23 Noyabr 2017 08:16
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyul ayında tanınmış şair İlham Qəhrəmanın Təbrizdə “Məni bizə gətir” adlı şeirlər kitabı əski əlifbada nəşr olunub.

Teleqraf.com-a bu barədə məlumat verən İlham Qəhrəman bildirib ki, bu günlərdə kitabın müəllif nüsxələrini alıb:

“Nəhayət, təbrizli dostlar mənim intizarıma son qoydular, kitabın bir neçə nüsxəsini bu taya – mənim ünvanıma göndərdilər. Sevinirəm ki, Təbrizdə yaradıcılığıma diqqət yetirib kitabımı çapa layiq biliblər. Hiss və həyacanımı özündə ehtiva edən, ürək qanımla yazdığım şeirlərin o taylı oxucuların qapısını döyməsi həm məsuliyyət, həm də qürurvericidir.

Bu, həm də şeirlərimin mənsiz də öz başını saxlayacağının təsdiqidir. Kitab bəzi işbazların pirat yolla çap etdirdiyi nəşrlərdən deyil. Qonşu dövlətin müvafiq qurumları kitabın çapına rəsmi icazə verib və o, dövlət qrifi ilə “Həkim Nizami Gəncəvi” nəşriyyatında çap edilib”.

Kitab 6 bölmədən ibarətdir: “Tərsinə nallanmış atdı bu sevgi”, “Yuxular”, “Ağacların yadına düşürəm”, “Ölümünə çalan arı”, “Portretlər”, “Qoşmalar” “Gəraylılar” və “Ədəbi düşüncələr”.

Qeyd edək ki, “Məni bizə gətir” kitabı tanınmış şairin İranda işıq üzü görən ikinci şeirlər kitabıdır. Bundan əvvvəl onun Tehranda “Əsir dağlar” (“Pınar” nəşriyyatı, 2009) adlı kitabı oxucuların ixtiyarına verilib.


Müəllif: Teleqraf.com