24 Noyabr 2017 09:50
6 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

…özünün dediyinə görə, 1992-ci ildə Rusiyada hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrini yaratmaq və Azərbaycana qarşı hərbi əməliyyatları təşkil etmək haqqında prezident Levon Ter-Petrosyandan dəvət almış və bu barədə Rusiya Federasiyasının müdafiə naziri Pavel Qraçova məlumat vermişdir. General Qraçov onun arzusunu bəyənmiş və öz xeyir-duasını vermişdir. Qeyd edək ki, Azərbaycan ərazilərinin işğalında fəal iştirakından sonra Norat Ter-Qriqoryants yenidən Moskvaya dəvət almış, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında xidmətini davam etdirmişdir. Etnik natamamlıq kompleksindən əziyyət çəkən general N.Ter-Qriqoryants müsahibələrinin birində bildirir: “Qarabağ Azərbaycanın deyil, Şərqi Ermənistanın ərazisidir. Təkcə Qarabağı deyil, Ararat (Ağrı) dağı ilə birlikdə Qars və Sürməlini, Cavaxetiyanı ermənilərin əlindən almışlar… Naxçıvan da Ermənistandan qoparılmışdır”. Sonra isə onda paranoya öz əlamətlərini büruzə verməyə başlayır.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

Əvvəli burada

“Qərbi Ermənistan Respublikası” liderlərinin etiraflarına görə, onlar öz fəaliyyətlərində əsasən üç xarici erməni təşkilatından – Ümumdünya Erməni Konqresindən (Ara Abramyan, Rusiya), Qərbi Ermənistan Konqresindən (Karen Mikaelyan, Rusiya) və ABŞ-dakı Erməni Assambleyasından dəstək alırlar. Onu da qeyd etmək vacibdir ki, ABŞ-da fəaliyyət göstərən “Vudro Vilson İrsi” Fondu da “Qərbi Ermənistan Respublikası”nın təsis olunmasının” qatı təbliğatçıları və müdafiəçiləri sırasındadır. Belə ki, “Qərbi Ermənistan hökuməti”nin qurultayında həmin fondun prezidenti, V.Vilsonun kötükcəsi Donald Vilson Buş bir daha ulu babasının masa üzərində qalmış arbitraj planının reallaşması zərurətindən, rəsmi Ankaranın bu qərarı sözsüz icra etməsinin vacibliyindən, Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərinin erməni xalqına verilməsinin “regionda sülh və əməkdaşlığın bərqərar olunması” üçün əhəmiyyətindən danışmışdır. Onu da xatırladaq ki, D.Vilson Buş 2015-ci il aprel ayının 20-də – qondarma “erməni soyqırımı”nın yüz illiyi ərəfəsində Ermənistana və Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etmiş, burada qondarma “Dağlıq Qarabağ Respublikası” rejiminin başçısı Bako Saakyanla görüşmüşdür. Həmin görüşdən sonra D.Vilson Buş jurnalistlərə bildirmişdir ki, “Dağlıq Qarabağ xalqı öz müstəqillik, müqəddəratını müəyyənləşdirmək, dövləti idarə etmək hüququna layiq olduğunu sübuta yetirmişdir”.

2004-cü il dekabr ayının 17-də “Qərbi Ermənistanın Milli Şurası” adlandırılan qondarma qurum işğal altında olan Şuşa şəhərində “Qərbi Ermənistan ermənilərinin öz müqəddəratlarını təyin etmək hüquqları haqqında” Bəyannamə qəbul etmişdir. Bəyannamədə Ermənistanın Türkiyə Respublikasına ərazi iddiaları açıq şəkildə öz əksini tapmışdır. Məsələn, “sənəddə” bildirilir:

1. “İndiyədək “Türkiyə Ermənistanı” kimi tanınan Ermənistan əraziləri bundan sonra “Qərbi Ermənistan” (Vətən) adlandırılsın. Qərbi Ermənistanın dövlət bayrağı, gerbi və milli himni müəyyən edilsin.

2. Qərbi Ermənistan milli ali hakimiyyətə və hüquqlara malik müstəqil, suveren dövlət olmalıdır. Qərbi Ermənistanın Konstitusiyası və məhkəmə sistemi istisnasız olaraq millidir”.

Digər analoji sənəddə – “Qərbi Ermənistan Milli Şurası”nın 2004-cü il dekabr ayının 17-də Fransanın paytaxtı Paris şəhərində qəbul etdiyi Bəyannamədə də Türkiyə Respublikasına qarşı ərazi iddiaları irəli sürülmüşdür. Sənəddə ”tamhüquqlu erməni diaspor təşkilatının – mühacirətdə olan “Qərbi Ermənistan hökuməti”nin yaradılması bəyan edilməklə yanaşı, onun əhalisinə (ermənilərə) öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi tələb edilirdi (bənd 3). Region dövlətləri – Türkiyə, Azərbaycan və Gürcüstan üçün açıq təhdid və qismən də ideoloji təsir xarakteri daşıyan digər sənəd də diqqət çəkməkdədir. Əslində, burada gələcək terror-təxribat aksiyalarının, hakimiyyət orqanlarına silahlı müqavimətin, yeni separatçı-terrorçu silahlı qruplaşmanın təşkilinin anonsu indidən verilməkdədir. 2012-ci il dekabr ayının 26-da “Milli Şura”nın spikeri Armenak Abramyanın imzaladığı fərman (“Qərbi Ermənistanın özünümüdafiə qüvvələrinin yaradılması haqqında”) hüquqi baxımdan həm Ermənistan Respublikasının, həm də bu qurumun yaradılmasında rəsmi dəstək göstərən “demokratik” Fransanın Türkiyə Respublikasının ərazi bütövlüyünə və sabitliyinə açıq təhdid xarakteri daşıyır. Yerli və xarici kütləvi informasiya vasitələrində geniş yayılan həmin sənəd mahiyyət etibarilə ermənilərin və onları himayə edənlərin Türkiyənin müxtəlif bölgələrində aqressiv separatizmin yaradılmasına, partizan müharibələrinin aparılmasına, genişmiqyaslı terror-təxribat aksiyalarının törədilməsinə hüquqi bəraət verilməsi məqsədini daşıyır.

Fərmanda bildirildiyi kimi, “Milli Şuranın spikeri” Yaxın Şərqdə cərəyan edən və getdikcə gərginləşən hərbi-siyasi proseslərin “Erməni xalqına, bütün regiona və Ermənistanın təhlükəsizliyinə təhdid xarakteri daşıdığını… Milli Şuranın bütün münaqişələrin sülh yolu ilə həlli prinsipinə tərəfdar çıxdığını (?)… Qərbi Ermənistan ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu nəzərə alaraq qərara alır:

● Qərbi Ermənistanın xüsusi (təyinatlı) özünümüdafiə qüvvələrinin yaradılması prosesinə başlanılsın;

● Özünümüdafiə qüvvələri erməni xalqını və Ermənistanı müdafiə etmək məqsədilə Qərbi Ermənistanın ermənilər yaşayan bütün ərazilərində formalaşdırılsın;

● Qərbi Ermənistanın özünümüdafiə qüvvələri mobil döyüş hissələri xarakteri daşımalı, zərurət olduqda istənilən ərazilərdə digər qruplarla birgə fəaliyyət göstərmək imkanına malik olmalıdır və s.

Qondarma quruma “real dövlət” görüntüsü vermək məqsədilə 2013-cü ilin noyabr ayının 22-dən dekabrın 1-dək “Qərbi Ermənistan Respublikası”nın ali qanunvericilik orqanına – “Qərbi Ermənistan Milli Şurasına” seçkilər keçirilmişdir. Elektron səsvermə zamanı dünyanın 10 ölkəsinin (Ermənistan, Rusiya, Fransa, Almaniya, Abxaziya, Cavaxetiya, Danimarka, Macarıstan və İsveç) 27 şəhərindən (İrəvan, Moskva, Rostov, Soçi, Paris, Marsel, Boston, Maynts, Budapeşt, Nitsa və s.) 64 deputat seçilmişdir. O da maraqlıdır ki, “beynəlxalq hüququn demokratik prinsiplərinə ciddi riayət olunmaqla” keçirilmiş seçkilərdə Abxaziya və Cavaxetiya “müstəqil dövlət” kimi göstərilmişdir. Məlum səbəblər üzündən Türkiyədən açıq şəkildə namizəd irəli sürülməmişdir. 2014-cü il yanvar ayının 17-dən 21-dək Parisdə – şəhər bələdiyyəsinin 14-cü inzibati dairəsinin binasında “Qərbi Ermənistan Milli Şurasının” ilk sessiyası təşkil olunmuş və “Qərbi Ermənistanda” parlament seçkiləri nəticəsində qalib gəlmiş deputatların səlahiyyətləri təsdiq edilmişdir.

Bundan başqa, sessiyada Fransa vətəndaşı Armenak Abramyan “Qərbi Ermənistan Respublikası Milli Şurasının sədri”, Ermənistan vətəndaşı Tiqran Paşabezyan isə “mühacirətdə olan Qərbi Ermənistan hökumətinin baş naziri” seçilmişdir. Təqribən beş ay sonra “Qərbi Ermənistan Milli Şurasının formalaşmasına dair” bəyannamə imzalanmış (24 may, 2013-cü il, Paris) və “Qərbi Ermənistanın vətəndaşı” statusu (“özlərinin və valideynlərindən heç olmasa birinin Qərbi Ermənistan mənşəli olduğunu təsdiq edən ermənilər haqqında”) müəyyən edilmişdir. Qondarma dövlətin yurisdiksiyasına isə bir çoxunun adları erməniləşdirilməklə Türkiyə, Azərbaycan və Gürcüstanın aşağıdakı bölgələri aid edilmişdir:

1. Van

2. Bitlis

3. Ərzurum (Karin)

4. Trabzon (Amşen)

5. Sivas (Sebastiya)

6. Diyarbəkir (Tiqranakert)

7. Xarput (Xarberd)

8. “Kilikiya” (Qeysəriyyə, Maraş, Adana, Zeytun və s.bölgələri əhatə etməlidir)

9. Qars

10. Cavaxetiya (Cavaxk)

11. Naxçıvan (Naxicevan)

“Milli Şura”nın qəbul etdiyi sənədlərə əsasən, “Qərbi Ermənistan Respublikası və onun mühacirətdə olan hökuməti “Qars müqaviləsinin (1921-ci ildə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında imzalanmışdı) və Moskva müqaviləsinin (1921-ci ildə Rusiya və Türkiyə arasında bağlanmış dostluq anlaşması) şərtlərini tanımır (?), özünü “Qərbi Ermənistan” əraziləri haqqında Vudro Vilsonun arbitraj qərarının “hüquqi varisi” elan edir. “Qərbi Ermənistan hökuməti” onu da bəyan edir ki, “yurisdiksiyasına daxil olan torpaqlarda (hələlik Türkiyə ərazisində) əhalinin söz, vicdan və mətbuat azadlığına, hüquq bərabərliyinə təminat verir, tabeliyində olan hüquq-mühafizə orqanlarının və silahlı qüvvələrin siyasi proseslərə müdaxiləsini yolverilməz hesab edir”. A.Abramyanın sözlərinə görə, “Qərbi Ermənistan Respublikası”nın vətəndaşı olmaq istəyənlər şəxsiyyəti təsdiq edən vəsiqə (pasport) ilə təmin olunurlar. Bildirilir ki, “Qərbi Ermənistan” hökumətinin ali məqsədi “dünyanın müxtəlif guşələrinə səpələnmiş “Qərbi Ermənistan” əhalisini bir araya gətirməklə, onların milli dövlətçiliyini bərpa etməkdir. Bunun üçün isə beynəlxalq hüquqi və siyasi təsisatlar V.Vilsonun arbitraj qərarının Türkiyə tərəfindən icrasına nail olmalıdırlar. Xüsusi qeyd: “Qərbi Ermənistan Respublikası” öz silahlı qüvvələrinə malik olsa da, hərbi neytrallığa dair konvensiya qəbul etmişdir”.

Bir qədər də Armenak Abramyanın kimliyi barədə. Ermənistan mətbuatında “Qarabağ azadlıq mübarizəsinin qəhrəmanı” kimi təqdim olunan bu şəxsin keçmişi barədə ətraflı məlumat yoxdur. Yalnız onun Marseldə doğulması, hərbi işi, əlbəyaxa döyüş növlərini mükəmməl bilməsi haqqında qısa informasiyalara rast gəlinir. Onun “Qarabağ döyüşlərində” erməni terrorçuları Monte Melkonyan, Leonid AzqaldyanVladimir Balayan ilə sıx dostluq etdiyi də bildirilir. Qarabağda olarkən “qədim erməni kahinlərinin yaratdığı milli erməni əlbəyaxa döyüş növünü bərpa etmiş”, könüllülərin təlim və məşqlərini keçirmişdir. O da maraqlıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə olunduqlan sonra Fransada “Qarabağ müharibəsinin veteran könüllüləri birliyini” təsis etmişdir. Lakin onun fəaliyyət istiqamətlərinin və çıxışlarının təhlili onun vaxtilə Fransanın hərbi və ya hərbiləşdirilmiş strukturları ilə əlaqələrini, məsələn, Fransa xarici legionunda (fr. Légion étrangère) xidmət etməsi ehtimalını təsdiqləyir. Təsadüfi deyildir ki, məhz 2017-ci il mart ayının 18-də Parisdə A.Abramyanın təşəbbüsü ilə Birinci Dünya müharibəsinin sonunda – 1917-ci ildə yaradılan, Fransa xarici legionunun tərkibində fəaliyyət göstərən və Fransanın dövlət bayrağı altında Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlarda iştirak edən “Erməni fransız legion”nun yüz illiyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur. Bununla belə, A.Abramyan Türkiyəyə qarşı aqressiv çıxışlarına və ərazi bütövlüyünə qarşı açıq fəaliyyətinə baxmayaraq, dəfələrlə bu ölkədə olmuş və ciddi qadağalara baxmayaraq, 2015-ci ildə Ağrı dağının zirvəsinə qalxaraq, orada qondarma “Qərbi Ermənistan Respublikası”nın bayrağını dalğalandırmışdır. Rəsmi Parisin Armenak Abramyana və onun kimi “Qarabağ qəhrəmanı” olan Fransa Respublikasının vətəndaşlarına münasibətdə bir məqam diqqəti çəkməyə bilməz. Belə ki, Fransa Respublikası “Beynəlxalq silahlı münaqişələrdə zərər çəkənlərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasına və onun Əlavə Protokoluna (Protokol 1) qoşulmasına baxmayaraq, həmin sənədlərdə təsbit edilmiş müddəalara – muzdlu döyüşçülərin beynəlxalq hüquqda təqib olunması və cəzalandırılması məsələsinə formal yanaşmaqdadır. Yeri gəlmişkən, qondarma “Qərbi Ermənistan Milli Şurası”nın spikeri, Qarabağda erməni terrorçu muzdluların rəhbərlərindən olan Armenak Abramyan həm də Birləşmiş Millətlər Təşkilatının nəzdindəki Köklü Xalqlar Forumunun üzvüdür (!).

“Qərbi Ermənistan Milli Şurası”nın digər iddialı ünsürlərindən biri də A.Abramyanın müavini, istefada olan general-leytenant Norat Ter-Qriqoryantsdır. Armenakdan fərqli olaraq bu şəxs hərbçi peşəsinə SSRİ Silahlı Qüvvələrində yiyələnmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk dövrlərində Ermənistan silahlı qüvvələrinin komandanı, baş qərargah rəisi, müdafiə nazirinin müavini və müdafiə naziri (1993-cü ildə) olmuş, Azərbaycan ərazilərinin işğalında yaxından iştirak etmişdir. Özünün dediyinə görə, 1992-ci ildə Rusiyada hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrini yaratmaq və Azərbaycana qarşı hərbi əməliyyatları təşkil etmək haqqında prezident Levon Ter-Petrosyandan dəvət almış və bu barədə Rusiya Federasiyasının müdafiə naziri Pavel Qraçova məlumat vermişdir. General Qraçov onun arzusunu bəyənmiş və öz xeyir-duasını vermişdir. Qeyd edək ki, Azərbaycan ərazilərinin işğalında fəal iştirakından sonra Norat Ter-Qriqoryants yenidən Moskvaya dəvət almış, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında xidmətini davam etdirmişdir. Etnik natamamlıq kompleksindən əziyyət çəkən general N.Ter-Qriqoryants müsahibələrinin birində bildirir: “Qarabağ Azərbaycanın deyil, Şərqi Ermənistanın ərazisidir. Təkcə Qarabağı deyil, Ararat (Ağrı) dağı ilə birlikdə Qars və Sürməlini, Cavaxetiyanı ermənilərin əlindən almışlar… Naxçıvan da Ermənistandan qoparılmışdır”. Sonra isə onda paranoya öz əlamətlərini büruzə verməyə başlayır. 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan Ordusunun ermənilərə vurduğu sarsıdıcı zərbə ilə barışa bilməyən Norat xəstə təfəkkürünü işə salır. Erməni generalının “məntiqi” göz qabağındadır: “İŞİD-dən Azərbaycana yardım üçün yüzlərlə radikal islamçı, terrorçu gəlmişdir. Azərbaycan ordusuna peşəkarlar deyil, terrorçular təlim keçir. Azərbaycanın hər bir batalyonunda türk müşaviri var”.

(Ardı var)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər