15 Dekabr 2017 11:54
7 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyadan necə qaçdım?” – Məhəmməd Altunbayın xatirələri

VI Hissə

Əvvəli burada

Həyata gözümüzü açdığımız zaman havasından gözlərimizə nur, torpağından və suyundan damarlarımıza qüvvət aldığımız o əziz yurdumuz şimal buludlarının zəncirinə vurulmuşdu. Biz də o gözləri yaşlı, alovlar içində yanan yurdun yetim övladı idik.

Doğulduğum gün o əziz vətən qara buludların altında idi. Hər evdə yüksələn Allah səsləri sabaha böyük ümid vəd edirdi. Sonradan çox sevdiyi övladlarına həsrət qalan, bəlkə də, ağlamaqdan kor olan zavallı anam, atamın ölümündən sonra üç oğlan övladı ilə bərabər illərlə ağladı. Amma sel kimi göz yaşları axıdan təkcə mənim anam deyildi. O, müqəddəs Azərbaycan torpağının qara taleyi on minlərlə ananın, gənc gəlinlərin və qızların qanlı göz yaşlarına səbəb oldu.

Fəlakətli illərimizdə yaşamaq, oxumaq bizim üçün həyatın ən ağır yükü oldu. Orta məktəbdə oxuduğum zaman 13 yaşımda ikən özümdən üç yaş böyük qardaşımla bərabər çalışmaq məcburiyyətində idik. Gündüz fabrikdə işləyərək gecə məktəbdə oxuyurduq. Nəhayət, min iztirab və sıxıntı içərisində ilk və orta məktəbi Gəncədə bitirdikdən sonra 1926-cı ildə qardaşımla bərabər Bakıya getdik. Orada da yenə gündüz işlədik, gecələr liseydə oxuduq. Eyni zamanda Bakıda türk dilində çıxan “Kommunist” və “Yeni yol” qəzetlərinin aktiv müxbirləri arasında idik. Qəzetçiliklə məşğul olduğum üçün daim qəlbimdə uzun bir səyahət arzusu çırpınırdı.

Nəhayət, liseyi bitirmək ərəfəsində üç dostumla birlikdə Türküstan səyahətinə qərar verdik. Dərhal bu qərarın tətbiqinə başladıq. Üç gün içərisində hər şeyimizi hazır edib limana gəldik. Bakı limanından hərəkət edən gəmimiz bir-birinin arxasınca hücum edən dalğaları yenə-yenə tam 20 saat dayanmadan yol getdi. Günəş doğar-doğmaz Quzğun (Xəzər) dənizinin sahilə çarpan dalğaları arasında Krasnavodsk limanında dayandıq.

Altı ay davam edən Türküstan səyahətimizdə Krasnavodsk, Aşqabad, Mərv, Buxara, Çarjo, Səmərqənd, Daşkənd və bir çox şəhər və qəsəbələri dolaşdıq. Tarixin ən böyük qəhrəmanlarını yetişdirən bu ulu diyarda yaşayan təmiz qəlbli türklərin iztirablarını daha yaxından izlədik, böyük iztirab duyduq. Çünki o ulu türk yurdu dərin bir matəm və səssizlik içində idi. Ucsuz-bucaqsız Türküstanın keçmişi, ənənələri hisslərimi və fikirlərimi sanki böyük cahangir Əmir Teymura doğru çəkirdi. Bu torpaqlara, bu bozqır mənzərələrinə, bu fırtınalı rüzgarlara onun böyük və sönməz ruhu qarışmışdı. İndi Əmir Teymurun zəfərlə qabarmış sinəsində böyük yara vardı.

Qoca Türküstanın hər tərəfində gördüyüm mənzərələr bu qədər acı idi. Fəqət mən bu müşahidələrimi yazmaqda olduğum “Vətən və istiqlal fədailəri” adlı kitabımda daha geniş surətdə, ətraflı şəkildə izah etməyi özümə borc və mühüm vəzifə bilirəm. Bəlkə, o zaman mənsub olduğu böyük millətini sevən hər qandaşımın gözləri yaşaracaqdır.

Səyahətimiz bir az çox sürdü. Hər tərəfdə yeni dərs ili başlamışdı. Biz də Bakıya dönməyə tələsirdik. Mindiyimiz qatar Buxaradan Aşqabad istiqamətinə hərəkət etdi. Qatar bir neçə stansiya getdikdən sonra qarşımıza çıxan ilk stansiyada hər üçümüz qatardan endik. Beş dəqiqə sonra qatara dönüncə əşyalarımızı yerində görmədik.

Nəhayət, oğrular tərəfindən oğurlandığı bildirildi. Çarjoya çatdığımız zaman tutulub bir ay həbs edildik. Başqa yazılarımda Türküstan müşahidələrimi yazarkən Çarjoda keçirdiyimiz bir aylıq cəzalı həbsdən ətraflı bəhs etmək niyyətindəyəm.

Nəhayət, pərişan bir halda Bakıya gəldik. Bu səyahət mənə bir çox təcrübələr qazandırdı. Qəlbimdə olan vətən və millət sevgisini alovlandırdı. Daim qafamda, ruhumda və bütün vücudumda olan yeganə düşüncə, vətənimə və böyük millətimə faydalı üzv ola bilməyim idi. Nəhayət, zabit məktəbinə girməyə qərar verdim.

Liseyi bitirən ərəfədə Bakıda təyyarə məktəbi açıldı. Mən də bu fürsəti qaçırmayaraq imtahandan və həkimlərin müayinəsindən keçdikdən sonra təyyarə məktəbinə qəbul olundum. Məktəbin 55 tələbəsi vardı. Bunların 11-i türk, digərləri rus və ermənilər idilər. Uçuş günlərinin ən hərarətli zamanı idi. Uçuş meydanında keçirdiyim ağır bir qəzaya görə iki ay xəstəxanada yatdım. 1930-cu ildə məktəbi bitirdiyimiz zaman 11 türk tələbədən ancaq mən qalmışdım. Digərləri nədənsə ilin ortasında məktəbdən çıxarılmışdılar.

Bu məktəbi bitirdikdən sonra bir çox rus pilotu ilə bərabər Moskvanın əmrinə əsasən, Odessadakı hərbi təyyarə məktəbinə getdim. İl yarım davam edən hərbi pilotluq dərslərimizin son uçuş günləri idi. Bir gün manevrdə təyyarəmiz alovlanaraq yanmağa başladı. İki dəqiqə keçmədi ki, təyyarə kül olaraq torpağa qarışdı. Bu hadisəyə görə məni tutaraq ÇEKA rəisinin otağına apardılar.

Rəisin otağına girən kimi ayaqlarımı bir-birinə vuraraq ucadan salam verib “əmrlərinizə müntəzirəm, yoldaş naçalnik” dedim. Hərbi salam məqamında gözləyirdim. Rəis başı aşağıda yazı yazırdı. İki dəqiqə qədər gözlədikdən sonra başını önündəki böyük yazı masasından qaldıraraq sanki məni heç görməmiş kimi diqqətlə baxdıqdan sonra özünə yaxın bir stul göstərərək “otur” dedi. Oturdum. Rəis “danış, görək, necə oldu ki, təyyarəniz alovlanaraq yandı” dedi. Mən də danışmağa başladım: “Manevr üçün dünəndən təyyarəmizi uçuşa hazırlayıb anqara qoyduq. Sabah erkəndən gələrək təyyarəmizi anqardan çölə çıxarıb motorunu işə saldıq. Motor 2-3 dəqiqə çalışan kimi birdən-birə ön tərəfindən alovlanaraq yanmağa başladı. Nə qədər çalışsaq da, söndürə bilmədik. Nəhayət, təyyarənin benzin deposu alovlandı. Artıq yanmaqda olan təyyarəyə yaxınlaşmaq çox təhlükəli idi. Biz ancaq onun yaxınında olan təyyarələri alovdan uzaqlaşdırmağa çalışdıq”.

Rəis: “Yaxşı, təyyarə nə üçün alovlandı?”

Mən: “Çünki radiatorun suyunu boşaldıb yerinə benzin tökmüşdülər”.

Rəis: “Radiatora benzini kim tökmüşdü?”

Mən: “Bilmirəm, onu gecə gözətçisindən soruşmaq lazımdır”.

Rəis mənim bu cavabımı eşidər-eşitməz oturduğu stuldan qalxaraq hiddətlə və yüksək səslə: “Təyyarəni sənin yandırdığını bilirik, fəqət sənin şəxsən bu məsələni etiraf etməyini istəyirik” dedi.

Mən dərhal yerimdən həyəcanla qalxdım: “Mənə iftira atırsınız, yoldaş naçalnik, məni günahlandırmaq üçün əlinizdəki dəlil nədir?” dedim. Rəis bu dəfə nəzakətli bir tövrlə, “təbii ki, sən bu xəyanəti istəyərək etmədin, fəqət səni başqaları, yəni vətən xainləri aldadaraq bu işə sövq ediblər. Sən onların kim olduqlarını bildirməlisən ki, biz də sənin köməyinlə vətənimizdə olan xainləri tapaq”.

Mən həyəcandan başımdan dırnağıma qədər tərləmişdim. Rəisə qarşı yüksək səslə: “Siz haqsız olaraq məni suçlu etmək istəyirsiniz. Bu haqsızlığı edə bilərsiniz. Fəqət mənim bu məsələdən əsla xəbərim yoxdur. Məni qəbahətli göstərmək üçün əlinizdə heç bir dəlil yoxdur. Təbii ki, bir insan bilərək öz həyatına düşmənlik etməz, çünki əgər bu cinayəti mən törətsəydim, öz həyatıma qəsd etmiş olardım. Bu təyyarədə uçan mənəm, əgər təyyarə yerdə yox, uçarkən alovlansaydı, demək ki, sizə görə mən öz əlimlə özümü yandırmaq istəmişəm”.

Bu sözlərimi həyəcanla bitirdim. Rəis bir az düşündükdən sonra: “Yaxşı, sən indi vəzifə başına get” dedi.

Mən çölə çıxdım, bu iftiralara təəccüblənmişdim. Çünki həqiqətən, mənim bu məsələdən xəbərim yoxdu. Fəqət ortada işlənmiş bir cinayət vardı. O da bu idi ki, gecə gizli şəkildə təyyarəmizin radiatorunun suyunu boşaldaraq yerinə benzin tökmüşdülər.

Məqsədim cinayət işləmək deyil, təyyarəçi olmaq, millətimə bu şəkildə faydalı bir üzv olmaqdı.

Odessada baş verən bu hadisə bir neçə gün içərisində Bakıya bu şəkildə yayılmışdı: Guya uçarkən təyyarəm alovlanmış, mən də içində yanmışam. Bu xəbəri alan böyük qardaşım Odessaya iki dəfə teleqraf göndərdi. Mən isə cavab vermədim, çünki o günlərdə müqəddəratımın necə olacağı bəlli deyildi.

Bu hadisənin üstündən 15-16 gün keçmişdi. Məktəbin nəzəri dərsləri və uçuş proqramları bitmişdi. Məktəb komandanlığı pilotların vəzifələrinə göndərilməsi üçün Moskvadan əmr gözləyirdi. Bu məktəbdə 1200 tələbə oxuyurdu. Bunların içərisində yeganə türk mən idim.

Bir sabah erkəndən oyandıq. Yarım saatlıq idmandan sonra qəlyanaltı etdik. Bu əsnada gözətçi mənə yaxınlaşaraq “səni yoldaş naçalnik çağırır” dedi. Naçalnikin adını eşidən kimi yenə qəlbimdə həyəcan başladı. Salam verərək otağına girən kimi naçalnik “Məktəb komandanlığının verdiyi əmrə əsasən, siz bu gündən etibarən məktəbdən çıxarılırsınız, təyyarəçilikdə də çalışmağınıza icazə verilməyəcəkdir” dedi. Bu sözləri eşidən kimi sanki başımdan qaynar su tökdülər. Nə deyəcəyimi bilmədim. Bir neçə saniyə sükut içərisində qaldıqdan sonra naçalnikə dönərək “yoldaş naçalnik, demək ki, sizcə, təyyarənin yanmasında günahkar mən imişəm, bu halda məni təyyarəçilikdən çıxarmaq yox, güllələmək lazımdır” dedim.

Naçalnik, “Xeyr. Təyyarənin yanmasında qüsurlu sən deyilsən” dedi. “Yaxşı, belə halda nəyə görə məni çox sevdiyim məsləyimdən uzaqlaşdırırsınız” dedim. Naçalnik: “Mən bilmirəm, əmr belə gəlib. Mən sizə heç bir yardım edə bilmərəm” dedi.

Artıq söyləyəcək bir sözüm qalmamışdı. Məyus bir halda çölə çıxdım.

Gənc yaşımda sevərək qərar verdiyim bu məsləkdən vaz keçməyəcəyimə, müvəffəq olacağıma inamım qüvvətli idi. Xülasə, iki gün içində işlərimi bitirdikdən sonra Moskvaya getməyə qərar verdim. Moskvanın əmri ilə təyyarəçi olaraq qəbul olunmasam, Azərbaycana dönməyəcəyimə and içdim. Nəhayət, Moskvaya gəldim. Ertəsi gün Ümumrusiya Hava Müşavirinin yanına getdim, artıq hər şeyi gözə almışdım.

Hava müşavirinin müavini otağına girməyim üçün mənə izn verdi. Otağa girən kimi hərbi salam verdim. Müavin “nə istəyirsən, danış görək” dedi. Mən həyəcan içərisində vəziyyəti bu şəkildə anlatmağa başladım:

“Mən Bakı təyyarə məktəbinə qəbul olunduğum zaman rus dilini bilmirdim. Buna müqabil gecə-gündüz çalışdım, məktəbi çox yaxşı dərəcə ilə bitirdim. Bir neçə dəfə mükafat aldım. Bunlar şəhadətnamələrimdir. Odessada oxuduğum müddətdə yenə heç bir tələbədən geri qalmadım. İki il yarım zəhmətdən sonra günahım olmadığı halda məni çox sevdiyim məsləkdən uzaqlaşdırdılar. Ayrılmaq istəmədiyim bu məsləkdə çalışmağıma imkan vermənizi dərin hörmətlə rica edirəm”.

Müşavir müavini heç bir söz söyləmədi. Qələmi götrərək: “Adın və atanın adı nədir? “ soruşdu. Mən də söylədim. Bir neçə sətirlik yazı yazaraq bir zərfin içərisinə qoydu. Zərfi mənə verərək: “Qatara minərək Tambova gedərsən, bu məktubu yazdığım ünvana apararsan” dedi. Təşəkkür edib çölə çıxan kimi zərfin üstünü oxudum. Bu məktub Tambov təyyarə məktəbi komandanlığına yazılmışdı. Ertəsi gün qatarla Tambova hərəkət etdim...

P.S. Təəssüf ki, Məhəmməd Altunbayın xatirələrinin yayımlandığı “Gök Börü” dərgisi 13-cü sayından sonra qapandığı üçün xatirələrin davamını əldə edə bilmədik. Şübhəsiz ki, Altunbay xatirələrinin davamını yazıb. Altunbay sonralar həyatı ilə bağlı sağlığında “Düşmən gəlir. Tarixdə hürriyyətə uçan ilk adam” (İstanbul, 1976) adlı kiçik kitabça yazır, “501 nömrəli hücrə” adlı film çəkir.

Ömrünün sonlarına yaxın xatirələrini daha geniş şəkildə yazmağa başlayır, lakin tamamlaya bilmir. Xanımı Məlahət Altunbay tərəfindən hazırlanan kitab 1989-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyi tərəfindən “Hürriyyətə uçan türk. Məhəmməd Altunbayın xatirələri” adı ilə nəşr olunur. Bu kitabda Altunbay atası və Gəncə üsyanı haqqında bilgilər verir. Bizim yayımladığımız xatirələri bu kitabın illər öncə yazılmış davamı kimi qəbul etmək lazımdır.

Altunbayın sonrakı həyatı ilə bağlı ayrıca yazımız, oğlu Oktay Altunbay ilə müsahibəmiz olacaq. Növbəti yazımızda isə Altunbayla bərabər mühacirətə gedən Həsən Zeynallının Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edəcəyik.


Müəllif: Dilqəm Əhməd