6 Yanvar 2018 21:00
11 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də Ümid Nəccarinin “Sarı cənnət” hekayəsi.

Teleqraf.com təqdim edir:

SARI CƏNNƏT

Qonaqlıqdan qayıdırdım, gecə idi, başqa günlərdən fərqli olaraq özümü yaxşı hiss edirdim. Metronun “Neftçilər” stansiyasından çıxanda öz-özümə fikirləşdim ki, nə zaman bir maşın alıb, bu lənətə gəlmiş basabasdan qurtulacam...

Tələm-tələsik də özümü danladım, sağlam olduğum üçün, ayaqlarımın üstündə gəzə bildiyim üçün Allaha şükür etməyi və naşükür olmamağı xatırladım.

Pencəyimin döş cibindən siqaret çıxardım, yandırmaq istəyirdim ki, ağsaqqal bir kişiylə qarşılaşdım. Kasıb geyimli, nimdaş görkəmli kişinin başında toxuma papaq vardı.

- Qardaşoğlu, limon satıram, dərmansız limon, beş dənəsi bir manat.

- Doğrudan dərmansızdı, əmi?

- Əlbəttə, qardaşoğlu!

Gülümsədim.

- Beş dənəsini ver yeyim, təzyiqim düşsün, gecəni rahat yatım, - dedim.

Tez köhnə və qırış pencəyinin cibindən bir sellofan torba çıxardı, içinə beş limon qoyub mənə verdi. Yolboyu kişinin “dərmansız limon” təbliğatını düşündüm. İnsan ömrünün qısalması, tibbə məlum olmayan, müalicəsi hələ də tapılmayan bir çox xəstəliklərin dayanmadan artması, insanların təbii məhsullara müxtəlif kimyəvi qatışıqlar qatıb istehsal etməsi barədə kifayət qədər məlumatı olan biri kimi təbii ki, bu təbliğata inanmamışdım. Bütün yediklərimizin içində “dərman” var, bunu bilməyən varmı görəsən?!

Evə çatan kimi əynimi soyunmadan limonları içində bir qab içməli sudan savayı heç nə olmayan soyuducuya qoydum. Paltarlarımı dəyişib uzandım və telefonumda nərd oynamağa başladım, o qədər yorğun idim ki, yuxuya nə zaman getdiyimi belə hiss etmədim.

Bir neçə gün sonra, gecə saat on bir olardı, dostumgildən çıxıb evə gəlirdim, hava çox soyuq, həm də küləkli idi, üşüyürdüm. Addımlarımı iri-iri atırdım. Metronun çıxışında qulağıma həmin ağsaqqalın səsi gəldi: “Limon... limon... dərmansız limon... beş dənəsi bir manat!”

Ağsaqqal daş pilləkənin üstündə çöməlib oturmuşdu, əllərini pencəyinin cibinə salmışdı, görünür, üşüyürdü. Qarşısındakı balaca kisədə limonları saralırdı... Qoca düz üzümə baxırdı.

Tez onu qabaqlayıb dedim:

- Salam, əmi, yorulmayasan!

- Salam, qardaşoğlu, necəsən? Dərmansız limon verim sənə?

- Ver, əmi, ver. Amma dərmansız olsun, ha! Aparım yeyim, təzyiqim düşsün, yatım, - dedim və gülümsədim.

Ağsaqqal çevik hərəkətlə kisədən beş dənə limon götürüb torbaya qoydu, mənə uzatdı.

Evə çatıb qapını açanda saat təxminən on iki idi, metronun bu saatlarda bağlandığını, ağsaqqalın da limonlarını yığışdırıb evinə getdiyini düşündüm. Nədənsə, mənə elə gəldi ki, onun evi hardasa bu yaxınlıqdadı. Yəqin evinə çatmış olar...

Evə girdim, soyuducunu açıb aldığım limonları düzdüm o biri limonların yanına…

Paltarımı dəyişdim, internetdə limonun faydalı xüsusiyyətləri barədə məlumat axtarmağa başladım, bu haqda çoxlu yazı var idi. Qidalanma üzrə mütəxsəssislərin fikrinə görə, limon yoluxucu xəstəliklərə, zəhərlənməyə və ağız qoxusunun aradan qaldırılmasına qarşı effektiv sitrus meyvəsidir. Limondan dərinin parlaq olması, eləcə də bədəndəki sızanaq və ləkələrin təmizlənməsi üçün də istifadə edildiyin öyrəndim. Sən demə, limon çox yüksək təzyiqə qarşı mübarizə aparmaq və qan təzyiqini qaydaya salmaqdan başqa həm də güclü anti-depresant imiş, stresə və əsəb pozuntularına qarşı müsbət təsir göstərirmiş...

Hər gün limon alırdım, soyuducu limon bağı kimi, günbəgün dolurdu limonla...

Bazar günü, axşamüstü, təzə aldığım qəzeti vərəqləyə-vərəqləyə metronun pilləkənlərini qalxırdım. Limon satan əminin həmişə dayandığı yerə çatanda başımı qaldırdım. Gördüm, limonlar kisədə yerdədir, amma ağsaqqal yoxdur.

Qəzeti büküb, limonların kənarında, daş pilləkənin üstündə oturub gözləməyə başladım.

10 dəqiqə idi ki, gözləyirdim, amma ağsaqqaldan xəbər yox idi. Yavaş-yavaş nigarançılıq hissi keçirirdim, ağsaqqalın gəlib çıxmaması məni narahat etməyə başlayırdı. “Dərmansız” limonlara baxa-baxa düşündüm, nə yaxşı burada oturmuşam, limonlarını oğurlaya bilərdilər. Əmiyə az da olsa, faydam toxunduğunu hiss etmək içimi rahatlaşdırırdı.

Birdən arxadan əminin səsini eşitdim: “Qardaşoğlu, limon verim?”

Dönüb geriyə baxdım, məni tanıdı.

- Salam, əmi!

- Salam, qardaşoğlu, necəsən?

- Yaxşıyam, çox sağ olun!

- Yenə limon verim, təzyiqin düşsün, yaxşı yatasan?

- Bəli, əmi!

Limonları torbaya yığa-yığa “Gəlin... dərmansız limona gəlin... beş dənəsi bir manat!” deyirdi.

- Əmi, bunlar həqiqətən dərmansızdı?

- Dərmansız olmasaydı, sən gündə alardın, bunları?

Üzünə baxdım, gülümsədim:

- Doğru deyirsən, əmi, inanıram!

Ağsaqqalın gözləri doldu, kövrək səslə dilləndi:

- Kaş ki, təkcə limonlar dərmansız olaydı!

Əmi məndən incimişdi deyəsən, könlünü almaq üçün Natəvandan bir beyt söylədim:

- Ya təbib, adını tərk eylə, təbabət etmə,

Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?

Əminin gözlərindən yaş gilələnib yanaqlarına süzüldü…

Söylədiyimə kor-peşman oldum, kaş ki, bu gün burada durmasaydım, birbaşa evə getsəydim. Əməlli-başlı pərt olmuşdum.

- Nə oldu, əmi? İncidin məndən?

- Yox... Niyə inciyim?..

Əminin könlünü almaq və bu xoşagəlməz vəziyyəti dəyişmək üçün tez dilləndim:

- Həə… əmi, yadıma indi düşdü, qonşuya da limon alacaqdım, iki manatlıq da limon ver.

- Doğru deyirsən?

- Hə, iki manatlıq da ver!

Pencəyinin cibindən başqa bir torba çıxarıb, on dənə limon sayıb qoydu içinə və dedi:

- Bu dərmansız limonları görürsən? Bunlar mənim dərdimin dərmanıdır! Tək yaşayıram, MS (dağınıq skleroz) xəstəliyim var, bu limonları satıb, hər gecə aptekdən iki dənə həb alıram.

Limonları əlimə verəndə əlavə etdi:

- Qardaşoğlu, dərmandır hər kəsə bu dərmansız limonlar!

Ağzımı əminin qulağına yaxınlaşdırıb yavaş səslə soruşdum:

- Əmi, siqaretin varmı?

- Var...

- Bir gilə ver o zaman...

- Baş üstə, amma həkimlər deyir, hər siqaret ömrümüzü 20 dəqiqə azaldır.

- O zaman iki gilə ver...

Əmiylə sağollaşdım, siqaretlərdən birini götürüb damağıma qoydum və yandırdım.

Addımlarıma, daha doğrusu, ayaqlarıma baxa-baxa yeriyirdim. Həm də dilimdə zümzümə eləyirdim “…təbabət etmə, ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?” Nahaq yerə əmini incitdim... Hardan yadıma düşdü bu beyt axı? Ağsaqqalın məhrəmini, sirrini öyrənmişdim, ürəyinin həssas siminə toxunmuşdum…

Evə çatar-çatmaz tez soyuducunun yanına getdim, qapısını açanda, limonların xoş ətri evə doldu. Cənnət qoxusu verirdi… dərindən nəfəs aldım ki, bu bihuşedici ətir ciyərlərimə dolsun!

Bu zaman bir neçə limon soyuducudan dığırlanıb yerə düşdü.

Daha yer qalmamışdı soyuducuda. Əyilib yerdən limonları götürdüm və yenidən düzməyə başladım, su qrafinini də çıxardım, təzə aldığım limonları da onun yerinə qoydum.

Yatağıma uzandım. Çoxdandır bitirə bilmədiyim “Ölüm səhərdən başlayır” kitabını yastığımın altından götürüb qatladığım səhifədən oxumağa başladım. Limonları alandan bəri hər gecə yaxşı yatırdım!

Amma nədənsə, o gecə səhərədək yuxum gəlmədi.

Ümid NƏCCƏRİ


Müəllif: