8 Dekabr 22:29
14 791

üstəlik, “Yakbun” “kürd milli-azadlıq hərəkatı”nın rəhbərlərindən biri – SSRİ-nin, sonralar isə Rusiya və Ermənistanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən, PKK qruplaşması, İraq və Suriyadakı kürd müxalifəti ilə sıx əlaqələrə malik olan “Musto” ləqəbli Vəkil Mustafayev həmin “müstəqil respublika”nın prezidenti seçilmişdi. Xatırladaq ki, “Musto” SSRİ dönəmində DTK tərəfindən əməkdaşlığa cəlb olunmuş, Türkiyə və PKK istiqamətləri üzrə fəaliyyət göstərmişdi.

Kürd yazıçısı Əhmədi Həpo onun haqqında aşağıdakıları bildirir: “Qarabağ məsələsi başlanmazdan öncə Vəkil Mustafayev Əli-Bayramlı (Şirvan) rayonunda polis rəisinin müavini idi. 1992-ci ildə Laçın işğal edildikdən sonra Vəkil Mustafayev Ermənistana getmiş, İrəvan televiziyasında çıxış edərək Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı bölgələrinin tarixən kürdlərin torpağı olmasını demiş, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmışdı. Verilişə Vəkil Mustafayevdən başqa iki yezidi kürd və bir neçə erməni də çıxarılmışdı. Ermənilərin də başında kürd çalmaları var idi”. Bu gün Ermənistanda məlum səbəblər üzündən “birdəfəlik istifadəsi” dayandırılan Vəkil Mustafayev hazırda ailəsi ilə birlikdə İtaliyada “siyasi mühacir” kimi yaşayır.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?

“Nasistlər öz təbliğatlarında ən çox “azadlıq” sözündən istifadə ediblər”

Stiq Larson, İsveç jurnalisti

Ermənilər Türkiyəyə ərazi və təzminat iddialarında olarkən bir məsələni diqqətdən qaçırmışlar: Türkiyəyə qarşı mübarizədə Ermənistanın daim yanında olan, ona Qarabağın işğalında dəstək verən kürd separatizmi indi İrəvan üçün ciddi başağrısına çevrilməkdədir. Belə ki, fövqəldövlətlərin Türkiyə, Suriya, İran və İraq əraziləri hesabına yaratmaq istədikləri «müstəqil Kürdüstan» layihəsi mahiyyət etibarilə onların «Qərbi Ermənistan torpaqlarının geri qaytarılmasına» yönəlik bütün səylərini heçə endirir. İndi Ermənistanda əmindirlər ki, keçmiş müttəfiqlərinin «müstəqil dövlət quruculuğu» planları onların təkcə «Birləşmiş Ermənistan» arzusunu ürəklərində qoymur, həm də «erməni məsələsinə» də ciddi şəkildə təsir göstərəcəkdir. İş burasındadır ki, ermənilərin iddiasında olduqları «Qərbi Ermənistan Respublikası»nın sərhədləri ilə bu gün «vəfasız» hesab etdikləri kürdlərin «Böyük Kürdüstan»ının hüdudları, demək olar ki, eyni coğrafi əraziləri əhatə edir. Türkiyənin eyni tarixi ərazisinə ermənilərin «Qərbi Ermənistan», kürdlərin isə «Böyük Kürdüstan» adı ilə yiyələnmək iddiaları istər-istəməz dahi Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» komediyasındakı məşhur «Qızın iki adaxlısı var» ifadəsini xatırladır…

Hələ 2004-cü ildə Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Serqo Mikoyan (Anastas Mikoyanın oğlu) Ermənistan Respublikasının, Rusiya ermənilərinin və erməni diasporasının kürdlərin separatçı hərbi-siyasi hərəkatları ilə əlaqələrindəki həssas, eyni zamanda Ermənistan üçün arzuolunmaz məqamlara toxunaraq bunları bildirmişdi: «Əgər iyirmi-otuz ildən sonra Türkiyə torpaqları hesabına «müstəqil Kürdüstanın» yaradılması layihəsi reallaşarsa, bu zaman Qərbi Ermənistan əraziləri bütövlüklə bu dövlətin sərhədləri içərisində qalacaqdır». Ermənistan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Aşot Melkonyan da «Qərbi Ermənistan» siyasəti və ermənilərin kürd separatizmi ilə münasibətləri arasında bəzi reallıqların nəzərə alınmasını tövsiyə etmişdir: «Kürdlər və türklər arasında ciddi münaqişə başlana bilər. Odur ki, Ermənistan öz mövqeyini indidən müəyyən etməlidir… Çünki günlərin birində məlum olacaq ki, artıq bizim həmsərhəd qonşumuz Türkiyə deyil, Kürdüstandır… Biz Qərbi Ermənistanı heç də itirilmiş ərazilər hesab etməməliyik. Çünki burada yaşayanların 37%-i türklərə nifrət edir, 42%-i özünü türk saymır. Regionda vəziyyət partlayış ərəfəsindədir. Lakin vətənimizdə – Qərbi Ermənistan torpaqlarında kürd dövlətinin yaradılmasını Rəbb bizə göstərməsin».

«PanArmenian» informasiya agentliyinin siyasi şərhçisi Karine Ter-Saakyan «Kürd separatizmi Ermənistanda müdafiə edilməlidirmi?» başlıqlı məqaləsində Türkiyəyə qarşı yönəldilmiş erməni-kürd ittifaqının son nəticədə Ermənistan üçün yarada biləcəyi təhdidləri ümumiləşdirərək paytaxt Diyarbəkir şəhəri olmaqla Suriya, İraq, Türkiyə və İran əraziləri hesabına yaradılması planlaşdırılan «Kürdüstan» dövlətini Ermənistanın «ali məqsədlərinə» qarşı ciddi təhlükə mənbəyi kimi dəyərləndirmişdir. Onun sözlərinə görə, Van, Muş, Diyarbəkir, Ərzurum kimi «Qərbi Ermənistan» bölgələrində kürdlərin siyasi mövqeləri möhkəmlənərsə, onların ərazi iddiaları təmin edilərsə, bu zaman Ermənistan üçün mürəkkəb problemlər yarana bilər. K.Ter-Saakyan kürdlər və ermənilər arasında hələlik münaqişəli məsələlərin olmadığını vurğulasa da, «müstəqil Kürdüstan» planının reallaşmasının həm İran, həm də Ermənistan dövlətçiliyi üçün problemlərə səbəb olacağına» əmindir.

Bu gün Ermənistan sabiq müttəfiqini «erməni arzularına xəyanətdə» ittiham edir. Burada antikürd isteriyası elə bir səviyyəyə çatmışdır ki, hətta yerli alim və siyasətçilər öz şizofrenik ideyalarını gündəmə gətirməkdən çəkinmirlər. Məsələn, Azərbaycan Erməniləri Assambleyası rəyasət heyətinin üzvü Tatyana Minasyan yazır: «IX-XV əsrlərə, hətta XVIII əsrə aid alman və ingilis mənbələrində əcdadları olan britlərin, bavariyalıların, baskların Ermənistan torpaqlarından gəldikləri barədə məlumat vardır. Hətta bu mənbələrdə «qoçaq və məğrur Ermənistandan», Ararat dağından, Nuhun gəmisindən də bəhs olunur. Lakin XIX əsrin ikinci yarısından etibarən xəritələrdə Ermənistanın, «Qərbi Ermənistan»ın əvəzinə «Anadolu» və ya «Kürdüstan» kimi qondarma toponimlər özünə yer tapa bilmişdir».

Təbii ki, erməni-kürd münasibətlərinin pozulmağa doğru getməsi Ermənistandan donor, siyasi müttəfiq və Rusiya ilə vasitəçi kimi bəhrələnən terrorçu PKK qruplaşmasını narahat etməyə bilməzdi. Kürd separatçılarının «Kürdüstan – Qərbi Ermənistan» dilemmasının həllində mövqeyini Rusiya Kürd Cəmiyyətləri Assosiasiyasının nümayəndəsi Qarzan Fərman «Ноев Ковчег» erməni qəzetinə verdiyi müsahibədə açıqlamışdır. Bildirmişdir ki, ciddi narahatlığa heç bir əsas görmür və ermənilərin «Kürdüstan» ifadəsinə aqressiv reaksiyasının səbəblərini hələ də anlaya bilmir. O qeyd edir ki, PKK lideri Abdulla Öcalan da vaxtilə ermənilərə müraciət edərək onları bu həssas məsələdə, xüsusilə kürdlərə münasibətdə daha loyal və xoşməramlı olmağa çağırmışdı: «Abdulla Öcalan bəyan etmişdir ki, Türkiyə ərazisində hətta kürd muxtariyyəti yaradılacağı təqdirdə, bu qurumda formalaşacaq multikultural mühit bir sıra region dövlətləri üçün nümunə olacaqdır. Burada təkcə kürdlərin deyil, həm ermənilərin, həm də aysorların hüquqları qorunacaq, Ermənistanın üçrəngli bayrağı da yeni inzibati-ərazi vahidinin rəmzlərindən biri olacaqdır».

Türkiyədə yaşayan kürdlər 1915-ci il hadisələri zamanı erməniləri kürd xalqına qarşı soyqırımı törətməkdə, ermənilər isə öz növbələrində qondarma «erməni soyqırımı»nda kürdləri xüsusi fəallıq göstərməkdə, «erməni qadınlarını və uşaqlarını zorən müsəlmanlaşdırmaqda» ittiham edirlər. Ermənistanda geniş vüsət alan antikürd əhvali-ruhiyyəsi erməni cəmiyyətinin demək olar ki, bütün təbəqələrinə, hətta xarici ölkələrdəki diasporaya da sirayət etmişdir. Məsələn, Rusiyadakı Naxçıvan-Don erməni icması öz saytında «nankor və qədirbilməz kürdlərə» nifrətlərini və onlara edilən yardımlara görə peşmançılıq hissini gizlədə bilmir. Məqalələrin birində ritorik şəkildə sual olunur: «Türkiyədə kürdlər öz müstəqillikləri uğrunda mübarizə aparırlar. Bu, onların hüququdur. Lakin bu mübarizə nə üçün Türkiyədə, tarixi Ermənistan torpaqlarında getməlidir? Görəsən, indiyədək Ermənistan yaylasında «Kürdüstan» adlı dövlət mövcud olubmu? Dərd odur ki, ermənilər Ankaraya qarşı mübarizədə kürdlərə həmişə kömək etmişlər! Yoxsa ermənilərin başları dumanlanıb? «Düşmənimin düşməni mənim dostumdur» prinsipi onların ağıllarını əllərindən alıb? Yoxsa kimlərsə sadəlövhcəsinə düşünürlər ki, Şərqi Türkiyənin kürd əhalisi müstəqillik əldə etdikdən sonra əldə etdiyi qənimət torpaqları ermənilərlə bölüşəcək?»

Odur ki, İrəvanda «Qərbi Ermənistan» və «Birləşmiş Ermənistan» kontekstində «kürd amili»nin milli təhlükəsizliyə və «erməni məsələsi»nə ciddi təhlükə olması barədə həyəcanlı fikirlər get-gedə daha aqressiv xarakter almaqdadır. Yerli kütləvi informasiya vasitələrində qondarma «erməni soyqırımı» zamanı «kürdlərin daha çox ermənini məhv etməsinə» dair ifşaedici materiallar dərc olunmaqdadır. Yeri gəlmişkən, «Aqos» qəzetinin baş redaktoru Hrant Dink də bu qənaətdə idi. Lakin bu mövqeyinə görə Ermənistan və diaspora onu «Türkiyəyə işləməkdə» və «sarsılmaz erməni-kürd qardaşlığına» böhtan atmaqda ittiham etmişdi. Eyni zamanda, Ermənistandakı yezdi kürdlərlə Türkiyə və Rusiya ərazilərindəki müsəlman kürdlər arasında istənilən etnik yaxınlaşma və təşkilatlanma səylərini pozmaq məqsədilə fəal təbliğat işi aparılır, süni düşmənçilik toxumu səpilir, guya onların vahid etnosun deyil, bir-birindən kəskin şəkildə fərqlənən xalqların nümayəndələri olmalarını «elmi şəkildə» əsaslandırmağa çalışırlar. Ermənistan parlamentinin sabiq deputatı, İrəvandakı Kütləvi kitabxananın direktoru, professor Rafael İşxanyan isə «yezidiləri kürdlərlə deyil, ermənilərlə etnik bağlılığı olan xalq» adlandırmışdı.

Xatırladaq ki, PKK təşkilatının terror fəaliyyəti 2015-ci ildən etibarən Türkiyənin Qara dəniz bölgələrini də əhatə etməyə başlamış, silahlı dəstələrini və təbliğat imkanlarını sürətlə bu istiqamətə – xəyali «Kürdüstan dövlətinin şimal ərazilərinə» doğru yönəltmişdir. Nəticədə, ötən illər ərzində burada Türkiyə silahlı qüvvələrinə, dinc əhaliyə qarşı terror aksiyaları intensiv xarakter almağa başlamışdır. Onu da əlavə edək ki, Qara dəniz sahillərinə və bu regiondakı mühüm logistika obyektlərinə yiyələnmək həm Ermənistanın, həm də kürd separatçı qruplaşmalarının strateji planlarına çoxdan daxil idi. Bu planın məqsədləri arasında bənzərlikləri aşağıdakı kimi ümumiləşdirmək olar:

• regional dövlətlərin transsərhəd yük daşımalarına, eləcə də Xəzər neftinin Qərbə nəql olunmasına nəzarət məqsədilə Qara dənizin strateji şərq limanlarının ələ keçirilməsi;

• həmin ərazilərdən keçən Bakı-Tbilisi-Ceyhan boru xəttindən «torpaqbasdının» - tranzit xərclərinin əldə olunması;

• bu ərazilərin böyük güclərin regional geosiyasi maraqlarının ödənilməsinə (məsələn, xarici hərbi bazalarının yerləşdirilməsi) yönəldilməsi.

Bu gün Ermənistanda müsəlman kürdlərə deyil, məhz yezidilərə müraciətdə «axper», yaxud da «yezidi axperner» (yezidi qardaş) kəlmələri işlədilir. Ermənistan radiosunda həftədə bir gün yezidi kürdlər üçün kürd dilində (?) yayımlanan radio proqramında onların «zorən kürdləşdirilmiş xalq» olduqları təlqin edilir. Ermənistan alimlərinin də iştirak etdiyi həmin verilişlərdə yezidilər «tarixləri kürdlər tərəfindən saxtalaşdırılan xalq», «ağ ərəblər», bəzən isə «qədim şumerlərin varisləri» adlandırılırlar. İrəvandakı yezidi kürdlərin «Yezdixanə» təşkilatının rəhbəri, həm də «Dünya yezidilərinin milli ittifaqının sədri» olan Əzize Amar (Əziz Tamoyan) isə çıxışlarında «köçəri kürdlərin tarixi erməni torpaqlarına – Qərbi Ermənistana və Qarabağa əsassız iddialarını» kəskin şəkildə tənqid etmişdir. Həmin cəmiyyətin eyniadlı qəzetində isə (onun baş redaktoru da Əzize Amardır) «kürd» və «Kürdüstan» sözlərinin işlədilməsi birdəfəlik qadağan olunmuşdur. İrəvanda «Osmanlı dövlətində yezidilərin soyqırımı» abidəsinin açılışı zamanı isə Əzize Amar «yezidilərin yeganə düşmənlərinin kürdlər olduğunu» bəyan etmişdir. Lakin yezidi Əzize Amar antikürd mövqeyi ilə yanaşı fırıldaqçı və dələduz kimi də ad qazanmışdır. Rusiyadakı yezidilərin yaydıqları məlumata görə, Ə.Amar Ermənistanın imkansız yezidiləri üçün toplanmış 700 baş qoyunu şəxsi heyvandarlıq təsərrüfatına qatmış, Zovuni kəndindəki Amo məhəlləsində yezidi məbədinin inşası üçün yığılmış böyük miqdarda vəsaiti mənimsəmişdir. Təbii ki, Ermənistanın müvafiq strukturları Ə.Amarın xidmətlərini nəzərə alaraq, onun bu fəaliyyətinə göz yummuşlar.

Ermənistanın müvafiq qurumlarının diktəsi ilə müsəlman və yezidi kürdlər arasında dini zəmində qarşıdurma yaradan «yezidi ziyalıları» içərisində Əzize Amardan savayı «şeyx» Həsən Həsənyan («din xadimi», Ermənistan Milli Konqresi Partiyasının üzvü), Kərəm Avdoyan (sabiq hüquqşünas, biznes və kriminal aləmdə «Giske» ləqəbi ilə tanınır), «şeyx» Həsəne Mahmud (yezidi din xadimi, eyni zamanda Ermənistan radiosunda yezidi dilində proqramın rəhbəri), Camal Sadaxyan (Ermənistan Respublikası Yezidi Milli İttifaqının sədri), Siyabənd Bakoyan (yezidi dini icmasının rəhbəri) xüsusi fəallıq göstərirlər. Məhz onların birgə fəaliyyəti nəticəsində 1930cu ildən kürd dilində nəşr olunan «Rya təzə» («Yeni yol») qəzeti 2006-cı ildə «maliyyə çatızmazlığı» bəhanəsi ilə bağlanmışdır. İş o yerə çatmışdır ki, «şeyx Həsəne Mahmud rəsmi «Hayastani Anrapetutyun» («Ermənistan Respublikası») qəzetində dünya dilləri içərisində «kürd dili» anlayışının olmamasına dair geniş məqalə ilə çıxış etmişdir.

Paralel olaraq, Ermənistan yezidilərin öz dədə-baba dinlərindən imtina edib «könüllü” qaydada xristianlığın qriqorian məzhəbinə tapınmaları və erməniləşdirilməsi istiqamətində «uğurlara» imza atılmışdır. Əldə olunan məlumata əsasən, hazırda minlərlə yezidi dinini dəyişmişdir. Vaxtilə yezidi ziyalısı, «Rya təzə» qəzetinin baş redaktorunun müavini işləyən Babaye Kalaş «qriqorian missionerliyi» haqqında tənqidi materialla çıxış etmişdir. Lakin Əzize Amar, Həsən Həsənyan, Camal Sadaxyan onu yezidilər və ermənilər arasında qarşıdurma, dini zəmində ədavət yaratmaqda ittiham etmiş, həmin dövrdə Ermənistan parlamentinin deputatı olmuş Xaçik Stambolqsyanla birlikdə Babaye Kalaşa qarşı təbliğat kampaniyasına başlamışlar.

İrəvandakı Qafqaz-Xəzər Regionu Avtoxton Xalqları İnstitutunun direktoru, İranın maliyyə yardımı ilə Ermənistanda nəşr olunan «İrannamə» jurnalının redaktoru, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəldilən «irandilli xalqların milli-azadlıq hərəkatının» ilhamvericisi, professor Qarnik Asatryan rəsmi Bakını «kürd xalqının mədəni-siyasi hüquqlarını, etnik birliyini pozmaqda» təqsirləndirdiyi halda, «Talış fenomeni və kürd mozaikası» məqaləsində Ermənistanda yaşayan müsəlman və yezidi kürdlər arasında «tarixən mövcud olmuş etnik fərqləri» belə əsaslandırır: «İstənilən milli ideyanın da müəyyən sərhədləri olmalıdır («müstəqil Kürdüstan» layihəsi nəzərdə tutulur). Əks halda həmin xalq əbədi tərəddüd içində olacaqdır. Buna ən parlaq misal kürdlərdir. «Vahid kürd xalqı» yoxdur. Bu xalq bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif tayfalardan ibarətdir. Hətta İraq və Türkiyə kürdləri arasında fərq o dərəcədədir ki, onlar bir-birinin danışığını başa düşə bilmirlər». Məhz Qarnik Asatryan və onun kimi düşünən erməni şərqşünaslarının səyləri ilə kürd xalqının tarixinə, etnogenezinə və etnomədəniyətinə dair faktlar kobud şəkildə təhrif edilir, yezidilər isə «kürdlərlə genetik əlaqəsi olmayan qədim etnokonfessional qrup» kimi tanıdılır. Bu bölücülük siyasətinin məntiqi nəticəsi olaraq Ermənistan parlamenti 2002-ci ildə «yezidilərin kürdlərlə heç bir əlaqəsi olmayan müstəqil xalq» olması barədə qərar qəbul etmişdir.

Ermənistan Respublikasında rəsmi dövlət siyasəti səviyyəsində «erməni-kürd qardaşlığının» «yezidi sevgisi» ələ əvəz olunması, kürdlərin içərisində etnik birliyin pozulmasına yönəlik səylərin arxasında digər siyasi maraq da dayanmaqdadır. Belə ki, «Böyük Kürdüstan dövləti»nin qurulması və bu qurumun tərkibində «Yezidi muxtariyyəti»nin təsis olunması haqqında vədlər yezidi kürdlər tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Həmin plan isə rəsmi İrəvan üçün ölkənin qərbində strateji əhəmiyyət daşıyan və yezidi kürdlərin sıx yaşadıqları Araqats (Alagöz) dağı ətraflarına, Araqatsoton vilayətinə (Abaran bölgəsi) gələcəkdə kürdlərin ərazi iddiaları irəli sürülməsi təhlükəsini yaradır. Təsadüfi deyildir ki, xarici ölkələrdəki separatçı kürd təşkilatlarının yaydıqları «Kürdüstan dövləti» xəritəsində «Qərbi Ermənistan» torpaqları ilə yanaşı Ermənistan Respublikasının bəzi qərb əraziləri də bu quruma daxil edilmişdir.

Ermənistandakı kürd düşmənçiliyi Rusiya ərazisində yaşayan kürdlərin də ciddi narahatlığına səbəb olmuşdur. Kürdüstan Milli Konqresinin üzvü, Krasnodardakı Kürd Milli-Mədəni Muxtariyyətinin sədri İşxan Ankosi Ermənistanda erməni-kürd münasibətlərinə zərər vuran, «kürd xalqının etnik birliyini, onun milli dövlət qurmaq səylərini hədəfə alan» təbliğat kampaniyasına, «erməni elitası tərəfindən kürdlərin unvanına səsləndirilən aşağılayıcı ifadələrə» dair narazılığını birdirmiş və bu fəaliyyətin dövlət siyasəti səviyyəsində aparıldığını vurğulamışdır.

Bununla belə, İrəvanın bəzi analitiklərinin fikrincə, «erməni məsələsi» və «kürd problemi» arasında yaranmış ziddiyyətlərə baxmayaraq, Ermənistan PKK ilə əlaqələrini bundan sonra da davam etdirməli, lakin yeni əməkdaşlıq strategiyası üzərində düşünməlidir. Həmin əlaqələrin perspektivləri ilə bağlı Türkiyə, İraq və İran kürdlərinin liderləri ilə intensiv danışıqlara başlanılmalı, regionda geosiyasi maraqları olan Rusiyanın təsir imkanları hər vasitə ilə gücləndirilməlidir. Əks təqdirdə rəsmi Ankara «kürd məsələsi»ndən Ermənistana qarşı istifadə etmək üçün imkan əldə edə biləcəkdir.

Türkiyənin Ehtiyatda olan Zabitlər Təşkilatının (TESUD) sədri, istefada olan general Ərdoğan Qaraquş da «Yeni Çağ» qəzetinə verdiyi müsahibədə «müstəqil Kürdüstan dövləti»nin qurulmasının Ermənistan və onun indiki müttəfiqləri üçün arzuolunmaz nəticələrə səbəb olacağını bildirmişdir. Onun sözlərinə görə, Qərb, xristian dünyası hələ də Türkiyə ərazisi hesabına «Böyük Ermənistan» dövlətinin yaradılması xülyasından əl çəkməmişdir. Rusiya isə strateji tərəfdaşı olan Ermənistanı heç bir vəchlə ABŞ-ın himayəsi altına verilməsini istəmir. Lakin regionda «Kürdüstan dövləti»nin qurulması həm Rusiya, həm də Ermənistan üçün yeni problemlərin yaranmasına səbəb olacaqdır.

Qeyd etmək lazımdır ki, «Kürdüstan dövləti»nin coğrafi baxımdan İraq, Suriya və Türkiyə ilə həmsərhəd ərazilərdə yaradılması nəzərdə tutulmuşdur. Bu dövlətin yaradılması Yaxın Şərq regionunda vəziyyəti daha da gərginləşdirməklə İraq və Suriyanın parçalanması, Türkiyə və İranda isə daxili sabitliyin pozulması ilə nəticələnəcəkdir. Eyni zamanda, bu, Rusiyanın Yaxın Şərq regionundakı maraqlarına və Ermənistana da təsirsiz ötüşməyəcəkdir. Təbii ki, dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən və separatizmin istənilən təzahürünü qətiyyətlə pisləyən Azərbaycan Respublikası birmənalı olaraq bu məsələdə qardaş Türkiyənin mövqeyini müdafiə edəcəkdir. Ermənistanlı təhlilçi Arman Abovyan bu gerçəklikləri nəzərə alaraq, Ermənistanın «Müstəqil Kürdüstan dövləti»nin qurulmasına dair narahatlığını Rusiya və ABŞ-ın diqqətinə çatdırmağı, ərazi bölgüsündə erməni xalqının istək və arzularının da mütləq nəzərə alınmasını tövsiyə edir. Digər erməni politoloqu Naira Ayrumyan isə xəbərdarlıq edir ki, «Türkiyədəki kürdmeyilli partiyaların erməni soyqırımının tanınması haqqında tələblərinə baxmayaraq, iddia olunan ərazilərdə öz dövlətlərini yaratdıqdan sonra onlar heç vaxt ermənilərə torpaq verməyəcəklər». «Mühacirətdə olan Qərbi Ermənistan hökuməti» də Rusiya amilinin fəallaşdırılmasının tərəfdarıdır. Qondarma qurumun xarici əlaqələr komitəsinin başçısı Aram Mkrtıçyan Rusiyanın ermənipərəst REX informasiya agentliyinin şərhçisi Stanislav Tarasova verdiyi müsahibədə «deja vu» fenomenini bir daha nümayiş etdirərək, ermənilərin yüz il əvvəlki mövqeyini - Rusiyanın regiona hərbi-siyasi müdaxiləsinin nəinki əhəmiyyətini, hətta onun labüdlüyünü vurğulamışdır: «Rusiya Cənubi Qafqazda 200 il əvvəl yaranmış problemlə yenidən üzləşməkdədir. Bu gün regionda «Kürdüstan» adlanan, əslində isə Qərbi Ermənistana məxsus torpaqlarda «Böyük Rusiyanın» da taleyi müəyyən olunur. Tarixi və siyasi təhlillər göstərir ki, Rusiyanın cənub sərhədlərində güclü və BÖYÜK ERMƏNİSTAN dövlətinin mövcudluğu Rusiyanın təhlükəsizliyi üçün çox vacibdir».

«Böyük Kürdüstan məsələsi»nin gündəmə gəlməsi Ermənistanın digər siyasi mifini – işğal altında olan Azərbaycan əraziləri (Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan bölgələri) hesabına «Laçın Kürd Respublikası»nın yaradılması layihəsini də rəsmi İrəvanın gündəliyindən çıxarmışdır. Əslində, bu ideya yeni deyil. Belə ki, bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini süquta yetirdikdən sonra proletar inqilabı ideyalarının Yaxın və Orta Şərqdə geniş yayılması məqsədilə kürd separatizmindən də istifadə etməyə başlamış və 1924-cü il iyul ayının 16-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (sədr - Sergey Kirov) qərarına əsasən, Kürdüstan rayonu təsis edilmişdi. «Qızıl Kürdüstan» kimi də tanınan həmin inzibati ərazi mərkəz Laçın qəsəbəsi olmaqla Kəlbəcər rayonunu və Qubadlı bölgəsinin bir hissəsini əhatə edirdi. Halbuki, həmin ərazilərdə cəmi bir neçə min kürd yaşayırdı. Formal xarakter daşıyan həmin inzibati-ərazi vahidi 1929-cu ildə VI Ümumrespublika qurultayının qərarı ilə ləğv olunmuşdu.

Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin təqribən 20%-i işğal edildikdən sonra rəsmi İrəvan «Qızıl Kürdüstan» məsələsini yenidən gündəmə gətirmişdir. İlkin plana görə, Ermənistan və Azərbaycan arasında bufer zonası rolunu oynaya biləcək həmin qondarma qurum Türkiyədəki kürd separatizminin rəğbət və dəstəyini qazandırmaqla, həm də «Dağlıq Qarabağ Respublikası»nın hərbi-siyasi müttəfiqi funksiyasını daşımalı idi. Üstəlik, «Yakbun» «kürd milli-azadlıq hərəkatı»nın rəhbərlərindən biri – SSRİ-nin, sonralar isə Rusiya və Ermənistanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən, PKK qruplaşması, İraq və Suriyadakı kürd müxalifəti ilə sıx əlaqələrə malik olan «Musto» ləqəbli Vəkil Mustafayev həmin «müstəqil respublikanın» prezidenti seçilmişdi. Xatırladaq ki, «Musto» SSRİ dönəmində DTK tərəfindən əməkdaşlığa cəlb olunmuş, Türkiyə və PKK istiqamətləri üzrə fəaliyyət göstərmişdi.

Kürd yazıçısı Əhmədi Həpo onun haqqında aşağıdakıları bildirir: «Qarabağ məsələsi başlanmazdan öncə Vəkil Mustafayev Əlibayramlı (Şirvan) rayonunda polis rəisinin müavini idi. 1992-ci ildə Laçın işğal edildikdən sonra Vəkil Mustafayev Ermənistana getmiş, İrəvan televiziyasında çıxış edərək Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı bölgələrinin tarixən kürdlərin torpağı olmasını demiş, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmışdı. Verilişə Vəkil Mustafayevdən başqa iki yezidi kürd və bir neçə erməni də çıxarılmışdı. Ermənilərin də başında kürd çalmaları var idi». Bu gün Ermənistanda məlum səbəblər üzündən «birdəfəlik istifadəsi» dayandırılan Vəkil Mustafayev hazırda ailəsi ilə birlikdə İtaliyada «siyasi mühacir» kimi yaşayır.

Şəcərəsini Koroğluya və Şəddadilər sülaləsinə sırıyan V.Mustafayevin 2011-ci ildə Qırğızıstanda nəşr etdirdiyi «Qafqaz Kürdüstanının tarixi» kitabında etnik Azərbaycan türkləri Cənubi Qafqaza orta əsrlərdə gəlmiş «vəhşi köçəri tayfalar», kürdlər və ermənilər isə regionun ən qədim sakinləri, Midiya, Manna, Atropatena və Qafqaz Albaniyasının, Azərbaycan ərazilərindəki Qarabağ və İrəvan xanlıqlarının qurucuları kimi təqdim edilmişdir. Erməni iddialarını açıq şəkildə dəstəkləyən həmin kitabda qeyd olunur ki, guya kürd xalqının zəngin irsini, folklor və tətbiqi sənət nümunələrini, dövlətçilik tarixini Azərbaycan türkləri qəsb etmiş, Nizami Gəncəvi, Koroğlu, Babək kimi «kürd xalqının böyük şair və qəhrəmanlarını» etnik türk elan etmişlər. Xüsusilə vurğulamaq lazımdır ki, «Qafqaz Kürdüstanının tarixi» kitabı ilə ləzgi separatizminin ideoloqlarından sayılan Hacı Əbdürəhimovun «Qafqaz Albaniyası - Ləzgistan. Tarix və müasirlik» kitabı demək olar ki, eyni ağacın çürük meyvələridir. Müqayisəli təhlil zamanı hər iki «tədqiqat işinin» oxşar üslubda yazılması, eyni «dramatik süjet xəttindən», mənbə və sitatlardan istifadə olunması, hətta ayrı-ayrı hissələrinin bir-birini təkrarlaması müəyyən edilmişdir. Yeri gəlmişkən, o da məlum olmuşdur ki, 1995-ci ildə İrəvan Dövlət Universitetinin nümayəndələri Rusiya Elmlər Akademiyasının Dağıstan Elm Mərkəzinə gəlmiş, ləzgilərin tarixi barədə yazdıqları kitab üçün müəllif axtarmışlar. Peşəkar ləzgi tarixçiləri kitabın mətni ilə tanışlıqdan sonra onun müəllifi olmaqdan qəti şəkildə imtina etmişlər. Bununla belə, maddi durumu ağır olan ortabab fizik, professor Hacı Əbdürəhimov münasib qonorar müqabilində həmin kitaba öz imzasını qoymağa razılıq vermişdir. Eyni «müəlliflik metodu» tarixşünaslıq haqqında anlayışı olmayan Vəkil Mustafayevin «Qafqaz Kürdüstanının tarixi» kitabının ərsəyə gəlməsində təkrar olunmuşdur...

(Ardı var)


Müəllif: Səxavət HƏMİD