13 Noyabr 2017 12:58
10 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

…məsələn, İrəvan xanlığı dönəmindən burada yaşayan ermənilər özlərini «kaqats», yəni «şəhərli» adlandırırdılar. «Kro» ifadəsi isə bir qayda olaraq 1850-ci ildən etibarən Osmanlı toraqlarının cənub ərazilərindən, indiki Suriyanın şimalından köç edərək İrəvan və Gəncə ətraflarında məskunlaşmış xristian (qriqorian) kürdlərin «erməniləşmiş» törəmələrinə aid olunur. Danışıqda «daşkahay» (yerli dialektdə - «gəlmə haylar») adlandırılan «elitar» təbəqə isə XIX əsrdə İran və Türkiyə ərazilərindən Qərbi Azərbaycan torpaqlarına köçürülən ermənilərdən ibarətdir. Ermənistanda yaşayan «Tiflis erməniləri» özlərini «etnik bohema» hesab edir, digərlərini aşağı təbəqədən olduqları üçün bəyənmirlər. «Daşkahaylar» isə Bakı və Qarabağ ermənilərini, özlərini erməni kimi identifikasya edən həmşinliləri «təmiz qanlı» olmadıqları üçün onları həqarətlə «turki motor» (türk motorlu) və «şurtvats» (bic doğulmuş, türkdən dönmə, dinini satan) adlandırırlar. Digər qrup – «parska hay» kimi tanınan və əsasən SSRİ dövründə buraya köçürülmüş imkanlı İran erməniləri isə bir kənara çəkilərək həm Gürcüstan, həm Ermənistan, həm də Azərbaycan ermənilərinə «soysuz-köksüz sovet erməniləri» deyirlər.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər. – red) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Müşahidələrə əsasən deyə bilərik ki, Türkiyə ərazisində yeni etnik separatizm mənbəyinin yaradılması məsələsinin aktuallaşdırılması, bu dövlətin ərazisində, Yaxın və Orta Şərq, Cənubi Qafqaz regionlarında yaşayan kriptoermənilərin, müsəlman ermənilərin “insan hüquqları və əsas azadlıqlarının müdafiəsi” bəhanəsi altında təşkilatlanaraq Türkiyə dövlətçiliyinə qarşı pozuculuq fəaliyyətinə istiqamətləndirilməsi tədricən “daxili etnosiyasi problemlər” çərçivəsindən çıxaraq, beynəlxalq müzakirə predmeti səviyyəsinə qaldırılmaqdadır. Ümumiləşdirilmiş nəticələrə əsasən, son illər qondarma “erməni soyqırımı” iddialarının möhkəmləndirilməsi üçün “zorən islamlaşdırılmış ermənilər” mövzusunun gündəmə gətirilməsi və onun Türkiyə dövlətçiliyinin təməl prinsipləri, ərazi bütövlüyü, ictimai-siyasi sabitliyi əleyhinə yönəldilməsi aşağıdakı səbəblərdən qaynaqlanır:

● SSRİ-nin süqutundan sonra regiondakı hərbi-siyasi tarazlığın pozulması. Türkiyənin yeni geosiyasi strategiyasında Şimali Afrika, Yaxın Şərq və Cənubi Qafqaz regionlarının xüsusi əhəmiyyət kəsb etməsi. Dünyada ikiqütblü sistemin aradan qaldırılması ilə Türkiyənin Qərb dövlətləri üçün “bufer zonası”, “birinci müdafiə kordonu” funksiyalarını əsasən itirməsi;

● Türkiyənin son dövrlərdə iqtisadiyyatda və beynəlxalq münasibətlər sistemində əhəmiyyətli uğurlara nail olması, yürütdüyü çoxvektorlu xarici siyasətin, islam ölkələri, türk dövlətləri ilə inteqrasiya tempinin artması və regional lider statusuna yönəlik səylərinin effektivliyi;

● Türkiyənin Yaxın Şərqdəki münaqişələrin həllində və transsərhəd energetika siyasətində müstəqil geosiyasi oyunçu olmaq planları və bu planların reallaşdırılması üçün yürütdüyü strategiya ilə fövqəldövlətlərin geosiyasi və geoiqtisadi maraqları arasında ziddiyyətlərin dərinləşməsi;

● Türkiyə Respublikasının daxili siyasətdə həyata keçirdiyi liberallaşma və etnik mərkəzdənqaçma prosesinə səbəb olan zərərli «demokratik açılım» təşəbbüslərinin yaratdığı problemlərdən Türkiyə dövlətçiliyinə qarşı istifadə olunması. Son dövrlərdə Türkiyə cəmiyyətində siyasi qütbləşmənin dərinləşməsi və konservasiya edilmiş etnik-dini ziddiyyətlərin reanimasiyası. Türkiyənin Avropa İttifaqına üzv olmaq məqsədilə apardığı siyasi-hüquqi islahatlar nəticəsində xalqlar və dinlər arasında etnomədəni münasibətlərdə siyasi tələblərin tədricən üstün xarakter alması. Separatçı qruplaşmaların bu islahatları öz siyasi məqsədlərinin təminatına istiqamətləndirməsi;

● Türkiyə ərazisində etnik və dini separatizmin təşkilatlanması və mərkəzləşdirilməsi meyillərinin artması. Türkiyənin konfederativ, ən yaxşı halda isə federativ dövlət olmasına dair çağırışların intensivləşməsi;

● müasir Türkiyənin daxili siyasətində dini identikliyin (ümmət) tədricən dominant status əldə etməsi, bu istiqamətdə aparılan təbliğatın etnik və dini azlıqlarda müqavimətə səbəb olması. Xarici qüvvələrin bu amildən istifadə edərək ziddiyyətləri siyasi müstəviyə yönəltməsi;

● Ermənistan Respublikasının Türkiyədəki müsəlman erməni icmalarını təşkilatlandırmaqla bu ölkədə özünə sosial baza formalaşdırmaq, onların vasitəsilə islam təşkilatlarına, Yaxın və Orta Şərqin, Qafqaz və Cənubi Qafqazın, Rusiyanın, Mərkəzi Asiyanın müsəlman icmalarına nüfuz etmək planları;

● Ermənistanın və onun havadarlarının Türkiyə və Azərbaycana yönəlik siyasi-ideoloji təsir variantlarının tükənməsi, «müsəlman ermənilər» kimi «kreativ» vasitənin dövriyyəyə buraxılması.

Müsəlman ermənilər mövzusunun siyasiləşdirilməsi ilə əlaqəli bir terminoloji üsulu da diqqətə çatdırmaq istərdik. Əslində polikultural cəmiyyət daxilində sırf etnomədəni xarakter daşıyan bu məsələnin məqsədli şəkildə qabardılması, istənilən müəllif və ya siyasətçinin bu mövzuya münasibəti onların həmin müsəlmanlar qrupunu necə adlandırmasında özünü büruzə verir. Belə ki, etnomədəni tədqiqatlar üçün tamamilə normal və elmi olan «müsəlman ermənilər» anlayışı Türkiyə əleyhinə hazırlanan əksər materiallarda «zorən islamlaşdırılmış ermənilər» və ya «müsəlmanlaşdırılmış ermənilər» ifadələri ilə əvəz olunur və bu zaman onların guya «dini etiqadlarının dəyişdirilməsinə məcbur edilməsi» vurğulanır. Zahirən liberal mövqe görüntüsü yaradan müəlliflərin, məsələn, «Aqos» qəzetinin materiallarında isə hər iki radikal mövqeli tərəfləri qane etmək məqsədilə «islamlaş(dırıl)mış ermənilər» və ya «müsəlmanlaş(dırıl)mış ermənilər» kimi əcaib, daha dəqiq desək, mövqesiz terminlərdən istifadə olunur.

Bu məqam Amerika təhlilçisi, vaxtilə ABŞ Dövlət Departamentinin SSRİ-də milli məsələlər üzrə xüsusi müşaviri olmuş Pol Qoblun «Eurasia Daily Monitor» qəzetində dərc etdirdiyi «İslamlaşdırılmış ermənilər: körpü, yoxsa təhlükə?» (Islamicized Armenians in Turkey: A Bridge or a Threat?) məqaləsində də özünü göstərir. Ermənistan etnoqraflarının və türkoloqlarının fikirlərinə əsaslanan həmin məqalədə bildirilir ki, bəzi etnik qrupların identiklikləri onlar üçün nəzərdə tutulmuş standart qəliblərə uyğun gəlmir. Bununla da həmin qrupları öz tərkibində görmək istəyən dövlətlər və ya icmalar üçün müəyyən problemlər yaratmaqla, onlardan öz maraqları naminə istifadə etmək fikrinə düşən xarici qüvvələr üçün perspektivli təsir vasitəsinə çevrilirlər. Lakin tanınmış analitik müsəlman ermənilər və həmşinlilərə dair qənaətlərində birtərəfli olmuş, onların etnik identiklik problemlərindən danışarkən, yalnız erməni mənbələrinə istinad etməklə kifayətlənmişdir. Məsələn, P.Qobl erməni alimi Hovan Simonyanın subyektiv qənaətlərinə sökənərək, Türkiyədəki həmşinliləri «müsəlman cəmiyyətinə inteqrasiya edilə bilməyən erməni mənşəli, bir qayda olaraq, ermənicə danışan, amma islam dininə etiqad edən etnik qrup» adlandırmışdır. Onu da vurğulamışdır ki, həmşinlilərin «nə türk, nə də erməni icmalarına hələ də daxil ola bilməməsi bir tərəfdən Ermənistanın və Rusiyanın onlara siyasi maraqlarını artırmış, digər tərəfdən yeni problemlərin mənbəyinə çevirmişdir».

Pol Qobl qeyd edir ki, Qərbi Ermənistan Milli Şurasının deputatı, etnoqraf Saida Ohanyan Rusiyanın radikal millətçi «Reks» portalına verdiyi müsahibədə əminliklə bildirir ki, «islamlaşdırılmış ermənilər» qrupu yaxın dövrlərdə Moskvanın Ankara ilə olan problemlərinin həllində həm ideoloji, həm də siyasi təsir vasitəsinə çevrilə bilər. Belə ki, «ermənilərin ictimai-siyasi təfəkkürü Qərbi Ermənistanın, o cümlədən Həmşin bölgəsinin müstəqillik qazanmasının labüdlüyünü hələlik dərk edə bilməsə də, o günün uzaqda olmamasına, tarixi vətənimizin geri qaytarılmasına və erməni xalqının əzəmətli həyat ağacının yenidən çiçəklənəcəyinə əminik!».

S.Ohanyanın mülahizələrinin birinci hissəsində – «ermənilərin ictimai-siyasi təfəkkürünün dərketmə» məsələsində həqiqət vardır. Bu gün Ermənistan cəmiyyəti təkcə siyasi mənsubiyyətə görə deyil, həm də regional mənşəyə görə parçalanmış və bu ziddiyyət getdikcə kəskin xarakter almaqdadır. Bütün bunlar isə bu ölkədə ermənilər arasında etnik-dini birliyin siyasi və deklarativ xarakter daşımasını, «milli həmrəyliyin» hakimiyyət tərəfindən deyil, məhz kilsə vasitəsi ilə istiqamətləndirildiyini bir daha təsdiqləyir. Yaranmış vəziyyət Ermənistan cəmiyyətinin bütövlüyünə yönəldilən mifik «ümumerməni milli ideologiyasını» da zəiflətmiş, «vahid erməni millətini» kastalara parçalamışdır. Məsələn, İrəvan xanlığı dönəmindən burada yaşayan ermənilər özlərini «kaqats», yəni «şəhərli» adlandırırdılar. «Kro» ifadəsi isə bir qayda olaraq 1850-ci ildən etibarən Osmanlı toraqlarının cənub ərazilərindən, indiki Suriyanın şimalından köç edərək İrəvan və Gəncə ətraflarında məskunlaşmış xristian (qriqorian) kürdlərin «erməniləşmiş» törəmələrinə aid olunur. Danışıqda «daşkahay» (yerli dialektdə - «gəlmə haylar») adlandırılan «elitar» təbəqə isə XIX əsrdə İran və Türkiyə ərazilərindən Qərbi Azərbaycan torpaqlarına köçürülən ermənilərdən ibarətdir. Ermənistanda yaşayan «Tiflis erməniləri» özlərini «etnik bohema» hesab edir, digərlərini aşağı təbəqədən olduqları üçün bəyənmirlər. «Daşkahaylar» isə Bakı və Qarabağ ermənilərini, özlərini erməni kimi identifikasya edən həmşinliləri «təmiz qanlı» olmadıqları üçün onları həqarətlə «turki motor» (türk motorlu) və «şurtvats» (bic doğulmuş, türkdən dönmə, dinini satan) adlandırırlar. Digər qrup – «parska hay» kimi tanınan və əsasən SSRİ dövründə buraya köçürülmüş imkanlı İran erməniləri isə bir kənara çəkilərək həm Gürcüstan, həm Ermənistan, həm də Azərbaycan ermənilərinə «soysuz-köksüz sovet erməniləri» deyirlər.

Hazırda ölkədə hakim siyasi-maliyyə elitası sayılan «Qarabağ klanı» və yerli ermənilərin «Ermənistan qruplaşması» arasında gedən mənafe mübarizəsi, «irəvanlı-qarabağlı» qarşıdurması pik həddə çatmış, ölkənin ictimai-siyasi və mədəni həyatını, hətta ordunu da öz cənginə almışdır. Bu gərginlik Köçəryan-Sarqsyan ittifaqının girovlarına çevrilən, həm işğal olunmuş ərazilərdə, həm də Ermənistanda yaşayan sadə Qarabağ ermənilərinin vəziyyətini, onlara münasibəti daha da pisləşdirmişdir. Ziddiyət və qarşılıqlı nifrət o həddə çatmışdır ki, əhalisinin əksər hissəsi gəlmə «şurtvatslardan» – dönmələrdən ibarət olan Mets Mazra kəndinə (vaxtilə azərbaycanlıların yaşadıqları Böyük Məzrə kəndi) sərnişin daşınması üçün iki avtobus ayrılmışdır. Qarşıdurma olmasın deyə, onların birinə yalnız «yerlilər», digərinə isə «gəlmələr» əyləşirlər. Özünü «Azərbaycan ermənisi» adlandıran, bu gün Ermənistanda didərgin taleyi yaşayan və özünün dediyi kimi «İrəvanın girovlarından» olan Stella Arutunyanın sözlərinə görə, hazırkı rejim Azərbaycandan gələn ermənilərdən istifadə edərək, xarici təşkilatlardan onlara göndərilən külli miqdarda yardım vəsaitini mənimsəməkdədirlər. O deyir: «Biz müxtəlif xalqlarıq. Yerli ermənilərlə bir yerdə yaşaya bilmərik. Bu mümkün deyil. Hətta mən suriyalı ermənilərdən daha çox şəfqət görürəm. Burada hamı sənə yad, gəlmə kimi baxır. Azərbaycanda isə hər şey fərqli idi. Əgər siz bir problemlə üzləşirdinizsə, hansı azərbaycanlıya yaxınlaşsaydınız, köməyini əsirgəməyəcəkdi. Ermənistanda, buradakı ermənilərdə isə insanlara münasibət fərqlidir. Yerli ermənilərə dərdinizi, çətinliyinizi desəniz, dərhal vəziyyətdən istifadə edib, sizi ayaqlar altına atmağa çalışacaqlar».

Bu gün monoetnik – təkmillətli adlandırdığımız din və məzhəblərin praktiki olaraq hər biri, o cümlədən qriqorian kilsəsi də yaranışının ilk mərhələsində etnik müxtəlifliyi ilə seçilmişdi. Lakin orta əsrlərin əvvəllərində hay etnosunun bu xristian məzhəbi daxilində tədricən üstünlük təşkil etməsi sayəsində qriqorian kilsəsinin milli rəngarəngliyi pozulmuş, həm haylar, həm də həmin inanca tapınanlar coğrafi ərazi mənsubiyyətinə (Armina, Ərməniyyə) görə «erməni» kimi tanınmışlar. Bu tarixi gerçəkliyi bəzi erməni tarixçiləri və siyasətçiləri də etiraf etməkdədirlər. Məsələn, ümumerməni «Ramkavar-Azatakan» Partiyasının ABŞ və Kanada ofisinin nümayəndəsi, Ermənistan Milli Elmlər Akademiyasının üzvü Edmond (Yervand) Azatyan həmin reallıqları belə ifadə edir: «Biz müxtəlif xalqlardan ibarətik… Qanımız oxşasa da, dillərimiz bir-birinə təxminən bənzəsə də, dünyagörüşlərimiz fərqlidir. Demək olar ki, antipodlarıq».

Antipodların sayının süni şəkildə şişirdilməsinə, onları vahid etnos ətrafında birləşdirmək və təşkilatlandırmaq səylərinə isə XIX əsrin sonu – XX əsrin əvvəllərində başlanılmışdı. 1908-ci ildə İstanbul ermənilərinin patriarxı, arxiyepiskop Şinork Qalustyan Qüds şəhərindəki moizəsində «əyalət ermənilərini» aşağıdakı qruplara ayırmışdı:

1. Könüllü olaraq islam dinini qəbul etmiş ermənilər. Onlar xristian ermənilərlə bütün əlaqələrini kəsmiş və türklərin içərisində yaşayırlar. Onların sayı bir milyona çatır (?)

2. Üç nəsil əvvəl islamlaşdırılmış ermənilər. Onlar öz əşirətlərini yaratmış və heç kəsə qoşulmurlar.

3. Zorən islamlaşdırılmış ermənilər. Onlar erməniliklərini qoruyub-saxlaya bilmiş, İstanbula köçdükdən sonra məhkəmə yolu ilə pasportlarındakı «müsəlman» sözünün «erməni» kəlməsi ilə əvəz edilməsinə nail olmuşlar.

4. Köklü əyalət erməniləri. Onlar bütün çətinliklərə baxmayaraq, xristian erməni olaraq qalmışlar. İstanbul ermənilərinin böyük hissəsi bu insanlardan ibarətdir.

(Ardı var)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər