20 Noyabr 2017 09:37
2 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Elçin Aslangilin Türkiyədə çapa hazırlanan “Həzrəti İsanın Quranı” romanının III hissəsini təqdim edir:

(Əvvəli burada)

İ.EVA surəsi

- Mən gedirəm. Yeni gələn xəstəni bir an belə nə-zərinizdən yayındırmayın.

Baş həkim bunu deyə-deyə kabinetinin qapısını kilidləyib, iri addımlarla dəhlizin sonundakı liftə doğru getdi. Aşağıda, çıxışdakı pilləkənlərə çatanda dayanmaq qərarına gəldi. Dayandı və üzünü göylərə tutub baxdı. Düşünürdü... Fikirləri dağınıqdı..

Şəxsi avtomobili ilə döngədən çıxan baş həkim, işıqforun qırmızı işığını görüb qəfil əyləcə basdı. Qarşı-dakı dayanacaqda qırmızı donlu, saçlarında rəngbərəng kəpənəkli sancaqları olan qırmızı çəkməli qızcığaz sağ əli ilə anasının sol əlini tutub sol əlindəki qırmızı şarı yelləyirdi. Onun üzündə gözəl bir təbəssüm vardı. Zil qara gözlərinin içi də gülürdü...

Baş həkim İ. Eva üzündə xəfif bir təbəssümlə qızcığazı seyr edirdi. Onu bu gözəl mənzərədən arxadan eşidilən siqnal səsləri ayırdı.

Dayanacağın qarşısından keçənə kimi nəzərlərini sevimli qızcığazdan yayındıra bilmədi. Birdən, eşitdiyi küt zərbə səsi və qorxunc qışqırıq, onu dəhşətə gətirdi. Bütün diqqətini sərf edərək nələrin baş verdiyini anlamağa çalışırdı. Gözlərinin gördüyünə hissləri aciz idi. Avtomobilinin çat-çat olmuş ön şüşəsi və havada uçan qırmızı şar...

Qorxudan saçlarının ucu belə tir-tir əsən baş həkim qışqırmaq istəyirdi, ancaq qışqıra bilmirdi. Dili kələkötür bir şəkildə qəribə sözlər deyirdi:

- Və ya uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi:

“Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi:

“Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın.

Yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”.

Bu sözlər ona tanış olsa da, baş həkim İ. Evanın beyni qulaqlarını dinləmək istəmirdi. Nəhayət qəribə sözləri bitirən dil, bağlandığı yerdən açılıb sahi¬binə qaytarılan kimi əzablı bir şəkildə dedi:

- Mən qızcığazı öldürdüm...

Sonra boğulmamaq üçün dərindən nəfəs alan baş həkim bütün gücünü toplayaraq var qüvvəsi ilə yenidən qışqırıb yenə dedi:

- Mən qızcığazı öldürdüm!

- Xanım! Xanım! Xanım, məni eşidirsiniz?

Bu sözləri kənardan avtomobilə boylanan ortayaşlı bir kişi deyirdi.

- Xanım, siz yaxşısınız? Sizə necə kömək edə bilərəm?

- Hə... Yox, yaxşı deyiləm, mən qızcığazı...

Baş həkim qızcığazı öldürdüyünü demək istəyirdi ki, birdən gözləri avtomobilinin zərər görməmiş ön şüşəsinə sataşdı. Çaşdı. Üzünü ona yardım etmək istəyən kişiyə tutdu:

- Siz mənim avtomobilimi idarə edə bilərsinizmi? Ruhi Dispanserə getmək istəyirəm.

Bu sözlərdən sonra əl-ayağı əsən həkim İ. Evanın üzünü qəribə bir təbəssüm bürüdü və bu təbəs¬sümün ardından o, göz¬yaşlarını saxlaya bilməyərək, içini çəkə-çəkə ağladı.

Qarşılaşdığı hadisəni beynində vurub-çıxan, özü üçün aydınlaşdırmağa çalışan kişi, əndişəli görünürdü.

Avtomobilin qapısını nəzakətlə açaraq həkimə yol verdi. Baş həkim əsə-əsə avtomobildən enəndə, kişi soruşdu:

- Bəlkə mən birbaşa evinizə sürüm?

- Yox, yaxınlıqdakı ruhi xəstəliklər dispanserinə... Ora daha yaxşıdı ...

BATAQLIQ ÇİÇƏYİ surəsi

- Yəni bütün hadisələr, artıq ruhi xəstə olduğu həkimlər tərəfindən də təsdiqlənən B.S-nin söylədiyi kimi, zirzəmiylə bağlıdır?

- Bu gəncin keçmişi təmizdir.

Ömründə bir dəfə də olsun məhkum həyatı yaşamayıb. Narkotik aludəçisi də deyil...

Hərbi hissədə baş verənlər bir çox vəzifəlilərin həyatını zəhərlədi. Hərbi hissə komandiri və digər vəzifəlilər vaxtından əvvəl istefa verməli oldular. Yuxarı dairələr və hərbi tribunal bütün bu olanlara görə əsgər B. S-ni günahlandırırdılar. Bəs zirzəmi? Axı, nədən uzun illər bu zirzəminin qapısı bağlı qalıb? Sanki belə bir yerin mövcudluğundan hamı xəbərsizmiş...

Ən maraqlısı isə əsgər B. S-nin müqəddəs İsayla bağlı söylədikləridir. Bəs onun cəfəng uydurmaları? Ağ ilanlar, Şimidlinin silahının nömrəsini şəhadət barmağından axan qanla divara yazan zirzəmidəki lüt kişi ...

Bütün bunlar nə deməkdir? Mən zirzəmini ən azından 20 dəfə araşdırmışam, amma orda quru torpaqdan, soyuq divarlardan başqa heç nə yoxdur ...

Miss Jasmin Qrandval öz-özünə verdiyi sualların içində boğulurdu. O, hərbi hissənin həyətində gəzişirdi.

Dərin düşüncələrə qapıldığından gecənin düşdüyünü hiss etməmişdi. Və yalnız indi nəzərlərini yerdən çəkib başını qaldırdı. Sinəsində çarpazladığı qollarını yorğun halda yanına salıb, ətrafa göz gəzdirdi.

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, işarələri müfəssəl izah edən Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız?!

ADƏM surəsi

Ruhi dispanserin qarşısında avtomobildən endi, onu gətirən kişiyə əhəmiyyət vermədən dispanserin pilləkənlərini cəldliklə qalxıb, qapını açdı və içəriyə daxil oldu. Onu görən mühafizəçi ayağa qalxdı:

- Salam İ. Eva xanım.

Eva, mühafizəçinin salamına fikir vermədən:

- Mühafizəçi, ardımca gəlin! – dedi.

- Alçaq, əclaf, murdar! Sən mənim əsəblərimlə oynayırsan, sən məni dəli etmək istəyirsən? Yox, sən bunu bacarmayacaqsan! Sən adi psixsən, sən özünü dəliliyə vuran gicin birisən!
Baş həkim İ. Eva əsəblərini cilovlaya bilmirdi. Xəstə isə, üzünü divara çevirib dodaqlarının altında nə isə pıçıldayırdı. Birdən ucadan:

- O hər şeyi görür və bilir! –dedi.

- Kim! Kim nəyi görür, nəyi bilir, gic, axmaq? Sənin cəfəng uydurmaların və ağzına gələni danışmağın məni lap təngə gətirib. Mən səni it kimi gəbərdəcəm. Cəhən-nəm ol get həbsxanada çürü!

- Siz bilmirsiniz, amma o hər şeyi bilir

- Xəstə bu sözləri sakit bir tərzdə pıçıldadı.

- Kim?

- Allahın gözü...

Ortalığa dərin sükut çökdü. Mühafizəçi çaşqınlıq içərisində həkimə baxaraq, sanki demək istəyirdi: “Mən nə etməliyəm?”.

Baş həkim İ. Eva gözlərini döşəməyə dikib düşünürdü və bu cəmi iki dəqiqə belə davam etdi. Sonra öz-özüylə danışırmış kimi dodaqlarının altında bu sözləri deməyə başladı:

- Yox, mən izn vermərəm ki, sən məni öz təsirin altına alasan. Mən izn vermərəm ki, sən məni də öz oyunlarına alət edəsən. Yox!
Birdən o üzünü xəstəyə çevirib baxışlarını gözlərinin içinə dikdi:

- Yox!

Xəstə isə dodaqlarına hardansa məlahətli bir təbəssüm qondurmuşdu:

- Xanım, Allah böyükdür! Allahın gözü hər şeyi görür və Allah bilir. Siz ona inanmalısınız. Mən sizin üçün bir dəliləm. Mən tövbə etdim siz də tövbə edin! Deyin, deyin ki, başınıza and içməyin. Çün ki saçınızın tək telini belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz. "Hə"-niz hə, "Yox" -unuz yox olsun. Bundan artığı şeytanındır.

Həkim İ. Eva əsəblərini cilovlaya bilməyib dəli kimi qışqırdı:

- Rədd ol! Sən də, sənin Allahın da! Mən başıma yox, Hippokrata and içmişəm. Mən sənin Allahına yox, Hippokrata inanıram!

60-cı surə

Qaranlıqda yaşayan xalq böyük bir işıq gördü. Ölümün kölgələndirdiyi diyarda yaşayanların üzərinə ışıq doğdu...

Təhqiqatçı xanım bu gün ruhi xəstəxanadan birbaşa hərbi hissəyə yollanmışdı. Bir neçə əsgər və zabiti yenidən dindirmiş, zirzəminin altını üstünə çevirmişdisə də heç bir nəticə əldə etməmişdi . Jasmin Qrandval ətrafa göz gəzdirəndə özünü kazarmanın girişi önündə gördü. Qəti addımlarla kazarmaya daxil olub ayaq üstə mürgüləyən növbətçi əsgərin yanından keçdi, zirzəmiyə enən pillələrin önündə dayandı. Gözlərindəki yenilməzlik ifadəsiylə köhnə dəmir qapıya meydan oxuyurdu. Sol əlinin barmaqlarıyla boynundan asdığı xaçı bərk-bərk dodaqlarına sıxıb öpdü:

- And olsun bu müqəddəs xaça! And içirəm ki, mən bu işi sona çatdıracam! Bütün bağlı düyünləri açacam!

Bir dəqiqə sonra gözlərində qəzəb zirzəminin ortasında dayanıb sağa-sola baxırdı. Ucadan dediklərinin divara dəyib qayıdan sədasını aydınca eşidirdi:

- Axı burda nə var? Hanı divardakı qanlı yazı?! Hanı o naməlum adam, hanı?! Hardasan, çıx ortaya?! Eşidirsən? Mən həqiqətləri bilmək istəyirəm !

Eşitdiyi səsdən diksindi:

- Mən sizə həqiqətləri deyəcəm, miss Jasmin Qrandval! Şübhəsiz ki, bunlar sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!

Ardı var...


Müəllif: Teleqraf.com