10 Noyabr 08:33
680

Elvin Paşa… içinin həqiqətləri ilə yaşayan, yazan şair. İlk şeirləriynən tanıyıb sevmişdim, sonra baxdım ki, şəxsiyyəti ilə sənəti vəhdət təşkil edən çox az adamdan biridi. Çoxunuz tanıyırsınız onu, tanıyanlar daha yaxından tanısın, tanımayanlar da tanımalıdır.

Elvinlə söhbətimizi Teleqraf.com təqdim edir.

- Aktyor, produsser, şair, ata - bir ömrə necə sığdırırsan bunları?- Məndə sığar 4 cahan, mən bu cahana sığmazam. Mən sığışdırmıram, özləri sığışırlar bir təhər.

Xəzər Süleymanlı:
- Sən allah, sən səmimisən indi burda? Bu nə quru cavabdı? Səmimi ol.

Rəşad Nağı Mustafa:
- Düz deyir də, rahat ol özün kimi. Məsələn, o deyilənlərin heç birinin sənə aydiyyəti yoxdu. İxtsasın üzrə deyil, dəxlisizsən bu sadalanan ixtisaslara.

Elvin:

- Onda gərək deyim ki, mənim bunların heç birinə ixtisasca dəxlim yoxdu. Nə şairliyə, nə produserliyə, nə də aktyorluğa.

Mən:
- Bəs atalığa?

Elvin:
- Heç atalığa da ixtisasca dəxlim yoxdu. Mən İqtisad Universtetinin əmtəəşünanslıq fakultəsini bitirmişəm. Amma İncəsənəti oxumuş qədər varam. Nə vaxt baxırdılar, İncəsənətdə idim. Bir filimdə produser işləmək təklifi gəldi, məncə də uğurlu alındı, noyabrda o filimin təqdimatı da olacaq, ondan sonra bir filmdə də əsas rollardan birini oynamışam, onu da tezliklə kinoteatrlarda görəcəksiniz. Bu işə qəribə bir həvəs, sevgi var məndə. Məsələn, biz Rəşad Nağı Mustafanın buk treylerini çəkmişdik. Həmən gün mən səhər saat 7-dən artıq çəkiliş meydançasında idim. Bu iş məni xoşbəxt edirdi. Adam sevdiyi işi görəndə xoşbəxt olur. Bu gün öz şəxsi işim, öz düzənim var. Ancaq peşəkar aktyor, produser ola bilmək üçün onların hamsından imtina etməyə hazıram. Ailəmdən və inancımdan başqa hər şeydən keçməyə hazıram sevdiyim iş üçün. Maddi qazancım da olmasa, yenə gedərəm.

- Atalar niyə övladlarının gözündəki qəhrəmanı öldürməyə bu qədər meyillidilər?
- Atalar əvvəlcə o qəhrəmanı yaradırlar. Həm də çox mükəmməl yaradırlar. Hərdən mənə elə gəlir ki, uşaqların beynində o qəhrəmanı bir az da analar formalaşdırır. Sonra yaranan o qəhrəmanı məhv etməklə məşqul olurlar. Keçmişə qayıdıb kiçik bir şey xatrılamaq istəyirəm. Mən uşaq olanda elə bilirdim, ən dadlı yemək yağ-çörəkdi. Sonradan bilmişdim ki, atama işdən maaş yerinə bir böyük qab kərə yağı veriblərmiş. Atalar hər zaman övladlarını qəhrəmanları olur. Kaş axıra qədər belə qala bilsələr. Mənim də bir oğlum var. Bilmirəm, onun gözündə hansı nağıl qəhrəmanına bənzəyirəm, amma mən onun qəhrəmanı yox, sadəcə dostu olacağıma əminəm. Çünki böyüdükcə uşaqların nağıl qəhrəmanına yox, Ata adlı dosta ehtiyacı olur.

- Şair, necəsən?
- Ağrıyıram bir az, üstünə sağlıq.

- "Necəsən?" sözündən sonra qoyulan sual işarəsi qədər önəmli olan nədir həyatında?
- Ondan sonrakı sözə qədər olan ara.

- Əlində olsa, hansı öhdəliklərdən özünü azad edərsən?
- Mən daha çox yüklənməyi, daha çox məsuliyyətin altına girməyi sevən adamam. Baxmayaraq ki, məsuliyyətsiz biri kimi görünürəm. Bəzən həyat insanı elə sınaqlara çəkir, elə adamları itirirsən ki, bu sınaqlarda. Hətta ən doğmalarını belə itirirsən. Ancaq mən onları itirsəm də, atmaram heç vaxt. Bu gün gəlsələr, bu gün də onların gedərkən etdikləri rəhimsizliklər qədər rəhmli davranıb qəbul edərdim hamsını.

- Ədəbi mühit, onun qazandırdıqları və fəsadlarından danışaq bir az da.
- İtirdiklərim də olub (niyəsə itirmək sözü məni həmişə üşüdür. Elə bilirəm bu sözün böyük bir ağzı var və adamları bir-bir udur), amma daha çox qazandıqlarım var. Ədəbi mühit mənə dostlar qazandırıb. 2007-ci ildə mən aktyor kimi İctimaim TV-də başlamışam işə. Mühit oxşardı. Düşünürəm ki, ədəbiyyatda özünü qorumaq, aktyorluqda özünü qorumaqdan asandır. Bu mühüt mənə qazandırıb Rauf Məmmədzadəni. Yaxınlarda Musa adında bir dostla da tanış olmuşam - bu dostlar ən son qazanclarımdı. Musa məni şeirlərimlə tanıyıb. Bu cür insanları mənə qazandırdığı üçün ədəbiyyatı, ədəbi mühiti bütün çirkabıyla bağrıma basmağa hazıram. Tam səmimi deyirəm, şeir filan mənim üçün o insanın ürəyindən çox aşağıdır.

- Sən də hər şeyə görə şeirdən keçirsən, bəs niyə yazırsan?
- Şeir yazmaq mənəvi rahatlığı tənzimləyir. Amma mənə görə, insan faktoru hər şeydən üstündür. Məsələn, mənə desələr ki, şeiri seçərsən, ya filan dostunu? Mən dostumu seçərəm.

- Bu il Nobeli İşiquro aldı. Amma hamı Murakamini gözləyirdi. Bizdə isə dünyaya çıxacaq…
- İşuquro Nobeli götürəndə tanımışam ki, o, ədəbiyyat adamıdı. Oxumamışam, tanımıram, amma Murakamini tanıyırdım. İşuquro haqda belə bir status yazmışdım ki, adamın belə bir dostu ola, çağıra iş qura. Ümumiyyətlə, bizim də Nobelə gedə biləcək yetərincə yazarımız var. Düşünürəm ki, Nobelin də öz qayda-qanunları var. Bizim müəlliflər bir az da bu qayda-qanunlara uyğun yazsalar, çata bilərlər arzularına. Mətnləri Azərbaycan çərçivələrindən çıxardıb onlara daha bəşəri don geyindirə bilsələr, mövzulara daha fərqli prizmadan yanaşa bilsələr, mütləq ki, uğurumuz olacaq.

- Ədəbiyyatı siyasiləşdirsək, özünü hansı obrazda görərsən?
- Baba obrazında.

- Axı siyasətdə baba yoxdu.
- Var, altda həmişə baba olur.

- Nə vaxt baxıram narazı-narazı gülürsən. Nədi bu həyatdan verib ala bilmədiyin?
- Əslində narazı adam deyiləm, daha mübarizəm, ayaqda qalmaq bacarığım bütün bacarıqlarımın üstündədi.

- Borxes deyirdi ki, cənnət - ora yəqin kitabxana kimi bir yer olmalı...
- Doğurdan, çox qəribədir, cənnət arzusundayam, amma heç vaxt cənnəti xəyal etməmişəm. Ona görə ki, arzuladığım cənnət, ağacın altından axan çaydan çox ilahi eşqin bulağıdı. Uşaq vaxtı cənnət deyəndə gözümün önünə ağac gəlirdi. Sonra müəyyən yaş həddinə çatanda düşündüm ki, yox, bu qədər ibadətin, müəyyən məhdudiyyətlərin qarşılığı yaşıl bir ağacın altında oturub axan çaya baxmaqmı olacaq? Yalnız bu ola bilməz. Demək, burda elə bir ilahi eşq var ki, o heç nəylə müqayisə olunası deyil. Məncə, elə o eşqdir cənnətdəki.

- Niyə “Paşa”?
- Həm də qaynımın adıdı (gülür). Paşa atamın adıdır. Atam da şair, yazıçıdır, AYB-nin üzvüdür. Hazırda Rusiyada yaşayır. Mənim gördüyüm bütün işlərin, yazdığım şeirlərin, verdiyim müsahibələrin bir səbəbi var, bir məqsədi var – ünvanına - atama çatsın. O bilsin, görsün! O heç vaxt istəmirdi mən şair olam, indi bilirəm niyə. Hətta bir dəfə qalın şeir dəftərimi cırmışdı. İncəsənət adamı olmağımı qəti istəmirdi. Atam müəyyən səbəblərə görə 12 ildi Azərbaycanda yoxdu. Çox istəyirəm kitab ona çatsın, oxusun, görsün məni. Onun edə bilmədiklərini mən davam etmək istəyirəm. Və bilirəm ki, o məni hardasa oxuyur. Mən buna əminəm.

- Adam var Feysbukda deputat seçilib. Bəs sən neynəmisən?
- Bəs o deputatları da seçən var da, bilmirdin? Mən də o deputatları seçmişəm.

- Bir dəfə sənə sual vermişdim, laldili başa salmağa çalışmışdın. Bəs həyatın belə sualları qarşısında hansı dildə dayanırsan?
- “Niyə eləmirsən?”, “Niyə belə edirsən?” sualı qarşısında həmişə kar olmuşam.

- Məncə, səmimi deyildin.

Rəşad Nağı Mustafa:
- Düz deyir, məncə də qeyri-səmimi idin.

Elvin:
- Bəzən belə olmaq lazımdı. Çox şeyi danışmaq mümkün olmur, bəzən sonunacan səmimi olmaq mümkünsüz olur. Hətta kim desə sonuna qədər səmimiyəm, səmimi adam deyil. Axı mən oxucuya necə deyim ki, bəzən ata olmaqdan yorulub oğul olmaq istəyirəm, axı mən necə deyim ki, bəzən həyat məni hamıdan çox sıxır, necə deyim ki, mən hamının “oğlum” sözünə üşümüşəm, necə deyim ki, bir tək oğlumun Ata sözünə qızınmışam bir az, necə deyim ki, zaman olub cibimdə 1 manatım olub, mən o 1 manata oğluma istədiyi şokoladı ala bilməmişəm, gedib özümə siqaret alıb evə gəlməmişəm, bu və oxşar hadisələri heç kim bilmir, hətta dostlarım belə. Gərək danışanda belə danışım bu sualların önündə, o da artığını danışa bilmirəm. Kiçik yaşlarımızdan sevinci soyunub kədəri geyinməyimizdən, əynimizə gəlməyən o xoşbəxtlikdən heç vaxt küsmədiyimdən necə danışım axı? Necə deyim, heç küsmədik o gedəndə, kiçik qayğılar geyinib sevgimizi soyunanda? İnsanlar məni sıxanda ona qaçmaq istəyimdən, kitab–kitab danışıb, nöqtə-nöqtə susmaq istəyimdən necə danışım?

Rəşad Nağı Mustafa:
- Niyə bayaqdan bu qədər səmimi olmurdun?

Elvin:
- Cəmiyyətimiz acıya o qədər meyillidir ki, mənim səmimiliyimi yazıqlıq kimi qəbul edəcək. Amma bu gün mənim evim də var, işim də, ailəm də, Allaha şükürlər olsun. Mən yazıq durumunda deyiləm axı. Sırf ona görə hər şey mənə yuxu kimi gəlir, adam yuxusunu suya danışsa yaxşıdı. “Qara qutu” şeirlər kitabım - boş yerə demirdim ki, avtobioqrafik şeirlərlə doludur...

Elvin Paşanın iki şeirini və Xəzər Süleymanlının səsləndirdiyi mətni təqdim edirik:

Gün keçdi

Unutmağa çalışıram görürsən,
Götür bütün yaddaşımı uzaqlaş.
Ən çətin iş mənə düşdü bilirsən,
Bircə dəfə inad etmə, razılaş.

Səsin itir qulağımdan birinci,
sonra qoxun daha gəlmir burnuma.
Xatirən də "adam kimi" dil bilir,
darıxanda qaçır girir qoynuma...

İtirirəm səsindəki kədəri,
itir gedir qulağımdan gülüşün.
Bilirdim ki, mən də çətin adamam,
Bilirdim ki, buz olmaqdı vərdişim...

Bax, üzümün gülüşünün memarı
dön mənə bax,
itir-batır üzümdəki əl işin.

Bir gün hər şey sona çatır
ömürtək.
Yoxa çıxır, nəhayətdə yox olur.
Sevgi elə zəhrimardı bilirsən,
bəzən ömür azlıq edir sevməyə,
bəzən adam özü belə çox olur...

O darıxır, hardasan?

Daha adicə sözdü, daha adi xəbərdi
"O darıxır, hardasan?"
Bircə mən deyiləm ki, gör indi nə qədərdi
özünü səndən asan.

Gör nə qədər ümidlər, nə qədər ip asılır
yenə daş ürəyindən.
Gör nə qədər yatanı azan səsi oyatmır,
Gör nə qədər çarəsiz ümid yığıb qayıtmır
Allahın ətəyindən.

Hərə bircə ev tikir xatirə kərpicindən,
Və bir gün ölü çıxır, o daxmanın içindən.

Lap istəsən and içim,

bir az sənin canınçün,
bir az mənim canımçün.
"Darıxıram, əzizim", bunu ki gizlətmirəm,
Bir də deyim biləsən, mən sənin olmadığın
yuxuya da getmirəm.

Səni də istəyirəm, sən yaşayan evi də,
O balaca qızı da, içimdəki divi də.
Gəzdiyin dəhlizi də sevirəm addım-addım
Bağışla, çox danışdım, bağışla çox uzatdım,
Ağrılarım səngiyib,
bircə darıxmağım var...


Müəllif: Çinarə Ömray