9 Noyabr 2017 08:53
6 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ermənistan” ideyasının müəlliflərindən biri, İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ilə əməkdaşlıq etmiş hərbi cinayətkar Qaregin Njde islam dininə tapınan soydaşlarını vaxtilə “erməni xalqının qatı düşmənləri” sırasına qatmış, onlar haqqında həqarətlə bunları demişdi: “Dünyada türklərin yaşaması bizim bədbəxtliyimiz deyildir. Bədbəxtliyimiz dünyada türkə bənzəyən ermənilərin də mövcud olmasıdır”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər. – red) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.
Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərini bu gündən etibarən hissə-hissə dərc etməyə başlayır:

“Din haqqında danışmaqdansa, insanların nəyə və necə inandıqlarını soruşun”.

Lev Qumilyov

Dünya ziddiyyətli və həssas dövrünü yaşayır. Əgər bir tərəfdən mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun, xalqlar, dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın zərurəti gündəmə gəlmişdirsə, digər tərəfdən planetin müxtəlif guşələrində ksenofobiya, neonasizm, irqi, etnik və dini ayrı-seçkilik kimi meyillər kəskin xarkter almış, sərhədləri aşmış, qlobal təhdidlərə çevrilmişdir. Əlbəttə, bu gün dünyanı qlobal maraqların mübarizə meydanı kimi görmək istəyən böyük güclərin bütün səylərinin, Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda, Avropada və s. dini və etnik zəmində qarşıdurmaların arxasında geosiyasi və geoiqtisadi mənafelərin dayanması şəksizdir. Odur ki, müasir inkişaf həm də hərbi qarşıdurmaların yeni tiplərinin meydana gəlməsi ilə də müşayiət olunmaqdadır. Nəticədə, dövlətlərarası münasibətlərə “sərt güc”, “yumşaq güc” və “ağıllı güc” (ing. hard, soft, smart power) kimi strateji konsepsiyalar nüfuz etdirilmiş, hərbi-siyasi münaqişələrin sırasına isə “asimmetrik”, “humanitar”, “koqnitiv”, “ekoloji”, “hibrid”, “kibernetik”, “hidroloji”, “aqrar”, “iqtisadi” və s. müharibə tipləri əlavə olunmuşdur.

“Asimmetrik mübarizə”, sadə dillə desək, dəmir qapını aça bilməyən oğrunun çəpəri xəlvəti yarıb qonşunun həyətinə soxulmasıdir. Nəzəri baxımdan yanaşılanda isə münaqişə zamanı zəif tərəfin güclü rəqib üzərində hər hansı bir üstünlük qazanması məqsədilə qeyri-ənənəvi üsullardan, məsələn, terror-təxribat aktlarından, etnik və dini münaqişələrin yaradılmasına, separatizm meyillərinin həvəsləndirilməsinə yönəlik destruktiv metodlardan istifadə etməsidir. Bu qarşıdurmada ənənəvi “cəbhə”, “sərhəd”, “neytral ərazilər”, “qoşunların təmas xətti” kimi hərbi anlayışlar yoxdur. “Səssiz müharibə” bir çox hallarda informasiya-psixoloji vasitələrlə rəqib tərəfin əraziləri içərisində, onun vətəndaşları arasında aparılır.

Hələ 2015-ci ilin yanvar ayının 28-də prezident Serj Sərkisyan Ermənistan Respublikası Müdafiə Nazirliyinin kollegiya iclasında Azərbaycan ordusunun yüksək döyüş hazırlığına, mükəmməl texniki təchizatına və işğal altında olan əraziləri qısa vaxt ərzində geri almaq şansına diqqət çəkərək, ona qarşı açıq döyüşlərdən daha çox asimmetrik mübarizə üsullarından istifadə edilməsinin vacibliyini vurğulamışdır. S.Sərkisyan erməni hərbçiləri qarşısında bu termini gündəmə gətirməklə faktiki olaraq Ermənistan ordusunun döyüş qabiliyyətinin aşağı səviyyədə olmasını rəsmi şəkildə etiraf etmişdir. 2016-cı il aprel ayının ilk günlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məhdud sayda döyüş heyətinin keçirdiyi uğurlu lokal hərbi əməliyyat nəticəsində Ermənistan ordusunun böyük itki verərək məğlubiyyətə uğraması isə rəsmi İrəvanın asimmetrik mübarizə niyyətini daha da aktuallaşdırmışdır. Təsadüfi deyildir ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin analitiki, polkovnik-leytenant Serob Sucyan da öz prezidentinin çıxışından ilhamlanaraq, “Asimmetrik müharibə və separatizm XXI əsr müharibələrinin başlıca tipi kimi” başlıqlı məqaləsində müasir münaqişələrdə terror və diversiyaların tətbiq olunmasını, rəqib dövlətin ərazisində etnik və dini qarşıdurmaların yaradılmasını qələbə imkanlarını artıran amillər kimi dəyərləndirmişdir. Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən separatçı təşkilatlar da bu gün ideoloji təlimatlarını, kadr hazırlığı və maliyyə yardımlarını həm də Ermənistandan almaqdadırlar. Lakin bu gün işğalçı Ermənistanın asimmetrik mübarizə metodlarının hədəfi təkcə Azərbaycan Respublikası deyil, həm də regionda onun strateji müttəfiqləri olan Türkiyə və Gürcüstandır.

Son illərdə Azərbaycan, Türkiyə və Gürcüstanda etnik və dini zəmində yeni separatizm ocaqlarının yaradılmasında Ermənistanın və digər maraqlı dövlətlərin mənafe birliyi özünü qabarıq göstərməkdədir. Dövlət müstəqilliyini əldə etdiyi dövrdən etibarən hələlik İran istisna olmaqla, qonşu dövlətlərə əsassız ərazi iddiaları irəli sürən, nəticədə regional inteqrasiya proseslərindən kənarda qalan Ermənistanın siyasəti bu gün Yaxın və Orta Şərqdə cərəyan edən hadisələrdən, bəzi Qərb və Cənubi Qafqazla qonşu dövlətlərin Türkiyə və Azərbaycana qeyri-sabit münasibətindən maksimum mənfəət götürülməsinə yönəldilmişdir. Aparılan sövdələşmələrdə hədəf Azərbaycanın Qarabağ və Naxçıvan əraziləri, Türkiyənin şərq, şimal-şərq vilayətləri və Gürcüstanın isə Cavaxetiya bölgəsidir.

Təcrübə göstərir ki, siyasi sistemini möhkəm dayaqlar üzərində qura bilməyən, natamamlıq kompleksindən əziyyət çəkən hakimiyyətlər, o cümlədən Ermənistan Respublikasının hakim rejimi ictimaiyyətin diqqətini daxili sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədilə əhalinin sosial aqressiyasını ölkədən kənara – “xaricdəki bədxah qüvvələrə” istiqamətləndirir. Onlar “Hay dat” (erməni məsələsi) və “Birləşmiş Ermənistan” (Miatsal Hayastan) kimi irredentik siyasi ideyalardan, məsələn, “təcavüzkar qonşuların aramsız təhdidləri” nəticəsində erməni xalqının mürəkkəb problemlərlə üzləşməsindən, “Böyük Ermənistan ərazilərinin hələ də onların işğalı altında qalması”, qurtuluş üçün bütün ermənilərin kilsə və mövcud hakimiyyət ətrafında birləşməsi zərurəti kimi paranoyal çağırışlardan bəhrələnirlər. Xatırladaq ki, Erməni İnqilab Federasiyasının – Daşnaksütyunun “erməni məsələsi” konsepsiyası da “etnik birliyə nail olmaq üçün milli azadlıq mübarizəsini, erməni xalqının öz tarixi ərazilərində suveren dövlətçiliyinin bərpasını” nəzərdə tutur. Bununla da sərsəm “Birləşmiş Ermənistan” (Միացյալ Հայաստան – Miatsal Hayastan) iddiasına Azərbaycan əraziləri hesabına növbəti “erməni dövlətinin” – paytaxt Gəncə şəhəri olmaqla Kür çayının qərb sahillərindən Dağlıq Qarabağadək uzanan torpaqlarda “Şimali Artsax” oyuncaq dövlətinin yaradılması, Naxçıvanın isə “Qərbi Ermənistan” ərazilərinə birləşdirilməsi planları da daxil edilmişdir. Təsadüfi deyildir ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 2016-cı ildə “Birləşmiş Ermənistan” hərəkatını və eyni adlı siyasi bloku təsis etmişdir.
Ermənistan, Rusiya, Fransa və ABŞ-da dərc olunan elmi və publisistik materiallarda Türkiyənin Şərqi Anadolu və Qara dəniz bölgələrini əhatə edən və şərti olaraq, “Bizans Ermənistanı”, “Osmanlı Ermənistanı”, “Türkiyə Ermənistanı” kimi təqdim edilən ərazilər bu gün “Qərbi Ermənistan” adlandırılmağa başlanmışdır. Çox təəssüf ki, bu ifadəyə Türkiyənin liberal mətbuatında, elmi-siyasi ədəbiyyatında da rast gəlinməkdədir. Rusiyalı politoloq Dmitri Verxoturovun qənaətlərinə əsasən, bu tip səylər hazırda ermənilərin başqa dövlətlərin ərazilərini “amputasiya etmək” taktikasından irəli gəlir və Dağlıq Qarabağın işğalından sonrakı proseslərdə də özünü aydın göstərir.

Belə ki, əvvəlcə zəbt edilmiş ərazidəki yerli əhali zor gücünə sıxışdırılıb-çıxarılır, oraya kütləvi şəkildə erməni qaçqın və köçkünləri yerləşdirilir. İkinci mərhələdə həmin ərazi üçün maksimum muxtariyyət, iqtisadi müstəqillik və siyasi güzəştlər əldə olunur. Son nəticədə isə həmin torpaqların ayrılaraq «Böyük Ermənistana» birləşdirilməsi məsələsi qaldırılır. Lakin Azərbaycanın, Türkiyənin və Gürcüstanın istənilən halda öz ərazilərini güzəştə getməsi mümkünsüzdür. Ermənistan isə “erməni xalqının maraqlarına qəsd edən xarici düşmənlərlə” təkbaşına mübarizə aparmaq potensialına malik deyildir…

İstənilən münaqişənin ilk qurbanı Həqiqətdir. Rusiya tarixçisi Andrey Lankov bu fikirdədir ki, ifrat millətçilik və tarixi gerçəklikləri saxtalaşdırmaq səyləri işğalçılıq niyyətləri ilə sıx şəkildə bağlıdır. Onun müəyyən etdiyi “saxtakarlıq formula” isə Ermənistanın qondarma “erməni məsələsinin” tarixi və etnomədəni əsaslandırılmasına yönəlik bütün səylərinin mahiyyətini dəqiqliklə açıb göstərir. Tədqiqatçının fikrincə, millətçilik, ksenofobiya, etnik natamamlıq kompleksi üzərində bərqərar olan istənilən ideologiya öz təsirini gücləndirmək, əhatə dairəsini genişləndirmək məqsədilə ayrı-ayrı tarixi miflərin təbliği ilə yanaşı, yeni siyasi əfsanələrin yaranmasında və onların ictimai dövriyyəyə buraxılmasında çox maraqlıdır. Bir qayda olaraq həmin mif yaradıcılığı prosesi aşağıdakı iddiaları əhatə edir:

• etnosun qədimliyi – millətçilər özlərini “regionda ən qədim tarixə və mədəniyyətə malik xalq” kimi təqdim edir, mənsub olduqları etnosun qədimliyini sübut etmək üçün mifoloji personajlar – nağıl və dini rə- vayət qəhrəmanları, hipotetik “qədim protoxalq”, “unutdurulmuş dövlətçilik ənənələri” reallıqlar kimi qələmə verilir;

• etnosun avtoxtonluğu və onun imperiya keçmişi – millətçilər öz xalqlarını regionda ilk məskunlaşmış etnos elan edir, digər xalqların da tarixən burada yaşamasını ya tamamilə istisna edir, ya da bu barədə susurlar. Bundan başqa, öz etnoslarının digər xalqları öz hakimiyyətləri altında saxlamaları, onların mədəni səviyyəsinin yüksəldilməsində əhəmiyyətləri barədə etnosiyasi miflər yaradırlar;

• ərazi iddiaları – onlar əmindirlər ki, regionda digər xalqların yaşadıqları bölgələr, qonşu dövlətlərin əraziləri də tarixən onlara məxsusdur və bu torpaqlar qeyd-şərtsiz “öz sahiblərinə” qaytarılmalıdır;

• xarici mədəni təsirin gizlədilməsi – etnik mədəniyyətlərinin formalaşmasında başqa xalqların təsiri, təbii adaptasiya və inteqrasiya proseslərinin nəticələri məqsədli şəkildə gizlədilir, bütün nailiyyətlər öz etnoslarının adına çıxarılır. Bir çox hallarda isə məhz həmin xalqlar mənimsəmədə və saxtakarlıqda ittiham edilir. İddialarını əsaslandırmaq üçün isə tarixi mənbələrdəki ayrı-ayrı fakt və sitatlar ümumi kontekstdən çıxarılır və təhrif olunur.

Ermənistanın bu istiqamətdə topladığı təcrübə A.Lankovun irəli sürdüyü prinsiplərə tamamilə cavab verir. Onu da əlavə edək ki, Ermənistan tarixi gerçəkliklərin saxtalaşdırılması ilə yanaşı, potensial “rəqib” kimi dəyərləndirdiyi qonşu etnos və dövlətlərdən “düşmən obrazı” yaradır, ictimai şüurda öz xalqını “xeyirxah”, “əzabkeş”, “xoşməramlı”, digərlərini isə “vəhşi”, “aqressiv”, “sivilizasiyadan uzaq kütlə” kimi təqdim edir.

Beləliklə, qondarma “erməni soyqırımı”nın tanınmasında, “soyqırımı qurbanları”nın ailələri üçün təzminatın alınmasında və “tarixi erməni ərazilərinin” bərpasında indiyədək irəliləyişə nail ola bilməyən Ermənistan və onun himayədarları “Birləşmiş Ermənistan” doktrinasını dövlət siyasəti kimi repertuarda saxlamaq üçün bu gün regional etnosiyasi münaqişələr səhnəsinə asimmetrik mübarizənin yeni personajlarını – “müsəlman ermənilər”, “islamlaşdırılmış ermənilər” və ya “kriptoermənilər” adlandırılan qrupu gətirir. Bu fəaliyyət Türkiyə ərazisində “Kimliyə dönüş”, Azərbaycanın işğal altında olan torpaqlarında isə “Qarabağa qayıdış” (Return to Artsakh) proqramları çərçivəsində həyata keçirilir.

Türkiyə, Suriya, İraq, Rusiya, Qırğızıstan, İordaniya və Livanda yaşayan, hətta Azərbaycanda da olmaları iddia edilən həmin qrupun – islam dininə tapınan, bir çox hallarda isə çoxəsrlik adaptasiya və inteqrasiya prosesləri nəticəsində “etnik və dini identikliklərini unudan” ermənilərin “tarixi kimliklərinə qaytarılması” missiyası asimmetrik mübarizədə növbəti taktiki gediş olsa da, strateji məqsədləri əvvəlki tək dəyişilməz qalmışdır. Belə ki, onların iddialarına əsasən, erməni xalqının Türkiyədəki “türkləşmiş ermənilər”, “kürdləşmiş ermənilər”, “qaraçı ermənilər”, “həmşinlilər”, “gürcüləşmiş müsəlman ermənilər” (onların Gürcüstan ərazisində də məskunlaşdıqları iddia edilir), Suriya və İraqdakı “ərəbləşmiş ermənilər”, Azərbaycanda isə “türkləşmiş ermənilər”, “tatdilli ermənilər” və ya “erməni tatlar” kimi qondarma etnik qrupların mövcudluğuna dair faktoidlərin insan hüquqlarının müdafiəsi müstəvisinə gətirilməsi və siyasi manipulyasiya vasitəsinə çevrilməsi “Birləşmiş Ermənistan” ideyasının reallaşdırılması üçün əlavə şanslar yaradacaqdır. Bu şansların gizli mahiyyətini isə Ermənistan parlamentinin sabiq deputatı (“Çiçəklənən Ermənistan Partiyasından”), qondarma “Qərbi Ermənistan Milli Şurası”nın səlahiyyətli nümayəndəsi Araqats Ahoyan qədər açıqlayan olmamışdır. O, “Sputnik-Armeniya” radiosuna verdiyi müsahibədə bildirmişdir: “Biz mübarizəmiz, hüquq və əmlakımızın bərpası üçün əlimizdən gələni etməliyik. Perspektivsiz addımlardan kənar olmalı, yalnız real yollarla irəliləməliyik. Bu torpaqda (Türkiyədə) 20 milyon kürd (?) və 4,5 milyon islamlaşdırılmış erməni (?) yaşayır. Onları ayağa qaldırmaq barədə düşünməliyik”.

“Birləşmiş Ermənistan” ideyasının müəlliflərindən biri, İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ilə əməkdaşlıq etmiş hərbi cinayətkar Qareqin Njde islam dininə tapınan soydaşlarını vaxtilə “erməni xalqının qatı düşmənləri” sırasına qatmış, onlar haqqında həqarətlə bunları demişdir: “Dünyada türklərin yaşaması bizim bədbəxtliyimiz deyildir. Bədbəxtliyimiz dünyada türkə bənzəyən ermənilərin də mövcud olmasıdır”. Lakin müasir geosiyasi çağırışlar, Türkiyəyə və Azərbaycana qarşı “şahmat oyunlarında” istifadə edilən asimmetrik gedişlər Ermənistanı taktiki yanaşmaları dəyişməyə, təməli Qareqin Njde tərəfindən qoyulan ideoloji prinsiplərdə nisbi dəyişikliklər etməyə sövq etmişdir. Bu zaman Ermənistan Ərəb xilafəti zamanı və sonrakı dövrlərdə regionun digər xalqları kimi ermənilərin də normal olaraq islam dinini qəbul etməsi faktını bir kənara qoyaraq, bunu qondarma “erməni soyqırımı” ilə əlaqələndirməyə çalışır və ictimai dövriyyəyə növbəti siyasi mifləri daxil edir. Yeni yanaşmaya görə, “Qərbi Ermənistanda (Şərqi Anadolu, Naxçıvan və Cavaxetiya əraziləri nəzərdə tutulur – A.Q.) tarixən yaşayan ermənilər ənənəvi olaraq xristian dininə tapınmışlar. Lakin XV-XVI əsrlərdə türk yatağanının iti tiyəsi altında onların zor gücünə islamlaşdırılmasına başlanılmışdı. Həmvətənlərimizin bir hissəsi islamdan imtina edərək, XIX əsrin sonu XX əsrin əvvəllərində Şərqi Ermənistana və Rusiyaya (tarixi Azərbaycan əraziləri nəzərdə tutulur – A.Q.), Abxaziyaya və dünyanın xristian dövlətlərinə köç etmişlər… Qalan hissəsi isə 1915-ci ildə erməni soyqırımından canlarını qurtarmaq üçün etnik kimliklərini gizlətmiş və islam dinini qəbul etməyə məcbur olmuşlar… Soyqırımından sonra həmin gizli ermənilərin üçüncü və dördüncü nəsli bu gün öz mənşəyini açıq şəkildə bəyan etməyə imkan qazanmışdır. Qərbi Ermənistanda keçirilmiş qeyri-rəsmi sorğular nəticəsində məlum olmuşdur ki, burada hər üç nəfərdən birinin əcdadları ermənilərdir. Yaxın vaxtlaradək gizli saxlanılan bu fakt yeni nəslin etnik və dini kimliyinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir”.

Qareqin Njdenin varisləri bu sərsəm iddiaların ictimai şüurda möhkəmləndirilməsi üçün yenə də ənənəvi təbliğat üsullarından istifadə etmişlər. Məsələn, İrəvanda rəsmi strukturların himayəsi altında fəaliyyət göstərən Qərbi Ermənistan Problemləri Araşdırmalar Mərkəzi və PanARMENIAN. Net informasiya agentliyi öz saytlarında guya ABŞ-da yaşayan “tanınmış ermənişünas” Gevorq Akopyanın uzun illər ərzində Osmanlı arxivlərində apardığı araşdırmalar nəticəsində daxili işlər naziri Tələt Paşanın imzası ilə “soyqırımından qurtulan ermənilərin kütləvi şəkildə islamlaşdırılmasına” dair məxfi sənədlər aşkar etməsi haqqında məlumat yerləşdirmişdir. Lakin Ermənistan məlum bəhanələr üzündən həmin “arxiv materiallarının” nə əslinin görüntüsünü, nə də məzmununu indiyədək ictimaiyyətə açıqlaya bilməmişdir. Maraq doğuran məqamlardan biri də budur ki, qondarma “erməni soyqırımı”nın saysız tədqiqatçıları sırasında “Gevorq Akopyan” adlı araşdırmaçı müəyyən edilməmişdir.

Son illər “müsəlman ermənilər” və ya “gizli (kripto) ermənilər” məsələsi həm Ermənistanda, həm Türkiyədə, həm də bu etnosiyasi “rebusda” öz maraqları olan dövlətlərdə əsasən siyasətçilərin ciddi müzakirə mövzusuna çevrilmişdir. Əgər bu səylərin əsas səbəblərindən biri Ermənistanın və onun tərəfdaşlarının asimmetrik mübarizə üsulları kimi Türkiyəni saxta “erməni soyqırımını” tanımağa, bundan irəli gələn tələblərin qeyd-şərtsiz icrasına məcbur etməkdirsə, ikinci səbəb isə rəsmi İrəvanın ürəkdən dəstəklədiyi “demokratik açılım” prosesinin yaratdığı geniş imkanlar olmuşdur.

Lakin Türkiyə cəmiyyətinə xaricdən nüfuz etdirilən həmin layihə ölkədə etnik-dini sabitliyə təhdid xarakteri daşıdığı üçün onun icrası dayandırılmışdır. Üçüncü vacib səbəb isə erməni tarixşünaslığının ən həssas və zəif nöqtəsi, indiyədək qapalı saxlanılan həqiqətin – xristian, o cümlədən qriqorian türklər mövzusunun və qriqorian məzhəbinin polietnik dini cərəyan olması haqqında faktların Türkiyə və Azərbaycanın elmi dairələrində tədricən gündəmə gətirilməsidir.

Ermənistan yaxşı dərk edir ki, “erməni” konfessionimi altında ümumiləşdirilmiş, hay xalqının etnogenezinə, etnik mədəniyyətinə dair miflərin üzərindən qalın xətt çəkə bilən bu amil onların bir çox iddialarını və mənimsəmə səylərini özlərinə qarşı çevirmək imkanlarına malikdir. Bununla belə, “müsəlman ermənilər” və “xristian türklər” kimi təqdim edilən bu iki fərqli və alternativ etnik-dini qrupun tarixi və mədəniyyəti indiyədək əhatəli öyrənilməmiş, onların statistikası müəyyən edilməmişdir.

Etiraf edək ki, həm Çar Rusiyası, həm də sovet tarixşünaslığı Azərbaycan ərazisində tarixən xristian türk və irandilli (tat) dini icmaları nəinki öyrənməmiş, hətta “etnosiyasi mülahizələrə” görə, onların mövcudluğu barədə susmağı üstün saymışdı. Bu ənənə Azərbaycan tarixşünaslığına da təsirsiz ötüşməmişdi. Belə ki, onlar Qafqaz Albaniyası (Alban və ya Arran şahlığı) dönəmində bu torpaqlarda yaşamış xristian xalqlar sırasına daxil edilməmişlər. Türklərin tarixi Azərbaycan torpaqlarında məskunlaşmasını təkidlə XI-XII əsrlərə aid edən Rusiya və bəzi Azərbaycan tarixçiləri onları dini etiqad baxımından ya “atəşpərəst”, ya da “şamanizmə” tapınanlar kimi təqdim etmişlər. Belə olan təqdirdə aşağıdakı məntiqsizlik yaranır: Məlumdur ki, eramızın III-IV əsrlərindən etibarən şimaldan – Dərbənd keçidi vasitəsilə hun, subar, xəzər, barsil və s. tayfaların Qafqaz Albaniyasına köçü başlamış və onlar bu ərazidəki türk qəbilə və tayfalarına qoşulmuşlar. Eramızın 313-cü ilində isə Qafqaz Albaniyasının hökmdarı Urnayr xristian təlimini dövlət dini elan etmişdi. Qısa vaxt ərzində İsa Məsih təlimi bu ərazidə yaşayan türk, irandilli və qafqazdilli xalqlar arasında sürətlə yayılmağa başlamışdı. Alban Arşakilər sülaləsindən olan hökmdarlar – Urnayr, II Vaçe və III Vaçaqan dövlət ərazisində “bütpərəstlik dinlərinin” köklərini kəsmək üçün kəskin şəkildə mübarizə aparıblar. Hətta V əsrdə qəbul edilmiş qanunlardan ikisi xristianlığaqədərki dinlərin tamamilə qadağan olunması və onlara biət edənlərin amansızcasına təqib edilməsi barədə idi. Belə olan təqdirdə, xristianlığı qəbul etmiş türklər barədə susmaq ən yaxşı halda tarixi ədalətsizlikdir. Halbuki, Qafqaz Albaniyasına aid kilsə, monastr və məzar daşlarında, digər maddi mədəniyyət nümunələri üzərində həkk olunmuş ortaq türk simvolizmi, ornament və damğa işarələri, memarlıq elementləri, şifahi xalq ədəbiyyatı nümunələri və s. bu ərazilərdə türklərin, o cümlədən xristian türklərin mövcudluğunu əyani şəkildə sübuta yetirməkdədir. Lakin onu da etiraf edək ki, hazırda həmin mədəniyyət nümunələrinin XVI-XVII əsrlərdə Osmanlı yürüşləri zamanı Qara dəniz bölgəsindən Azərbaycana köçürülmüş bəzi qafqazdilli tayfalara aid etmək səyləri də müşahidə edilməkdədir. Yeri gəlmişkən, epik ədəbiyyat nümunəsi olmaqdan savayı, həm də Azərbaycan tarixinə və Azərbaycan türklərinin etnogenezinə dair qədim yazılı mənbə sayılan “Kitabi-Dədə Qorqud” dastanlarında hələ ilkin orta əsrlərdə bu ərazilərdə xristian, müsəlman və tanrıçı oğuzların birgə yaşamalarından da bəhs olunur.

Ermənistanda isə ictimai müzakirələr hələlik bu mövzu ətrafında aparılır: “Tarixən xristian dininin “dayağı” sayılan ermənilər müsəlman ola bilərlərmi?” Erməni cəmiyyətinin etnik və dini identikliyinin vahid və bölünməz olduğunu iddia edən qriqorian kilsəsi də bu suala birmənalı cavab verməyə tələsmir. Çünki o, müsəlman ermənilərə xristian kilsəsinin erməni cəmiyyəti üzərində dominant mövqeyinə ciddi təhlükə mənbəyi kimi yanaşır. Qriqorian kilsəsinin etnodini prinsipləri əsasında böyümüş nəsil də onları Qarabağ “erməniləri” ilə eyni etnik fərq çərçivəsində saxlayaraq “din xainləri”, “türkdən dönmələr” adlandırır. Lakin Ermənistan hakimiyyətinin strateji səyləri bu tendensiyanı getdikcə praqmatik düşüncə ilə əvəz etməkdədir. Bu gün Ermənistan ciddi şəkildə nəinki Türkiyə, Gürcüstan, Suriya, İraq, Livan, Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa dövlətlərində, hətta Azərbaycanda da “zorən islamlaşdırılmış” ermənilərin axtarışına və onların “Böyük Ermənistan”ın ağuşuna qaytarılması” prosesinə başlamışdır. Məsələn, tarixçi Anjela Teryan “Ermənistanın şərq hissəsinin (Qarabağ və Şirvan əraziləri nəzərdə tutulur – A.Q.) tarixi və ya albanlar kimdir?” məqaləsində yazır: “Bir qayda olaraq dünyaya “Azərbaycan xalçaları” kimi tanıdılan kolleksiyalar əslində Kür çayının sağ sahilində yaşayan və tarixən Şamaxı, Şəki kimi şəhərlərin ən qədim sakinləri olan ermənilərə məxsusdur. XVI əsrdə Şirvanda 60-dək erməni kəndi olmuşdu… Onlar XVІІІ-XІX əsrlərdə zorən islamlaşdırılmışdır. 1711-1722-ci illərdə isə Şəkinin erməni əhalisi islam dinini qəbul etməyə məcbur edilmişdir”.

Azərbaycanın işğal altında olan ərazilərindəki üzdəniraq tədqiqatçılar da bu təşəbbüsdən geri qalmamağa çalışırlar. Vaxtilə qondarma “Dağlıq Qarabağ Respublikası” xarici işlər nazirinin müşaviri olmuş rusiyalı politoloq Arsen Melik-Şaxnazarov isə iddia edir ki, 1992-ci ildə Qarabağın Tuğ kəndini (Xocavənd rayonu) tərk etmiş Azərbaycan türklərinin “az qala yarı hissəsi islamlaşdırılmış ermənilərdən ibarət idi və onlar islam dinini iki yüz il əvvəl qəbul etmişlər”.

Ermənistanın “top ötürmələrindən” sonra regiondakı geosiyasi proseslərin digər oyunçuları, hətta bəzi beynəlxalq təşkilatlar da “müsəlman ermənilər” və “kriptoermənilər” məsələlərinə etnosiyasi təzyiq vasitəsi kimi yanaşaraq, ondan Türkiyəyə qarşı fəal istifadə etməyə, rəsmi Ankaranı etnik və dini azlıqların, o cümlədən hüquq və azadlıqlarının pozulmasında, irqçilikdə daha sərt ifadələrlə günahlandırmağa başlamışlar. Məsələn, İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) Türkiyədəki vəziyyətə dair 2016-cı il hesabatında “Ötən dövrdən indiyədək ölkədə tarixən yaşayan etnik və dini azlıqlara münasibətdə müsbət irəliləyişin müşahidə olunması…, hökumətin aprel ayının 24-də Türkiyənin erməni icmasına başsağlığı verməsi, lakin 1915-ci ildə bu icmaya qarşı törədilmiş şiddəti “qeyri-insani münasibət” kimi dəyərləndirməsi” müsbət hal kimi qiymətləndirilsə də, təşkilat əvvəlki qərəzli mövqeyini bu dəfə də saxlamış, Türkiyə Cümhuriyyətini “etnik azlıqların və xristian icmalarının hələ də təqiblərə məruz qalmasında…, Türkiyə mətbuatında onlara qarşı nifrətin geniş təbliğ olmasında” ittiham etmişdir.

Əlbəttə, Türkiyədəki müsəlman erməniləri “etnik və dini kimliklərinə” qaytarmaq, onları Ermənistanın siyasi maraqlarının təminatına istiqamətləndirməklə bu dövlətin parçalanmasına nail olmaq səyləri ilk baxışda delitant səviyyəli plan, ”şizofrenik ideya” təsiri bağışlasa da, bu fəaliyyətdə rəsmi Ankaranın siyasi iradəsinə təsir etmək elementləri qabarıq şəkildə özünü göstərməkdədir. Elə isə Türkiyədə yaşayan “türkləşmiş müsəlman ermənilər” kimdir? Onların tarixi, etnogenezi, dilləri, mədəniyyətləri hansı etnosun qədim kökləri ilə bağlıdır? Təəssüf ki, bu sualın cavabı Türkiyədən daha çox Ermənistanda axtarılır. Təhlillərə görə, türkiyəli alimlərin apardıqları epizodik tədqiqatlar “siyasi məqsədəuyğunluq” amilinə əsasən onların etnoqrafiyası, adət-ənənələri, məişətləri ilə məhdudlaşdırılırsa, erməni alimləri “daha irəliyə” getmiş, süni şəkildə də olsa, öz araşdırmalarını “Böyük Ermənistan”, “Şərqi Anadolunun və Cənubi Qafqazın qədim və yeganə sahibi olan erməni xalqının maddi-mədəni irsi”, ən nəhayət, qondarma “erməni soyqırımının sağ qalmış qurbanları” ilə əlaqələndirməyi və təbliğ etməyi bacarmışlar.

Qədim yəhudi zərb-məsəlində deyilir:

“Sən kimə daha çox inanırsan – mənə, yoxsa öz gözlərinə?” Gözlərin gördüyü, beynin dərk etdiyi reallıq isə erməni iddialarından tamamilə fərqlənən başqa mənzərəni göstərir: Türkiyə müsəlman dövlətidir. Burada əhalinin 96,1 faizi islam dininə tapınır. Müsəlmanlar – türklər, kürdlər, Azərbaycan türkləri, lazlar, çərkəzlər, ərəblər və s. sırasında ermənilərin də olması istisna hal, “fenomen” deyildir və tamamilə təbii qarşılanmalıdır. Orta əsrlərdə Yaxın və Orta Şərqdə müsəlman erməni əşirətləri də ümumi islam ümmətinin bir parçası olmuş və onların guya bu dini “zorən” seçmələri, məhz 1915-ci il hadisələri ilə əlaqələndirilməsi ən yaxşı halda məsuliyyətsizlikdən xəbər verir.
Digər tərəfdən, Ermənistanın Şərqi Anadoluda və Qara dəniz bölgəsində yaşayan əhalini tamamilə “islamlaşdırılmış ermənilər” kimi təqdim etməsi nə sağlam məntiqə, nə də reallıqlara söykənir. Erməni iddialarının hədəfi olanların böyük hissəsi, məsələn, həmşinlilərin bir çoxu özünü “etnik erməni” kimi deyil, “yörük türkü” (yarımköçəri), bir hissəsi isə “laz”, “çərkəz”, “gürcü” və s. kimi identifikasiya edir. Təbii ki, Həmşin bölgəsində erməni kökənli olanlar da vardır. Onların yaşadıqları ərazilərdə, eləcə də Van gölündəki Ağtomar adasında kilsə ucaldanların xristian olması, müəyyən qrupunun isə orta əsrlədə islam dinini qəbul etməsi də danılmaz tarixi faktlardır. Elə isə tarixi-etnoqrafik faktlar regionda müsəlman ermənilərin də yaşadığını təsdiqlədiyi halda, nə üçün siyasi mülahizələr və geosiyasi maraqlar naminə başqa bir reallıq – xristian türklərin və ya kürdlərin mövcudluğu, buradakı unikal mədəniyyətdə onların da öz paylarının olması inkar edilməlidir?

Mövzu ilə bağlı Azərbaycan oxucusunda belə bir sual yarana bilər: Ermənilərin ortaya atdığı yeni siyasi kampaniyanın – “Qərbi Ermənistan Respublikası” və onun “tarixi ərazilərinin Ermənistana birləşdirilməsi”, “müsəlman ermənilər”, “gizli ermənilər” adlandırılan qrupların və həmşinlilərin “erməni etnik və dini kimliyinə qayıtması” kimi sərsəm iddialarının reallaşdırılmasına, bu miflərin ictimai rəydə möhkəmləndirilməsinə yönəlik təbliğat səylərinin Azərbaycanın milli mənafeləri ilə hər hansı bir əlaqəsi varmı? Əlaqənin, özü də sıx bağlılığın olması birmənalıdır. Onu da unutmayaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də əvvəllər mənbəyini “zərərsiz” saydığımız erməni iddialarından götürmüşdür. Yeni iddiaların Azərbaycanla birbaşa əlaqələri bunlardır: Birincisi, Ermənistan tərəfi “Qərbi Ermənistan” iddialarında əsas arqument qismində Sevr müqaviləsinin qüvvədən düşmüş şərtlərinə və ABŞ Prezidenti Vudro Vilsonun 1920-ci il tarixli arbitraj planına istinad edir. Həmin plan əsasında müəyyən edilən Türkiyə-Ermənistan dövlət sərhədlərində Naxçıvan Muxtar Respublikası da tamamilə “Qərbi Ermənistan” ərazilərinə daxil edilmişdir. İkincisi, iddiaya görə, “Qərbi Ermənistan” və “Şərqi Ermənistan” ərazilərinin birləşdirilməsi nəticəsində vahid qurumun – “Birləşmiş Ermənistan” dövlətinin təməli qoyulacaqdır. “Şərqi Ermənistan torpaqları” dedikdə isə təkcə işğal altında olan Qarabağ bölgəsi deyil, Kür çayının qərb sahilinədək olan bütün Azərbaycan əraziləri nəzərdə tutulur. Üçüncüsü, müasir erməni tarixşünaslığında, etnoqrafiyasında “pespektivli etnosiyasi istiqamət” kimi dəyərləndirilən “müsəlman ermənilərə” təkcə Türkiyə, Suriya, İraq, Rusiya, İordaniya, Qırğızıstan və Qazaxıstandakı müsəlman həmşinlilərdən savayı, həm də Naxçıvan, Qarabağ və Şirvan bölgələrində əhalinin böyük hissəsi, “islamlaşdırılmış və türkləşdirilmiş ermənilər” aid olunur. Dördüncüsü, Türkiyənin və Azərbaycanın maddi-mədəni və qeyri-maddi-mədəni irsinin mənimsənilməsində müsəlman ermənilər amili Ermənistanın əsas və bəraətverici arqumenti kimi gündəmə gəlməkdədir. Onların yeni taktiki gedişlərinə əsasən, həmin irs nümunələri məhz müsəlman ermənilər və “türkləşmiş ermənilər” vasitəsilə türklər arasında yayılmış və “türkləşdirilmişdir”. Ən nəhayət, beşincisi, Suriya, Türkiyə və İraqdan olan “müsəlman ermənilərdən” ibarət qaçqınların işğal olunmuş Azərbaycan ərazilərində kütləvi şəkildə yerləşdirilməsi niyyəti bir tərəfdən Ermənistan üçün bufer zonası yaratmaq, digər tərəfdən isə münaqişənin “Ermənistan-Azərbaycan” və ya indi daha aktual saydıqları “xristian-müsəlman” formatını dəyişməklə ona həm də “müsəlman-müsəlman” xarakterini də əlavə etmək məqsədini daşıyır. Aşağıdakı materiallarda bu məsələlərə də aydınlıq gətirməyə çalışmışıq.

(Ardı var)


Müəllif: Araz Qurbanov