27 Noyabr 2017 15:17
3 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Türkiyənin kütləvi informasiya vasitələrində «etnik düşmənçilik professoru» adını qazanan T.Akçamın Qərb dövlətlərinin, xüsusilə Almaniyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə mətbuatda vaxtaşırı informasiyalar dolaşmaqdadır. O, Türkiyə əleyhinə dediyi iki sitatı ilə daha məşhurdur: «Məqsədim Türkiyənin erməni məsələsində haqsız olduğunu sübuta yetirməkdir»; «Erməni soyqırımı olmasaydı, «Qurtuluş savaşı» adlı bir şey də olmazdı». Onun 2014-cü ildə Hrant Dink Vəqfinin dəstəyi ilə İstanbulda nəşr etdirdiyi «Ermənilərin zorla müsəlmanlaşdırılması. Səssizlik, inkar və zorla assimilyasiya» kitabı Türkiyədə populyarlıq qazanmasa da, Ermənistanda öz müəllifinə kommersiya uğuru gətirmişdi. Bu kitab bir il sonra – 2015-ci ildə İrəvanda Qərbi Ermənistan və Qərbi ermənilərin məsələləri üzrə Araşdırma Mərkəzinin sponsorluğu ilə erməni dilinə çevrilərək, kütləvi tirajla çap olunub (tərcüməçi - Melina Anumyan, redaktor - Haykazun Alvirsyan). Kitabın bütün maliyyə xərclərini qriqorian kilsəsinin Şərq yeparxiyasının Vaşinqtondakı nümayəndəsi, baş yepiskop Vigen Haykazyan ödəyib. Qeyd edək ki, T.Akçam hazırda Minnesota Universitetinin tarix fakültəsində «Türkiyədə erməni məsələsi»nə və «erməni soyqırımı»na dair araşdırmalar aparır.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Bu vəqf və dərnəklərdən bir çoxu rəsmi qeydiyyata alındıqdan sonra təyinatlarından – nizamnamələrindəki məqsədlərdən dərhal kənara çıxır, açıq şəkildə Türkiyənin mənafeyinə zidd fəaliyyət yolunu tuturlar. Ümumiləşdirilmiş bir misal: Aziz Arakel Dahç adlı İstanbul ermənisi 2006-cı ildə «Sasun, Batman, Muş və Vanın Mədəni İnkişafı Fondu»nu təsis etmişdir. Lakin fəaliyyətə başladıqda bölgə əhalisinin «mədəni inkişafına» yönəlik fəaliyyət əvəzinə həmin ərazilərdəki erməni məzarlıqlarının və təqribən 1000 tikilinin – kilsələrin və tarixi abidələrin «həqiqi sahiblərinə» – «Qərbi Ermənistanın erməni əhalisinə qaytarılması» və onların «yenidən rəsmiləşdirilməsi» barədə iddia qaldırmışdır. Ermənistan mətbuatına müsahibəsində hüquqi çəkişmələrdə qalib gələcəyinə əminliyini və ehtiyac olarsa, Avropa Məhkəməsinə müraciət etməkdən belə çəkinməyəcəyini bildirmişdir. Bundan sonra «Türkiyə dövlətinin ödəməli olacağı 500 min avro məbləğində» vəsait hesabına həmin tikililər təmir olunacaq və «Qərbi Ermənistan» ermənilərinin maddi-mədəni irs nümunələri kimi təqdim ediləcəkdir.

Aziz Arakel Dahç müsahibəsində digər məqsədini də diqqətə çatdırmışdır. Onun sözlərinə görə, «Bu ərazidə etnik və dini köklərindən ayrı düşmüş 3-5 milyon islamlaşdırılmış erməni yaşayır. Mənim missiyam isə onları erməniliyə qaytarmaqlır. Əgər bu bölgələrdə xristian kilsələri geniş fəaliyyətə başlayarsa, həmin müsəlmanların ruhu təzələnəcək, tədricən öz tarixi dinlərinə dönəcək, torpaqlarımızın müdafiəçiləri sırasına qoşulacaqlar. Təxmini hesablamalara görə, indiyədək Türkiyədə 20 min islamlaşdırılmış erməni İsa Məsih dininə qayıtmışdır».

Diqqət çəkən və Türkiyə üçün ciddi təhdid yaradan məqamlardan biri də Türkiyədə «Qərbi Ermənistan»ın Türkiyədən alınması, «müsəlman ermənilərin etnik və dini kimliklərinə qayıtması», qondarma «erməni soyqırımı»nın tanınması istiqamətində fəaliyyət göstərən bir sıra erməni dərnəklərinin, vəqflərinin, onlara yardım edən ali məktəblərin və «erməni məsələsi»ni gündəmldə saxlayan jurnalist və blogerlərin bilavasitə Corc Sorosun maliyyə imkanlarından qaynaqlanmasıdır. Xatırladaq ki, onun təsisçisi olduğu Açıq Cəmiyyət İnstitutu nizamnaməsinə əsasən, o, yerlərdə təhsil, mədəniyyət, incəsənət və səhiyyənin inkişafına, vətəndaş təşəbbüslərinin müdafiəsinə dair layihə və proqramları dəstəkləməli olduğu halda, adı Şərqi Avropada, Yaxın Şərqdə və MDB məkanında baş vermiş «əlvan inqilablar»da çəkilməkdədir.

Təbiidir ki, fövqəlgüclərin və transmilli şirkətlərin ortaq mənafe məkanı olan Türkiyə Respublikasının siyasi iradəsinə, buradakı ictimai-siyasi, etnosiyasi vəziyyətə ciddi təsir etmək «əlvan inqilablar messenatının» da diqqətindən kənarda qalmamışdır. O da məlumdur ki, C.Soros vaxtilə Sumqayıt hadisələrində Azərbaycanı ittiham etmiş, Qərb dövlətlərini rəsmi Bakı ilə hər hansı bir əməkdaşlıqdan imtina etməyə çağırmışdır. Sonralar Azərbaycan dövlətçiliyinin əleyhinə yönəldilmiş fəaliyyətinə görə, C.Sorosun Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİYF) Azərbaycan nümayəndəliyi 2014-cü ildə ləğv edilmişdir. Ermənistanda isə onun üç strukturu – «Open Society Foundation-Armenia» (OSF-A), «Partnership for Open Society» (POS) və «Eurasion Partnership Foundation» (EPF) indiyədək fəaliyyətlərini davam etdirirlər. Məsələn, təkcə «Partnership for Open Society» strukturu Ermənistanda 60-dan çox qeyri-hökumət təşkilatını, jurnalistlər birliklərini, ayrı-ayrı redaksiyaları dəstəkləyir və fəaliyyətlərini maliyyələşdirir.

Türkiyədə də analoji vəziyyət müşahidə edilir. Belə ki, C.Sorosun Açıq Cəmiyyət Fondunun bu ölkədəki fəaliyyəti müxtəlif bəhanələr altında Türkiyənin etnosiyasi mənzərəsində polikultural yaşam tərzinin aradan qaldırılmasına, etnik və dini zəmində qarşıdurmaların salınmasına, xüsusilə «erməni problemi»nin, o cümlədən «müsəlman ermənilər» və «Qərbi Ermənistan» məsələlərinin sosial-siyasi gündəmdə saxlanılmasına yönəldilmişdir. Son illərdə Sorosdan maliyyə dəstəyi alaraq məqsədli layihələr icra edən əsas erməni təşkilatları bunlardır:

• Hrant Dink Vəqfi – «Anadolunun mədəni mirasını üzə çıxarmaq və qorumaq»;

• Diyarbəkir Siyasi və Sosial Araşdırmalar İnstitutu (DİSA) – «Öncə ana dili»: Təhsildə ana dili və çoxdillilik»;

• Erməni Mədəniyyəti və Həmrəyliyi Dərnəyi– «Geridə qalanlar»;

• Müstəqil Kinomatoqraflar Dərnəyi – «Acının iki üzü» filmi;

• Yaddaş və Mədəniyyət üzrə Çalışmalar Dərnəyi (BEKS) – «Erməni gənclərinin postyaddaşının müqayisəli təhlili» və s.

Əldə olunan materiallardan göründüyü kimi, Soros Fondu pozuculuq fəaliyyətində Türkiyənin bir sıra liberal mövqeli universitetlərinə də geniş yer ayırmışdır. Təsadüfi deyildir ki, qondarma «erməni soyqırımı»nın tanınmasına, «müsəlman ermənilərin öz kimliklərinə qayıtması məsələsi»nə, «Qərbi Ermənistanda erməni mövcudluğunun qorunması»na və s. dair müzakirələr üçün həmin təhsil ocaqları mühüm platforma funksiyasını daşımaqdadır. «Açıq Cəmiyyət» Fondu Türkiyə nümayəndəliyinin rəhbəri Hakan Altınay «Milli qazete» nəşrinə verdiyi müsahibədə bu qənaəti təsdiqləmişdir. Jurnalistin «Sorosun Türkiyədə ən çox dəstəklədiyi universitetlər hansılardır?» sualını cavablandırarkən o bildirmişdir: «Ən çox dəstəklədiyimiz universitetlər bunlardır: Boğaziçi Universiteti, Bilgi Universiteti və Sabancı Universiteti».

«Açıq Cəmiyyət» Fondunun Türkiyədə maliyyə dəstəyi göstərdiyi fiqurlar – professorlar Halil Berktay, Baskın Oran, Murat Belge kimi liberallar içərisində tarixçi, erməni kimliyini gizlədən Taner Akçamın adı daha çox çəkilir. Türkiyə elmi ictimaiyyət nümayəndələri içərisində «erməni soyqırımı»nı birinci olaraq tanıyan və bunda Osmanlı dövlətini ittiham edən, «zorla islamlaşdırılmış ermənilərin etnik və dini kimliklərinə qayıtmasını» müdafiə edən və onların «Qərbi Ermənistan» ərazilərinə iddialarını dəstəkləyən bu şəxs Ermənistanda böyük populyarlıq qazanmışdır.

Türkiyənin kütləvi informasiya vasitələrində «etnik düşmənçilik professoru» adını qazanan T.Akçamın Qərb dövlətlərinin, xüsusilə Almaniyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə mətbuatda vaxtaşırı informasiyalar dolaşmaqdadır. O, Türkiyə əleyhinə dediyi iki sitatı ilə daha məşhurdur: «Məqsədim Türkiyənin erməni məsələsində haqsız olduğunu sübuta yetirməkdir»; «Erməni soyqırımı olmasaydı, «Qurtuluş savaşı» adlı bir şey də olmazdı». Onun 2014-cü ildə Hrant Dink Vəqfinin dəstəyi ilə İstanbulda nəşr etdirdiyi «Ermənilərin zorla müsəlmanlaşdırılması. Səssizlik, inkar və zorla assimilyasiya» kitabı Türkiyədə populyarlıq qazanmasa da, Ermənistanda öz müəllifinə kommersiya uğuru gətirmişdi. Bu kitab bir il sonra – 2015-ci ildə İrəvanda Qərbi Ermənistan və Qərbi ermənilərin məsələləri üzrə Araşdırma Mərkəzinin sponsorluğu ilə erməni dilinə çevrilərək, kütləvi tirajla çap olunub (tərcüməçi - Melina Anumyan, redaktor - Haykazun Alvirsyan). Kitabın bütün maliyyə xərclərini qriqorian kilsəsinin Şərq yeparxiyasının Vaşinqtondakı nümayəndəsi, baş yepiskop Vigen Haykazyan ödəyib. Qeyd edək ki, T.Akçam hazırda Minnesota Universitetinin tarix fakültəsində «Türkiyədə erməni məsələsi»nə və «erməni soyqırımı»na dair araşdırmalar aparır.

Mövzu ilə əlaqəli daha bir detal. Ermənistan mənbələri bir ağızdan Taner Akçamı qondarma «erməni soyqırımı»nı tanıyan «türk alimi» kim təqdim etsələr də, Türkiyədəki araşdırmaçılardan Leyla Toker və Attala Akin tamamilə fərqli fikirdədirlər. Onların qənaətinə görə, Almaniyada «Türklər dünyada soyqırımı törədən yeganə millətdir» deyən T.Akçamın Türkiyəyə və türklərə düşmənçiliyinin arxasında onun marksist görüşləri deyil, məharətlə gizlədilmiş kriptoerməniliyi dayanır. Belə ki, gərgin araşdırmalardan sonra əldə edilən sübutlar əsasında Taner Akçamın babasının XX əsrin əvvəllərində Gürcüstandakı Axalkələk bölgəsində (Axaltsixedə) iri torpaq sahibi, əslən erməni Akop ağa olduğu müəyyən edilmişdir. Akop ağa şəxsi ədavət zəminində yaşadığı bölgəni ailəsi ilə birlikdə tərk edərək müsəlmanlar – Azərbaycan türkləri içərisinə sığınmış, «Həsən» adını götürmüş, lakin qisasdan qurtula bilməmişdi. Akop ağanın ölümündən sonra «Eyyub» adlı böyük oğlu etnik gürcü olan arvadı ilə birlikdə «müsəlman ailəsi» kimi Türkiyəyə köçmüş, Ərdəhanda məskunlaşmışdı. 1915-ci il hadisələri zamanı Eyyub erməni quldur birləşmələrinə qoşularaq, bölgədə minlərlə türkün və kürdün qətlə yetirilməsində fəal iştirak etmiş, müsəlman əhaliyə münasibətdə xüsusi amansızlığına görə «Dəli Eyyub» ləqəbini qazanmışdı. Türkiyə Respublikası qurulduqdan sonra tez-tez yaşayış yerini dəyişməsinə baxmayaraq, ifşa edilmiş, törətdiyi cinayətlərə görə 1928-ci ilin ortalarında Ölçək kəndinin meydanında güllələnmişdi. İllər keçdikdən sonra Dəli Eyyubun ali təhsilli oğlu Dursun (Tanerin atası) ailəsini də götürüb Ankaraya köçmüş, Dəmirbaça orta məktəbində türk dilindən dərs deməyə başlamışdı. Gənc Tanerin marksist dərnəklərə qoşulması da bu dövrə təsadüf edir. Türkiyədəki həmşinli fəallardan alınan özəl məlumata görə, Dursun və qardaşı Cahid gizli radikal solçu terror dərnəklərinin üzvləri olmuşlar. Belə ki, 1980-ci ildə Ankaradakı Kənd Təsərrüfatı Mühəndisləri Cəmiyyətinə (Ziraat Mühendisleri Odası) silahlı basqının Dursun tərəfindən planlaşdırılması və terrorçuları silah-sursatla təmin etməsi müəyyən edilmişdi.

1976-cı ilin mart ayında isə Taner Akçam Türkiyə dövlətinə qarşı pozuculuq fəaliyyətinə görə yaxalanmış və doqquz il müddətinə həbs cəzasına məşkum edilmişdi. Lakin bir il sonra – 1977-ci il mart ayının 12-də həbsxanadan qaçaraq, saxta pasportla Almaniyaya getmiş və burada siyasi sığınacaq almışdı. Onun saxta sənədlərlə Almaniyaya daxil olması müəyyənləşdirildikdən sonra bu ölkənin xarici kəşfiyyat xidmətinin nəzarəti altına düşmüş, burada bir ay saxlanılmış, ələ alınmış, ən nəhayət, məxfi əməkdaşlığa cəlb edilmişdi. Azadlığa çıxdıqdan sonra isə «Türkiyədə etnik azlıqlar üzrə mütəxəssis» kimi elmi-siyasi fəaliyyətə başlamışdı. Onun əsas tədqiqat mövzusu «türklərin törətdikləri erməni soyqırımı», «Qərbi Ermənistan ərazisində etnik azlıqların mədəni və siyasi hüquqları» və s. olmuşdu. Əlbəttə, xainin milləti olmur. Belə ki, Tanerin böyük qardışı Alper Akçam nəinki onun siyasi və etnik bölücülük baxışlarını bölüşməmiş, əksinə Türkiyədə vətənpərvər və dövlətçi ziyalı kimi tanınmışdır.

Soros Fondunun və erməni diaspora təşkilatlarının gizli məqsədləri – Şərqi Anadolunun Ermənistanın və xristian dünyasının mənafe çərçivəsinə daxil edilməsi, onların bölgənin müsəlman əhalisinin «kriptoermənilər» kimi tanıdılması və sakinlərinin xristianlaşdırılmasına yönəlik missionerlik fəaliyyəti, eləcə də tarixi abidələrin erməniləşdirilməsi Qars əhalisinin də ciddi narahatlığına səbəb olmuşdur. Qarsın Harakan məscidinin ümam-cüməsi, Əbül Həsən Harakani (Şəhriyar) vəqfinin rəhbəri Yavuz Səlim Uzgar bu barədə etirazını açıq şəkildə mətbuatda bildirmişdir.

O, məqaləsində qeyd edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra Türkiyə dövləti 1993-cü il aprel ayının 3-dən etibarən Ermənistanla olan sərhədlərini bağlamış, erməni diasporası, Soros Fondu, Lissabondakı Gülbenkyan Fondu, Ermənistanın müvafiq qurumları və yerli erməni təşkiları bu qərarın əleyhinə ciddi fəaliyyətə başlamışdır. Belə ki, Qars «erməni-xristian təbliğatının mərkəzi», «Qafqaza açılan qapı» elan edilmiş, Fransa, Belçika, Niderland, Almaniya, ABŞ və Ermənistan ünvanlı lobbi təşkilatları buraya çoxsaylı xristian missionerlərini yerləşdirmişlər: «Lobbi nümayəndələrinin sözlərinə görə, «Qars mərkəzi qədim erməni şəhəri Ani olmaqla Qafqaz bölgəsinin çoxmədəniyyətli və etnik baxımdan rəngarəng bölgəsinə çevriləcəkdir». Onlar Ermənistanla turizm, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sərhədlərin açılması, sülhə nail olunması bəhanəsi ilə burada erməni təbliğatını aparırlar».

Əslində, bu missionerlərin indiki fəaliyyətləri yeni deyildir və «dejevü» fenomenini xatırladır. Belə ki, XVIII əsrin sonlarından etibarən Türkiyədə xristian ermənilərin radikallaşmasında və «qədim xristian dövlətçiliyinin bərpası» ideyalarının təbliğində protestant missionerlərinin, onların açdığı məktəblərin də müstəsna rolu olmuşdu. ABŞ politoloqu, Massaçusets Universitetinin professoru Günter Levinin qənaətinə görə, təkcə Osmanlı hakimiyyəti deyil, Türkiyədəki qriqorian kilsəsi də yerli ermənilərin xarici təsir altına düşməsinə müqavimət göstərməyə çalışsalar da, bölgədə «Qərb dəyərləri»ni təbliğ edən əcnəbilərin, xüsusilə alman və amerikalıların sayı durmadan artırdı. Nəticədə, 1895-ci ilə olan məlumata əsasən, ölkədə 175 ABŞ missioneri və onların yerli xristian ermənilərdən ibarət 876 nəfərlik köməkçilər komandası fəaliyyət göstərirdi. Bu heyətin səyləri ilə 125 protestant kilsəsi tikilmiş və dini mənsubiyyətlərini dəyişdirmək üçün buraya 12.787 yeni adept cəlb olunmuşdu. Bundan başqa, Anadolunun müxtəlif guşələrindən toplanmış 20.496 nəfər erməni şagird üçün protestant dini təmayüllü 423 məktəb də açılmışdı.129 Əlbəttə, sonralar həmin missionerlər ermənilərə davamlı olaraq radikal millətçilik və bölücülük ideyalarının təlqin etmələrini inkar etsələr də, faktlar və şahid ifadələri tamamilə bunun əksini söyləyir. Məsələn, həmin dövrlərdə Böyük Britaniyanın Osmanlı dövlətindəki diplomatik missiyasında çalışmış Çarlz Eliot ABŞ və Almaniya missionerlərinin bu ölkədəki pozuculuq fəaliyyətinə belə dəyər vermişdi: «Türkiyədə ermənilərin yaxşı vəziyyəti daha çox onların yunan və slavyanlardan fərqli olaraq tamamilə şərq mühitində, Avropa mədəniyyəti təsirindən azad şəraitdə yaşamaları idi. Lakin indi bu hədd dağılmış, Avropa təhsili, Avropa kitabları onların arasında geniş yayılmışdır… Türklər bunu ermənilərin Osmanlı imperiyasının qalıqları üzərində «Ermənistan şahlığı»nın yaradılması cəhdi kimi başa düşürdülər. Hətta sözləri ingilis dilində olan «İrəli, xristian əsgərləri! Zənn et ki, döyüşə gedirsən!» kimi kilsə ayinlərində oxunan dini himn mətninin türkcəyə tərcüməsi xristianların müsəlman hakimiyyətinə qarşı qiyamına çağırış kimi başa düşülürdü. Təsadüfi deyildir ki, hakimiyyət bu himni qadağan etməli olmuşdu».

«Qərbi Ermənistan» mifinin yaddaşlarda qalmasına, ictimai dövriyyədə saxlanılmasına və möhkəmləndirilməsinə yönəlik səylər təkcə təbliğatla kifayətlənmir. Bu gün Türkiyə və Ermənistan arasında sərhədlər bağlı olsa da, turizm əlaqələri həsəd aparılacaq səviyyəyə yüksəlmişdir. Türkiyə ermənilərinin, o cümlədən müsəlman ermənilərin Ermənistana, oradan isə «Qərbi Ermənistanı ziyarət etmək» istəyən turistlərin Şərqi Anadoluya müntəzəm səfərləri təşkil edilir. Məsələn, Hrant Dink Vəqfi Avropa İttifaqının maliyyə dəstəyi ilə 2016-cı ildən 2017-ci ilin fevral ayının 24-dək «Türkiyə-Ermənistan səyahət kampaniyası»nı uğurla davam etdirmişdir. Turistlərin maliyyə xərclərinin bir hissəsi fond (dəqiqləşdirilmiş məlumata görə, Avropa İttifaqının təsisatları) tərəfindən ödənilmişdir. Kampaniyaya Hrant Dink Fondunun məsul işçilərindən Anahit Minasyan, Tirran Altun, Feray Salman, Gayane Mkrtıçyan, Gülesin Nemutlu və Nelli Minasyan rəhbərlik etmişlər.

Ermənistanın iqtisadi çətinliklərinə baxmayaraq, burada onlarca turizm müəssisəsi, o cümlədən «Barev Armenia», «В Армению!», «Tarvel Armenia», «Coy tur», «Ararat tur», «Anitur» «Kilikiya tur», «Hayk tur», «ABP», «İnqo Travel Plyus», «Liqo tur», «Rima Travel», «Gyr Travel», «Eden Tur», «Baze Tur ənd Travel», «Luna Tur», «Ayr Kaukasus», «Sakvoyaj Travel», «Lore Travel», «Yuni Travel», «Axtamar Tur», «Apex-tur», «Blekstoun Tur», «Qrin vey», «Blesinq Tur», «Sima-Turs», «Daymond Travel», «Dinsney Tur», «Vivatur», «Slays Tur», «Karine», «Dayans Travel», «Narevank Tur» və s. müntəzəm olaraq Türkiyənin Şərqi Anadolu regionuna, reklam mətnlərində açıq şəkildə göstərildiyi kimi, «Qərbi Ermənistana» turlar təşkil edirlər. Məsələn, «Barev Armenia» şirkəti «Tarixi Ermənistana – Qərbi Ermənistana ziyarət» adı altında rəsmi qeydiyyata aldırdığı və bu adla Türkiyədə də rəsmiləşdirdiyi turizm səfərinin reklam prospektində turların mahiyyəti haqqında bildirir: «Bizim «Qərbi Ermənistan» kimi tanıdığımız torpaqlar müasir Türkiyənin Şərqi Anadolu regionunda yerləşir. Siz səfər zamanı ermənilərin itirilmiş vətəni ilə tanış olacaqsınız. Onların əcdadları burada 1915-ci ilə kimi yaşamışlar. Bu turizm proqramı zamanı siz tarixi erməni torpaqları ilə tanış olacaq, hər bir erməni üçün müqəddəs sayılan Qars, Ani, Muş, Van və digər şəhərlərdə olacaqsınız». Digər turizm şirkəti – «Anitur» isə turistləri cəlb etmək üçün bunları yazır: «Bu torpaqlar bir vaxtlar «Ermənistan» adlandırılırdı. İndi buraya «Şərqi Türkiyə» deyirlər. Əgər bu torpağın dadına baxmaq istəsəniz, acı və şordur. Çünki yüzilliklər ərzində burada yaşamış, övlad böyütmüş, taxıl, üzüm əkmiş, lakin XX əsrin əvvəllərində öldürülmüş, işgəngəyə məruz qalmış insanların təri, göz yaşları və qanı həmin torpaqlara hopmuşdur. Onların yalnız bir hissəsi xilas ola, bu torpaqları həmişəlik tərk edə bilmişdir».

(Ardı var)


Müəllif: Teleqraf.com