25 Dekabr 2017 09:40
7 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Başoba kəndinin imamı Hacı Süleymanla görüşürük. Doxsan, ya da yüz yaşı ola-olmaya. Dəqiq doğum tarixini bilmir… Həyatının ən xoşbəxt günlərini Məkkə ziyarətində olarkən yaşayıb… Mənim haradan gəldiyimi soruşdu. Ermənistandan olduğumu bilən kimi üz-gözünü turşutdu… Bildirdi ki: “biz erməni deyilik. Tamamilə başqa xalqıq. Keçmişdə əcdadlarımızın hansı dildə danışdığını isə bilmirəm”.

- Türksünüzmü? - deyə soruşdum.

Hacı əminliklə cavab verdi: - Bəli!

Onun evini tərk edəndə isə üzünü bizə tutdu:

- Xalqlarımız arasında nə baş veribsə, gərək onları unudaq, gərək dostluq içərisində yaşayaq.

… Sürücü Aytəkin (növbəti həmşinli) şabalıd yeyə-yeyə mənə dedi:

- Bax, sizə deyirəm, Qarabağı azərilərə (Azərbaycan türklərinə) qaytarın, onda bir-birimizlə asan dil tapa bilərik.

Ermənistana yük daşıyan maşının sürücüsü olan Aytəkin az-çox ermənicə öyrənə bilmişdi. Mən cavab verdim:

- Biz Qarabağı necə qaytaraq, axı orada insanlar yaşayır?

- Siz qaytarın! Bununla da məsələ qapanacaq və bir-birimizlə normal yaşayacağıq.

- Sənin millətin nədir? - soruşdum. Aytəkin heç fikirləşmədən: - Mən türkəm! – dedi”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Bir daha xatırladaq ki, Ermənistanın bölgədəki pozuculuq fəaliyyəti həmşinlilərin ciddi narazılığına səbəb olmuşdur. Türkiyədə fəaliyyət göstərən 33 həmşinli cəmiyyəti, o cümlədən Ankara Rizə Dərnəkləri Federasiyası, Bursa Hopalılar (Hopa həmşinliləri) Mədəniyyət və Həmləylik Dərnəyi, Çamlıhəmşin Təhsil və Mədəniyyət Dərnəyi, Çamlıhəmşin Çayeli Aşıqlar Kəndi Dərnəyi, Çayeli Dərnəklər Federasiyası, Həmşin Başköy Dərnəyi, Həmşin Sosial Məsuliyyət və İnkişaf Dərnəyi və s. Ermənistandan və onunla tərəfdaş olan xarici ölkələrdən istiqamətləndirilən təhdid və təbliğata etiraz əlaməti olaraq, 2015-ci il mart ayının 7-də ortaq bəyanat yaymış, bütün həmşinliləri real təhlükəyə qarşı birləşməyə çağırmışlar. Bəyanatda həyəcan doğuran bir məqam diqqət çəkməkdədir: «Vəziyyət vahiməli həddə çatıb. Onların (ermənilərin) fəaliyyətinin arxasında bölgəmizə separatçılığı gətirmək niyyəti dayanır. Ermənistan Türkiyədən torpaq tələblərinə bu dəfə Qara dəniz bölgəsini də daxil etmişdir». Bəyanatda o da bildirilir ki, «həmşinli» sözü bu ərazidə yaşayan bütün insanlara verilmiş ortaq addır və onlar «Anadolu mozaikası»nın içərisində «etnik azlıq olan xalq» deyildirlər: «Biz heç kəsin etnik mənsubiyyətini soruşmadığımız kimi, bizim də etnik kimliyimizi dəyişməyə heç kimə yol verməməliyik. Bizə təlqin edilən etnik kimliyi (erməniliyi) rədd edərək və Türkiyə Cümhuriyyətinin bərabərhüquqlu vətəndaşları olaraq yaşamağı davam etdirəcəyik». Sənəddə Həmşin bölgəsində cərəyan edən bəzi proseslər həmşinlilərin və Türkiyənin əlaqədar qurumlarının diqqətinə çatdırılmışdır:

• erməni etnik kimliyi təbliğatının və xristian missionerliyinin geniş miqyas alması;

• bu proseslərdə həmşinlilərin və bölgənin digər etnik qruplarının hədəfə alınması;

• «erməni həmşinlilər» ifadəsinin bölgə əhalisinə təlqin etdirilməsi və buna rəğbət qazandırılması;

• bölgənin bəzi nüfuzlu insanlarının, o cümlədən incəsənət xadimlərinin bu ideoloji fəaliyyətə bilərəkdən (təmənnalı) və ya bilmədən dəstək verməsi;

• təbliğat məqsədilə bölgəyə xüsusi qrupların göndərilməsi;

• erməni iddialarının əsaslandırılması və təbliği məqsədilə bölgədə konfrans, simpozium və müzakirələrin keçirilməsi;

• bölgənin tarixinin, etnik mənzərəsinin və etnoqrafik reallıqların qəsdən təhrif edilməsi;

• həmşin ləhcələrinin «erməni dialektləri» kimi göstərilməsi, erməni sözlərinin gətirilməsi;

• təbliğat zamanı Ermənistanın Türkiyədən torpaq tələblərinin əsaslandırılması.

Heç də təsadüfi deyildir ki, 2008-ci ilin iyul ayında Rizədə keçirilməsi nəzərdə tutulan III «Yaşıl yayla» etnik mədəniyyət festivalı bütün bölgə əhalisini ayağa qaldırmışdı. Belə ki, ABŞ-ın Kristensen Fondunun (The Christensen Fund), xarici ölkələrdəki erməni diasporasının və Türkiyədə fəaliyyət göstərən erməni dərnəklərinin birgə təşkil etdikləri həmin tədbirdə «etnik mədəniyyətin qorunması və inkişafı» adı altında həmşinlilərin «ana dillərini unutmuş ermənilər» kimi təqdim olunması, yerli əhalinin «doğma erməni mədəniyyəti nümunələri ilə tanışlığı» planlaşdırılmışdı. Festivalın keçirilməli olduğu Kantarlı kəndi əhalisinin buna kütləvi etirazlarından sonra tədbiri Fındıqlı kəndində təşkil etmək istəsələr də, orada da sakinlərin analoji reaksiyası ilə üzləşmişdilər. Bölgə həmşinliləri adından etiraz aksiyalarına rəhbərlik edənlərdən biri – İsmail Cihan bildirmişdi ki, «Kristensen Fondunun əsl məqsədi həmşinliləri «assimilyasiyaya məruz qalmış ermənilər» olduqlarına inandırmaqdır. Bu fəaliyyət isə ölkəmizin birliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmişdir». Həmşin Sosial Məsuliyyət və İnkişaf Dərnəyinin sədri Musa Abay isə mətbuata açıqlamasında festival təşəbbüsünün bölgədə kütləvi etiraza səbəb olduğunu, əhalinin mövqe və rəyinin nəzərə alınmadığını bildirmişdir.

Etnoqrafik, linqvistik və tarixi araşdırmalara əsasən, həmşinlilər birmənalı olaraq ortaq türk maddi-mədəni və qeyri-maddi mədəni irsinin qədim daşıyıcılarından biridirlər. Lakin həmşin mədəniyyətinin özəlliyi həm də onun ortaq türk dəyərlərindən savayı, bu bölgədə tarixən məskunlaşmış digər xalqların – lazların, kürdlərin, gürcülərin, hətta ermənilərin də etnik mədəniyyət elementlərini özündə üzvi şəkildə birləşdirməsidir. Bununla belə, Rizə həmşinliləri tarixən etnik kimliklərini daha möhkəm qoruyub-saxlamışlar. Onlar özlərini «türk», ana dillərini isə «türk dili» hesab edirlər. Erməni missionerlərinin əsas hədəfi olan Hopa həmşinlilərinin dillərinə isə bu bölgədə yaşamış ermənilərdən bir sıra sözlər, xüsusilə dini termin və ifadələr daxil olmuşdur. Bu isə onların islamı qəbul etməmişdən əvvəl xristianlığın qriqorian məzhəbinə tapınmalarının nəticəsidir. Bütövlükdə həmşin ləhcəsində çuvaş türklərinin dilinə aid elementlərin daha qabarıq nəzərə çarpdığı müəyyən edilmişdir. Həmişinliləri etnik kök baxımından təkcə türk çoxluğuna deyil, laz, kürd, gürcü, erməni və bir də tamamilə az öyrənilən qafqazdilli qruplara ayırmaq olar. İnanc müstəvisindən yanaşılanda isə bölgənin əhalisi müsəlman və xristian həmşinlilərə bölünür. Bu gün bütün mübahisələrin mənbəyi olan erməni dilinə münasibətə görə, bir qayda olaraq, onları üç qrupa – türk dilini özlərinə ana dili bilənlərə, məhdud sayda olan və pozuq erməni dilində danışanlara (şərqi həmşinlilər), ən nəhayət, dillərinə erməni kəlmələri daxil olanlara (qərbi həmşinlilər) ayırırlar.

Bu bölgü isə yeni deyildir. Sadəcə olaraq, İrəvan etnoqrafları və dilçiləri akademik Raçiya Açaryanın Türkiyədəki etnik ermənilərə dair bölgüsünü qismən dəyişərək həmşinlilərə aid ediblər. R.Açaryan isə Anadoluda yaşayan erməniləri aşağıdakı kimi təsnif etmişdir:

• yalnız türk dilində danışanlar;

• türk sözlərini erməni kəlmələrindən daha çox işlədənlər;

• danışıqda bəzi türk kəlmələrini işlədənlər.

Bütün bunlara baxmayaraq, həm xristian, həm də müsəlman həmşinlilər arasında ortaq soy, nəsil və tayfa adları da onların həqiqi etnik kimliklərindən xəbər verir: Babaoğlu, Bekaroğlu, Bəşiroğlu, Boşnakoğlu, Çoloğlu, Qalataoğlu, Gedikoğlu, Tataroğlu, Qazaxlı, Xortoloşoğlu, Kolçakoğlu, Qaraəlioğlu, Köşəoğlu, Makaroğlu, Lazoğlu, Maraşoğlu, Topaloğlu, Yağçıoğlu və s.

Həmşinlilərin müəyyən hissəsinin nə vaxtsa xristian olmalarına heç kəs etiraz etmir. Lakin onların etnik mənşələri haqqında erməni iddialarını irəli sürənlərə sadə bir sual ünvanlamaq istərdik: Əgər onların iddialarında həqiqət varsa, Osmanlı dövləti ölkənin digər ərazilərində yaşayan xristianların – yunanların, bolqarların, aysorların, suryanilərin, hətta xristian ərəblərin dini inanclarını qoruduğu halda, nə üçün məhz «milləti-sadiqə» – ermənilər, xüsusilə Şərqi Anadolu və Qara dəniz bölgəsində məskunlaşanlar «islamlaşdırılmışlar»? Rizə həmşinlisi, araşdırmaçı Rəcəb Koyuncunun sözlərinə görə, Ermənistandan gələn tədqiqatçılar artıq bir müddətdir ki, bölgə əhalisinin «erməni» olduğunu və guya 1800-cü ildən etibarən Osmanlı dövlətinin təzyiqi altında dinlərini və etnik kimliklərini dəyişdiklərini təbliğ edirlər. Bu isə yerli əhalidə qıcıq və narazılıq yaratmaqdadır. Ermənistanın missionerlik fəaliyyətinin yerli əhalinin ciddi müqaviməti və narazılığı ilə üzləşməsinin şahidi olan Lüsine Saakyan uğursuzluğun bir səbəbini həmşinlilərin özlərini «erməni» kimi tanımaq istəmədiklərində görür. İş o yerə çatmışdır ki, İrəvan Dövlət Universitetindən gələrək bölgədə missionerlik fəaliyəti ilə məşğul olan bu araşdırmaçı həmşinli bir xanıma «Siz ermənisiniz!» deməsi ciddi narazılıq doğurmuş, həmin qadın «təhqirə məruz qaldığı üçün» birbaş Rizə valiliyinə şikayətə getmişdir. L.Saakyan məqalələrinin birində özünə bəraət qazandırmaq, «erməni kimliyinə qayıtmaq istəməyən» həmşinliləri «haqq yoluna qaytarmaq» üçün yazmışdır: «Bu gün Türkiyədə müsəlmanlaşdırılmış həmşinlilərin etnik kimliyi məsələsini çıxılmaz vəziyyətə salmaq üçün fəaliyyəti gücləndirmişlər. Həmşinlilərin erməni kökənli olmasını inkar etmək və ermənilərdən qalma izləri silmək məqsədilə elmdən uzaq kitablar yazılmaqdadır. Təəssüf ki, belə kitabların müəllifləri arasında həmşinlilər də var… Rizədə yaşayan həmşinlilər tamamilə türkləşmiş, erməni dilini unutmuşlar». Üstəlik, məqalə müəllifi həmşinlilər də daxil olmaqla türkiyəli araşdırmaçıları «Ermənistanın və erməni xalqının tarixini məqsədli şəkildə təhrif etməkdə» təqsirləndirir, «həmşinlilərin oğuz və saka ləhcəsi ilə danışdığını» sübut etmiş Mehmet Əli Sakaoğlunu, Fəxrəddin Kırzıoğlunu həyasızcasına «saxtakarlar» adlandırmaqdan çəkinmir. Bununla belə, o, yenə də Türkiyəyə maneəsiz olaraq «elmi ekpedisiyalara» çıxır, «yollarını azmış həmşinliləri Ermənistanın ağuşuna qaytarmaq» istəyindən əl çəkmir.

Həmşinli şairlər də yerli tarixçi və etnoqraflardan geri qalmaq istəməmiş, erməni iddialarına, Lüsine Saakyan kimi təxribatçıların fəaliyyətinə poetik dillə səmimi və kəskin cavablarını vermişlər. Həmşinli şairlər Mustafa Kaplan və Yusif İşığın bölgə ziyalıları arasında populyar olan şeirlərində deyilir:

«İllər öncə Altaylardan gəlmişik,

Dörd-beş əsr Həmədanda qalmışıq.

İgidliyi oğuzlardan almışıq,

Türk oğlu türkdür soyumuz bizim!»

«Kökümüz uzanır Oğuz çağına,

Soyum oba qurmuş Kaçkar dağına.

Ağ Həmşin törəli türk oymağına

Alpərən ekleriz ocağımızdan».

2012-ci ildə Ermənistan jurnalisti Vaan İşxanyan Türkiyənin Həmşin bölgəsinə «xidməti ezamiyyətdən» qayıtdıqdan sonra səfər qeydlərini «Ermənicə danışan həmşinli müsəlmanlar kimdir?» başlıqlı məqalədə vermişdir. Məqalə bölgə əhalisinin erməniləşdirməyə münasibəti baxımından diqqətçəkicidir. Məqalədən göründüyü kimi, bütün səylərinə, çaşdırıcı suallarına baxmayaraq, jurnalist istədiyinə nail ola bilməmişdir. Həmin məqalədə erməni jurnalistini məyus etmiş iki məqamı diqqətinizə çatdırırıq:

«Başoba kəndinin imamı Hacı Süleymanla görüşürük. Doxsan, ya da yüz yaşı ola-olmaya. Dəqiq doğum tarixini bilmir… Həyatının ən xoşbəxt günlərini Məkkə ziyarətində olarkən yaşayıb… Mənim haradan gəldiyimi soruşdu. Ermənistandan olduğumu bilən kimi üz-gözünü turşutdu… Bildirdi ki, «Biz erməni deyilik. Tamamilə başqa xalqıq. Keçmişdə əcdadları mızın hansı dildə danışdığını isə bilmirəm».

- Türksünüzmü? - deyə soruşdum.

Hacı əminliklə cavab verdi: - Bəli!

Onun evini tərk edəndə isə üzünü bizə tutdu:

- Xalqlarımız arasında nə baş veribsə, gərək onları unudaq, gərək dostluq içərisində yaşayaq».

… Sürücü Aytəkin (növbəti həmşinli) şabalıd yeyə-yeyə mənə dedi:

- Bax, sizə deyirəm, Qarabağı azərilərə (Azərbaycan türklərinə) qaytarın, onda bir-birimizlə asan dil tapa bilərik.

Ermənistana yük daşıyan maşının sürücüsü olan Aytəkin az-çox ermənicə öyrənə bilmişdir. Mən cavab verdim:

- Biz Qarabağı necə qaytaraq, axı orada insanlar yaşayır?

- Siz qaytarın! Bununla da məsələ qapanacaq və bir-birimizlə normal yaşayacağıq.

- Sənin millətin nədir?- soruşdum. Aytəkin heç fikirləşmədən: - Mən türkəm! - dedi».

Öz etnik kimliklərini, ortaq türk mədəniyyətinin özünəməxsus qolunu erməni təcavüzündən qoruyan həmşinlilər bu məqsədlə xeyli sayda mədəniyyət dərnəkləri yaratmış, kitab və jurnallar nəşr etdirmişlər. Həmin nəşrlərdən biri 2017-ci ilin ortalarından işıq üzü görən «Kalif» jurnalıdır. Jurnalın baş redaktoru, Çamlıhəmşin dərnəyinin idarə heyətinin sədri Mətin Gültan nəşrin missiyası barədə məlumat verərkən «kalif» sözünün rəmzi etimologiyasına da toxunmuşdur. Onun sözlərinə görə, həmşin bölgəsində bağ və bostanları, tarlaları vəhşi heyvanlardan qorumaq üçün ağacdan qurulan hündür talvarlara «kalif» və ya «koliva» deyilir. Redaktor onun adını belə anladır: «Bu qüllələrdə gecə-gündüz növbə tutulur və keşik çəkənlərə «kalifçi» deyirlər. Sabahadək növbə tutular, tonqallar qalanar, slahlar açılardı. Beləliklə, tarlalar vəhşi heyvanlardan qorunardı. Bu baxımdan jurnalın adı Həmşin gerçəkliklərini özündə əks etdirir. «Kalif» bölgə əhalisini parçalamağa yönəldilmiş xarici fəaliyyətlər barədə Türkiyənin dörd bir yanında yaşayan həmşinliləri xəbərdar edəcəkdir». M.Gültan onu da bildirmişdir ki, jurnalın əsas məqsədlərindən biri ermənilərin Həmşin tarixi, mədəniyyəti, dili ilə bağlı manipulyasiyasını dayandırmaq, təbliğatlarını boşa çıxarmaqdır. M.Gültan «Kalif» jurnalının birinci sayında dərc etdirdiyi «Dədəniz sizə nə demişsə, siz osunuz. Həmşinlilərlə bağlı manipulyasiyalar» başlıqlı məqaləsində gözlənilən təhdidlərə və Ermənistanın siyasi məqsədlərinə toxunaraq yazır: «Erməni məsələsində olduğu kimi həmşinlilərlə də bağlı yeni tarixin yazılmasına çalışırlar. Həmşinlilərlə əlaqədar az qala bütün kitabları oxumuş şəxs kimi bu iddiaların bazarda yazılması, tarixlə heç bir əlaqəsi olmaması qənaətindəyəm. Ehtimallar üzərində qurulmuş bütün şərh və iddiaların təməli erməni missionerlərinin təxəyyülünə söykənir. Üstəlik, onların istinad etdiyi mənbələr də bir-biri ilə ziddiyyətdədir. Bu fərziyyələri mənbə kimi göstərib başqalarına kitab yazdırıblar».

Qeyd olunduğu kimi, həmşinlilərin «erməniləşdirilməsi» siyasətində Ermənistanın istinad nöqtələrinin əsası onların guya «erməni dilinin dialektində danışması və yüzlərlə (!) erməni sözündən istifadə etmələridir». Məsələn, missionerlərdən Lüsine Sahakyan həmşin dilinin ermənicənin «50 dialektinin birində», erməni əsilli Türkiyə araşdırmaçısı Mahir Özkan «onlarca dialektlərindən birində», Haykazun Alvertsyan «xeyli sayda dialektlərindən birində», Hikmət Akçiçək isə «60 dialektindən birində» danışdıqlarını iddia edirlər. Məntiqə görə, əgər bu dil erməni dilinin ləhcələrindən biri olsaydı, ermənistanlı professor, «həmşinşünas» Sergey Vardanyan türkiyəli araşdırmaçı Rəmzi Yılmaza «Mən dörd ildir ki, həmşin dilini öyrənirəm» deməzdi. Mahir Özkan isə «Həmşin kimliyi. Dil, din və mədəniyyət» məqaləsində Ermənistan missionerlərinə istinadən iddia edir ki, «Erməni dilinin həmşin dialektində danışan şərqi həmşinlilərin danışığında təqribən 500 erməni kəlməsi müəyyən edilmişdir». Nəticədə, məhz bu «statistika» Ermənistan missionerləri üçün müsəlman həmşinliləri «etnik erməni» elan etməyə əsas vermişdir.

Normal məntiq isə tamamilə fərqli nəticə çıxarır. Belə ki, müasir erməni ədəbiyyatının banisi sayılan Xaçatur Abovyan vaxtilə etiraf etmişdir ki, erməni xalqı xeyli sayda türk sözlərini mənimsəmiş və bu günədək onlardan geniş istifadə etməkdədir: «Bizim dilimizin ən azı 50%-i türk sözlərindən ibarətdir… Türk dili bizdə o qədər yayılmışdır ki, onu hətta qadınlar və uşaqlar da başa düşürlər. Ona görə də xalq içərisindən çıxmış istedadlar arasında tatar (Azərbaycan türkcəsi) dilində şeirlər yaradılması və oxunması adi hal idi». Ermənistanda dilçilik elminin əsasını qoymuş Raçiya Açaryan isə «Erməni dilində türk dilindən götürülmüş sözlər» kitabında bunları bildirir: «Erməni dilinin hətta qrammatika qaydaları türk dilinin təsiri altında dəyişmişdi». Ən vacib məqam isə R.Açaryanın araşdırmalarına əsasən, təqribən 4500 (!) türk kəlməsinin müasir erməni dilinin lüğət tərkibinə möhkəm daxil olmasıdır. Ermənistan alimlərinin «erməni həmşinlilərə» dair «leksik statistikasından» çıxış etsək, məlum olar ki, ermənilər bu sayda türk kəlmələri ilə doqquz qat türkdürlər! Bundan başqa, ermənilərin həmin absurd məntiqinə əsaslansaq, serb dilində 8,742, ukrayna dilində 4000, bolqar dilində 3.500, fars, rus, rumın, yunan və alban (arnaut) dillərində 3000, ərəb və macar dillərində 2000 türk mənşəli sözün olmasını nəzərə alıb, onları «türk» kimi identifikasiya etmək mümkündür! Leksikalarında türk kəlmələri olan ingilislər (470 söz), çinlilər (307 söz), çexlər (248 söz), urdular (227 söz), almanlar (166 söz), italyanlar (146 söz), finlər (118 söz) də «türk» olmağa namizədlər sırasındadırlar...

Ermənistan alimlərinin «söz oyununa» baxmayaraq, həmşinlilərin və ermənilərin həyat tərzi, məişəti, adətləri, folkloru, qədim inancları, mifoloji təsəvvürləri, bayramları, musiqi və rəqsləri, çalğı alətləri, etnik mətbəxi və s. arasında indiyədək hər hansı bir bağlılıq müəyyən edilməmişdir. Məsələn, həmşinlilər XX əsrin ortalarınadək «yörüklü» – elatlılar, tərəkəmələr kimi yaylaq-qışlaq həyat tərzi sürmüşlər. Belə yaşayış isə tarixən etnik ermənilərə yad olmuşdu. Həmşinlilərdə qohumlar arasında evlilik adi haldır. Bu adət ermənilərdə yoxdur. Ermənilərdən fərqli olaraq onlarda at, qoç kultunun elementləri bu gün də qalmaqdadır. Ermənistan emissarlarının bütün səylərinə baxmayaraq, Həmşində erməni dilini ana dili səviyyəsində bilənləri, bu dildə oxuyub-yazmağı bacaranları tapmaq çətindir. Məscidlərdə bu gün də ermənicə deyil, kürd, gürcü, laz, boşnak və alban (arnavut) dillərində moizələr, dualar oxunur. Nə qondarma «erməni soyqırımı»ndan əvvəl, nə də sonra bölgədə «müsəlman erməni imamı», «erməni camaatı» olub. Burada erməni məzarlıqları da mövcud deyildir. Həmşində nə qədər axtarsan da özünü həm erməni, həm də müsəlman kimi təqdim edən bir kəsə rast gələ bilməzsən.

Həmşinlilər islamaqədərki əski türk inanclarının daşıyıcılarıdırlar. Həmşin folklorunun, adət-ənənələrinin tədqiqatçısı olan Osman Coşqun 2005-ci ildə nəşr etdirdiyi «Her Yönüyle İkizdere» kitabında misal kimi göstərdiyi bir çox ortaq türk adət və ənənələri son dövrlərədək Azərbaycan ərazisində də geniş yayılmışdır. Məsələn, danışıqda erməni kəlmələri işlədən Hopa həmşinliləri də «evin bərəkəti qaçar» deyə, xüsusilə gecələr ocaqdan kənara od (atəş) verməzlər. Gecələr köhnə dəyirmanlarda, dərələrdə cinlərin toy edib halay (horon) oynadıqlarına, yoldan keçənlərə daş atdıqlarına inanırlar. Hopa həmşinlilərində də «Həzrət Əlinin ayaq izləri» inancı vardır. Maradit-Borçka yolunun qayalıq hissəsində «Hz. Əlinin kafirlərlə vuruşub burada onlara qalib gəlməsini» sübuta yetirmək üçün qaya üstündəki Düldülün (Hz. Əlinin qatırının adı) nal izlərini göstərirlər. İkizdere (Qoşa dərə, Əkiz dərə) adlanan yerdə yaşayanlar Azərbaycanda, Mərkəzi Asiyada olduğu kimi sürünü vəhşi heyvanlardan qorumaq üçün «qurd ağzı bağlayır», Günəş tutulanda evin damına çıxıb mis qazanları döyür, şeypur çalır, azan oxuyur, gənc qızlar bayram gecələri duzlu xörəklər yeyir və yuxuda onlara su verən oğlanla ailə quracaqlarına inanır, evlərin, həyətlərin girişindən nəzərlik kimi buynuzlu qoç kəllələri asırlar.

Həmşinlilər də məzar yerini barmaqla göstərməz, «bəxtin bağlanmaması» üçün əlləri qoynunda çarpazlamaz, gecələr dırnaq tutmazlar, «şeytan gəlməsin deyə» evdə fit çalmağı günah sayarlar. Həmşinliləri türklərin, o cümlədən Azərbaycan türklərinin adət-ənənələri ilə bağlayan bir maraqlı adətə də diqqət çəkmək istərdik. Osman Coşkununun yazdıqlarına görə, gənc qızın yaylığını götürən və ya başından alıb-qaçan oğlan mütləq onunla evlənməlidir. Bu ənənə Azərbaycanda da olmuş və onun motivləri «Anamdan bir yaylıq aldım» xalq mahnısında qalmışdır. Həmşinlilər bayramlarda rəhmətə gedənləri yad etmək, onların ruhlarını sevindirmək üçün halva çalıb paylayır, bir hissəsini isə məzarların üzərinə qoyurlar. Özünü «Həmşin ermənisi» hesab edən Aliyə Alt isə ermənilərin etnik mətbəxində halvanın olmamasını, daha doğrusu, hələ «erməniləşdirilməməsini» unudaraq, türk xalqları üçün adi olan bu ənənənin də erməni xalq inancından qaynaqlandığını iddia edir.

Daha bir misal. Hopa həmşinlilərində geniş yayılmış bir inanca bu gün Azərbaycanın da müxtəlif bölgələrində rast gəlinir. Belə ki, onlar da göy öskürəkdən, tənginəfəslikdən əziyyət çəkən uşağı müqəddəs ağac koğuşundan və ya köklərinin arasından keçirməklə şəfa tapacağına inanırlar. Bundan başqa, həmşinlilər də xəstə uşaqları, övladı olmayan qadınları pirlərə, ziyarətgahlara gətirir, buradakı dəlikli daşların oyuğundan keçirirlər. Həmşin etnoqrafiyasının tədqiqatçısı Mehmet Bilgin yazır ki, «Eyni inanc Borçalı türklərində və qırğızlarda da vardır».

Həmşindəki qədim tarixi-mədəniyyət abidələri də erməni iddialarının tamamilə əksini, həmşinlilərin türk kökənli olduqlarını sübut edir və buna görə də erməni vandalizminin hədəflərindən birinə çevrilmişdir. Məsələn, Çamlıhəmşin Ülkü kəndindən tapılan qoç heykəllərinin XIII əsrdə hazırlanması sübuta yetirilmişdir. Bu heykəllər isə bölgədə türklərə xas olan inanc nümunəsidir. Eyni zamanda, Həmşində XVII əsrə aid müsəlman-türk məzar daşları da vardır. «Lakin bu bölgədə ermənilərlə hər hansı bir əlaqəsi olan heç bir nümunə yoxdur. Həmşin bölgəsində ermənicə danışılmır, burada heç qədim kilsə xarabalıqlarına da rast gəlməzsiniz».

Qoç qədim türklərdə, xüsusilə oğuz tayfalarında Tenqri xana kəsilən əsas qurbanlıq heyvan, bir sıra sülalələrin isə heraldik rəmzi olmuşdur. Təsadüfi deyildir ki, Kül Tigin abidəsinin önündə (VII əsr) qarşı-qarşıya baxan qoç heykəlləri qoyulmuşdu. Sakral xarakter daşıyan qoç təsvirlərinə, onun rəmzi işarələrinə Qobustan, Gəmiqaya, Kəlbəcər, Göyçə qayaüstü təsvirlərində də rast gəlinməsi bu kultun ortaq türk etnomədəni məkanında daha qədim tarixə malik olduğunu göstərir. Qoçun stilizə olunmuş təsvirləri səlcuqların, Qaraqoyunlu və Ağqoyunlu tayfa birləşmələrinin qurduqları dövlətlərin rəmzlərinə də çevrilmişdir. Belə ki, tarixi Azərbaycan ərazilərində qoç təsvirli ilk zoomorf məzarüstü abidələr XII-XIII əsrlərə təsadüf etsələr də, XV əsrin əvvəllərindən daha geniş yayılmağa başlamışdır.

Bir müddət əvvəl Ermənistan alimləri həmin qoç heykəllərini «erməni etnik mədəniyyətinin və qədim inanclarının nümunəsi» kimi təqdim etməyə çalışmışdılar. Hətta erməni alimi A.Martirosyan qoç rəmzini erməniləşdirmək üçün yazırdı: «Geqam (Göyçə) qayalarındakı qoç rəmzi səma rəmzi olaraq diqqəti cəlb edir. Biz əminik ki, ibtidai Ermənistanda (?), qədim ziyarətgahlarda qoça sitayiş edirdilər». Sonralar bu iddiaların heç bir tarixi əsasa söykənmədiyini anlayaraq, əvvəlcə onları «kürd xalqının etnik mədəniyyət nümunəsi» elan etmiş, amma kürdlərin də həmin ərazilərə iddiaları üçün «faktoloji matieriallar» verdiklərini anlayaraq bu fikirdən daşınmış, həmin abidələrin məhvinə başlamışlar. Ermənistan və xaricdəki erməni diasporası iddia etdikləri əraziləri erməni etnomədəni məkanına aid etmək məqsədilə vaxtilə tarixi Azərbaycan torpaqlarında, o cümlədən indiki Ermənistanda tətbiq etdikləri vandalizm cinayətlərini hazırda Həmşində də həyata keçirməkdədirlər. Məsələn, 2006-cı ildən etibarən Rizə bölgəsindəki Orta əsrlərə aid qədim məzarlıqlarda başdaşıları, xüsusilə bu ərazilərin türklərə aid olduğunu təsdiqləyən qoç heykəlləri Ermənistan emissarlarının əli ilə dağıdılmışdır. Həmin il vandalları müəyyənləşdirmək, tarixi abidələri bərpa etmək məqsədilə Rizə valiliyində xüsusi komissiya da yaradılmışdır.

(Ardı var)


Müəllif: Səxavət Həmid