27 Oktyabr 2017 10:28
4 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bitmiş zamanın zamanı bitməyən şeirləri və yaxud qadın dünyasının yaşantılarına kişilik qatan Hədiyyə Şəfaqətin "Qapı"sından boylanma:

...Əllərim

Müqəddəs əllərim...

Mənim kəlmələrim

Qəlbimdən deyil,

əllərimdən doğulur...

Barmaqlarımın toxunduğu

hər şeydə yaşam var... - deyən və elə belə də, bu cür də yazan Hədiyyə Şəfaqətin "Qapı"sına "elçi" düşmüşəm. Sığındığı, gizləndiyi, uzaq qaçdığı, yüz ildi "unudulduğu", tənhalaşan, təkləşən, meydanı onu sulayan qul-qaravaşlara buraxıb, öz "Qapı"sına sığınan, öz QAPIsında zamanını bitirən, soyuqdan və soyuqluğundan özünü donduran, yoxluqdan və yoxluğundan özünü daşlaşdıran, "Qapı"sından bütün qapılara "doqquzluq" qollar atan imzanın kitabına. Adətən, qapıya ayaqla qol vurarlar, əllə taqqulbabını taqqıldadarlar qapının, amma qapıdan qapıya qol atmazlar, (əl)-qol atmazlar. Çətin məsələdi QAPIDAN QAPIYA nəfəs, güc çatdırmaq, üstəlik də təksənsə-tənhasansa, oynamağa bir kimsən, oynatmağa oyundaşın yoxdusa. Yox, bu qız, həm də deyim ki, özünə heyfi gəlməyən bu şair QAPIdan QAPIya qol yetirib - Ədəbiyyatın qapısına öz "Qapı"sını qollayıb-tolazlayıb. Və deyim də ki, gözəl mənzərə yaranıb.

"Qapı"nı indi, bu dəqiqə götürüb düşəsən bütün qapılara, bütün qapıları "Qapı"yla açasan, - açılmayan qapı da qalmaz, - yenə də bu kitabın qiyməti deyil. Ona görə yox ki, qəlizdi, ona görə yox ki, təhtəlşüurda-altyapıda, nə bilim, hansısa dərin qatda mübhəm nəsnələr var.

Bu kitabı indi görməzlikdən gəlib, lap elə on il sonra da dəyərləndirsən, yenə də bu kitabın qiyməti olmayacaq. Ona görə yox ki, zamanı və məkanı qabaqlayıb, yaxud da keçmişi qaralayıb, ağlayıb və ağlayıb. Heç ona görə də yox ki, bu kitabda hər şey hamının yazdığı kimi deyil! Sadəcə anlamaq çətindi müəllifi, özünün və şeirlərinin içindəkilərini.

Mən cəhd etdim və etiraf edim ki, heç vaxt hansısa, özü də şeir kitabından yazmaq mənə bu qədər çətin olmamışdı. Mükəmməllik tələb edən bir yazı olmalıydı - "Qapı" mükəmməl nümunədi, onçun.

"Qapı"dakı ilk şeirin ilk misrasından son şeirin son misrasınadək anlaşılan budu: mükəmməl struktur, qırılmaz bağlar, bir-birindən iç-içə keçən yaşantılar və vahid mexanizm.

Homerdən üzübəri heç bir şairin intonasiyası yox Hədiyyə Şəfaqətin yaradıcılığında - bunu ona görə vurğulayıram ki, bəlli üslub, cərəyan məxsusluğu olanda adam tez anlayır deyiləni, deyilmək istəyəni.

Hədiyyə Şəfaqət üslublardan, cərəyanlardan kənar şairdi.

Haqqında ikinci dəfə şair ifadəsi işlədirəm. Və bunun izahını üçüncü dəfəyə saxlamıram: Hədiyyə Şəfaqət bütün şeirlərinin müəllifi kimi qadındı, amma kişi kimi yazıb, kişiyana yazıb. Onun şeirlərinin müəllifinə cinsi mənsubiyyət əlavə etmək günahdan betər: əvvəla, ağlaşma yox, saçyoldu yox, ah-uf, sızlama yox. İkincisi, bütün şeirlərdə bədii təsvir və bədii ifadə vasitələri ənlik-kirşan rolunu oynamır: bütün həqiqətlər öz çılpaqlığı ilə, amma fərqli rakursdan çəkilib. Biz şeiri pafos, bənzətmə, təşbeh, epitet, ironiya, sarkazm, oksimoron, idiom və silliogizmlərlə alınmış, gözəl sayırıq. Yox, bu Hədiyyə Şəfaqətin zövqüncə deyil: oxşama, əzizləmə, yarınma-yaltaqlanma, qurban olma, vaysınma, lağlağı, təəssüb, təəssüf onun rəssamlığı və şairliyi üçün yabançı və bayağı. Sözü şax üzə, rəngi tabloya zərblə və ərklə çırpmadı onunku.

Bütün şeirlərindən soyuq və donmuş bir insanın hər yeri və hər şeyi görən gözləri boylanır!

Bütün şeirlərində cismini tərk etmiş talanmış ruhun vəfası boylanır!

Bütün şeirlərində bitmiş bir ömrün - gülün, çiçəyin, insanın, kəpənəyin-qağayının, suyun-dənizin, yağışın, pəncərənin, qurumuş ağac budağının tam-tamına ömrü ifadə olunur.

Bütün şeirlərində bitmiş zamanın dəyəri və ömrü bitməyəcək hisslərin-yaşantıların, yaxşısıyla-pisiylə, novatorcasına icmalı var!

Mən həmişə o fikirdə olmuşam ki, bir misradan, bir bənddən ibarət şeirlər var - əksəriyyətində.

Mən həmişə o fikirdə olmuşam ki, kənddə, şəhərdə, paytaxtda toyda-vayda, el şənliklərində, hüzr məclislərində, qohum-əqrəba, dost-tanış üçün deyilən şeirlər var.

Etiraz etməmişəm, bəyənməməkdən, dodaq büməkdən vaz keçmişəm - hər kontingentin şeir dinləmək, öz şeiri olmasını məqbul saymışam.

Amma həm də vurğulamışam ki, bütöv şeirlər var, onlar xalq üçündü, ədəbiyyat üçündü.

Hədiyyə Şəfaqətin bütün şeirləri şeirdi - misraların hər birinin öz funksiyası var, mümkün deyil dəstədən ayırmağın.

Bəlkə də ... əllərindən, müqəddəs əllərindən doğulur, dünyaya gəlir bu kəlmələr, ondan yanadı!

Bəlkə də zamanı bitirə bilmək, zamanı özündən kənara qoyub, məkanı ünvanından uzaqlaşdırıb məkansızlıq, müstəvisizliyə transfer məharətindəndi!

Deyə biləcəyim odu ki, hər şeirində deyiləni oxuyanda bir daha anlayarıq ki, bəli, mən də belə yaşamaq istəyərdim, yaşaya bilərdim, amma təəssüflər olsun ki, bunlar mənim yaşamağa cürdəyim-cəsarətim çatmayan alilik - bax, həmin anda sadə, lakonik, heç bir pafos, coşqu olmadan yazılmış duyğular-yaşantılar ŞEİR adını alır, POEZİYA evinə qeydiyyata düşür, ƏDƏBİYYAT planetinin-dünyasının sakini olur!

Çətindi Hədiyyə Şəfaqəti anlamaq!

Onun qadın dünyasına dəyəri də:

Qadının

əyninə geyindiyi döyüş paltarı

Kişinin üstündən soyundurulmuş sevgidir

Qadının boynuna qoyulmuş günah almasıdır

Əlindəki silah.

Qadın,

işğal edilmiş torpağın prototipidir!

Onun kişi dünyasına baxışı da:

Kişi,

O yerdə ki, sənin heç nəyin yoxdur,

O yerdə ki, həyat bir anda mənasız ölümlə

bitir,

Dastanlar aldadır,

Aldadır şərəf və qəhrəmanlıq yalanlarıyla

rəzilcə.

Hər şey

Sən heç yoxmuşsan kimi

Döyüş meydanlarından çox-çox uzaqlarda həll

edilir!

Onun şeirlərindən kontekstdən çıxarma mümkün deyil - hədəf bəlli, fikir bəlli! Sərrast atəşlə nöqtə qoyulur. Hədiyyənin şeirlərini oxuyanda bir də başa düşürsən ki, uluların şeir janrını yaratmaq cəhdi niyə olubmuş və şeir niyə iç dünyanın ən uğurlu ifadəsidi!

... Bizlər hər gün "sərbəst", "mənzum şeir" oxuyuruq - heç bir qaydaya, əndazəyə sığmayan bu ictimai istehsal məhsullarına şeir də demirik, hansısa növə, cərəyana da aid etmirik. Sadəcə, tamaşa edirik insanların "şeirlə özünüifadə cəhdi"nə. Amma Hədiyyə zamanımızı dəqiq ifadə edib:

Doğma adamlara daha yanğılı qorxuyla baxırıq,

Yad adamlar daha çox yalandan gülümsəyir üzümüzə.

Çünki:

Bilirsən...

Zaman bitib

Güzgülərdən

Dünyanın ən aldanmış adamları kimi baxırıq

özümüzə

Mən və mən...

Çünki həyatın mahiyyəti bu:

Acı şeylər gözəlliyini itirir,

Sükut - daha çox söz gətirir ardından,

İçkilər - sayıqlama və kədər...

və...

Sənin "olmayacaq" dediyin şeylər

Son titr yazısı kimi keçir!

Bu da sənə yaşadığın ömrün vizit vərəqi, yapışdır başdaşına!

Amma öləndən sonra çox xoş olar "Hədiyyə Şəfaqət ölümü" olsa:

... Mən ölməyəcəyəm ki,

Sinəmdən küknar meşəsi göyərəcək...

Hədiyyə Şəfaqətin yaratdığı, yaşatdığı və yaşadığı planetin gözəl bir fəlsəfəsi var:

Və həyat başlayırmış

Ayrılıqlardan sonra...

Sevgiyə gözəl tərifi var:

Sevgi bu - söylədi təkrar-təkrar neyləyəsən...

... Bütün günü

Bircə fincan çay belə içmədiyini unutdu...

Hələ bu harasıdı ki, ardı var e:

Sevgi nə sözə gələr,

Nə gülləyə

Ki,

Bir sinə tapılsın çaxılmağa...

... Və

İnsanın xəyallarından başqa bir ucalığı olmaz yıxılmağa...

... Xəyallarıma gülümsə...

Məlum naməlumlara gözəl cavabı da var Hədiyyənin:

Arzuların ən gözəli

Kədərlidir

Kişilərin

"Qadınlar nə istəyir sualına"

Cavab axtarması qədər...

eləcə də

Qadınların

"Kişilər nə istəyir?" - deyə

Düşünmədiyi kimi...

Bilirsiniz, əfəndilər, cənablar, bəylər, xanımlar, ledilər ənd centlmenlər, asan məsələ deyil "çıxarmışam atmışam bədənimi hardasa" deyən qadının kişi kimi etirafına şahid olmaq:

Bu olmayan şəhərdə

Qalmağıma darıxma deyə pıçıldayıram...

Çoxlu suallar yarana bilər, Özünüzə əziyyət verməyin! Nəinki kişilər, qadınlar, sevənlər, sevməyənlər, iqtidar, müxalifət, heç...

... Tanrı

Soruşulmuş suallara cavab vermir, - deyə Hədiyyə verilə biləcək bütün suallara cavab verməməklə cavab verib!

Çünki məsələ qəlizdi, Hədiyyənin də etmək istədiyini, yazdığını görəndə Tanrı da tərəddüdə qapılır.

Baxın:

Zəhərlənmiş adamlar kimi

Yaddaşı qaytarmaq...

Qusmaq və qurtulmaq

... Çəkilmək

Hələ heç nəyin olmadığı o nöqtəyə ki,

Orda

Tanrı hələ də düşünməkdədir -

Yaratmaq,

Ya yaratmamaq?..

Çünki:

Heç yerdən gəlməmişdim deyə qayıtmağa

yerim yoxdu...

Düşündürücüdü, eləmi, sarsıdıcıdı, eləmi, lənət oxumaqlıqdı, eləmi - bir qadının dünyasını tarmar edib də onu gəlmədiyi heçliyə qaytarıb heç eləmək?

Mən Hədiyyə Şəfaqəti 20 yaşımda oxusaydım, heç vaxt heç bir qadını sevməzdim - anlayardım ki, qadını sevmək məsuliyyətdi, qadını tərk etmək qadının intiharıdı, heç bir qadına güldən ağır bir söz deməzdim. Çünki:

Xatırlarsan

Zaman-zaman

Etiraflar etməyəcək qədər qorxaqdıq

İntihar edəcək qədər cəsarətli,

Keçdi...

Çünki: Anna Axmatovadan ta bu günəcən və özümüzkülərəcən qadın şairələrin içində qürur sərgiləyən görmədim. Sevdiyinə yenilib, intihara, nəyə, nəyə, hətta fahişəliyə sürüklənənləri gördüm. Cild-cild kitab bağlayanlar, tonlarla göz yaşı axıdanlar anlamadı onlar həm də atalarının qızıdı, onların özlərini cəhənnəm, dədələrini kiminçünsə gülüş hədəfinə çevirməyə haqqı yoxdu. Onlar orta əsrlərin Leylisi deyillər, çünki iyirmi, iyirmi birinci əsrdə Məcnun yoxdu. İndi... anlamaq lazımdı ki, sevdinsə, alınmadısa, ağlama-sıtqama, qürurlu ol, axı dədən cəhənnəmə, sən həm də qız anası, oğul anasısan, ərin yad oğludu - səndən imtina edə bilər! Yox, bunlar üçün dəyər... ayağı altında sevgisini tapdamış "ağatlı oğlana" sədaqət marşı oxumaqdı - qucaqlardan qucaqlara. Ki... depressiyadan çıxsın, ovunsun, göz yaşlarını tökməyə ovuc axtarsın, tfuuu...

Alın, Hədiyyə Şəfaqətin şeirini başınıza yaylıq kimi örtün:

..Mən öldürdüm bu gün o qadını...
Onu mən yaratmışdım...
Yaratmışdım sevilsin
Gözünün işığına dönsün bir kişinin
Yolunu gözləsin o kişi
Ürəyinə dəyməsin
Hər görəndə ayaqları titrəsin o kişinin...
Alınmadı
Bu gün öldürdüm o qadını....

O qadın...
O kişiyə həddindən çox dəyər verdi
Həddindən çox qapıldı ona
Həddindən çox sevdi...
Yooox!
Belə olammazdı...
Belə ayaqlar altına düşməməliydi o qadın

O kişinin günahından
Keçməməliydi o qadın
...Və onu öldürdüm...

Yaxşımı elədim,
Pismi elədim?
Bəlkə qısqandım içinə sığışdıra bildiyi sevgiyə?
Bəlkə
O kişiyə dağ vurmaq istədim -
O qadını sevmədi deyə?
Bilmirəm
O qadını öldürdüm...

Əllərim titrəmədi
Ürəyimə rəhm dolmadı
Üzümü kənara çevirmədim gözümə baxıb can verəndə
Yalvarışını eşitmədim...
Sonacan baxdım can çəkişməsinə,
Onu bir yol kənarında atıb getmədim...
O kişi onu
Bir yol ortasındaca atıb getmişdi
Ən azından
Mən bunu etmədim...
Amma öldürdüm o qadını...

Etməyəcəyi günahlar üçün öldürdüm
Etmədiyi etiraflar üçün
Söyləmədiyi sözlər üçün öldürdüm,
Axıtdığı göz yaşları
Özünü sındırdığı üçün öldürdüm...
Ona yazığım gəlməyə başlamışdı
Məni əyilən qüruruna yandırdığı ücün öldürdüm...

...O qadını bu gün öldürdüm...
Özünü öldürməyə cəsarəti çatmadı o qadının
Kömək elədim ona
Yaşaya bilməyəcəkdi daha adam kimi
Bilirdim
Bilirdim ki, düşüb elə bir oyuna -
Eşqiylə də oynayacaqlar
Qüruruyla da...
Ağlıyla da
Şüuruyla da...
Öldürdüm o qadını...

Onu
Məndən qabaq öldürmüşdü o kişi
Ortalarda qalmışdı cəsədi...
Məndən qabaq sındırmışdı o kişi
Baxıb fəxr etməkdəydi
Mən Mənini xilas etdim o qadının
Canını aldım, amma
Yanında sonunacan getdim o qadının...

O qadın...
Ölməliydi o qadın
Mənə xəyanət etmişdi
Onu mən yaratmışdım sevilə bilsin deyə
O isə bir kişiyə vurulmuşdu
Ürəyinin onu apardığı yerəcən getmişdi...
Sevdirə bilməmişdi özünü
Gecələri ağlamışdı səhərəcən
Xəyalları dağınıq idi
Dolaşmışdı dəli kimi küçələri
Başqa çıxış yolu qoymamışdı mənə...

Dərd çəkirdi o qadın, dərd
Elə hey yol gözləyirdi
Elə hey səsdəydi qulağı
Nə etdiyini bilməyirdi...
Səpələnmişdi sərxoş hıçqırıqları
O kişinin ayağı dəyən hər yerə
O kişinin əli dəyən yerləri öpürdü o qadın
Asi çıxmağa başlamışdı göylərə...
O kişi istirahət günlərini təbiət qoynunda keçirirdi
O qadın çırpırdı özünü onunla gəzdiyi kücələrə...

O qadını mən yaratmışdım...
Bir xəyal kimi
Onu yaşadıb
Sevgi şeirləri yazacaqdım deyə...
Amma,
Vuruldu o qadın o kişiyə...
Onda məni görməyə başladılar özgələr
Məndə özünü görməyə başladı o qadın
Qorxdum onda özümü gorməyə-

...Öldürdüm o qadını
Çox güclüyəm bu gecə
Bu gün mənim yasım var...
Sevincliyəm bu gecə...

... Və mən bundan o yana nəsə yazmaq gücündə deyiləm!

Çünki:

qarşımda özünü-cismini daşa döndərmiş, ruhuna, sevgisinə demirəm e, vəfasına boyun əymiş, sadiq qalmış, özünü qurban etmiş bir qadının rekviyemi var!

Oxudum!

Anladım!

Yazdım və sadəcə deyirəm: özünə heyfin gəlsin, qız! Sən qadın deyilsən, sən şairsən!

... Və yaşamaq sənin haqqın!

... Və yazmaq sənin borcun!

... Və kişilərlə çiyin-çiyinə durmaq sənin mükafatın!

YAZIYA SÖZARDI: Son üç ayda nə mahnıya qulaq asa, nə nəyisə oxuya, nə kinoya baxa bilirdim. Çox yaxın dostlardan biri Hədiyyə Şəfaqətin bir şeirini atdı poçtuma, kitabının təqdimatı olacağını dedi.

- Başını qat, arada görüşüb söhbət edək, maraqlıdı mənə, baxım görüm, sən ölənəcən də olsa, zövqün, başın yerində oldumu, işdi-şayəd ölsən, heç olmasa yazım ki, ölənəcən də olsa başı işlədi...

Qıcıqlandırdı. Zövqünə və dostluğuna inandığım biridi. Axtardım. Sosial şəbəkədə dostluğumda görmədim. Google-də axtarışa verdim. Rastıma çıxan hekayələrini, müsahibələrini, layihə yazılarını oxudum. On gün çəkdi. Səbrimə güldüm: bu durumumda belə bir imza on gün məni peşinə düşürə bilirsə, deməli, həyatda hələ də məni düşündürən insanlar var. Həyat yalnız mənə məxsus olub da istifadə müddəti bitmiş yararsız insanlardan ibarət deyil. Bu həyatda dostlar var, şairlər var, yazıçılar var, oxunmalı, dəyərləndirilməli, hələ bundan sonra dostlaşmalı, təbliğ və tərənnüm olunmalı imzalar var.

Fəqət Hədiyyə Şəfaqətin yazdıqlarını da oxuyanda yaşamaq, sevmək eşqi anlamını itirir. Odur ki, yazı belə bitdi, baxmayaraq ki, yoxluğa rahat və əzabsız getmək üçün o şeirlərdən gözəl melodiya yoxdu, rast gəlməmişəm!

Buyurun, bu da SON:

Pıçıldayırıq və susuruq...

Əvəzində onlar -

Başqaları atılır zülmün və zərbənin altına,

Sonu məlum...

Qayıdırlar və biət edirlər

Bu

Əyilmiş başlar deyil, sındırılmış boyunlardır zindanlarda...

Və biz durmadan onu - yeni Qəhrəmanı axtarırıq ki,

O, hamımızın yerinə qışqırsın,

Hamımızın yerinə vuruşsun və vurulsun...

Sağ qalarsa belə, eybi yoxdur,

Öhdəsindən özümüz gələrik...

...Sadə adamları anlamağa nə var ki,

Hərçənd ki, biz bunun əvəzinə

Nəsə bir axmaq səbəb tapıb gülürük...

Sadə adamlar

Bir-birinə oxşayan aldadıcı vədlər qədər

Dolaşıq deyillər.

Onların hər iki hissi - nifrəti və sevgisi

Və ürəklərindəki səbr

Təmiz və məsumdur...

Çoxdan çiyinlərinə yükləyib vətən dediyimiz şeyin ağırlığını,

Rahatlamışıq...

Bunu onlara qapılarını qəfil döyən,

Üstünə bayraq açılmış əsgər meyitləri xatırladır arabir...

Biz burdayıq,

İşıqlı və cingiltili küçələrin şəhərində

Hərəmiz özümüzə bir sığınacaq və kölgə tapıb

Hər şeyi unutmuşuq

Beynimiz dumanlanıb,

Xoşallanırıq atılmış uşaq kimi sığaldan,

Və qarşımıza qoyulan tikədən...

Əvəzində

Qəfəslərə sıxışdırılmışıq

Onların ağalıq edəcəyi yerlər təmizlənib...

Bunun olmaması üçün yuxuya getməməliydik,

Günahkarıq.

Hələ bu azmış kimi də bir-birimizi daşlayırıq...

...Savaş

İçimizdə

Çölümüzdə...

Ölməyə başlayırıq...

Ölməyə başlayırıq...

Ölməyə başlayırıq...

p.s. "Qapı" o biri şairələrin çoxunda gördüyüm kimi, ancaq sevgi monoloqu olsaydı, dostumu söyərdim. İndi isə "sağ ol" deyirəm - dünya başdan-ayağa sevgidi Hədiyyə Şəfaqət üçün: bu dünyanın ümidi, arzusu, florası, faunası, insanlarının yaxşısı-pisi... hamısı və bir sözlə, hər şeyi şeirdi, baxmayaraq ki, gözəl gözləri ilə görsə də, gözəl düşüncələriylə baxsa da, ürəkdən və ürəklə yazsa da, bu şeirlər onun ... qəlbinin deyil, əllərinin, müqəddəs əllərinin dünyaya gətirdiyi "balaları"dır! Yadıma bir atalar sözü düşdü: üzü öpülənin əli öpülməz! Bu "gözəl balalara" görə Hədiyyə Şəfaqətin əlləri öpülməyə layiqdi!


Müəllif: Aydın Canıyev