11 Noyabr 2017 09:00
3 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki müsəlman ermənilərin, eləcə də kriptoermənilərin (etnik kimliklərini gizlədənlərin) sayı isə ayrı-ayrı mənbələrin siyasi mövqelərindən asılı olaraq dəyişməkdədir. Məsələn, Türkiyənin yerli araşdırmaçıları onların sayının hazırda təqribən 500 min nəfərə çatdığını bildirir. Ermənistanın fərqli mənbələri isə bu göstəricinin bir milyondan 10 milyonadək (!) olduğunu iddia edirlər. Ermənistanın elmi mərkəzləri hazırda dünyada bir milyon müsəlman erməninin olması və onların ən azı 400 min nəfərinin Şərqi Avropada, Almaniyada, Rusiyada və Mərkəzi Asiyada məskunlaşması qənaətindədir. İrəvanda fəaliyyət göstərən Qərbi Ermənistan Problemləri Araşdırmalar Mərkəzinin də göstəriciləri fərqlidir. Bu mərkəz Yer üzündə “gizli ermənilərin” sayının 3 milyon nəfərə çatdığına əmindir.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər. – red) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Əslinə qalsa, AKP daxilində olan qruplaşmaların da etnik açılım – multikulturalizm siyasətinə baxışları fərqli idi. Rəcəb Tayyib Ərdoğan hələ Türkiyə Respublikasının baş naziri olarkən – 2005-ci ilin dekabr ayında Şırnak şəhərində etdiyi çıxışda ənənəvi polikultural həyat tərzinin yeni siyasətlə əvəzlənməsinin tərəfdarı olmadığını bildirmiş, bunun Türkiyədəki vətəndaş birliyi üçün ciddi təhdid xarakteri daşıdığını vurğulamışdı. Baş nazir çıxışında “alt kimlik” və “üst kimlik” məsələlərinə bir daha toxunaraq demişdir: “İqtidarın üç qırmızı xətti vardır: etnik, regional (bölgə) və dini millətçilik. İlk olaraq, etnik amilə söykənən millətçiliyi aradan qaldıracağıq. Türk, kürd, laz, çərkəz – ağlınıza nə gəlirsə, hamısı Türkiyə Cümhuriyyəti vətəndaşlığının – üst kimliyin altında bir və bərabər olacaqdır. Alt kimliyə (etnik mənsubiyyətə) də hörmətlə yanaşacağıq”. Türkiyənin etnik siyasətində tətbiq etdiyi bu modelə əsasən, “türkiyəli” termini politonim olmaqla etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara şamil edilir. Eyni zamanda, dövlət hər bir vətəndaşın – türkiyəlinin alt kimliyinin (etnik identikliyinin) qorunmasına təminat verir.

Təbii ki, hakim partiya rəhbərinin “Türkiyə multikulturalizminə” inamsızlığı ölkədə birmənalı qarşılanmamışdır. Rusiyanın ermənipərəst “Reqnum” informasiya agentliyi “Hüriyyət” qəzetinin 2011-ci il 16 may tarixli sayında yayılan məlumata istinadən, bu ölkədəki “islamlaşdırılmış ermənilər”in siyasi liderlərindən sayılan İsmət Şahinin etnik zəmində yeni solçu siyasi partiya yaratmaq niyyətinin anonsunu vermişdir. İ.Şahinin sözlərinə əsasən, qurulması nəzərdə tutulan partiya Türkiyədə “əzilən insanların” (etnik və dini icmaların) hüquqlarını müdafiə edəcək, onların sosial problemlərinin həllinə çalışacaqdır: “Millət Məclisində heç olması bir erməninin əyləşməsi Türkiyəyə öz tarixini yada salacaq, onu keçmişin gözlərinin içinə açıq baxmağa məcbur edəcəkdir. Türkiyənin öz tarixi ilə üz-üzə gəlmək cəsarəti yoxdur”.

Bu gün Türkiyədə nə qədər erməni yaşayır? 2016-cı ilin demoqrafik göstəricilərinə əsasən, vətəndaşlarının sayı təqribən 80 milyon nəfər olan Türkiyədə Azərbaycan türkləri, tatarlar, qazaxlar, uyğurlar, özbəklər və s. daxil olmaqla, etnik türk əksəriyyətindən (əhalinin 87 faizdən çoxu) savayı digər xalqların da nümayəndələri – kürdlər, lazlar, zazalar, çərkəzlər, ermənilər, çeçenlər, ləzgilər, albanlar (arnavutlar), qaraçılar, ərəblər, yəhudilər, yunanlar, başnaklar, gürcülər, aysorlar, malokanlar, avarlar, osetinlər, ləzgilər və s. yaşayırlar. Türkiyə statistikasında indiyədək “müsəlman ermənilər” bölgüsü olmamışdır və bu ölkədə erməni əhalisinin rəsmi sayı 76-80 min nəfər arasındadır. Təkcə İstanbulun erməni (xristian) əhalisi 40 min nəfərdir. BMT-nin Qaçqınlarla iş üzrə Agentliyinin (UNHCR) son məlumatına görə, Türkiyədə etnik azlıq olan ermənilərin sayı 2016-cı ildə 90 min nəfərə çatmışdır. Amerikalı professor Castin Makkarti isə Türkiyədə yaşayan ermənilərin ümumi sayının 170 min nəfər olması qənaətindədir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Türkiyənin erməni vətəndaşlarının sayı ənənəvi olaraq, buradakı qriqorian, katolik, protestant erməni kilsələrinin təqdim etdikləri rəqəmlər əsasında müəyyən edilir. Məsələn, qriqorian kilsəsinin təməl prinsiplərinə görə, ermənilərin etnik kimlikləri onların dini (xristian) identikliyindən ayrılmazdır. Lakin XXI əsrin ilk onilliyindən etibarən qondarma “erməni soyqırımı” iddialarının tərkib hissəsi kimi düşünülən “müsəlman ermənilər” amilinin dövriyyəyə buraxılmasından, onların Türkiyədə guya etnik mənsubiyyətlərinə görə alçaldılması, təhdid və təqiblərə məruz qalmaları barədə saxta ittihamların yayılmasından sonra həm Ermənistanda, həm də Qərb dövlətlərində bu etnik-dini qrupun “həqiqi demoqrafik göstəricilərinə” siyasi maraq artmaqdadır.

Türkiyədəki müsəlman ermənilərin, eləcə də kriptoermənilərin (etnik kimliklərini gizlədənlərin) sayı isə ayrı-ayrı mənbələrin siyasi mövqelərindən asılı olaraq dəyişməkdədir. Məsələn, Türkiyənin yerli araşdırmaçıları onların sayının hazırda təqribən 500 min nəfərə çatdığını bildirir. Ermənistanın fərqli mənbələri isə bu göstəricinin bir milyondan 10 milyonadək (!) olduğunu iddia edirlər. Ermənistanın elmi mərkəzləri hazırda dünyada bir milyon müsəlman erməninin olması və onların ən azı 400 min nəfərinin Şərqi Avropada, Almaniyada, Rusiyada və Mərkəzi Asiyada məskunlaşması qənaətindədir. İrəvanda fəaliyyət göstərən Qərbi Ermənistan Problemləri Araşdırmalar Mərkəzinin də göstəriciləri fərqlidir. Bu mərkəz Yer üzündə “gizli ermənilərin” sayının 3 milyon nəfərə çatdığına əmindir. Mərkəzin iddialarına əsasən, təkcə Almaniyada Türkiyədən mühacirət etmiş 300 min müsəlman erməni (!) yaşayır. Onlar “Qərbi Ermənistan” adlandırılan Şərqi Anadolu və Qara dəniz bölgələrindən Avropa ölkələrinə mühacirət etmiş qastrabayter türkləri və kürdləri də “erməni kimi təqdim edirlər. Eyni zamanda, mərkəz Türkiyə ərazisində 820 min nəfər həmşinli “erməninin” və 1,2 milyon nəfərdən 3,5 milyon nəfərədək müsəlman erməninin olduğunu iddia edir. Mərkəzin direktoru Haykazun Alvrtsyan müsahibələrinin birində daha irəliyə gedərək, Yer üzündə “islamlaşdırılmış ermənilərin” sayının guya hazırda 4 milyon nəfərə çatdığını və onların 1,2-2 milyon nəfərinin “Böyük Ermənistanın tarixi ərazilərində” yaşadığını qeyd etmişdir. 1988-ci ildə Garbis Papazyan mükafatını almış “genosidşünas” Tessa Hofman – Almaniyadakı Azad Berlin Universitetinin professoru 2002-ci ildə tamamladığı “Müasir Türkiyədəki ermənilər” (“Armenians in Turkey Today”) monoqrafiyasında bu ölkədə hələ də “türk” və “kürd” kimi yaşayan 30-40 min gizli erməninin olması qənaətinə gəlmişdi. Onun Ermənistana ünvanladığı tövsiyələrə görə, əgər Ermənistan istəsə, müsəlman ermənilər məsələsini “erməni soyqırımı” iddiaları kontekstində beynəlxalq cinayət hüququ müstəvisinə qaldıra bilər: “Osmanlı imperiyası ermənilərə münasibətdə “soyuq soyqırımı” siyasətini də həyata keçirmiş, bu insanları assimilyasiya etmişdi. Bütün bunlara Haaqa məhkəməsində baxılması mümkündür”.

Erməni-qriqorian kilsəsinin İstanbul patriarxlığının rəhbəri arxiyepiskop Aram Ateşyan bütün dini qruplar daxil olmaqla Türkiyədə 2 milyona yaxın etnik erməninin yaşadığını iddia edir. “Aqos” qəzetinin baş redaktoru, 2007-ci il yanvar ayının 9-da qətlə yetirilmiş Hrant Dink isə məqalələrinin birində müsəlman ermənilərin perspektiv sayı haqqında bunları yazırdı: “Əgər Türkiyə demokratik ölkə olarsa, ən azı iki milyon nəfər öz etnik kimliyinə qayıdacaq, buradakı erməni əhalisinin sayını artıracaqdır”. Türk Tarix Qurumunun sabiq sədri, professor Yusif Halacoğlu da islam dininə tapınmış ermənilərin ümumi sayını müəyyənləşdirmək üçün araşdırmalar aparmış, ölkədə özünü müsəlman (sünni, ələvi, şiə), “kürd”, “türk”, “laz”, “çərkəz”, “gürcü” və “ərəb” kimi təqdim edən “gizli ermənilərin sayının 500 min nəfər olmasını müəyyən etmişdir. Ermənistanın Kentron TV kanalı isə təkcə Türkiyədə müsəlman ermənilərlə birlikdə rekord sayda erməninin – 4 milyon nəfərin yaşadığını iddia edir. Xatırladaq ki, həmin kanalın sahibi Qagik Sarukyan erməni oliqarxı və siyasətçisi, “Çiçəklənən Ermənistan” Partiyasının təsisçisidir.

Türkiyə ərazisində yeni etnik münaqişə ocağının yaranmasında maraqlı olan Ermənistan, erməni diasporu və Eçmiədzin üçün isə islam dininə tapınan ermənilər növbəti siyasi bazarlıq predmetindən başqa bir şey deyildir. Xatırladaq ki, hələ 2008-ci il sentyabr ayının 24-də prezident Serj Sərkisyan da ABŞ-da erməni diasporu nümayəndələri ilə görüşü zamanı “ermənilərin din, dil və məzhəb fərqinə görə bölünməsinin əleyhinə olduğunu” xüsusilə vurğulamış, bir il sonra – 2009-cu ilin fevral ayında katolikos II Qaregin və Ali Ruhani Şurası ilə keçirdiyi müzakirədə “islamlaşdırılmış ermənilər” məsələsinə yenidən qayıtmışdı. Həmin müzakirə ilə bağlı yayılmış press-relizdə dövlət və din xadimlərinin ortaq qənaətə gəldiklərinə dair bildirilmişdir ki, “Görüş zamanı Ermənistanda və diasporada müxtəlif dinlərin daşıyıcıları olan ermənilər arasında etnik identikliyin möhkəmləndirilməsinin əhəmiyyətinə toxunulmuşdur”. Bu baxımdan, əvvəllər onları həqarətlə “millət və din xainləri”, “türkdən dönmələr” adlandıran erməni kilsəsinin katolikosu II Qareginin müsəlman soydaşlarının siyasi perspektivini nəzərə alaraq, 2010-cu il aprel ayının 24-də – qondarma “erməni soyqırımı”nın ildönümündə etdiyi moizədə əvvəlki radikal mövqeyini yumşaldaraq “müsəlman erməni qardaşların” müdafiəçisi kimi danışmış və fikirlərini bu sözlərlə tamamlamışdır: “Dinini dəyişməyə məcbur edilən, öz etnik kimliyi barədə danışmaqdan qorxan insanlar da soyqırımı qurbanlarına aid edilməlidirlər”.

Lakin Ermənistanın və onun havadarlarının açıq və gizli səylərinə baxmayaraq, Türkiyədə müsəlman və xristian erməni icmaları arasında “Birləşmiş Ermənistan” naminə ortaq mənafe birliyinin yaradılması, onların vahid siyasi mərkəz ətrafında təşkilatlanması hələlik arzu etdikləri səviyyəyə yüksələ bilməmişdir. “Erməni məsələsi”ndə ciddi maneə hesab olunan bu problemi İstanbulda erməni dilində çıxan həftəlik “Aqos” qəzeti, erməni vəqfləri və dərnəkləri gündəmdə saxlasalar da, əsas maneəni həmin icmalar daxilində Türkiyə dövlətçiliyinə və “erməni məsələsi”nə fərqli mövqelərin olmasında görürlər. Məsələn, qəzetin köşə yazarı Baqrat Esdukyan təklif edir ki, intellektual və siyasi baxımdan daha üstün olan İstanbul erməniləri təşkilatlanma işində təşəbbüsü ələ almalı, din fərqini nəzərə almadan Türkiyə ermənilərinin etnik birliyinə nail olmalı, “etnik kimliklərini unudan” müsəlman ermənilərin öz identikliklərinə qayıtması yolunda ciddi fəaliyyət göstərməlidirlər.

Əslinə qalsa, Türkiyənin müsəlman ermənilərinin “etnik və dini kimliklərinin bərpası” heç də yeni təşəbbüs deyildir. Erməni türkoloqu Ruben Məlikyanın sözlərinə görə, hələ XVII-XIX əsrlərdə Rusiya imperiyası Osmanlı dövləti ilə başladığı müharibələr ərəfəsində müsəlman erməniləri “xristian dininin doğma ağuşuna qaytarmaq” məsələsini gündəmə gətirmiş, onların arasında təbliğat aparmaq, öz tərəflərinə çəkmək niyyəti ilə Osmanlı dövlətinin müxtəlif regionlarına xüsusi ekspedisiyalar göndərmişdi. XX əsrin əvvəllərindən etibarən isə Türkiyə ərazisində yaşayan müsəlman ermənilərin xristianlaşdırılması təşəbbüsü geosiyasi rəqiblərin – ABŞ, Böyük Britaniya, Fransa və Rusiyanın, sonralar isə SSRİ-nin diqqət mərkəzində olmuş, bu amildən rəsmi Ankaranın siyasi iradəsinə təsir göstərilməsində istifadə edilmişdi. BMT-nin sələfi olmuş Millətlər Liqasının Assambleyasında 1920-ci il dekabr ayının 16-da ABŞ-ın “Erməni xalqının xilasına yönəlik səylərin gücləndirilməsinə dair” qətnaməsinin müzakirəsində “zorən islamlaşdırılmış ermənilər” mövzusu qaldırılmışdı. Bundan başqa, elə həmin il Böyük Britaniyanın təşəbbüsü ilə Türkiyə ərazisində “erməni milli dairəsinin” yaradılması, “erməni uşaqlarının zorən müsəlman edilməsi” məsələləri Millətlər Liqasında müzakirəyə çıxarılmışdı. Lakin o da maraqlıdır ki, Avropada, ABŞ-da, Yaxın və Uzaq Şərqdə, Türkiyədə məskunlaşmış katolik, protestant, lüteran, babtist, pravoslav, hətta mormon və buddist ermənilərin milli və ənənəvi dini kimliklərinə qayıdışı məsələsi indiyədək nə siyasi, nə dini, nə də etnoloji diskussiyaların mövzusu olmuşdur.

(Ardı var)


Müəllif: Teleqraf.com