olan sevgisindən əskik deyildi. Bəs Allah bu sonsuz məhəbbəti nə üçün qiymətləndirmədi? O, Allahı Adəmdən azmı sevmişdi? Bütün bu sualların cavabını səbr etməyi sevən, əməli ilə dəlillər gətirən Allah bilir yalnız. Bilir və susur...

Şamael Adəmə olan sonsuz nifrətindən, Adəm kimi torpaqdan yaradılmış və Allah tərəfindən Adəmə qadın ola­raq buyrulmuş Liliti yoldan çıxararaq öz qadını etmişdi. Gecə ikən gizlincə Ədin bağ­larına soxularaq, əri Adəm­lə sevişən Lilitin qulağına pıçıldamışdı:

- Nə üçün sən Adəmlə sevişərkən daim altda olur­san? Sənin Adəmin üstündə olmağa haqqın yoxdurmu? Məgər sən də Adəm kimi torpaqdan yaradılmadınmı? Lilit, Adəm səndən üstün deyildir.
Bunu eşidən Lilit, elə o andaca haqqları barədə cə­fəng fikirlər səsləndirməyə başlamış, Adəmsə, Lilitlə heç cür razılaşmamışdı. Cütlük arasındakı bu anlaşıl­maz­lıq Lilitin, Allahın qadağan edilmiş adını çəkməsi ilə sonlanmışdı. Lilit Adəmdən üz çe­vi­rərək göylərin dərinliklərinə qalxıb Şamaellə evlən­mişdi. İndi, Lilitin və Şamaelin soyundan gələn Lamia, ehtiraslı ölümlülərin çağırışı ilə cəhənnəmdən azad ol­mağa hazırlaşır.

- Cinlərin kralı müqəddəs atam, Həzrəti Şamael, itaət­ka­r­ınızam.

Kral Şamael, qaranlıqdan varid olan, dodaqları tünd-qırmızı şərablar kimi ətirli Lamianı görüncə, şəhvətlənərək və heyrətdən özünü itirərək ona təzim etdi:

- Lamia, ən az Lilit qədər sehrlisən.
Bu gün, miskin ölülərin göz yaşları çayının sahilində, sən mənim qadınım olacaqsan. Sənin kisənə məndən düşən toxumlardan yaranacaq olan qız övladlarımızın hər biri, ölümlülər kimi doğula­caq. O qızlardan günahkarlar doğulduqca, yer üzündə əxlaqsızlıqlar artacaq. Beləcə, sən zamanı gəlincə səltənətimizi qurmaq üçün cəhənnəmdən azad ediləcəksən. Dünyaya qız uşaqları gətirən, ərini aldadan günahkar qadınların hamisi və Kraliçası olacaqsan.

Şamael danışdıqca, Lamia ona daha da yaxın­la­şa­raq, dırnaqları ilə onun bədənində bu sözləri yazırdı - “ridisəəbət nileamaş aimal” ...

- Mən nəsə yaxşı deyiləm. Beynimdə bir hekayə var-gəl edir. Deyəsən dəli oluram. Eyyy, az iç, yoxsa yenə keflənəcəksən.

- Şair, mən də elə bunu istəyirəm.

- Sən, başqa nə istəyirsən, əzizim Lamia?

- Mən, mən on iki yaşından bakirəliyini itirən məşhur fahişə­nin qızı fahişə Lamiyayam. Mən çox şey istə­yirəm, ayaq barmaqlarımı yalayan kişilər istəyirəm. Sən ehtirasın nə olduğunu bilmirsən, Şair. – Lamia gülərək əlindəki qədəhi başına çəkdi.

Şair cavabında:

- Necə bəyəm bilmirəm, mən kişi deyiləm?- dedi.

- Sən elə kişi olduğuna görə ehtirasın əslini və alt qa­tını anlaya bilməzsən Şair. Kişilər bunu qadınlar kimi anlaya bilməzlər. Ehtiras, yenidən doğuluşdur, ehtiras, ölüm mələyi üzərində qələbədir. Şair, bilirsən ehtiras nədir?

- Hmmm, maraqlıdır, davam elə. Ancaq deməliyəm ki...

Lamia Şairin sözünü yarımçıq kəsdi:

- Ehtiras qadının kişini rəzil etməsidir, gücdən sal­masıdır. Siz, kişilər, adi anlarda ölüm mələyi kimisiniz, nə yalvarışlara fikir verirsiniz, nə də yarımçıq qalmış arzulara. Ancaq biz qadınlar sizi yatağa çəkəndə, sizdən hər vaxt eşitmədiklərimizi eşidirik, sizə etdirə bilmə­dik­lərimizi etdiririk, yarımçıq arzularımızı gerçək­ləş­dir­mə­yə sizi adi bir sığalımızla səfərbər edirik. Şair, gözlə­ri­min içinə bax, elə bax ki, gözlərimin içini yox, gözləri­min arxasını gör. Baxışlarını bulanıqlaşdır, hə, bax, bax...

Əbdül, gözlərini Lamianın qara gözlərinin içinə dikib, sonra baxışlarını bir az bulanıqlaşdırdı- Nə görürsən, Şair?

- Sənin gözlərinə bənzəyən bir neçə göz.

- Hə, doğrudur. Mənim gözlərimə bənzəyən bir neçə göz. Sən çox ağıllı adamsan, Şair. Bax, mənim içim­dən bir neçə mən boy­lanır həyata. Onlardan biri fahişə, digəri yaxşı yumurta bişirməyi bacaran qadın, bir başqası isə, cəhənnəm odu kimi ehtiraslı bir məxluqdur ki, onu mən bax burda, bax düz burda gizlədirəm- Lamia baş barmağı ilə sinəsini göstərdi.

Əbdül özünün də, Lamianın da qədəhinə qırmızı şərab süzdü:

- Lamia, sən düz deyirsən. Hərdən mən də olduğum kimi görünməkdən qorxuram. Zənnimcə insanların azad olmamasının səbəbi içimizdəki Tanrının azad olmama­sından irəli gəlir. Biz, şərdən qorxmamalıyıq, şəri sevə­rək, sevməyi öyrətməliyik. Biz Tanrıya kilsədə yox, öz içimizdə şam yandırmalıyıq.

- Xeyir, mən bunu demirəm şair, mən bütün buxov­lardan azad biriyəm. Tanrı və ya cənnət mənim vecimə deyil. Mənimçün cənnət çox mənasız bir yerdir. Mənim­çün cənnət rəsmi ziyafətlərdə yüksək səviyyəli göstər­məçi mədəniyyətə sahib insanların bir araya gəldikləri girdirmə bir yerdir. Özü də elə bir yer ki, orda hamı özü­nü aristokrat kimi göstərməli, hamı yüksək mənəviy­yata sahib olmalı, hamı üstün olmalıdır. Bəs fərq? Bəs çılğınlığın həzzi? Bəs kədər, qəm, daxili narahatlıq? Tu­ta­lım ki, o bağlarda yüksək dozalı şərablar da var, amma mən o şərabı qədərincə içməyə məcburam. Bax, söhbət məcburiyyətdən gedir. Mən nə üçün o şərabı içib-içib ən sonda əgər istəyirəmsə başıma tökməməliyəm? Lap tu­ta­lım ki, bu istək də əlimdən alındı və mən bu kimi is­tək­lərdən, ümumiyyətlə, hisslərdən məhrum olan bir varlıq olacam. Bəs əgər bunlar məndə sonralar olmaya­caqdırsa, mən hansı günahın sahibəsiyəm ki, məni is­təklərə, hisslərə məhkum ediblər? Məgər bir insan bir başqasının günahının əzablarını çəkmək üçün yaradılıb? Yox Şair, mənə cənnət lazım deyil. Axı nəyimə lazım­dır? İstədiyini ye, istədiyin vaxt gül-çiçəkli bir yerdə yat, şırıl-şırıl göz yaşı kimi təmiz bulaqlar, bülbüllər fi­lan­lar, nəyimə lazımdır?! - Lamia gülərək, - Özüdə bu əbədi davam edəcək, - dedi və qədəhindəki şərabı öz baş­ına tökə-tökə sözünə davam etdi:

- Heyif deyil cəhənnəm! Biri gəlib səni “Qır qazanı”na atacaq və ya bu həyatda aldığın həzzlərdən ağrı-acılı işgən­cələrə məruz qalacaqsan. Hər gün bir yenilik, od, alov və sairə.

Əbdül siqaretdən dalbadal, həyəcanlı bir şəkildə bir neçə tüstünü sinəsinə çəkərək düşünürdü ki, bu qadın yəqin ki, sevgi oyadan Tanrı Erotun özüdür.

Bir­dən, Lamia yerindən sıçrayaraq ikiəlli Əbdülün yaxasından tutub onun dodaqlarını ehtirasla öpə-öpə, “Şair, sənə indi elə bir şey göstərəcəm ki, ölüb diriləcəksən”, dedi.

Lamia otağın tən ortasına keçərək dodağının altındakı mızıltının ahəngində rəqs edə-edə əynindəki paltarlarları soyunmağa başladı. Əbdül yerindəcə donub qalmışdı, nə edəcəyini bilmirdi. O, bədəninin büsbütün çılpaqlığının əsrarəngiz qadın gözəlliyi ilə Əbdülü hal­dan-hala saldı. Sonra yavaş-yavaş arxasını ona tamaşa edən keyləşmiş Əbdülə çevirərək pıçıltı ilə:

- Arxamca gəl, Şair – deyib, evin birbaşa küçəyə açılan qapısından bayıra çıxdı.

Çaşqınlıqdan donub qalmış Əbdül tez ayağa qalxıb özünü Lamianın arxasınca qaranlıq küçəyə atar­kən eşitdiyi sözlərdən dəhşətə gəldi. Yaxınlıqda dayanıb siqaret çəkə-çəkə söhbət edən iki kişiyə Lamia deyirdi:

- Eyyyy, kişilər, məni istəyirsiniz? Əgər istəyir­sinizsə mən burda oluram, bax bu evdə, Şair qalan evdə. Hə, mən lütəm, məni istəyirsinizsə biriniz məni quca­ğına alıb aparsın Şairin evinə. Mən hər ikinizlə seviş­məyə hazıram.

Kişilərdən biri gülə-gülə Lamianı qucağına alıb Əbdülün evinə apardı. Əbdülsə ləngər vura-vura o biri kişinin qarşısını kəsmək istəyirdi, bacarmadı.

Dəhşətlidir, o, kişiləri dəliyə döndərmişdi. Kişilər vəh­şi şirlər kimi ləzzətli ovu, Lamianı parçalayırdılar...

Qəfil gözlərini geniş açan Lamia, dodağında kina­yəli bir təbəssümlə baxışlarını otağın girişində dayanmış Əbdülün gözlə­rinin içinə zillədi. Onun inanılmaz bir çevikliklə kişilərin ağuşundan sıyrılması və masanın üstündəki bıçağı qapması an məsələsi oldu. O, əlindəki bıçaqla özünü itirmiş kişilərə dalbadal bir neçə zərbə vuraraq onlardan birini yerə sərdi. O biri kişi isə qolunda və bədə­nin­də bir neçə bıçaq zərbəsi özünü evdən bayıra ata bildi. Lamia, qanlar içində yerə sərilən və artıq canını tap­şır­mağa hazırlaşan kişiyə fikir vermədən qorxudan gömgöy göyər­miş Əb­dülə üzünü tutub dedi:

- Şair, bu əla əhvalatdır, bunu yaz!

Qadın gecə­nin qaran­lığında lüt-üryan, ətrafına şəhvət işığı saça-saça nazla yeriyirdi... Hamı ona baxırdı - ay, gecə, zülmət, ulduzlar, küçə və mən... Onun gözlərinin ucunda göylər, dodaqlarının od təbəssü­mün­də başdöndürən ehti­raslı bir nəğmə var idi. Lamia həzin bir musiqini dodaqaltı zümzümə edərək, zül­mətin ənginliyində gözdən itdi...


Müəllif: Teleqraf.com