1 Dekabr 2017 09:40
5 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

…2013-cü ildə Türkiyədə «islamlaşdırılmış ermənilər» məsələsinin siyasiləşdirilməsi və onun Ermənistanın maraqları istiqamətinə yönəldilməsi məqsədilə türk, erməni və ingilis dillərində «Müsəlman ermənilər» (Müslüman Ermeniler - Muslim Armenians - Մահմեդական Հայեր) platforması (birliyi) da fəaliyyətə başlayıb. Platformanının yaydığı materialların və rəhbərlərinin verdiyi müsahibələrin təhlilindən aydın olur ki, onun müəllifləri bu dəfə tamamilə fərqli və daha çevik təbliğat taktikası seçiblər. Belə ki, indi müsəlman ermənilərin ümumerməni etnodini məkanına daxil olunmasına, «Qərbi Ermənistan toraqlarının öz sahiblərinə qaytarılmasına» təşəbbüs Ermənistandan deyil, məhz Türkiyədən – «müsəlman qalmaq istəyən ermənilərdən» edilir. Təsadüfi deyildir ki, bu taktika birliyin loqosunda da öz əksini tapmışdır. Platformanın Feysbuk səhifəsində (https://www.facebook.com/muslumanermeniler/) bildirilir ki, loqoda Ermənistan Respublikasının dövlət bayrağının rəngləri əsas götürülüb. Simvolizmə gəldikdə isə burada «qədim ermənilərin sakral Günəş rəmzini» Ağrı dağının üzərində qaldıran iki insan fiquru təsvir edilib. Onlardan biri (yaşıl rəngli) fiqur müsəlman erməniləri, digəri (qırmızı rəngli) isə onun xristian soydaşlarını təcəssüm edir. Loqonun ideyasına əsasən, «Ararat dağı»nın şimal (Ermənistan) və cənub («Qərbi Ermənistan») hissələrində dayanan və bir-birinə doğru can atan bu fiqurlar onların «Birləşmiş Ermənistan» uğrunda apardıqları birgə mübarizəni ifadə edir.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Mərkəzin saytında (http://akunq.net) Azərbaycan Respublikasına və hakimiyyətinə qarşı materiallara da geniş yer verilməkdədir. Məsələn, saytın kürd əsilli müəllifi Selahattin Soro Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əslində «qədim «kürd torpaqlarına sahib çıxmaq uğrunda» aparıldığını iddia edir.160 «Terrorçu qruplaşmasının üzvü» ehtimalı ilə dəfələrlə Türkiyə polisi tərəfindən saxlanılan HDP-çi jurnalist Hayri Tunç isə «Başqa xalqların diktəsi ilə millətçi dastanlar yazmaq» başlıqlı məqaləsində Azərbaycanı «erməni musiqisini mənimsəməkdə» ittiham etmiş, hətta «Çırpınırdı Qara dəniz» mahnısının (Ü.Hacıbəyov və Ə.Cavad) sözlərinin Sayat Novaya (?), musiqisinin erməni əsilli bəstəkar Süleyman Şenelə aid olduğunu bildirmişdir. Qondarma «erməni soyqıqımı»nı tanıyan və bu iddiaları təbliğ edən türkiyəli hüquq müdafiəçisi Ragıp Zarakolu isə «Azeri Vicdanlılara Sahip Çıkalım» məqaləsində oxucuları «islamlaşdırılmış ermənilər haqqında həqiqətləri qələmə aldığına görə Azərbaycan hakimiyyəti tərəfindən təqib olunan» yazıçı Əkrəm Əylisinin və ailəsinin hüquqlarını müdafiə etməyə çağırmışdır.

2013-cü ildə Türkiyədə «islamlaşdırılmış ermənilər» məsələsinin siyasiləşdirilməsi və onun Ermənistanın maraqları istiqamətinə yönəldilməsi məqsədilə türk, erməni və ingilis dillərində «Müsəlman ermənilər» (Müslüman Ermeniler - Muslim Armenians - Մահմեդական Հայեր) platforması (birliyi) da fəaliyyətə başlamışdır. Platformanının yaydığı materialların və rəhbərlərinin verdiyi müsahibələrin təhlilindən aydın olur ki, onun müəllifləri bu dəfə tamamilə fərqli və daha çevik təbliğat taktikası seçmişlər. Belə ki, indi müsəlman ermənilərin ümumerməni etnodini məkanına daxil olunmasına, «Qərbi Ermənistan toraqlarının öz sahiblərinə qaytarılmasına» təşəbbüs Ermənistandan deyil, məhz Türkiyədən – «müsəlman qalmaq istəyən ermənilərdən» edilir. Təsadüfi deyildir ki, bu taktika birliyin loqosunda da öz əksini tapmışdır. Platformanın Feysbuk səhifəsində (https://www.facebook.com/muslumanermeniler/) bildirilir ki, loqoda Ermənistan Respublikasının dövlət bayrağının rəngləri əsas götürülmüşdür. Simvolizmə gəldikdə isə burada «qədim ermənilərin sakral Günəş rəmzini» Ağrı dağının üzərində qaldıran iki insan fiquru təsvir edilmişdir. Onlardan biri (yaşıl rəngli) fiqur müsəlman erməniləri, digəri (qırmızı rəngli) isə onun xristian soydaşlarını təcəssüm edir. Loqonun ideyasına əsasən, «Ararat dağı»nın şimal (Ermənistan) və cənub («Qərbi Ermənistan») hissələrində dayanan və bir-birinə doğru can atan bu fiqurlar onların «Birləşmiş Ermənistan» uğrunda apardıqları birgə mübarizəni ifadə edir.

Birliyin rəhbəri, əslən müsəlman erməni olan Erol Ketençi kavkazgeoclub.ru saytında yayılan müsahibəsində Ermənistan hakimiyyətinə yarınaraq təşkilatın yaradılmasında əsas məqsədin «islamlaşdırılmış» və ya hazırda islam dinini könüllü qəbul etmək niyyətində olan erməniləri bir araya gətirmək, onları Türkiyə cəmiyyətinə tanıtmaq, müsəlman və xristian ermənilər arasında əlaqələr qurmaq olduğunu bildirmişdir. Onun sözlərinə görə, uzun illər boyu özünü «türk» kimi tanısa da, yalnız 2012-ci ildə arxiv materialları əsasında etnik erməni kimliyini öyrənmişdir. «Artıq məndə erməni olmağıma dair heç bir şübhə yoxdur. Əvvəllər etnik mənsubiyyətim soruşulanda birmənalı cavab verməkdən yayınırdım. İndi isə kim olduğumu başa düşəndən sonra insanın etnik özünüdərk hissini daha aydın anlayıram». Ən böyük azusunun guya Həcc ziyarətinə getmək olduğunu, dinini isə qətiyyən dəyişmək istəmədiyini bildirən E.Ketençinin sözlərinə görə, müsəlman ermənilər tarix boyu türklərin, kürdlərin, ərəblərin, çərkəzlərin, ələvilərin içərisində assimilyasiya edilmiş və onların çoxu erməni identikliyindən tamamilə kənar düşmüşlər. Bəzən isə onlar həqiqi etnik mənşələrini bilsələr də, onu inkar edirlər: «Bütün bunlara baxmayaraq, son dövrlərdə Türkiyədə insanlara verilən azadlıqların artması milli identikliklərini etiraf edən ermənilərin sayının çoxalması ilə nəticələnmişdir».

«Müsəlman ermənilər» platformasının əsas fəaliyyət prinsipləri aşağıdakılardır:

• platforma iştirakçıları – müsəlman kimi doğulmuş və ya sonradan müsəlman olmuş ermənilər 1915-ci il erməni soyqırımını tanıyır və lənətləyirlər;

• onlar erməni olduqlarını gizlətmir və atalarını inkar etmirlər;

• «Xristian olmayan erməni sayılmaz» tezisini qətiyyətlə rədd edirlər;

• 1700 il əvvəl İsanın təlimini qəbul edib xristian olduqları kimi, bu gün də müsəlman olduqlarını elan edirlər;

• müsəlman ermənilərin islam ümmətinin bir parçası olduğunu dərk edirlər.

Əslində, Erol Ketençinin missiyası bununla kifayətlənmir. Ermənistan, daha dəqiq desək, Ermənistan Respublikası Diaspora Nazirliyi ona Türkiyənin dövlət arxivlərində araşdırmalar aparmaq, burada «kriptoermənilər» və «həmşinlilər kimi tanınan «dönmələr» haqqında Osmanlı sənədlərini üzə çıxarmaq həvalə olunmuşdur. Erolun sözlərinə görə, o, bu tapşırığın öhdəsindən gələ bilmişdir. Onun şəxsi himayədarları və «ekspertləri» içərisində isə «Aqos» qəzetinin, İrəvan Dövlət Universitetinin, Qərbi Ermənistan Problemləri Araşdırma Mərkəzinin və onun direktoru Haykazun Alvrtsyanın, erməni əsilli tarixçi Taner Akçamın da adları çəkilməkdədir. Qısa vaxt ərzində Ermənistan və Türkiyə mətbuatında gizli «E.Amatuni», «Ersin Bezirgan» imzaları ilə Türkiyə əleyhinə məqalələrlə çıxış edən E.Ketençi müsahibələrinin birində «islamlaşdırılmış ermənilərin» bu ölkədəki siyasi potensialına və Ermənistan Respublikası ilə əlaqələrin qurulmasının vacibliyinə işarə edərək bu barədə bildirir: «Ermənilər (Ermənistan əhalisi nəzərdə tutulur) özlərini təkcə xristian kimliyi ilə məhdudlaşdırmadıqlarını bizə göstərdilər. Bununla da kürd, gürcü, çərkəz və ya arnavut qardaşlarımızın müsəlman olduqları kimi, müsəlman ermənilərin də mövcudluğunu Anadolu əhalisinə nümayiş etdirdik».

«Müsəlman ermənilər» platformasının Ermənistanla ortaq mövqeyinə əsasən, «Bu gün erməni əsilli olub özünə «müsəlmanam» deyən hər kəsə «müsəlman erməni» və ya «erməni müsəlman» deyilir». Onların təbliğatda istifadə etdikləri yeni «barışdırıcı» təsnifat bölgüsü isə aşağıdakı kimidir:

1. «Müsəlman ermənilər» – öz arzusu ilə islam dinini seçənlər, 1915-ci ildən əvvəl Anadoluda müsəlman olanlar, məsələn, həmşinlilər (?), 1915-ci il «erməni soyqırımı»ndan sonra könüllü və ya zorən islamı qəbul edənlər və onların bu gün də müsəlman olaraq yaşayan törəmələri.

2. «Müsəlmanlaşdırılan ermənilər» – 1915-ci ilin ağır şərtlərinə əsasən, özünü «müsəlman» kimi təqdim etmək məcburiyyətində qalanlar, o dönəmdə yaşayan ermənilər. Bu ifadə onların üçüncü və ya dördüncü nəsillərinə aid edilmir.

3. «Müsəlmanlaşan ermənilər» – Həzrəti Ömər dönəmindən etibarən, Əməvi, Abbasi, Fatimi, Eyyubi, Səlcuqlu və Osmanlı sülalələrinin hakimiyyətdə oluqları dövrlərdə islamı qəbul edənlər. 1915-ci ildə zorən və ya öz istəyi ilə müsəlman olanların və bu dinə sədaqət göstərənlərin törəmələri də buraya daxil edilə bilər.

Türkiyədə «islamlaşdırılmış ermənilər» məsələsinə siyasi don geyindirilməsində və gündəmdə saxlanılmasında Hrant Dink Vəqfi də xüsusi fəallığı ilə seçilir. Məsələn, vəqfin təşəbbüsü ilə 2013-cü il noyabr ayının 2-dən 4-dək İstanbulun Boğaziçi Universitetində «Müsəlmanlaş(dırıl)mış ermənilər» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Boğaziçi Universitetinin, Malatya Ermənilərinin Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin (MalatyaHAYDER), Fridrix Ebert Fondu (Almaniya) Türkiyə nümayəndəliyinin, Çrest Xeyriyyə Fondu (ABŞ) Türkiyə təmsilçiliyinin və Ulof Palme Beynəlxalq Fondunun (İsveç) dəstəyi ilə təşkil olunmuş tədbiri açan Hrant Dink Vəqfinin rəhbəri Rakel Dink çıxışında onun «indiyədək haqqında danışılması qadağan olunan bir mövzuya» həsr edildiyini bildirmişdir. Ondan sonra söz alan Türkiyədəki MalatyaHAYder erməni cəmiyyətinin sədri Hosrof Köletavitoğlu, Boğaziçi Universitetinin rektoru Gülay Barbarosoğlu və Sabancı Universitetinin professoru Ayşe Gül Altınay əvvəllər «haqqında yalnız pıçıltı ilə danışılan» islamlaşdırılmış ermənilər probleminin indi gurultulu səslə ictimaiyyətə çatdırılmasını» məsləkdaşlarının Hrant Dinkə olan «vəfa borcu» adlandırmışlar.

Konfransdakı çıxışların böyük hissəsində Türkiyə hökumətinin ünvanına kəskin və açıq ittihamlar səsləndirilmişdir. ABŞ, Ermənistan, Kanada, həmçinin bir sıra Avropa və Yaxın Şərq dövlətlərindən gəlmiş «soyqırımşünaslar» da Türkiyədə «zorən islamlaşdırılmış ermənilərin faciəli taleyi» barədə çıxışlar etmiş, onların islam dinini qəbul etməsini «soyqırımı cinayətinin tərkib hissəsi» kimi dəyərləndirmiş, rəsmi Ankara erməni xalqının mədəni-siyasi hüquqlarını pozmaqda açıq ittiham olunmuşdur. Hətta konfransın emosional təsirini gücləndirmək məqsədilə «indiyədək öz etnik mənsubiyyətlərini gizlədən, lakin bu gün özündə cəsarət tapan müsəlman ermənilərin nümayəndələrinin» eksklüziv çıxışları da təşkil olunmuş və onlar vətəndaşları olduqları dövlətdə guya digər xalqların «zavallı ermənilərə, bütün xristianlara hələ də kin, nifrət hissi bəslədiklərini» bildirmişlər.

Konfransın antitürk, anti-Türkiyə və anti-islam mövqeyində olmasını onun çıxışçılarından bəzilərinin kimliyi və ideoloji xətləri də təsdiqləyir. Məsələn:

Taner Akçam – etnik erməni, «Qərbi Ermənistan torpaqları»nın qaytarılması, «Türkiyənin ermənilərdən üzr istəməsi» ideyasının təbliğatçısı. «Ermənilərin zorla müsəlmanlaşdırılması. Səssizlik, inkar və assimilyasiya» kitabının müəllifi.

Anna Aleksanyan – İrəvan Dövlət Universitetində və Erməni soyqırımı muzey-institutunda çalışır. Tarix elmləri doktorudur. Dissertasiya mövzusu qondarma «erməni soyqırımı» dönəmində erməni qadınlarına həsr olunmuşdur.

Helin Anahit – erməni əsilli tarixçi. İstanbulda anadan olub. Londondakı Middlexses Universitetində «Türkiyədəki ermənilər və onların siyasi-mədəni hüquqları» mövzusunda araşdırmalar aparır.

İşxan Çiftçiyan – Beyrut ermənisi. Hamburq Universitetində dərs deyir. 2005-ci və 2011-ci illərdə almaniyalı araşdırmaçılarla birlikdə «erməni soyqırımı»na dair iki kitabın həmmüəllifidir.

Qayane Çobanyan – İrəvan Dövlət Universitetində türkologiya fakültəsinin müəllimi. Azərbaycan dilindən dərs deyir. Eyni zamanda, Azərbaycanda dini vəziyyət sahəsində araşdırmalar aparır. Ermənistan Gənc Türkoloqlar Cəmiyyətinin sədridir.

Avetis Hacıyan – Suriyalı xristian erməni. Argentinada böyümüşdür. Hazırda Nyu-Yorkda yaşayır. Jurnalistdir. Kanada, Şərqi Avropa, Çin, Türkiyə, MDB-yə üzv dövlətlərdə, o cümlədən Ermənistanda müxbir işləmişdir. «Los Angeles Times», «Bloomberg News», CNN, «Foks News», «İnternasional Vusinness Times», «La Nation», «El Merkurio», «Vusiness News Amerikac» qəzet, jurnal və televiziya kanallarında çalışmışdır. Beyrutda erməni dilində çıxan «Pakin» jurnalının təsisçilərindən biridir.

Raymond Gevorkyan – Fransa ermənisi. Sorbon Universitetində qondarma «erməni soyqırımı» haqqında doktorluq dissertasiyasını müdafiə etmişdir. Ermənistan Elmlər Akademiyasının fəxri üzvüdür. «Erməni məsələsi», «Qərbi Ermənistan iddiaları», «erməni soyqırımı» haqqında on kitabın müəllifidir.

Hranuş Xaratyan – İrəvan Dövlət Universitetində, Şərq Araşdırmaları İnstitutunda «erməni məsələsi»nə dair tədqiqatlar aparmışdır. Türkiyə ermənilərinin etnoqrafiyası və inancları barədə bir neçə kitabın müəllifidir. 19921993-cü illərdə İrəvan şəhər merinin müavini olmuş, 2004-2008-ci illərdə isə Ermənistan Respublikası Milli Azlıqlar və Dini İşlər Nazirliyinə rəhbərlik etmişdir.

Arda Melikonyan – Los Anceles Universitetində «erməni soyqırımı» mövzusunda araşdırmalar aparır. Eyni zamanda, Amerikadakı erməni məktəbləri üçün bu mövzuda bir neçə dərsliyin müəllifidir.

Rubina Perumyan – Los Anceles Universitetində erməni dilindən dərs deyir. Qondarma «erməni soyqırımı»nın törədilməsində Türkiyəni ittiham edən bir neçə kitabın müəllifidir.

Sergey Vardanyan – Ermənistan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşıdır. 1992-ci ildən «Amşen» («Həmşinli») Xeyriyyə Cəmiyyətinin sədr müavini, 2004-cü ildən «Dzayn Amşen» («Həmşinin səsi») aylıq nəşrinin baş redaktorudur.

Konfransda səsləndirilən bəzi çıxışların mövzularına diqqət yetirmək kifayətdir ki, onun əsl məramı haqqında aydın təsəvvür yaransın: Zeynep Türkyılmaz – «Din dəyişdirmə. Araşdırmalar və konsepsiyalar», Ayşe Gül Altınay – «Milli və beynəlxalq cinayət hüququnda müsəlmanlaş(dırıl)mış ermənilərə dair susqunluq və yaddaş uğrunda yeni mübarizələr», Sergey Vardanyan – «Müsəlmanlaşdırılmış həmşin erməniləri. Qurbanlar və şahidlər», Serap Demir – «Müsəlmanlaşdırılmış ermənilər. Həmşin coğrafiyasına tarixi baxış», Taner Akçam – «Assimilyasiya və müsəlmanlaşdırma soyqırımın tərkib hissəsi kimi», Armen Marsobyan – «Anladılmayan qurtuluş hekayəsi. Merzifonda müsəlmanlaşdırılmış bir erməni ailəsi (1915-1919)», Anna Aleksanyan – «Erməni soyqırımından sonra erməni qadın və uşaqların müsəlman ailələrdə xilas edilməsi», Gayane Çobanyan – «Ərəbləşmiş ermənilər məsələsi», Arda Melkonyan – «Erməni soyqırımı zamanı həyatda qalma yolları və kütləvi cinayətlər», İşxan Çiftciyan – «Müsəlmanlaşdırma yaşamaq və ya unudulmaq vasitəsi kimi», Hilmar Kaiser – «Erməni sürgünləri və assimilyasiya», Cafer Sarıkaya – «Qara dəniz bölgəsində müsəlmanlaşdırılmış ermənilər», Rubina Perumyan – «Müsəlman ermənilər paradoksdurmu?», Adnan Çelik – «Müsəlmanlaş(dır)ılmış erməni ailələrində həyatda qalma yolları», Ramazan Aras – «Müsəlman kürdlərin müsəlman erməniləri dərk etməsi» və s.

Həmin konfrans Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdır. Cəmiyyətin solçu və liberal qrupları, etnik icmaları təmsil edən bəzi siyasətçilər müsəlman ermənilərin müzakirəyə çıxarılmasını rəğbətlə qarşılasalar da, hakim Ədalət və İnkişaf Partiyasının (AKP), Milliyyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri tədbiri Türkiyənin parçalanmasına, xalqlar və dinlər arasında qarşıdurmaların yaradılmasına xidmət etdiyini və Ermənistan meyilli qruplar tərəfindən hazırlandığını bildirmişlər.

Konfrans Türkiyədə yaşayan həmşinlilərin də ciddi narazılığına səbəb olmuşdur. Həmşin bölgəsi fəallarından alınan məlumata görə, 2015-ci il noyabr ayının 13-də həmşin tarixinin araşdırmaçıları – Çamlıhemşin dərnəyinin sədri Metin Gültan və tədqiqatçı alim Yunus Altunkaya Hrant Dink Vəqfinə gələrək onun məsul əməkdaşları – erməni əsilli Karun Özçelik və Emine Kolivar ilə görüşmüş, fond vasitəsilə həmşinlilərə, onların etnik mənşəyinə, tarix və mədəniyyətinə dair yayılan qərəzli və birtərəfli məlumatlara kəskin etirazlarını çatdırmışlar: «Həmşinlilər erməni deyil, Anadoluya köç etmiş oğuz və qıpçaq tayfalarının törəmələridir və bölgədə xristian laz, yunan, ermənilər kimi xristian türklər də yaşamışlar. Ermənilər isə bu ərazilərdə İncili erməni dilində deyil, türk-qıpçaq dilində öyrənmiş və yaymışlar. Bu gün Artvin, Ərdəhan və Şavşat ərazilərində xristian qıpçaqlardan qalmış sənət əsərləri, kilsələr də mövcuddur və onların erməni xalqına, erməni mədəniyyətinə heç bir aidiyyəti yoxdur». Qeyd etmişlər ki, konfransda İrəvandan göndərilmiş təxribatçı Sergey Vardanyan kimilərinin çıxışlarında həmşinlilərin guya «islamlaşdırılmış erməni» olmaları barədə danışılsa da, təşkilatçılar əks mövqeyi səsləndirmək üçün bir nəfər də olsun həmşinlini nədənsə həmin tədbirə dəvət etməmişlər. Əvəzində isə Həmşin tarixinə dair əsasən Ermənistanın mövqeyindən yanaşan muzdlu təxribatçılara söz verilmişdir. Hrant Dink Vəqfinin nümayəndələri deyilənləri inkar etmək üçün sanballı arqument tapa bilməmiş, «başqalarının əlində vasitə olduqlarını», konfransdakı çıxış və məruzə mövzusunun «kənardan müəyyənləşdirildiyini» etiraf etmişlər.

Bir qədər də görüşdə adı çəkilən və konfransda «Ermənistanın tanınmış tarixçisi» qismində təqdim edilən Sergey Vardanyan haqqında. Bu şəxs 1970-ci ildən etibarən SSRİ ərazisində yaşayan ermənilərin etnik identikliyinin qorunması məqsədilə Gürcüstanın Abxaziya, Rusiyanın Krasnodar bölgələrinə ekspedisiyalar təşkil etmiş, buradakı xristian və müsəlmanlar arasında «erməni məsələsi»nin geniş təbliğatçısı olmuşdur. Vaxtilə müxtəlif dövlət strukturlarında, o cümlədən Ermənistan Diaspora Nazirliyində çalışmış «tarixçi» həmişinlilər haqqında ilk məqaləsini 1982-ci ildə İrəvanda çıxan «Qarun» jurnalında dərc etdirmişdir. Həmşinlilərin «islamlaşdırılmış ermənilər» kimi təqdim edildiyi həmin məqalə dövlət orqanlarının o dərəcədə xoşuna gəlmişdi ki, həmin yazı Ermənistan, Rusiya və Gürcüstanın təhsil nazirliklərinin qərarı ilə pedaqoji ali məktəblərin dərsliklərinə də salınmışdır. Erməni mənbələrinə görə, «müsəlman ermənilər» məsələsi siyasi gündəmə gətirildikdən sonra S.Vardanyan dəfələrlə Ermənistan hökumətinin açıq dəstəyi ilə Türkiyədə – Artvin, Ərdəhan, Hopa, Borçka, Rizə, Ərzurum bölgələrində araşdırmalar aparmış, «indiyədək məlum olmayan 20-dən çox «ermənidilli» (?) kənd aşkar etmişdir». 2009-cu ildə isə Ermənistan Dövlət Universiteti onun «İslamlaşdırılmış həmşinli ermənilərin dialekti, folkloru və mahnı sənəti» mövzusunda monoqrafiyasını nəşr etdirmişdir.

Konfrans haqqında Türkiyə mətbuatında və sosial şəbəkələrdə yayılan məlumata görə, tədbirdə həmşinlilər adından iki nəfər – əslən «Ermənistan ermənisi» olan Sergey Vardanyan və onun türkiyəli soydaşı Mahir Özkan xüsusi canfəşanlıqla çıxış etmişlər. Onlar iştirakçılar arasında yaydıqları məqalələrdə «islamlaşdırılmış ermənilərin» və həmşinlilərin həm 1915-ci il hadisələri zamanı, həm də indi «etnik və dini ayrı-seçkiliyə məruz qalmaları», «onların təqib və təhdidlər üzündən etnik kimliklərini gizlətdiklərini» bildirmiş, Türkiyə dövlətini «törədilən cinayətlərə görə ermənilərdən üzr istəməyə» çağırmışlar. Bu cəfəngiyyatı «yalan və saxtakarlıq əsasında yazılan diaspora ədəbiyyatı nümunəsi» adlandıran həmşinli tədqiqatçı Hakan Beyaz konfransın məqsədlərindən birinin erməni yalanları üçün yeni «elmi mənbələrin» hazırlanması olduğunu bildirmişdir. Məsələn, Sergey Vardanyan həm çıxışında, həm də konfrans materialları toplusuna daxil olan məqaləsində «osmanlıların qəddarlığına» dair əldə etdiyi son faktı – 1915-ci ildə bir Artvin bölgəsində «erməni xristian ailəsinin faciəli taleyini» misal olaraq göstərmişdir. Onun yazdıqlarına görə, Hopadakı kənddən dəniz yolu ilə İstanbula qaçmaq istəyən Müsloğlu ailəsinin bütün üzvləri ermənicə danışdıqlarına görə qətlə yetirilmiş və meyidləri Qara dənizə atılmışdır. Hakan Beyazın həmin bölgədə apardığı araşdırmalar zamanı maraqlı detallar üzə çıxmışdır. Araşdırmalar zamanı «cəsədləri dənizdə qərq olan» Osman Müsloğlunun və ailəsinin etnik türk və müsəlman olması müəyyən edilmişdir. Onların nəsli vaxtilə Mosuldan Hopaya köç etmiş və əvvəllər «Mosuloğu» adlandırılmışdır.

(Ardı var)


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər