…bəri başdan deyək ki, “Qızıl Kürdüstan” məsələsi İsmayıl Beşikçi üçün yeni mövzu deyil. O da dəfələrlə Azərbaycana qarşı torpaq iddialarını irəli sürüb. Məsələn, “Ermənistan-Azərbaycan münaqişəsində Qızıl Kürdüstan” (Ermenistan-Azerbaycan Çatışmasında Kızıl Kürdistan) başlıqlı məqaləsi onun hansı xislət sahibi olduğunu bir daha göstərir. Müəllif yazır: “1992-ci il müharibəsindən sonra ermənilər “azərilərin” (Azərbaycan türklərinin) əlində olan bəzi torpaqları işğal etdilər. Onlar Qarabağın da müstəqilliyinə nail oldular. Bu savaşda ermənilərin işğal etdiyi bəzi torpaqlar Qızıl Kürdüstan torpaqları idi… Bölgənin başlıca şəhərləri Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl idi. Ayrıca Qızıl Kürdüstana Zəngəzurun bir qismi də daxil idi… Bu gün Ermənistanla Azərbaycan arasında anlaşılmazlıq var. Anlaşılmazlıq Qızıl Kürdüstan torpaqları ilə bağlıdır. Kürd torpaqları üzərində bu çəkişmələr diqqət çəkən bir prosesdir”. İsmayl Beşikçi son vaxtlar “Qızıl Kürdüstan” məsələsinin yenidən gündəmə gəlməsinə də toxunur. Qeyd edir ki, Hejare Şamil (Həjar Əsgərov), Lətif Məmməd Bruki kimi “tarixçi-qəzetçilər” Rusiyanın və bir sıra xarici ölkələrin mətbuatında bu barədə çıxış ediblər. 2008-ci il dekabr ayının 13-də www.kurdistan-post.org saytında onların “Qafqaz Kürdüstanı” başlıqlı məqaləsi dərc edilib. “Qızıl Kürdüstan haqqında ətraflı məlumat verən həmin məqalənin alt başlığı belədir: “Qafqaz Kürdüstanı ideyası kürdləri birləşdirə bilər”.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
Heç bir maneə olmadan Türkiyəyə ayaq açan R.Bedrosyan məsləkdaşları ilə birlikdə Diyarbəkirdəki Surb Kirakos kilsəsinin təmirini də öhdəsinə götürmüşdür. Müsahibələrinin birində kilsəni «Qərbi Ermənistanın tarixi abidəsi» adlandıran missioner bu barədə deyir: «Kilsənin təmir edilməsində əsas məqsədimiz 1915-ci ilədək burada ermənilərin böyük icma halında yaşadıqlarını türklərə və kürdlərə sübut etməkdir. Eyni vaxtda təqribən üç min nəfərin ibadəti üçün nəzərdə tutulmuş kilsə erməni soyqırımından xəbərsiz olan türkləri keçmişin üzünə baxmağa məcbur edəcəkdir. Ən ali məqsədimiz isə islamlaşdırılmış erməniləri buraya cəlb etmək, onların öz dinlərinə qayıdışına yardım göstərməkdir». Onun sözlərinə görə, bu insanların böyük hissəsi erməni olduqlarını dərk etsələr də, hələ də müsəlman olaraq qalırlar. Lakin aralarında vəftiz olunanlar da vardır. Bölgənin bir qrup erməni sakini isə hələ də ateist olaraq qalmaqdadır. Lakin onların İrəvana səfərləri təşkil edildikdən sonra bəzilərinin xristian dininə münasibətləri dəyişib. Təkcə 2014-cü ildə pianoçu-missioner R.Bedrosyan Ermənistan Diaspora Nazirliyinin layihəsi olan «Ari tun» (Geri dön) proqramı çərçivəsində Diyarbəkirin 50 nəfər müsəlman ermənisini Ermənistana gətirmiş, xristian dinini qəbul etmələri barədə bir çoxunu razı sala bilib. Eyni zamanda İstanbul patriarxlığının razılığı olmadan «gizli müsəlman ermənilərin» Ermənistana aparılması və Eçmiədzində təntənəli şəkildə kütləvi vəftiz olunmaları haqqında da danışıqlara başlanılıb.
Qeyd edək ki, 2016-cı ildə həmin proqram çərçivəsində dünyanın 38 ölkəsindən, o cümlədən Türkiyədəki «müsəlman erməni icmalarından» 900 gənc Ermənistana gətirilib. Ermənistan Respublikasının diaspora naziri Hranuş Akopyan hökumətə verdiyi hesabatında həmin gənclər üçün yay məktəblərinin təşkil olunması, erməni həyat tərzinin onlara öyrədilməsi məqsədilə hər birinin ailələrdə yerləşdirilməsi, interaktiv kursların və mədəni kütləvi tədbirlərin keçirilməsi barədə məlumat verib.
Lakin «Ari tun» proqramı Ermənistan hakimiyyəti və kilsənin deklarativ çıxışlarına baxmayaraq, Türkiyədən gəlmiş ermənilərə, xüsusilə «dönmə» adlandırdıqları müsəlman ermənilərə hələ də mənfi münasibət bəslənildiyini açıb göstərib. Belə ki, son qarşıdurma 2017-ci ilin avqust ayında baş verib. «Ari tun» proqramının türkiyəli və ukraynalı iştirakçıları arasında «etnik və dini mənşə» zəminində baş vermiş insident az sonra böyüklərin də qoşulduğu münaqişəyə çevrilmiş və «Qərbi Ermənistan» nümayəndələri etiraz əlaməti olaraq İstanbula qayıtmışlar. Türkiyə komandasının rəhbəri Qazar Sabunçu Ermənistan mətbuatına verdiyi müsahibədə bu ölkədə türkiyəli uşaqların daim diskriminasiyaya, təhqirlərə məruz qaldıqlarını bildirib və münaqişənin səbəbi kimi digər heyətlərin onlara aşağılayıcı münasibətlərini göstərib. O deyib: «Bizim problemimiz digər ölkələrdən gəlmiş erməni uşaqları deyil, Ermənistan Diaspora Nazirliyinin biganəliyi və komandamıza birtərəfli münasibətidir. Dəfələrlə nazir Hranuş Akopyanın qəbuluna getsəm də, müxtəlif bəhanələrlə məni içəri buraxmayıblar. Uşaqların təhlükəsizliyi üçün onları Vanadzora, arxiyepiskop Sepux Çulçuyanın yanına aprmağa məcbur oldum. Tədbirin bağlanış mərasimində də komandamız iştirak etmədi. Əvəzində isə tanımadığımız bir nəfərin əlinə heyətimizin plakatını vermiş, iştirakımız haqqında görüntü yaratmışdılar».
Türkiyənin özündə isə «erməni məsələsi»nin, bu gün onun tərkib hissəsi olan «islamlaşdırılmış ermənilər» probleminin və bu kontekstdə «Qarabağın Ermənistana birləşdirilməsinin» siyasi dəstəkçilərindən biri olan sosiologiya üzrə professor, «Sarı Xoca» ləqəbi ilə tanınan İsmayıl Beşikçinin də adı erməni mətbuatında rəğbətlə çəkilməkdədir. Təsadüfi deyildir ki, o, 2012-ci ildə Hrant Dink adına beynəlxalq mükafata layiq görülüb. Kürd və erməni separatizmlərinin Türkiyəyə ərazi iddialarını müdafiə edən, onları «PKK-çı yurdsevərlər» adlandıran və HDP-nin təəssübkeşlərindən sayılan, vaxtilə yeni «Kürd Demokratik Partiyası» qurmaq təşəbbüsünü irəli sürən professor 2012-ci ildə «İsmayıl Beşikçi Vəqfini» təsis etmiş, onun təqdimat mərasimini əvvəlcə Stokholm şəhərində, sonra isə İstanbulda keçirib. Onun «islamlaşdırılmış ermənilər» məsələsinə dair məqalələrində Ermənistan Respublikasının və erməni diasporunun mövqeyi ilə üst-üstə düşən bir neçə sitatına diqqət yetirək:
- «Erməni soyqırımı zamanı bir çox kürd ailəsinin erməniləri qoruduqlarını deyirlər. Erməni uşaqlarının adları, dilləri, dinləri dəyişdirilib. Uşaqlar tamamilə ermənilikdən qopardılmış, sonra da onları «müsəlman türk» etmişdilər. Bu, necə qorumaqdır?»;
- «1894-1895-ci illərdə ermənilər Sasundan başlayaraq böyük qətliamlara uğramışlar. Bu illərdə ermənilərin bir qismi canını qurtarmaq üçün müsəlmanlığa qayıtmışdı.(?!) Bu, mülkiyyətlə birlikdə kimliyin də itirilməsi deməkdir»;
- «1915-ci il erməni soyqırımı zamanı… ermənilər həyatda qalmaq üçün dinlərini dəyişmək məcburiyyətində qalmışdılar. Bir qismi müsəlman olmuş, bir qismi ələviləşib. Ermənilər mülklərini itirmiş, dinlərini dəyişmiş, türkcə adlar almış, cəmiyyətdəki statuslarını tamamilə itirmişlər».
Bu yarınmaq səylərinin nəticəsidir ki, 2014-cü ilin oktyabr ayında İsmayıl Beşikçi Ermənistana dəvət olunmuş, «Qərbi Ermənistan Milli Şurası»nın və İrəvan Dövlət Universitetinin təşəbbüsü ilə ona Gevorq Surenyants mükafatı təqdim olunub. Xatırladaq ki, 1912-1930-cu illərdə bütün ermənilərin katolikosu olmuş V Gevorq (Surenyants) hələ 1912-ci ildə Çar Rusiyasına müraciət edərək «Qərbi Ermənistan» əraziləri məsələsinin ermənilərin xeyrinə həll olunmasını xahiş etmişdi. G.Surenyants «erməni məsələsi»nin, Türkiyəyə qarşı ərazi iddialarının Avropa dövlətlərində təbliği məqsədilə fəaliyyət göstərən nümayəndə heyətini yaradanlardan biri olub. İrəvana səfərdə İsmayıl Beşikçini Diyarbəkirin sabiq bələdiyyə başçısı, hazırda Xalqların Demokratik Partiyasının funksionerlərindən olan Osman Baydemir və İsmayıl Beşikçi Vəqfi sədrinin köməkçisi kürd yazıçısı Ruşen Arslan müşayiət etmişdilər. Mükafatlandırma mərasimindən sonra İsmayıl Beşikçi Türkiyədə «kürd məsələsi» və «erməni məsələsi»nin bir-biri ilə üzvi şəkildə bağlı olduğunu bildirmişdi. Sonra «Dağlıq Qarabağ» məsələsinə toxunan «Sarı Xoca» əlavə edib ki, «1929-cu ildə ortadan qaldırılan «Qızıl Kürdüstan» məsələsi və 1992-ci il «azəri-erməni savaşında» (bu ifadə İ.Beşikçiyə məxsusdur – A.Q.) kürdlərin üzləşdiyi haqsızlıqlar ciddi şəkildə araşdırılmalıdır». İ.Beşikçi və onu müşayiət edənlər qondarma «erməni soyqırımı» momerialına əklil qoyublar.
Bəri başdan deyək ki, «Qızıl Kürdüstan» məsələsi İsmayıl Beşikçi üçün yeni mövzu deyil. O da dəfələrlə Azərbaycana qarşı torpaq iddialarını irəli sürüb. Məsələn, «Ermənistan-Azərbaycan münaqişəsində Qızıl Kürdüstan» (Ermenistan-Azerbaycan Çatışmasında Kızıl Kürdistan) başlıqlı məqaləsi onun hansı xislət sahibi olduğunu bir daha göstərir. Müəllif yazır: «1992-ci il müharibəsindən sonra ermənilər «azərilərin» (Azərbaycan türklərinin) əlində olan bəzi torpaqları işğal etdilər. Onlar Qarabağın da müstəqilliyinə nail oldular. Bu savaşda ermənilərin işğal etdiyi bəzi torpaqlar Qızıl Kürdüstan torpaqları idi… Bölgənin başlıca şəhərləri Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl idi. Ayrıca Qızıl Kürdüstana Zəngəzurun bir qismi də daxil idi… Bu gün Ermənistanla Azərbaycan arasında anlaşılmazlıq var. Anlaşılmazlıq Qızıl Kürdüstan torpaqları ilə bağlıdır. Kürd torpaqları üzərində bu çəkişmələr diqqət çəkən bir prosesdir». İsmayl Beşikçi son vaxtlar «Qızıl Kürdüstan» məsələsinin yenidən gündəmə gəlməsinə də toxunur. Qeyd edir ki, Hejare Şamil (Həjar Əsgərov), Lətif Məmməd Bruki kimi «tarixçi-qəzetçilər» Rusiyanın və bir sıra xarici ölkələrin mətbuatında bu barədə çıxış ediblər. 2008-ci il dekabr ayının 13-də www.kurdistan-post.org saytında onların «Qafqaz Kürdüstanı» başlıqlı məqaləsi dərc edilib. «Qızıl Kürdüstan haqqında ətraflı məlumat verən həmin məqalənin alt başlığı belədir: «Qafqaz Kürdüstanı ideyası kürdləri birləşdirə bilər».
Bir qədər də «islamlaşdırılmış ermənilər» məsələsinin ekranlaşdırılması haqqında. İndiyədək həm Ermənistanda, həm də bir sıra Avropa dövlətlərində bu mövzuya dair çoxsaylı filmlər çəkilmiş və Türkiyəyə qarşı təbliğatda istifadə edilib. Məsələn, 2015-ci ildə Fransanın iki «müstəqil» jurnalisti – Anna Benjamen və Qiyom Kler qondarma «erməni soyqırımı» haqqında filmin çəkilişini başa çatdırmışdılar. «Türkiyə: Susqunluğun mirası – onlar islamlaşdırılmış ermənilərdir» adlanan film barədə Parisdə nəşr olunan «Nouvelles d’Arménie» jurnalı yazır ki, həmin kinolent «özlərində erməni köklərini tapan Türkiyə vətəndaşlarından, 1915-ci il erməni soyqırımı qurbanlarının övladlarından» bəhs edir. Onlar həmin sənədli filmi ingilis, türk və erməni dillərinə çevirməklə dünyada yaymaq niyyətindədirlər.
Yeri gəmişkən, son illər bu tipli filmlər Türkiyədə də lentə alınmaqdadır. Belə ki, 2017-ci il fevral ayının 9-da İstanbuldakı məşhur «Bəyoğlu» kinoteatrında Nezahat Gündoğanın rejessoru olduğu «Vəngin uşaqları» (Vank’ın Çocukları) filminin ilk nümayişi olub. Filmin anons xəbərinə görə, kinolent Tunceli (Dərsim) bölgəsində «zorən islamlaşdırılmış erməni uşaqlarının acı taleyinə həsr olunub. Filmin süjet xəttinə görə, IX əsrdə inşa edilmiş Surb Karapet vəngi (Müqəddəs Karapet monastrı) guya 1915-ci ildən sonra ermənilərin yeganə ibadət yeri olduğu üçün 1937-ci ildə bombalanmış, keşiş və onunla birlikdə kənddə yaşamış qızılbaş-ələvilər qətlə yetirilmişdilər. Ermənilərn sağ qalmış uşaqları isə Türkiyənin müxtəlif bölgələrinə sürgün edilib: «Türkiyə dövlətinin həmin illərdə yürütdüyü türkləşdirmə və islamlaşdırma siyasəti (?) nəticəsində onlara türk adları verilir, kelime-i şəhadət dedizdirilir və beləliklə, müsəlman olurlar…». Filmdə bu hadisə keşişin uşaqları və nəvələrinin dilindən nəql olunur.
Lakin təbii bir sual yaranır: Əgər filmin qəhrəmanlarından biri olan keşiş uşaqları, məsələn, «Sultan və Aslıhan Kiremitçiyan» həqiqətən də tamamilə «türkləşdirilmiş» və erməni mənşələrini unutmuşdularsa, nə üçün onların və ailə üzvlərinin erməni soyadı indiyədək dəyişilməz qalıb? Məlum səbəblər üzündən film Ermənistanda böyük uğur qazanıb. Filmin rejessoru ixtisasca mühəndis-memar olan Nezahat Gündoğana gəldikdə isə Türkiyə mətbuatında yayılan məlumata əsasən, separatizm fəaliyyəti ilə məşğul olduğu üçün vaxtilə 6,5 il müddətinə həbs cəzası almış, 2001-ci ildə azadlığa çıxdıqdan sonra siyasi proseslərə qoşulmuş, Türkiyə dövlətini etnik və dini dözümsüzlükdə ittiham edən filmlərin çəkilişinə başlayıb. 2010-cu ildə onun həmin mövzuda «İki tutam saç. Dərsimin itirilmiş qızları» filmi ekranlara çıxıb.
(Ardı var)