14 Avqust 12:48
772

Teleqraf.com Qismətin tərcüməsində məşhur türk şairi Məlih Cövdət Andayın 1965-ci SSRİ-yə etdiyi səyahət əsasında yazdığı “Sosialist ölkələrdə” adlı kitabından bizim ölkəmiz, ziyalılarımız, yazıçı, şairlərimiz, o dövrün ədəbi mühiti haqqında olan hissələri təqdim edir.

(İxtisarla)

Son iki il içində beş sosialist ölkədə olmuşam, sözün düzü, hərəsində az-az qalmışam, tutalım, birində iyirmi gün, birində üç gün. Aydındır ki, bu qısa zaman kəsikləri bir ölkəni, üstəlik, ən yeni təcrübələri yaşayan ölkələri tanımaq üçün kifayət deyil. Tanımaq hazırlıqla, analizlə, müşahidə ilə olur; konkret bir mövzu müəyyənləşdirməlisiniz, yola çıxmamış ilkin hazırlıqları etməlisiniz, getdiyiniz yerlərdə də təkcə o mövzu ilə bağlılığı olan yerləri, qurumları gəzib görəcəksiniz, dalınca düşdüyünüz problemləri həll etməyə yararlı suallar verəcəksiniz, aldığınız cavabları müşahidələrinizlə tutuşduracaqsınız, sonra statistik bilgilərə baş vuracaqsınız… Bu yol biləndərləri, müdrikcə yaşamağa alışmış adamları uğura aparır, ancaq mən belə bir yol tuta bilməzdim. Bəs yaxşı, sənət, ədəbiyyat analizlərinəmi girişdim? Sözün düzü, bunu da etdim deyə bilmərəm. Bu, qəti olmaz. Çünki bir ölkənin sənəti, ədəbiyyatı haqqında informasiya əldə etmək, təkcə elmi araşdırma və analiz metodları ola bilməz. Kitab tirajları, keçirilən sərgilərin, konsertlərin sayı… olsa-olsa sənət, ədəbiyyat həyatının canlılığı, dinamikliyi haqqında informasiya verə bilər, keyfiyyəti haqqında yox. Bəzən görürsünüz ki, bircə kitab, bircə müəllif bütöv bir ölkənin ədəbiyyatını təmsil edəcək məqama çatıb, öz işiylə möhür vurub. Deyək ki, Azərbaycanlı bəstəkar Qara Qarayev ölkəsi üçün çox vacib addır. Qara Qarayevin musiqiçi kimi qiymətini vermək mənə düşməz, amma hesab edirəm ki, Qarayev modern Azərbayan musiqisini gerçəkliyin sahəsinə daxil edib, onun adını qoyub, bu gün modern Azərbaycan musiqisi artıq qərb musiqisidir. Biz isə xeyli tərəddüdlərdən sonra bəzi proqressiv ziyalılarımızın da dəstəkləməsi ilə get-gedə alaturkaya belə yeni nəfəs vermək istəyirik; Atatürkün “Bunun adı şapkadır” şəklində ifadə etdiyi birbaşalığı örnək alıb musiqimizin adını qoya bilməmişik. Halbuki bizim də Qara Qarayevin getdiyi yolda gedən dəyərli sənətçilərimiz var. Belə götürək ki, ölkəmizdə on beş gün qalan bir əcnəbi bizim musiqimiz haqqında nə cür, hansı yoldan bir qənaətə gələ bilər? Baxır kiminlə rastlaşıb, bir də görəcəksiniz onu alaturkacıya aparıblar, bir də görəcəksiniz cazmenin, ya da çoxsəsli bir musiqiçinin yanına…
“Moskvaya… Moskvaya…”

Bizi Odessaya aparacaq “Armenia” adlı gəmi Topxana limanından yola çıxanda yoldaşım Yaşar Kamal belə dedi: “Bizim sağçılar o qədər “Moskvaya, Moskvaya” qışqırdılar ki, budur, artıq gedirik.”
Kaş onlar da gedələr. “Moskvaya, Moskvaya…” Bəs yaxşı, bu sözün mənası nədir? Yəqin ki, bu mənadadır: “Solçusansa, səni yerin bura deyil, Moskvadır, sən ancaq orda rahat ola bilərsən.“ Əgər belədirsə, onda biz də əvvəla bunu deməliyik: Solçuyuqsa, sosialistiksə, bizim yerimiz elə buradır. Türkiyəni bütün türklərin rahat yaşayacağı bir sülh ölkəsi etmək istəyirik, bunun da yolu sosializmdir deyirik. Moskvaya gəlincə, doğurdan bu şəhəri sevdim, avtobusa adam yığarcasına “Moskvaya, Moskvaya” qışqıranların gedib görsünlər, məsləhətdir, bəyənəcəklər, bəzi əsassız şübhələrindən xilas olacaqlar. Başa düşəcəklər ki, illər boyu mənşəyi xaricdə olan bəzi mənfəətpərəst çevrələrin yaydıqları uydurmalarla aldadılıblar, görəcəklər ki, orda dostlarımız var və onlar müharibə istəməyən xoşbəxt insanlardır.
Xoşbəxt cəmiyyətlər müharibə istəmirlər, amma tarixdə bəzi xoşbəxt cəmiyyələrin də müharibə etdiyini bilirik. Fəqət burda vacib bir ayrım var: Tarix boyu xoşbəxt bilinən cəmiyyətlərin xeyli yoxsulu və problemləri vardı. Bu gün isə artıq yoxsulları olmayan, toqquşmalardan xilas olmuş yeni cəmiyyətlər tarixin dönüm nöqtəsini müəyyənləşdirirlər. Bu yazının icadı, İsanın doğumu kimi bir dönüm nöqtəsidir. Moskvada dəyərli dostum Babayevdən soruşmuşdum: “Burda nə qadağandır?” Babayev cavab vermişdi: “Müharibə propoqandası etməkdən başqa heç nə yasaq deyil.”
Gəmidə
Sovet “Armenia” gəmisini İstanbullular çox yaxşı tanıyırlar, “Pobeda” ilə “Armenia” hər həftə Topxana limanında gördüyümüz, balaca, şirin sərnişin gəmiləridir. Sovet İttifaqının İstanbul Konsulluğundan səlahiyyətli şəxslər bizə Sovet Yazıçılar Birliyi rəhbərliyi tərəfindən göndərilmiş dəvət məktubuna cavab verdikdən sonra, yola çıxacağımız günü soruşdular, 12 iyun şənbə gününə razılaşdıq. Konsulluqdan iki nəfər bizi yola salmaq üçün limana qədər gəlmək nəzakəti göstəriblər, gəmi hələ yola düşməmiş onlarla birlikdə gəmini barına gedib bir neçə şüşə vodka içdik. Bir neçə şüşə deməyimə təəccüblənməyin, bunlar bir qədəhlik balaca şüşələrdi.
Mənim ən sevdiyim içki rakıdır. Niyəsini soruşsanız, bu günə qədər onu keçən başqa içkiyə rast gəlməmişəm. Bolqarların, Yuqoslavların slibovaları, slibovitçaları mənlik olmadı, bolqar mastikası ilə yunan mastika yaxşı içkilərdi, amma məncə gözəllikləri bizim rakıya oxşadıqları üçündür. Macar şərabı, erməni konyakı, gürcü çaxırı içdim, skandinavların sərt içkilərindən də yoxladım, bütün bunların içində rakıdan sonra ən sevdiyim içki vodka oldu. Ancaq rus vodkası bizim vodkaya oxşamır, tamam fərqlidir. Onu da deyim ki, rus üsulu içməyə elə gəmidəcə özümüzü alışdırdıq, hər qədəhi şərəfə qaldırırsınız, bacarırsınızsa, qısa, ya da uzun bir tost deyirsiniz, ondan sonra qədəhi başına çəkirsiniz, başqa sözlə desək, içkini dilinizə dəymədən boğazınıza tökürsünüz, dalınca da məzəyə cumursunuz. Bu məzə kürü olsa, çox yaxşıdır. Bu üsulla çox içmək, az sərxoş olmaq olar. Bizim tost demək vərdişimiz olmadığı üçün bütün yol boyu bir az sıxıntı çəkdik. Sonradan başa düşdüm ki, hər qədəhdən sonra birinin ayağa durub tost deməsi, iki qədəh arasındakı məsafəni uzadıb birinci qədəhin bədənə yaxşıca yayılmasına yarayır, yəni texnika problemidir. Çox vaxt da son qurtumuna qədər içdiyiniz qədəhi başınızın üstünə qaldırmalısınız, yəni ki, içində bir damcı da qalmadı. Ruslarda şərəfə içmək, tost demək çox köhnə adətdir. Puşkinin dostu Ruspopov şairlə içdiyi bir günü xatırlayıb yazır ki, o gün ağlımıza gələn hər şeyin şərəfinə içdik.
Moskvada
…Başqa bir gün də Moskva məzarlığına, Nazimin qəbrini ziyarət etməyə getdik. Bura tanınmış adamlar məzarlığı idi və iki hissəsi vardı. Məzarlığın köhnə hissəsində Çexovun, Qoqolun qəbirlərini gördük. Çoxlu ağac olduğu üçün bu hissə alaqaranlıq idi. Əksər məzarların yanında ölənlərin yaxınları əyləşmişdi. Qoqolun məzarını bizə onlardan bir qadın göstərdi.
Məzarlığın yeni hissəsi ağaclar hələ cavan olduğu üçün aydınlıq idi. Məzarların üstündə heykəllər, rəsmlər, büstlər… Bəzisində filosof, bəzisində əsgər, bəzisində sənətçi uyuyur. Bəziləri çox gənc yaşda dünyadan köçüb, rəsmlərindən bilinir. Hamısı da Sovet Rusiyasının tanınmış simalarıdır. Təsadüfə baxın ki, Nazimin məzarı başında onun barelyefini düzəldəcək sənətkarla rastlaşdıq. Bizə layihə haqqında məlumat verdi. Hələ təzə olan məzarlar çiçək bağına oxşayır. Hər məzarın yanında ölənin yaxınlarının əyləşməsi üçün skamyalar var. Deyək ki, bir qadın ərinin məzarını ziyarətə gəlib, çiçəklərə su verir, alaq otlarını təmizləyir. Mənə elə də kədərli yer kimi gəlmədi, daha çox bir parka bənzətdim buranı.
Məzarlıqdan çıxdıq, o günlərdə Moskvada olan Azərbaycanlı şair Rəsul Rza bizi axşam yeməyinə dəvət edib, metroya düşürük. Bu ərəfədə boşalan metrodan çıxan insan izdihamı ilə rastlaşırıq. Bunlar qadınlı-kişili fəhlələr idi, üst-başları təmiz idi, bəzilər sendviç yeyirdi. XIX əsr rus ədəbiyyatından tanıdığım rus xalqı, fəhlələr gəldi gözümün qabağına. Onlar qarşımdan axın-axın keçən bu insaların anası, atası olmasa da, babaları, nənələri olublar. Deməli vəziyyət bir nəsil boyunca dəyişmişdi. Moskvada bircə dənə də səfil, dilənçi görmədim, bütün Rusiyada görmədim.
Rəsul Rza ilə
Moskavaya çatan gün soruşmuşdum: Sovet İttifaqının ən məşhur şairi kimdir?
Bir az düşünəndən sonra, Rəsul Rza – demişdilər.
Mən elə bilirdim Yevtuşenkonun, Voznesenskinin adını çəkəcəklər.
Başqa kim?
Rəsul Həmzətov
O kimdir?
Dağıstanlı şair.
Romançıları soruşdum, ən məşhuru Çingiz Aytmatovdur dedilər. Çingiz Aytmatov bizdə “Cəmilə” romanı çap olunan qırğız romançısıdır. Araqon onun dünyanın ən böyük romançılarından biri olduğunu demişdi. Onunla Asiya-Afrika yazıçıları toplantısında tanış oldum.
Məşhur rus şairləri ilə tanış ola bilmədim, Yevtuşenko da, Voznesenski də o ərəfədə xaricdəydilər. Dünyaca məşhur rus romançısı Şoloxov kənddə idi. Erenburq bizi görüşə çağırmışdı, amma elə həmin gün mən Moskvadan gedəsi oldum, fəqət Əziz Nesinlə Yaşar Kamal gedib görüşüblər, həmin vaxt Sartr da ordaymış, qapıda, ayaqüstü tanış olublar.
Rəsul Rza ilə bir neçə gün əvvəl Tolstoyun kəndi Yasnaya Polyanadan qayıdanda tanış olmuşduq, mən bir xəstəydim ayaqüstü danışmışdıq. Bu axşam birlikdə yemək yeyəcəyik. Babayev ilə Aleksandrov da bizimlədir. Rəsul Rzanın qaldığı oteldə görüşüb şəhərə çıxdıq. Praqa restoranına gedəcəyik, dedik bir az gəzək, o birilər qabaqda gedir, mən Rəsul Rza ilə ağır-ağır arxadan gəlirəm. Müxtəlif mövzulardan danışırıq, Rəsul Rza uzun fasilələrlə danışır, mən tam “bu mövzuda danışmaqdan vaz keçdi” təəssüratına qapılarkən, hədəfi 12-dən vuran cümləni tapıb deyir. Dürüst, səmimi, duyğulu və inandırıcıdır. Şəxsiyyəti hörmətə layiqdir. İçin-için şeirlərini oxumaq üçün tələsirəm.
Praqa restoranına gəlirik. Saqqalı bir qapıçı heç kimi içəri buraxmır. Restoranda yer yox imiş. Aleksandrov irəli durur, nə deyir-desin, saqqallı geri durmur, Nuh deyir, peyğəmbər demir… Bu anda ikinci həmləni Rəsul Rza edir, yaxasında millət vəkili nişanı var… A, saqqallı onu da vecinə almır. Mən təklif edirəm ki, başqa yerə gedək. Ev sahiblərimiz israr edirlər və nəhayət saqqallını məğlub edib içəri giririk. Gözəl, bər-bəzəkli bir yerdir. Saray pilləkənlərini xatırladan pilləkənlərlə yuxarı mərtəbəyə çıxıb bir masada əyləşirik. Ürəyimiz yemək istəmir, yüngül məzələrlə vodka və şərab içirik. Rəsul Rza deyir ki, xəstəyəm, az içəcəm, üzrlü sayın, amma içdikcə kefi açılır və daha çox içir. İçəridəki salonda rəqs musiqisi çalınır, mahnı oxuyan gözəl qadının səsi və texnikası əladır. Moskva otelinin və bizim qaldığımız Pekin otelinin ymeək salonlarını da gördüm, orda caza da qulaq asdım. Ən yaxşısı Praqa restoranındakı idi, ya Moskva otelindəki? Ayırd edə bilmirəm. Ümumən yeni musiqisini bilənlər yoxdur. Yeni rəqsləri bilənlər də ya yoxdur, ya azdır. Moskva otelinin yemək salonunda ən yeni rəqsləri oynayan bir turist qrupu vardı, onlar meydana çıxan kimi, moskvalılar rəqs meydançısının ətrafına toplaşırdılar. Gecə klublarında hamı rahat paltardadır, imitasiya yoxdur, hamı təmiz geyinib. Pencəklərini çıxarıb qollarını çırmalayanlar da var. Bir də görürsüz bir masada çoxsəsli bir xor yaranıb, mahnılar oxuyurlar. Bunlar xüsusilə cavanlardır. Pekin otelinin salonlarında universiteti bitirməklərinin şərəfinə toplanmış böyük bir gənclik qrupu görmüşdük.
Bakı
Biz Moskvada olanda Əziz Nesin Leninqrada getmişdi.Əkbər Babayev, Yaşar Kamal və mən təyyarə ilə Bakıya uçuruq. Əziz Nesin də ora gələcək. Babayev Bakılıdır. Sovet İttifaqında tez-tez Babayevlərlə qarşılaşdıq, tanış olduq. Budur, Bakı hava limanında bizi qarşılayanlardan biri də Babayevdir, şair Adil Babayev… Sonra Moskvadakı Asiya-Afrika Yazıçılar toplantısında da bir Babayevlə tanış olduq.
İki il əvvəl mən Türkiyə Ədəbiyyatçılar Birliyinin sədri olanda Azərbaycan Yazıçılar Birliyinin başqanı Mehdi Hüseyn İstanbula gəlmişdi. Məni axtarmışdı, sonra səfirlikdəki bir ziyafətdə görüşdük. Odessadan bəri yolu boyu mənə dedilər ki, bilirsinizmi, Mehdi Hüseyn öldü, dostunuz Mehdi Hüseyn.
Dostluğumuzu Türkiyə səfərindən sonra yazdığı kitabdan öyrənmişdilər.
Vaxtsız ölən Mehdi Hüseyn İstanbula ikinci dəfə Podqorni ilə gəlibmiş, qayıdanda kostyumluq parça alıbmış, Bakıda tikdirib, bir səhər arvadına deyib ki: “Təzə kostyumumu geyinim.” Amma sonra vaz keçib, elə həmin gün də ölüb biçarə.
Moskvada olarkən Rəsul Rza mənə dedi ki, Bakıda bizə gedin, həyat yoldaşım da, oğlum da ədəbiyyatçıdır, tanış olarsınız, mən sizin gələcəyinizi artıq onlara yazmışam.
Beləcə, dost və qardaş Azərbaycanın paytaxtında yaxınlarımızın, bizi tanıyanların, yolumuzu gözləyənlərin olduğunu düşünmək səyahətimizi daha da mənalı, səmimi edirdi.
Üç saata yaxın çəkən hava səyahətindən sonra Bakıya çatdıq. Avtobilə əyləşib şəhərin yolunu tutduq. Az sonra neft quyularını gördük. Bu görüntünü sizə necə izah edim?
Göz işlədikcə uzanan bir düzənlik düşünün, bu düzlükdə bir dənə də olsun ağac yoxdur, ancaq və ancaq quyular, mədən qüllələri, quyular, quyular, quyular, quyulardan bir meşə… Yaxınlığından keçdiyimiz quyulara baxırıq, bircə insan belə gözə dəymir, hamısı öz-özünə işləyir. Elə bil tərk edilmiş şəhərdi. Əziz Nesin demiş, adamın əti ürpəşir. Sovet İttifqının bir çox yerində neft var, amma yeni tapılan mədənləri qatmaq şərtilə, Bakı neftinin keyfiyyətinə heç biri çatmırmış.
Geniş asfalt prospektləri ilə şəhər başlayır. Böyük binalar, ağaclı yollar, parklar, parklarda heykəllər… Gəncəli Nizaminin heykəli, Füzulinin heykəli, Azərbaycanın tanınmış şairi, bir neçə il öncə ölmüş Səməd Vurğunun heykəli. Sonra ta irəlidə, sahilə baxan yerdə Kirovun heykəli.Leninqraf komissarı ikən öldürülən Kirov, bu şəhərdə yaşayıb, Bakılıların sevgisini qazanıb. Birbaşa “İnturist” otelinə gedirik.
Nazim Hikmət Bakını İstanbula oxşadırmış, mən daha çox İzmirə oxşatdım. Bakıda Nazimin “Bəhri-Xəzər” şeirini xatırlamamaq mümkündürmü?
“Ucsuz-bucaqsız duzlu bir sudur Xəzər”
Bakının köhnə vaxtlarını bilənlərdən öyrənirik ki, şəhər tanınmayacaq dərəcədə dəyişib. Sahil boyu kilometrlərcə davam edən bir bulvar salıblar; bu bulvarda qazinolar, kafelər, plyajlar, fəvvarəli hovuzlar var. Burda xüsusilə axşam üstləri və gecələr çox adam olur. Bulvarın ətrafındakı prospektdə trolleybus işləyir. Bizim otelimiz də bu prospektin başındadır. Otağımın eyvanından bulvar, prospekt və Xəzər görünür. Bir oturmaq və işləmək üçün otağım var, bir də yatmaq üçün. Hamamda hər vaxt isti su var. Üçüncü mərtəbədəki restoranın salonu böyükdür, pəncərələri dənizə baxır. Axşam yeməyi üçün restoranın salonuna qalxırıq, salonda bir uzun bir turist masası var, Afrikalılar, Asiyalılar, Avropalılar yan-yanadır… Sonra caz… və rəqs edənlər. Biz romançı Qılmaz Musa ilə əyləşmişik, o birilər Əziz Nesini qarşılamağa gediblər. Vodka ilə balıq kürüsü gəlir. Qılman Musanın romanlarından başqa ssenariləri, pyesləri də var, yazdıqlarından bizim pulla 400 min lirə qazanıb. Qılman Musa Yaşar Kamala dedi ki, mən elə bilirdim siz milyonersiniz.
Mehdi Hüseynin İstanbulda mənə dedikləri yadıma düşür, Azərbaycanlı yazıçıların siyahısını çıxartmış, bunun maşını var, bunun maşını var… deyə uzun-uzun saymışdı.
Hələ süfrədəykən Əziz Nesin gəlib çıxdı, yanında da Svetlana. Svetlana Orxan Kamalın yaradıcılığından doktorluq işi müdafiə etməyə hazırlaşır. Bakılılar soruşur ki, nə qədər qalacaqsınız? Bir neçə gün deyirik, burdan Daşkəndə, Səmərqəndə gedəcəyik. Hiss olunur ki, məyus olurlar. Qılman Musa düşüncəli, ağır adamdır. Elə ilk gündən ədəbiyyat mübahisəsinə girişdik. Səmimiliyini, dostluğunu həmişə xatırlayacağam. Sevimli gənc şair Adil Babayev də səmimidir, türk məsləkdaşları ilə tanış olduğu üçün çox sevinclidir; ilk şeirini Səməd Vurğuna oxuyub bəyəndirib, sonra kitabları çıxmağa başlayıb… Yeni istiqamətin nümayəndələrindəndir. Azərbaycan poeziyasında yeni istiqaməti sərbəst şeirin tərəfdarları təmsil edir. Bir də köhnə şairlər, əruzçular varmış. Hiss olunur ki, aralarında konflikt var. Məndən də soruşurlar, “əruz, yoxsa sərbəst?” Azərbaycanda yeni istiqamətin hərəkətvericisi görkəmli şair Rəsul Rzadır.
Elmlər Akademiyasında
Səhəri gün Elmlər Akademiyasına getdik. Azərbaycanın təhsil sahəsindəki uğurlarını nə qədər tərifləsəm, yenə də azdır. Birincisi, bütün Sovet İttifaqında olduğu kimi, məcburi olan səkkiz illik orta məktəbi oxumayan yoxdur. Amma əsas məsələ ondan sonra başlayır. Səkkiz illik məktəbi bitirən gənclər üçün bütün təhsil sahələri açıqdır, heç bir uşaq bu və ya digər səbəbə görə, oxuya bilmədiyi deyə bilməz, ona istədiyi kimi oxumaq üçün bütün imkanlar yaradılıb. Xüsusilə texniki sahədə təhsil dəbdədir. Akademiyadan sonra getdiyimiz universitetlə akademiya iş birliyi içində işləyirlər, bir-birini dəstəkləyir. Məktəbi bitirənlər təhsillərini davam etdirmək üçün daha çox böyük şəhərlərə, ən çox da Moskvaya gedirlər. Moskvada təhsil almış bir çox alimləri, müəllimləri var. Qızlarla oğlanlar yarış içindədirlər. Akademiyadakı toplantıda tanış olduğum, sonra da bir neçə dəfə görüşdüyüm Azərbaycanlı sosialoq, iqtisadçı Esmeralda xanım bilgisi və müşahidələri ilə məndə çox müsbət təəssürat doğurdu, dünyanın harasına getsə yeri olan səviyyəli xanımdır. Türkiyənin sosio-politik vəziyyəti haqqında kitabları var. Türkiyənin fikir cərəyanlarını bütün istiqamətləri izləyib, indi izləməkdədir.
Yazıçılar Birliyində

Yazıçılar Birliyindəki toplantı müzakirə salonunda oldu. Səhnəyə Yaşar Kamal, Əziz Nesin və mən çıxdıq, birlikdən isə Yazıçılar Birliyinin başqanı Mirzə İbrahimov, Əkbər Babayev və Svetlana. Salonda isə tamaşaçı qismində yüzlərcə yazıçı vardı. Xoş söhbət bir adam olan Mirzə İbrahimov bizi tanıtdı, sonra isə salona “sualınız varsa, verin” – dedi.
Orada da bir dil mübahisəsi açıldı. Bu mübahisəni Mirzə İbrahimov yoluna qoydu. Elmlər Akademiyasında da bizimlə birlikdə olmuşdu deyə, eyni söhbətlərin təkrarlanmasından xoşu gəlməmişdi.
Belə dedi:
Dostlar, bu türk dostlarımızın öz işidir, dediklərinə görə dilin reformasiyasında uğur da qazanıblar, bunun mübahisəsi bizə düşməz. Biz ədəbiyyatdan danışaq.
Bundan sonra ədəbiyyat söhbəti açıldı. Türk Ədəbiyyatçılar Birliyinin fəaliyəti haqqında məlumat istədilər, bu suala mən cavab verdim. Sovet İttifaqındakı Yazıçılar Birliyi kimi qurumlar dövlət qurumlarıdır və çox güclüdürlər. Kitablar, jurnallar çap etmək bu birliklərin işidir; yazıçıların yazıb-yaratmaqları, yaşamaqları bu birliklərə üzv olmaqdan keçir. Mən özümüz haqqında belə dedim:
Bizim Ədəbiyyatçılar Birliyi yazıçılarımıza kömək edəcək vəziyyətdə deyil. Əksinə, bizim yazıçıların bir çoxu bizim Birlikdə qarşılıq gözləmədən işləyir. Balaca bir otağımız var. Hər il güc-bəla ilə illik bir antologiya çıxarırıq. Bəzi ictimai mövzularda ədəbiyyatçılarımızın fikirlərini yaymağa çalışırıq… Vəssalam.
Bundan sonra qoca bir ədəbiyyatçı belə bir sual verdi:

Eşitmişik ki, Əbdülhaq Hamid artıq Türkiyədə sevilmir, oxunmur. Böyük şairinizə qarşı bu haqsızlığı necə rəva görürsünüz?

Cavab verdim:

Biz Əbdülhaq Hamidə qarşı məxsusi bir pislik etməmişik. Əbdülhaq Hamid artıq oxunmur, sevilmir, deyəsən yaxşı şair olmadığı anlaşıldı ona görə…

Sual verən qoca əsəbləşdi:

Biz elə düşünmürük.

Beləcə, Bakıdakı ədəbiyyat cəbhələri yavaş-yavaş görünməyə başlamışdı. Əbdülhaq Hamidi müdafiə edənlər Yusuf Ziya ilə Orxan Seyfini də soruşdular. Başa düşdüm ki, yeni nəsil türk ədəbiyyatı haqqında bəzi Azərbaycanlı yazıçıların məlumatı azdır. Özbəkistanda da oxşar vəziyyətlə qarşılaşacaqdıq. Birinci Dünya Müharibəsindən sonra Bakıya, Daşkəndə, İstanbula bir xeyli müəllim gedir, bunlar orada Türk Ədəbiyyatını tədris edirlər. Ondan sonra bu iki ölkə ilə Türkiyənin əlaqələri azala-azala heçə enir. Biz də onları öyrənmirik. Beləcə, aramızdakı mədəniyyət alış-verişi keçmişdəkindən o yana keçmir.

Amma gənc ədəbiyyatçılar, gənc düşüncə sahibləri ilə də görüşdüm. Bunlardan biri Yazıçılar Birliyindəki tədbirdəydi, mənə dedi ki, bizim qoca sənətkarlar belədir də, alışdıqlarından, bildiklərindən vaz keçmirlər. Amma biz onlar kimi düşünmürük, yeni nəsillər onların izindən getmir, buna görə də aramızda rəqabət var.

Rəsul Rzanın evində ən gənc ədəbi qüvvələrlə tanış oldum. Yazıçılar Birliyindəki toplantıdan çıxandan sonra, Rəsul Rzanın həyat yoldaşı Nigar xanım və oğlu Anar bizi evlərinə dəvət etdilər. Adil Babayev də yanımızdaydı. Bir binanın ikinci mərtəbəsində böyük bir evdir, iki böyük salonu var, salonlardan birində bir piano var. Divarlarda modern Azərbaycan rəssamlarının rəsmləri. Bu rəsmlər ən yeni anlayışla çəkilmiş, dünyanın harasına aparsanız qəbul ediləcək sənət əsərləridir. Nigar xanım bizi masaya dəvət etdi, süfrəni yeməklərlə, içkilərlə doldurdu. Halbuki biz axşam Mirzə İbrahimovun ziyafətini gedəcəkdik. Oralarda axşam yeməyini tez yeyirlər. Biz də buna görə Mirzə İbrahimovun süfrəsindəki o gözəl yeməklərdən bircə loxma dadmaq bəxtsizliyinə düçar olacaqdıq. Anar xarici dil bilir, çox mədəni, ağıllı gəncdir. Bizə dedi ki, xahiş edirəm tələsik getməyin, sizinlə tanış olaq istəyən dostlarım gələcək.

İki gənc şair, bir musiqiçi, bir təndidçi gəldi. Musiqiçi gənc məşhur bəstəkar Qara Qarayevin tələbəsidir. Şostakoviç və Xaçaturyanla birlikdə üç böyük Sovet bəstəkarından biri olan Qara Qarayevın adını neçə vaxtdır eşidirdim, əsərlərinə qulaq asa bilməmişəm, amma eşitdiklərimə əsasən deyə bilərəm ki, o, modern Azərbaycan bəstəkarıdır, xalq mövzularını modern üsullarla işləyir və Azərbaycan xalqı bunu qəbul edir, sevir, get-gedə dillərə düşür. Bu mənim üçün çox maraqlı mövzuydu, çünki bizim ən ciddi problemlərimizdən biri musiqidir. Qara Qarayevin uğurunun sirrini bilmək istəyirdim. Bakıda onunla tanış olmaq ümidim vardı, alınmadı, bir-iki valını götürdüm. Onu da qeyd edim ki, Azərbaycan musiqisi sadəcə xalq nəğmələrindədir, onların bizimki kimi alaturka musiqisi yoxdur. Bu baxımından Qara Qarayevin işi bizə baxanda daha asan olub. Bizdə türkülər unutdurulub alaturka gücləndikcə, Qarayev kimi bir bəstəkar yetişdirməyimiz, daha doğrusu, qərb musiqi texnikası ilə işləyən bəstəkarların xalq tərəfindən sevilməsi ehtimalı da zəifləyir. Sevinərək gördüm ki, Azərbaycan xalqı Qara Qarayevi mənimsəyib, onunla fəxr edirlər. Orada belə şeylər eşitmədim: Biz qərb musiqisindən təsirlənənləri sevmirik…

Başa düşdük ki, Rəsul Rzanın evində əsl ədəbiyyat və sənət mühitindəyik. Səviyyəli bir gənclik mühiti idi. Cavan şairlərin oxuduqları şeirləri çox bəyəndik. Adil Babayev də orda təzə şeirlərini oxudu, özünü bizə yenidən tanıtdı. Musiqiçi gənc öz bəstələrindən bir-iki hissə çaldı, Qara Qarayev yolunda. Mən də şeirlərimdən oxudum. Şeirdən, ədəbiyyatdan danışdıq. Bizdən Türkiyədəki sənət mühiti haqqında soruşdular, xüsusilə də teatrımızla maraqlandılar, yeni pyeslərlə, tərcümələrlə maraqlandılar./Sim-sim.az/


Müəllif: Teleqraf.com