5 Sentyabr 16:21
1 637

Teleqraf.com gənc şair Habil RzaNuru oxuculara təqdim edir:

SURİYADAN MƏKTUB

Salam, şair əmi...
Bağışla ki,

sənə atəşli salam yollaya bilmirəm.
Bütün atəşlər burda məşğuldu.
Düzü mən də çox məşğulam...

Bacım kuklasının qolunu itirib, ağlayır,
...sakitləşdirə bilmirəm,
hələ öz ayağından xəbəri yoxdu,
onu da bir az olar itirib.
Demişəm, pişik aparıb.

Mənə çörəyin ətrini yollaya bilməzsiz?
Darıxmışam.
Əlli nağıl bunnan qabaq

anamı da dəmir leyləklər apardı,
ondan da çörək ətri gəlirdi.

Atamı axırıncı dəfə görəndə

öz saqqalının içində yoxa çıxdı.
Bir də sizdə yağışlar var deyirlər,
qurğuşunsuz yağışlar...
Suyundan barıt iyi gəlməyən yağışları deyirəm,
Varsa, ondan da yollayarsız,
Yox-yox, özümçün demirəm... bacım istəyir...
Mən kişiyəm! Qorxmuram!

Sizin Cırtdana da deyin ki,

burdakı divlər 60 ton ağırlığındadı.
Özü də hər güləndə

bir dəmir dişi çıxıb bir evi yıxır...
Səsləri də qəribədi,
elə bil

cənnətlə cəhənnəm bir-birinə çığırır!
Hə bir də ki,

burda güllələr də çox ədəblidi

böyüklü-kiçikli,

kimi görsələr, görüşürlər.
Nə isə, şair əmi...
Sən tanrı ilə danışa bilirsən, deyirlər.
Ona deyə bilərsənmi,

bacımın ayağını qaytarıb versin?
Özüm güclə ayaqda dayanmışam,
Artıq bacımı əllərimdə tuta bilmirəm...

Minnət kimi çıxmasın,
səhər azan səsinə oyanmışam.
axşamdı, bomba səsindən yata bilmirəm!

Cavab gözləyirəm...

...SƏN ÖZÜN TORPAĞA LƏKƏSƏN, ADAM...

Çölünə baxırsan, adam kimidi.
Bunun adamlığı içindən ölür.
Çoxları o qədər pintiləşib ki,
Zibil qabları da acından ölür!

Ax... niyə qurumur sənin nəfəsin!
Aldığın bu nəfəs özündən ağır.
Evində külqabı doyduran kəsin,
Anası küçədən zir-zibil yığır!

Bunları görəndə ürəyim donur.
Bəs necə doğranıb tikələnməsin?!
Adam var, tüpürcək olanda udur,
deyir ki, bu torpaq ləkələnməsin.

Hər yanı kirləmə, torpağa küsmə.
Ay adam balası, bir başa düş də...
Sən yerə zir-zibil tökürsən deyə,
Bir ana bir saat yubanır işdə.

Görüm ləkə düşsün sənin üstünə!
Bu torpaq çəkəni çəkəsən, adam!
Kirlə bu torpağı, kirlə bu yurdu,
Sən özün torpağa ləkəsən, adam!

ABORT MASASI

Gülüşlər uşaqların,
Dualar anaların dilində müqəddəsləşir.
Ən uzun yollar

atanın alnındakı qırışlarla kəsişir.

Ən bahalı ərzağı kasıblar alır,
Ən zəngin mineral göz yaşı olur.
Ən əlverişsiz alver -
doğulanda aldığın nəfəsi öləndə geri vermək.
Ən dadlı nemət sədaqət ağacından öpüş dərmək.
Ən böyük günah peşmanlıq,
Ən zərərli dostluq düşmanlıqdı.
Ən ağrılı ayrılıq güllənin lüləni tərk etməyi,
Ən pis təkamül insanların bunu dərk etməyi.
Ən güvənilir dayaq bir qocanın əsası,
"Uzun sözün qısası"
Ən dəhşətli ixtira, abort masası...

***

Hanı İsrafilin Suru!?
Xocalıda çalınmadı.
Suriyada çalınmadı.
Myanmada çalınmaz ki,
Belə, işin alınmaz ki,
axı hardasan?
Çıx görüm!
Yenə bir dağı parçala...
Yenə bir dağı yıx görüm!

Çıx ortaya bir bəri bax!
Saxla bu yer kürəsini...
Heç olmasa ötəri bax,
Gör insan mənzərəsini...

Eşitmişdim, allahsızsan,
Bildim ki, Allahın yoxdu!
Sən ki, ah çəkə bilmirsən,
Elə böyük dağın yoxdu.
Məkanın yox!
Zamanın yox!
Solun yoxdu... sağın yoxdu...
İlahi... göstər özünü,
Necə başa salım sənə?
Ehh...
sənin ki, uşağın yoxdu...
Duyursanmı yanan uşaq qoxusunu?
Duyursanmı uşaq doğan anaların qorxusunu?
Niyə izn verdin axı?..
Niyə o körpələr yanır?
Niyə axı mən yanmıram?!
İnan!
Mən səni danmıram.
Gördüyənə inan deyə, yaranışdan dərs keçmisən.
Necə danım gördüyümü,
necə deyim inanmıram?

İnanıram varlığına!
İnanmıram
lallığına,
korluğuna
karlığına...
Bir "əsa" lütf eylə bizə.
Bir Musa göndər yenidən.
Böl dənizləri ikiyə.
Bu dünyaya barış göndər!
Bir də, ağlasan, incimə,
Üzünü çevir Cənuba,
Afrikaya yağış göndər...


Müəllif: Teleqraf.com