21 Dekabr 2017 10:15
7 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

…belə ki, Türkmənçay və Gülüstan müqavilələrindən sonra əsasən Türkiyədən Naxçıvana gətirilən ermənilərin bir hissəsi sonralar Rusiyanın cənubuna, xristian (qriqorian) qıpçaqların yaşadıqları Aksay rayonuna da gətiriliblər. Yeni salınan məntəqəyə isə “Don Naxçıvanı” adı verilib. Müəlllif yazır: ”Eyni dindən olan qaçqınları qəbul etmiş naxçıvanlılar (Don Naxçıvanının qıpçaq əhalisi nəzərdə tutulur – A.Q.) gəlmələrə nifrət və ədavətlərini boğaraq onlara yardım göstərsələr də, bu icmaların vahid etnos tərkibində birləşməsinə nail olunmamışdı. Onlardan biri arxetipinə, psixomotorikasına, qan fermentlərinə görə Altay ailəsinə, digəri isə Hind-Avropa qrupuna aid idi. Don ermənilərinin (qriqorian qıpçaqların) mədəni kodu, həyat və danışıq tərzləri gəlmələr üçün cəlbedici deyildi. Yalnız Don Naxçıvanının kilsələrində birgə ibadət vaxtı həm yerli əhali, həm də gəlmələr özlərini “düzgün erməni” hesab edirdilər”. Kitabdan o da məlum olur ki, hər iki icmanın assimilyasiyasına, “haylaşdırılması” prosesinə qatı millətçi və leninçi-kommunist Anastas Mikoyanın Don vilayətinə rəhbər təyin edilməsindən sonra başlanılmışdı.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Xristian türklər, qıpçaq ermənilər

“Nə çox hindli və türk var ki, dilləri birdir, Nə çox iki türk var ki, bir-birinə yad kimidir”

Mövlanə Camaləddin Rumi

Ermənistanda populyar olan bir lətifədə deyilir: Günlərin birində tanınmış erməni teatr və kino aktyoru Frunzik (Mger) Mkrtıçyan Avstraliyaya qastrol səfərinə yola düşür və buradakı erməni diasporası ilə görüşməli olur. Avstraliya erməniləri ona deyirlər: «Bura böyük və bərəkətli ölkədir. Gəlin bütün erməniləri yığıb Avstraliyaya köçürək». Frunzik razılaşmır: «Olmaz! Biz hər dəfə yuxudan oyananda Ararat (Ağrı) dağına baxmağa adət etmişik». Cavab verirlər ki, «Narahat olma, o hüdürlükdə olmasa da, bir az balacasını burada ucaldarıq». Frunzik «Bəs Sevan (Göyçə) gölü necə olsun?» deyə soruşur. Yenə də onu arxayın edirlər: «Yeri qazıb burada ikinci Sevan gölü yaradarıq». Aktyor etirazla başını yelləyir: «Bəs Eçmiədzin?» Cavab verirlər: «Sən heç darıxma, o kilsəni də söküb burada təzədən qura bilərik». Hər şeydən əli üzülən Frunzik bu dəfə də razılaşmır və sonuncu sualını verir: «Bəs türkləri nə edək?» Sükut çökür. Bir azdan təəccüblə soruşurlar: «Türklər nəyimizə lazımdır?» Aktyor dillənir: «Axı, biz onlarsız heç nə edə bilmərik? Çörəyimiz onlardan çıxır…»

Müasir genetika, antropologiya, kulturologiya da birmənalı olaraq sübut edir ki, ermənilər sinkretik etnogenezə, dil və mədəniyyətə malik xalqdır. Lakin polietnik xarakterli xristian dinində qriqorianlığın hələ də istisna olaraq monoetnik məzhəb kimi tanınması normal məntiqdən kənardadır. Bu unikal toplumun əsas hissəsinin xristian olmasına baxmayaraq, tarix boyu yayıldıqları ərazilərdə onlar yerli əhali ilə sıx ünsiyyətdə olmuş, qaynayıb-qarışmış və nəticədə türk, parf, fars, yəhudi, kürd və s. etnik mədəniyyətlərinin və onların inanc elementlərinin də daşıyıcısına çevrilmişlər. Bu baxımdan, hazırda total xarakter alan erməni mənimsəmələrinə məhz «mədəniyyət daşıyıcısı» müstəvisindən yanaşılanda onların digər xalqlara aid mədəniyyət nümunələrini nə üçün erməniləşdirməsinin «bəraətverici» səbəbləri də aydınlaşır. Məsələn, «erməni» etnomədəni toplumunun genetikasının və sinkretik mədəniyyətinin formalaşmasında yaxından iştirak etmiş xalqlar içərisində qriqorian yəhudilər «ümumi qazana» dini prinsiplərini, ayin və rəvayətlərini, qriqorian parflar andronim (insan adları) və leksik vahidlərini, xristian türklər adət-ənənələrini, musiqi, folklor, mətbəx və tətbiqi sənət elementlərini və s. daxil etmişlər. Bu sıraya xristian gürcüləri, lazları, kürdləri, ərəbləri də aid etmək olar. Ermənilər arasında geniş yayılmış türk, fars, yəhudi, gürcü, kürd, parf kökənli ad və soyadları da bu fikri təsdiq edir. Tiqran Avetisyan yazır ki, «erməni soyadlarının yalnız 26,3%-i orijinal erməni dilindən törənmişdir. Qalan ad və soyadların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü isə digər dillərdən götürülmüşdür». Nəticədə, bir daha əminlik yaranır ki, «erməni» termini orta əsrlərin sonlarınadək konfessionim olaraq qalmış, yəni polietnik qriqorian məzhəbinə tapınan müxtəlif xalqların nümayəndələrindən ibarət dini birlik məzmunu daşımışdır.

Paranoyal erməni millətçiliyinin romantik-lirik qanadının nümayəndəsi olan İran əsilli yazıçı Raffi (Akop Melik-Akopyan) 1880-ci ildə Tiflisdə çıxan «Mşak» qəzetinin 121-ci sayında ermənilərin içərisində müsəlmanların da olmasını, amma kilsənin bilərəkdən onları «ermənilik» məfhumundan kənarda saxlamasını etiraf edərək bildirirdi: «Nə katoliklik, nə protestanlıq, nə də islam erməniləri ermənilikdən məhrum edə bilər. Özümüzü «erməni» adlandırmaq hüququnu bizə həvari kilsəsi də (qriqorian) verməmişdir». Bu sözlərin üzərindən təqribən 120 il vaxt keçsə də, qeyd olunduğu kimi, nə erməni-qriqorian kilsəsinin, nə də erməni ideoloqlarının «türkləşmiş və islamlaşdırılmış ermənilərə» ehtiyatlı və inamsız münasibətləri hələ də dəyişilməmişdir. Hazırda onların erməni etnik identikliyinə aid olunmamasını təkid edənlərdən biri də İrəvandakı «Ararat» Strateji Araşdırmalar Mərkəzinin direktoru Armen Ayvazyandır. O, vaxtilə müsəlman ermənilər və həmşinlilər mövzusuna dair tədqiqatlar aparmış, Türkiyədə, Rusiyada etnoqrafik ekspedisiyalarda olmuş, «zorən islamlaşdırılmış və türkləşmiş» ermənilər və həmşinlilərlə görüşmüş, bu insanları etnodini və etnopsixoloji aspektdən öyrənməyə çalışmışdır. Uzun araşdırmalar nəticəsində erməni xalqının etnik və dini baxımdan rəngarəng toplum olduğunu anlayan, lakin bunu ümumerməni milli ideologiyası üçün təhdid kimi dəyərləndirən tarixçi aşağıdakı qənaətə gəlmişdir: «Əgər etnik identiklik amilini əsas götürsək, dünyada nə «müsəlman erməni», nə də «xristian türk» mövcuddur. Türkiyədə guya milyonlarla etnik erməninin yaşaması barədə yayılan iddialar da əsassızdır. Hətta Türkiyənin hər yerinə yayılmış həmşinlilər də Ermənistanı özlərinə vətən bilmir, onun torpağı, xalqı, dili və mədəniyyəti ilə psixoloji bağlılıqları yoxdur. Ən vacibi isə həmşinlilər Ermənistanın gələcək taleyi ilə bağlı qətiyyən özlərində məsuliyyət hiss etmir, siyasi öhdəliklər götürmür, övladlarını erməni kimi böyütməyə çalışmırlar». A.Ayvazyan onu da əlavə edir ki, islamı qəbul etmiş ermənilərin nə vaxtsa erməni kimliyinin, erməni təfəkkürünün daşıyıcıları ola bilməsi mümkün deyildir. Müsəlman erməni və ya həmşinli Ermənistan və erməni tarixinə, mədəniyyətinə aid olan bütün mədəni qatlardan imtina etmişdir: «O, Türkiyədə erməni xalqının milli-azadıq hərəkatına qoşulmamış, əksinə Ermənistanı əbədi kölə vəziyyətinə salmaq istəyən müsəlman dövlətlərin yardımçısı olmuşdur. Bizdə müsəlman ermənilərin əllərinə silah alaraq erməni milli-azadlıq hərəkatına qarşı vuruşması haqqında da xeyli misal vardır». «İslamlaşdırılmış ermənilərə» dair erməni-qriqorian kilsəsinin mövqeyindən çıxış edən politoloq müsahibənin sonunda onun kimi düşünənlərin aqressiv mövqeyinin səbəblərini belə izah etmişdir: «Əgər biz türkləşmiş erməniləri öz soydaşlarımız kimi qəbul etsək, yeni bir problemlə üzləşə biləcəyik. Türklər deyəcəklər: «Erməni soyqırımı olmayıb. Baxın, «öldürülmüş» sayılan həmin ermənilər sağ və salamatdırlar, həmişəki ərazilərində yaşayırlar və Türkiyənin qanunsevən vətəndaşlarıdırlar… Bu gün düşünülmədən atılan hər bir addım, buraxdığımız strateji səhv bizim həyatımız üçün böyük təhlükəyə səbəb ola bilər».

Ermənistanın siyasi elitasında, ruhanilər arasında A.Ayvazyanın mövqeyini dəstəkləyənlər çoxdur. Onlar bir tərəfdən qondarma «erməni soyqırımı» və onun törəməsi olan «Qərbi Ermənistan torpaqları» iddiasının reallaşması üçün «islamlaşdırılmış və türkləşmiş ermənilər» mifini siyasi gündəmdə saxlamağa, digər tərəfdən isə Ermənistanın və erməni (hay) tarixinin, qriqorian məzhəbinin etnik tarixinin, mədəniyyətinin ən həssas nöqtəsini gizlətməyə çalışırlar. Çünki «qırx qapı arxasında» saxlanılan bu sirrin açılması ermənilərin region xalqlarının maddi-mədəni və qeyri-maddi mədəni irs nümunələrini total mənimsəmə səylərinin səbəblərindən birinə aydınlıq gətirə biləcəkdir. Odur ki, bu fəaliyyəti ifşa edəcək başlıca amillərdən birinə, xristian türklərə – Bizans və Alban Həvari kilsəsinə, sonralar həm də qriqorian məzhəbinə tapınan savir, bulqar, hun, xəzər, oğuz və qıpçaq tayfalarına və onların «erməniləşmiş törəmələrinə» dair həqiqətlərin üzə çıxmasına ciddi müqavimət göstərməkdədirlər. Bu həqiqətlər isə bütün iddialarının əksinə olaraq, XVIII əsrin sonlarına kimi erməni-qriqorian məzhəbinin polietnik – çoxmillətli olması faktını bir daha təsdiqləyir. Türkiyənin, Cənubi Qafqazın və İranın din tarixi göstərir ki, xilafət dönəmində, sonralar Səfəvi, Osmanlı dövlətlərinin dövründə könüllü və ya zorən islamı qəbul edənlərin, eləcə də müxtəlif şəraitlərdə qriqorian məzhəbinə tapınanların içərisində etnik türklər də olmuşlar.

Ən asan təsdiqini tapmaq üçün populyar erməni soyadlarına xristian (qriqorian) türklər kontekstindən yanaşıb maraqlı eksperiment keçirək. Bunun üçün isə kompüterin arxasında cəmi bir saat vaxt sərf etmək kifayətdir. Əvvəla, «Erməni dilində soyad anlamını verən «azqanun» («azq» – nəsil, tayfa + «anun» – ad) kəlməsi şəxsin hansı nəslə və ya tayfaya mənsub olduğunu ifadə edir». Sözün sonuna əlavə olunmuş «yan», «yants», «ents», «uni» komponentləri isə türk dillərində soyadı («soy» – nəsil) bildirən «-lı», «-li», «-lu», «-lü» şəkilçiləri ilə eyni funksiyanı yerinə yetirir. «Erməni kəndlərində bu gün də «Kimlərdənsən?» sualına belə cavab verirlər: «Davidents, Aşotents» (yəni Davidin, Aşotun nəslindən). Odur ki, əgər bir qədər özümüzə zəhmət verib Şimali və Cənubi Qafqazda, Cənubi Azərbaycan və Anadoluda, Mərkəzi Asiyada, Volqaboyunda yaşayan qədim türk tayfalarının, tayfa konfederasiyalarının adlarına «yan» şəkilçisini qoşub «Google» proqramında axtarışa versək, müasir ermənilərin əhəmiyyətli hissəsinin qədim etnik mənsubiyyətini göstərən xeyli sayda «erməni» soyadlarından ibarət kolleksiya toplamış olarıq. Məsələn, Oğuzyan (Oğuzlar), Bayanduryan (Bayandurlu), Çepniyan (Çepni), Salaryan, Saluryan (Salar/Salur), Xalacyan (Xələc), Uyquryan (Uyğurlar), Qarqaryan, Xarxaryan, (Qarqar), Qaşqaryan (Qaşqar), Ayrumyan (Ayrım), Şamlıyan (Şamlı), Bayramyan (Bayramlı), Qaramanyan (Qaramanlı), Kavaryan (Kəvər), Naymanyan (Neyman), Baranyan (Baranilər), Alaryan (Alar), Artukyan (Artuklu), Barsilyan (Barsilli), Akramyan (Əkrəmli), Sadakyan (Sadaklı), Dəmirçiyan (Dəmirçili), Hunyan (Hunlar), Xazaryan (Xəzərlər), Sakayan (Sakalar), Kazıkyan (Kazık), Alatyan (Alat/Ələt), Padaryan (Padarlar), Kolayan, Kolanyan (Kollar, Kolanılar), Kanqliyan (Kanqlı), Boriyan (Börü), Çobanyan (Çobanlı), Qadjiyan (Hacılı), Bolqaryan, Bulqaryan (Bulqarlar), Kumanyan (Kumanlar), Kimakyan (Kimaklar), Bayburtyan (Bayburtlu), Ordakyan (Ördəkli), Atabekyan (Atabəylər), Qazaxyan (Qazaxlar), Teleyan (Telelər), Saatyan (Saatlı/Sədli), Goranyan (Goran), Taqaryan (Toqar), Muradxanyan (Muradxanlı), Çarikyan (Çarıqlı), Aciryan (Əcirli), Qarabaşyan (Qarabaşlar), Avdıyan (Avdı), Abdalyan (Abdallar), Tataryan (Tatarlar), Avaryan (Avarlar), Alibekyan (Əlibəyli), Alxanyan (Alxanlı), Amanyan (Amanlı), Karaçayan (Qaracalar), Şatliyan, (Şatlılar), Qaraxanyan (Qaraxanlılar), Karakaşyan (Qaraqaşlı), Arqinyan (Arqınlar), Canibekyan (Canibəylər), Madjaryan (Macarlar), Çarçiyan (Çərçili), Amiryan (Əmirli), Seyfalyan (Seyfəli), Salahyan (Salahlı), Kurdyan (Qurdlar), Amirxanyan (Əmirxanlı), Alixanyan (Əlixanlı), Calairyan (Cəlairlər), Bayatyan (Bayat), Afşaryan (Əfşar), Qacaryan (Qacar), Çirakyan (Çıraqlı), Tumasyan (Tumas), Ulaşyan (Ulaşlı), Djaqiryan (Cəgirli), Şadiyan (Şadlı), Baxaryan (Baharlı), Kızıkyan (Kızık), Karginyan (Karğın), Kalantaryan (Kələntərli), Ciginyan (Cigin), Şaxverdiyan (Şahverdi), Əmiryan (Əmirli), Dəlləryan (Dəllər), Şixyan (Şıxlı), Edilyan (Edilli), Quşçuyan (Quşçular), Kozatyan (Gözətli), Uzbekyan (Özbək), Karacayan (Qaracalı), Çimayan (Çiməli), Avciyan (Avcılı), Bozdoqanyan (Bozdoğanlı), Nəccaryan (Nəccarlı), Barakyan (Baraklı), Qapanyan (Qapanlı), Turqutyan (Turqutlu), Ağcayan (Ağcalı), Kusunyan (Kusunlu), Hamzayan (Həmzəli), Sevumyan (Sevvumlu) və s.

Bu və bu kimi onlarca soyadları bir çox müasir erməninin «daş yuxularında» onu həqiqi əcdadları ilə bağlayan qədim tellərdir və bu əlaqəni reanimasiya etmək vaxtı çatmışdır. Kimdir bu əcdadlar? Onlar vaxtilə türk nəsil və tayfaları içərisindən çıxaraq xristianlığı, eləcə də polietnik qriqorian məzhəbini qəbul edən, sonralar hay etnosunun içərisində tamamilə assimilyasiya olunan həqiqi «ermənilərdir»! Təəssüflər olsun ki, SSRİ tarixşünaslığından qalmış bir ənənə olaraq Azərbaycanda da xristian türklərin tarixi və onların irsi hələ də lazımi səviyyədə öyrənilməmişdir. Məhz bu tipli soyadlarının tədqiqi erməni iddialarına qarşı effektiv sübutların əldə olunması üçün mühüm addım ola bilər. Belə yanaşma erməni mənimsəmələri üçün həm ittihamedici, həm də «bəraətverici» funksiyalar daşımaqla aşağıdakı konstruktiv və «barışdırıcı» mövqenin yaranmasına yardımçı olur: Erməni-hayların türk xalqlarının maddi-mədəni irsini mənimsəmələrinin yeganə bəraətverici səbəbi onların etnogenezinin, etnik mədəniyyətlərinin formalaşmasında türk xalqlarının, xüsusilə xristian türklərin fəal iştirak etməsidir. Erməniləri bu mənimsəmələrə sövq edən isə «daş yuxuları» və kollektiv yaddaşlarıdır. Məhz həmin dominant amilin etirafından sonra müasir erməni daha oğrun-oğrun deyil, cəsarətlə «Bu həm də mənimdir» deyə biləcəkdir…

Beləliklə, yuxarıdakı sadə misallar bir daha təsdiq edir ki, «erməni» sözü hay xalqının etnoniminə çevrilməmişdən əvvəl orta əsrlərin sonlarınadək konfessionim olmuş, dini mənsubiyyəti ifadə etmişdir. Regionun müsəlman icmaları isə «erməni» deyəndə etnik kimliyindən asılı olmayaraq bütün monofizit xristianları – hayları, aysorları, tatları və ən nəhayət, xaçpərəst türkləri nəzərdə tuturdular. Əgər belə olmasaydı, XX əsrin əvvəllərində ermənilərin tarixi Azərbaycan ərazilərində – Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda, Şirvanda, Lənkəranda, Qubada, Bakıda, Xoyda, Səlmasda, Makuda və s. törətdikləri qətliamlar xalq arasında «erməni-müsəlman davası» adlandırılmazdı. Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvabın (1833-1918) 1903-1904-cü illərdə Şuşada və Qarabağın başqa kəndlərində erməni millətçilərinin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlərdən bəhs edən «Təvarixirəzm və şurişi tayifeyi-əraməniyeyi - Qafqaz ba firqeyi müsəlmanan» («Qafqaz erməni tayfası ilə müsəlmanların vuruşması və iğtişaş tarixləri») əsərində də həmin hadisələr «erməni –müsəlman davası» kimi təqdim olunmuşdu.

Lakin özlərini «İsa Məsihin ilk təbəələri» kimi qələmə verən haylar üçün «müsəlman ermənilər» ifadəsi nə qədər yad səslənsə də, əsas hissəsi islam dininə tapınan türk xalqlarında «xristian türklər» kəlməsi əksinə adi qarşılanırdı. Səbəb isə digər xalqlarla müqayisədə türk superetnosunda etnik kimliyin dini mənsubiyyət üzərində dominant rola malik olmasıdır. Bu gün müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinin ardıcıllığında da bu qədim prinsip qorunub-saxlanılmışdır: mavi zolaq (türkçülük) bayrağın yaşıl rəngli hissəsindən (islamçılıqdan) önə çıxarılmışdır. İslam da, xristianlıq da, hətta iudaizm də türk arealına daxil olanda etnik mədəniyyətin təkcə ciddi müqaviməti ilə deyil, həm də təsiri ilə üzləşmiş, özünün «klassik görkəmini» saxlaya bilməmiş, yerli şəraitə uyğunlaşmalı olmuşdur. Nəticədə, «xalq islamı», «karaim (əsl adları «karalar») iudaizmi» yaranmışdı. Türklərin müxtəlif dövrlərdə tapındıqları inanclar arasında totemizm, tanrıçılıq, buddizm, yəhudilik, islam və xristianlıq da olmuş və bu gün də qalmaqdadır. İsa Məsih təliminə tapınan türklər sırasında peçeneqlər, kanqlılar, qaramanlılar, lipkalar (Polşa-Litva tatarlarının bir hissəsi), qıpçaq və oğuzlar, bulqarlar, kumanlar, Elxanilərin və Atabəylərin bəzi nəsilləri, Krım tatarları, qaqauzlar, mişər tatarlarının bir qismi, kerəşen tatarları (rus dilində olan «kreşennıy», yəni «vəftiz edilmiş» sözündən), çuvaşlar, yakutlar və digərlərinin adlarını çəkmək olar.

Doğrudur, XIX əsrin əvvəllərində baş verən proseslər nəticəsində həm Osmanlı dövlətində, həm də Çar Rusiyasının işğalı altında olan türk etnomədəni məkanında «ümmət» anlayışı bir müddət etnik kimliyi arxa plana keçirsə də, məhz İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Yusuf Akçura, Sadri Maksudi (Arsal), Mustafa Çokayev, Zəki Vəlidi (Toğan), Ziya Göyalp kimi mütəfəkkirlərin böyük fədakarlığı sayəsində türk xalqlarında etnik kimlik məsələsi siyasi məfkurə kimi gündəmə gətirilmişdi. O da maraqlıdır ki, bu ideyanı dəstəkləyən ziyalıların sırasında İstanbul Universitetinin professoru, «Türk dərnəyi»nin qurucularından biri olan erməni əsilli «Akop əfəndi» kimi tanınan Akop Boyaçıyan da vardı…

2003-cü ildə erməni tədqiqatçısı Eduard Vartanovun «Ростов официальный» qəzetində dərc etdirdiyi «Ermənilərin köçürülməsinə dair mif» başlıqlı məqaləsi elmi ictimaiyyətdə sensasiya doğurmasa da, Ermənistan siyasətçiləri, xüsusilə millətçi erməni alimləri arasında nəinki şok effekti yaratmış, hətta müəllifi «millətə xəyanətdə», «türklərə işləməkdə» ittiham etmişdilər. «Erməni» kəlməsinin qriqorian məzhəbi üzərində formalaşmış polietnik dini birliyin adı olmasını təsdiqləyən həmin məqalədə hayların uzaq keçmişdə Qara dəniz sahillərində, Rusiyanın və Ukraynanın cənub ərazilərində məskunlaşmasına dair iddia nəinki təkzib edilmiş, üstəlik «erməni xalqının etnik qrupu» kimi tanıdılan «Krım erməniləri»nin və «Don erməniləri»nin əslində xristian dininə tapınan qıpçaqlar olması göstərilmişdir. E.Vartanovun araşdırmalarına əsasən, həmin xristian icması bu gün də ortaq türk etnomədəni irsinin daşıyıcısıdır. Müəllif yazır: «Ermənilərin Rusiyanın cənubunu və Qara dəniz sahillərini fəth etməsi barədə fikirlər əslində heç bir faktoloji mənbəyə söykənməyən uydurulmuş tarixdir. Reallıqda Krım və Don erməniləri erməni-qriqorian xristianlığını qəbul etmiş qıpçaqlardır». E.Vartanov onu da bildirir ki, müasir «erməni-qıpçaqların» leksikası, adət və ənənələri onların qıpçaq babalarından qalmadır. Hətta etnik geyimləri tatarların milli paltarlarından seçilmir. Bundan başqa, erməni-qıpçaqlar «tarixi Ermənistandan olan soydaşlarını başa düşmürlər. Bu yadlaşma bu gün də davam edir. Nəticədə onlar «Don erməniləri» kimi əlahiddə etnos olaraq qalıblar».

E.Vartanov uzun illər ərzində topladığı tədqiqat materiallarına söykənərək, 2015-ci ildə «Don erməniləri tarixi fakt və etnosaxtakarlıq obyekti kimi. Tarix və diyarşünaslıq» kitabını nəşr etdirmişdir. Əsərdə hələ də araşdırma obyekti olan bəzi suallara da toxunulmuşdur: «Bu məsələdə paradoks ondan ibarətdir ki, əgər onlar həqiqətən də qıpçaqdırlarsa, nə üçün özlərinin qədim run əlifbasından (Orxon-Yenisey əlifbasından) imtina ediblər? Əksinə, əgər onlar həqiqətən də ermənidirlərsə, onların ağız dolusu təriflədikləri vətənpərvərliyi harada qalmışdır? Nə üçün qapalı həyat tərzi sürdükləri halda, birdən-birə öz zəngin ana dilləri (erməni dili) əvəzinə qıpçaqca danışmağa başladılar? Məni heyrətləndirən odur ki, onlar işgüzar sənədlərdə, kilsə və məhkəmə qeydlərində özlərini «erməni» adlandırır, erməni əlifbası ilə yazır, lakin bütövlükdə erməni dilindən və onun lüğət ehtiyatından imtina edir, qıpçaqca danışmağa üstünlük verirdilər. Bəri başdan deyim ki, aradan səkkiz yüz il keçməsinə baxmayaraq, bu prinsip Don ermənilərinin danışığında və ədəbi yaradıcılığında qalmaqdadır».

E.Vartanovun kitabında diqqət çəkən məqamlardan biri XX əsrin əvvəllərində Don sahillərində xristian qıpçaqların yaşadıqları ərazilərə etnik ermənilərin köçürülməsi və onların arasında yaranmış ziddiyyətlərə aydınlıq gətirmək istəyidir. Belə ki, Türkmənçay və Gülüstan müqavilələrindən sonra əsasən Türkiyədən Naxçıvana gətirilmiş ermənilərin bir hissəsi sonralar Rusiyanın cənubuna, xristian (qriqorian) qıpçaqların yaşadıqları Aksay rayonuna da gətirilmişdilər. Yeni salınan məntəqəyə isə «Don Naxçıvanı» adı verilmişdi. Müəlllif yazır: «Eyni dindən olan qaçqınları qəbul etmiş naxçıvanlılar (Don Naxçıvanının qıpçaq əhalisi nəzərdə tutulur – A.Q.) gəlmələrə nifrət və ədavətlərini boğaraq onlara yardım göstərsələr də, bu icmaların vahid etnos tərkibində birləşməsinə nail olunmamışdı. Onlardan biri arxetipinə, psixomotorikasına, qan fermentlərinə görə Altay ailəsinə, digəri isə Hind-Avropa qrupuna aid idi. Don ermənilərinin (qriqorian qıpçaqların) mədəni kodu, həyat və danışıq tərzləri gəlmələr üçün cəlbedici deyildi. Yalnız Don Naxçıvanının kilsələrində birgə ibadət vaxtı həm yerli əhali, həm də gəlmələr özlərini «düzgün erməni» hesab edirdilər». Kitabdan o da məlum olur ki, hər iki icmanın assimilyasiyasına, «haylaşdırılması» prosesinə qatı millətçi və leninçi-kommunist Anastas Mikoyanın Don vilayətinə rəhbər təyin edilməsindən sonra başlanılmışdı. Bundan başqa, E.Vartanov 2016-cı ildə Rusiyada çıxan «Müasir elmlər: nəzəriyyə və təcrübənin aktual problemləri» jurnalında «Erməni qıpçaqların Eçmiədzinə tabe etdirilməsi və onların etnik kimlikdən uzaqlaşdırılması» adlı məqalə dərc etdirmişdir. Burada müəllif erməni qıpçaqların əslində qriqorian deyil, Alban Həvari kilsəsinin varisləri olmasını da göstərmişdir.

Şərti olaraq, ermənişünaslıqda və türkologiyada «erməni qıpçaqlar» kimi təsnif olunan etnodini icmanın mənşəyi haqqında əsasən iki fərziyyə mövcuddur. Onlardan birinin müəllifi ukraynalı ermənişünas Yaroslav Daşkeviçin qənaətinə əsasən, bu icma «səlcuqların dağıtdığı» Ani şəhərindən gəlib Volqaboyunda məskunlaşan və buradan da Krıma köçən, «türkləşdirilmiş» etnik ermənilərdir. Burada kiçik bir haşiyə çıxmaqla bildirək ki, Qərb, Rusiya və təbii ki, Ermənistan tarixçiləri arasında geniş yayılmış stereotiplərin əksinə olaraq, Ani şəhərini heç də səlcuqlar deyil, 1045-ci ildə Bizans dövləti məhv etmişdi. Xaqan Alp Arslanın başçılığı ilə səlcuq türkləri bu ərazilərə düz 19 il sonra – 1064-cü ildə gəlmişdilər. Daşkeviçin fərziyyəsinin müdafiəçiləri onları «erməni qıpçaqlar», yəni «qıpçaqların assimilyasiya etdikləri haylar» adlandırırlar. Bu ideyanı isə elmi dövriyyəyə ilk dəfə akademik Aqatanqel Krımski gətirmişdi. O, qriqorian qıpçaqların yazılı irsi haqqında 1894-cü ildə başladığı tədqiqatları 1930-cu ildə tamamlamış və Ukrayna dilində nəşr etdirdiyi «Türklər, onların dili və ədəbiyyatı» əsərində bir araya gətirmişdi. Lakin həmin tədqiqat işinin yeniliyinə baxmayaraq, A.Krımski bu qrupu «türkcə danışan ermənilər» kimi təqdim etmişdi. O yazırdı: «Artıq bizim dövrdə erməni mühacirlər türkdilli deyillər. Onlar bütün yerli əhali kimi ukrayna, rus, polyak dillərində danışırlar. Onların əvvəllər danışdıqları dil barədə isə XVI-XVII əsrlərdə erməni əlifbası ilə türkcə yazılmış çoxsaylı sənədləri şahidlik edir». Beləliklə, A.Krımski özündən asılı olmayaraq «inkarı inkar etmişdi».

(Ardı var)


Müəllif: Səxavət Həmid